Məhkəmə qərarları › İş №1(008)-238/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-238/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-238/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri maddələri ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 qaynı X1 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 08:30 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" marketin qarşısına gəldikdən sonra mağazanın əməkdaşlarının onu tanıya biləcəklərindən və ifşa olunmasından ehtiyatlanıb yaxınlıqda gözləməklə həmin marketin içərisində quraşdırılmış PashaPay MMC-yə məxsus “Million” ödəmə terminalının açarlarını Murad Rəhimova vermiş, sonuncu Təqsirləndirilən şəxs1 ilə marketə girib ödəmə terminalının xəzinəsini açarla açaraq saxlanc yerinə qanunsuz daxil olub orada olan 300 manat dəyərində pul kasetini içərisində olan 11277 manat nağd pulla birlikdə gizli olaraq talayıb, zərərçəkmiş şəxs PashaPay MMC-yə cəmi 11577 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, qaynı X1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "xxxx" marketin qarşısına gəldikdən sonra mağazanın əməkdaşlarının onu tanıya biləcəklərindən və ifşa olunmasından ehtiyatlanıb yaxınlıqda gözləməklə həmin marketin içərisində quraşdırılmış PashaPay MMC-yə məxsus “Million” ödəmə terminalının açarlarını Murad Rəhimova vermiş, sonuncu marketə girib ödəmə terminalının xəzinəsini açarla açaraq saxlanc yerinə qanunsuz daxil olub orada olan 300 manat dəyərində pul kasetini içərisində olan 16430 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxs PashaPay MMC-yə cəmi 16730 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. "xxxx" MMC-də 3 ildir ki, texnik işləyir və “Million” terminallarının təmiri ilə məşğuldur. X1 onun qaynı, Təqsirləndirilən şəxs1 isə Murad Rəhimovun sinif yoldaşıdır. O, “Million” ödəmə terminallarının təmiri ilə məşğul olduğundan onların yerləşmə yerini, açılıb-bağlanması mexanizmini bilir. Bundan əlavə, aparatlarda texniki problem yarandığında təmir etdiyinə görə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Million” aparatlarının kassalarının açarları onda olmuşdur. 2022-ci ilin fevral ayının əvvəllərində qaynı Murad tanışı Yusif ilə birlikdə “Million” aparatlarından oğurluq edərək pul əldə etmək məqsədi ilə onda olan “Million” aparatlarının açarlarını ona verməsini təklif etmişdir. O, ilkin olaraq Murad Rəhimovun təklifi ilə razılaşmamışdır. 27 fevral 2022-ci il tarixdə Murad aparatların açarlarını onun avtomobilindən götürmüş, onun isə bundan daha sonra məlumatı olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə, saat 08:30 radələrində Yusif ilə Murad ünvan 3 ünvanda yerləşən "xxxx" marketin içərisində quraşdırılmış PashaPay MMC-yə məxsus Million ödəmə terminalından oğurluq etmək məqsədi ilə qeyd olunan marketə gedərək marketin giriş hissəsində quraşdırılmış aparata yaxınlaşaraq Yusif özündə olan açarla kassa hissəsini açaraq kasetlə birlikdə orada olan 11277 manat nağd pulu götürmüş, Murad əlində olan kəlbətinlə aparatın açar hissəsini əyərək oradan uzaqlaşmışlar. O, bu barədə məlumat əldə etdikdən sonra Muradgilnən əlaqə saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində görüşmüş, oğurlanmış puldan 1000 manat ona verilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, səhər radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "xxxx" marketin içərisində quraşdırılmış PashaPay MMC-yə məxsus Million ödəmə terminalından pul oğurlamaq məqsədi ilə aparatın kassasının açarını qaynı Murad götürmüşdür Həmin gün, saat 13 radələrində Murad Rəhimov Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "xxxx" marketə gedərək ödəmə terminalının xəzinəsini açarla açaraq saxlanc yerinə qanunsuz daxil olub orada olan 300 manat dəyərində pul kasetini içərisində olan 16430 manat nağd pulu gizli olaraq talamış, əldə olunan puldan 1000 manat ona vermişdir. "xxxx" marketin içərisində quraşdırılmış PashaPay MMC-yə məxsus Million ödəmə terminalından edilmiş oğurluqdan Təqsirləndirilən şəxs1 məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ona aid hissəsini ödəyərək barışıq əldə etmişdir, bununla əlaqədar barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Murad Rəhimov onun sinif yoldaşı olmuş, Təqsirləndirilən şəxs2 Murad Rəhimov vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs2 “Million” ödəmə terminallarının təmiri ilə məşğul olduğundan onların yerləşmə yerini, açılıb-bağlanması mexanizmini bilmiş, aparatlarda texniki problem yarandığında təmir etdiyinə görə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Million” aparatlarının kassalarının açarları onda olmuşdur. 2021-ci ilin dekabr ayında tanışı Murad Rəhimov ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, lakin, işləri alınmadığına görə 15 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışlar. Maddi imkanları zəif olduğu üçün Murad ona Million” ödəmə terminallarından oğurluq etməyi təklif etmiş, o, Muradın təklifi ilə razılaşmışdır. 27 fevral 2022-ci il tarixdə Murad və Müseyib ilə görüşmüş, Müseyib ünvan 3 ünvanda yerləşən "xxxx" marketin içərisində quraşdırılmış PashaPay MMC-yə məxsus Million ödəmə terminalının açarlarını Murad Rəhimova vermiş, Murad oğurluqdan sonra polisin Müseyibdən şübhələnməməsi üçün kassa aparatlarını açdıqsan sonra açar yerini əyəcəyini, araşdırma zamanı kassa aparatının sındırılma yolu ilə açılması zənni yaradacağını bildirmişdir. Müseyib oğurluq zamanı ətrafdakı insanların onlardan şübhələnməməsi üçün “Million” yazısı olan yapışdırıcı kağızı onlara vermişdir. 28 fevral 2022-ci il tarixdə, saat 08 radələrində o, Muradla Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində görüşərək ünvan 3 ünvanda yerləşən "xxxx" marketə getmiş, ora çatdıqdan sonra, təxminən saat 08:30 radələrində ətrafa nəzər yetirmək məqsədi ilə marketə girib su almış, daha sonra, marketin giriş hissəsində quraşdırılmış aparata yaxınlaşaraq Yusif özündə olan açarla kassa hissəsini açaraq kasetlə birlikdə orada olan 11277 manat nağd pulu götürmüş, Murad əlində olan kəlbətinlə aparatın açar hissəsini əyərək oradan uzaqlaşmışlar. Bundan sonra Müseyib ilə əlaqə saxlayaraq Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində görüşmüş, Murad ona və Müseyibə 1000 manat vermiş, o, oğurluq yolu ilə əldə edilmiş puldan ona 1000 manat verilməsinə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "xxxx" marketin içərisində quraşdırılmış PashaPay MMC-yə məxsus Million ödəmə terminalından edilmiş oğurluqdan məlumatı olmamış, bu bağlı, Müseyib və Murad ona hər hansı məlumat verməmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ona aid hissəsini ödəyərək barışıq əldə etmişdir, bununla əlaqədar barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçı) nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Azərbaycan Respublikanın ərazisində müəyyən ticarət obyektlərində vətəndaşlar tərəfindən maliyyə əməliyyatlarının keçirilməsi üçün ödəmə terminalları quraşdırılmışdır. ünvan 3 ünvanda yerləşən "xxxx" adlı marketin içərisində giriş hissədə şirkətin 02226 saylı ödəmə terminalı aparatı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə, saat 08:30 radələrində Təqsirləndirilən şəxs2 qaynı X1 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanda yerləşən "xxxx" marketin içərisində quraşdırılmış "xxxx" MMC-yə məxsus Million ödəmə terminalının xəzinəsini açarla açaraq saxlanc yerinə qanunsuz daxil olub orada olan 300 manat dəyərində pul kasetini içərisində olan 11277 manat nağd pulla birlikdə gizli olaraq talayıb, "xxxx" MMC-yə cəmi 11577 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, xx.xx.2022-ci il saat 13:30 radələrində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "xxxx" marketin qarşısına gəldikdən sonra mağazanın əməkdaşlarının onu tanıya biləcəklərindən və ifşa olunmasından ehtiyatlanıb yaxınlıqda gözləməklə həmin marketin içərisində quraşdırılmış "xxxx" MMC-yə məxsus Million ödəmə terminalının açarlarını Murad Rəhimova vermiş, sonuncu marketə girib ödəmə terminalının xəzinəsini açarla açaraq saxlanc yerinə qanunsuz daxil olub orada olan 300 manat dəyərində pul kasetini içərisində olan 16430 manat nağd pulu gizli olaraq talayıb, "xxxx" MMC-yə cəmi 16730 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə 3850 (üç min səkkiz yüz əlli) manat ödəyərək, tərəfindən şirkətə vurulmuş maddi ziyanı ödəmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə 8000 (səkkiz) manat, 06 aprel 2023-cü il tarixdə 4224 (dörd min iki yüz iyirmi dörd) manat, cəmi 12224 (on iki min iki yüz iyirmi dörd) manat ödəyərək tərəfindən şirkətə vurulmuş maddi ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" MMC-nə vurulmuş ziyan tam şəkildə ödənildiyindən onlara qarşı şikayət və tələbləri yoxdur. Odur ki, şirkət tərəfindən təqdim edilmiş mülki iddia ərizəsi geri götürülür. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən "xxxx" marketdə satıcı işləyir. 28 fevral 2022 tarixdə, saat 08:50 radələrində işdə olarkən bir nəfər müştəri ona yaxınlaşaraq mağazada olan milliön aparatının işləyib-işləmədiyi soruşmuş, aparatda nasazlıq olduğunu bildirmişdir. O, marketin giriş hissəsində quraşdırılmış Million ödəmə terminalına yaxınlaşdığı zaman terminalın kassa hissəsinin naməlum şəxs tərəfindən açıldığını və orada olan pullar oğurlandığını müəyyən etmişdir. Bununla bağlı DİNnin 102 xidmətinə və "xxxx" MMC-nin əməkdaşlarına zəng edərək məlumat vermişdir. Cinayət işinin 1-ci cildinin 96-cı vərəqəsində olan 06 noyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 06 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 115-ci vərəqəsində olan 06 noyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 06 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 142-147-ci vərəqələrində olan 07 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 148-151-ci vərəqələrində olan 07 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 173-175-ci vərəqələrində olan AZE seriyalı, 12641961 nömrəli və AZE seriyalı, 12641960 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. Cinayət işinin 1-ci cildinin 203-206-cı vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-919/2022 saylı, 08 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 06 noyabr 2022-ci il tarixdən hesablanılmaqla 02 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 207-210-cu vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-919/2022 saylı, 08 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 06 noyabr 2022-ci il tarixdən hesablanılmaqla 02 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 1-4-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-950/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, o,dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 30-33-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-977/2022 saylı, 03 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, o,dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 37-ci vərəqəsində olan 11 dekabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" marketin içərisində quraşdırılmış "xxxx" MMC-yə məxsus Million ödəmə terminalından edilmiş oğurluğun görüntülərini özündə əks etdirən 01 ədəd disk, "xxxx" MMC-nin ödəmə terminalları üzrə qiymət cədvəli olan siyahı cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 230-231-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 232-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 11 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə 3850 (üç min səkkiz yüz əlli) manat ödəyərək, tərəfindən şirkətə vurulmuş maddi ziyanı ödəmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə 8000 (səkkiz) manat, 06 aprel 2023-cü il tarixdə 4224 (dörd min iki yüz iyirmi dörd) manat, cəmi 12224 (on iki min iki yüz iyirmi dörd) manat ödəyərək tərəfindən şirkətə vurulmuş maddi ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" MMC-nə vurulmuş ziyan tam şəkildə ödənildiyindən onlara qarşı şikayət və tələbləri yoxdur. Odur ki, şirkət tərəfindən təqdim edilmiş mülki iddia ərizəsi geri götürülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onların azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığının 06 noyabr 2022-ci il tarixdən 26 may 2023-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 20 (iyirmi) günü azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 01 (bir) ay 10 (on) gününə bərabər tutulmaqla, onların cəzasından 04 (dörd) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli və barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" marketin içərisində quraşdırılmış "xxxx" MMC-yə məxsus Million ödəmə terminalından edilmiş oğurluğun görüntülərini özündə əks etdirən 01 ədəd disk, "xxxx" MMC-nin ödəmə terminalları üzrə qiymət cədvəli olan siyahı iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın geri götürülməsi nəzərə alınmaqla, mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 20 (iyirmi) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 01 (bir) ay 10 (on) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) il 01 (bir) ay 10 (on) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 20 (iyirmi) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 01 (bir) ay 10 (on) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) il 01 (bir) ay 10 (on) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" marketin içərisində quraşdırılmış "xxxx" MMC-yə məxsus Million ödəmə terminalından edilmiş oğurluğun görüntülərini özündə əks etdirən 01 ədəd disk, "xxxx" MMC-nin ödəmə terminalları üzrə qiymət cədvəli olan siyahı iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar