Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-240/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X15 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı ildə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Alar Ərazi Dairəsi, Alar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən “Bakıxanov” Ticarət Mərkəzinin qarşısında ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək hər hansı bir əsaslı səbəb olmadan, əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs azyaşlı uşağı Selena Məmmədovanı gəzdirməyə aparmasına ona icazə verməməsini, habelə Zərərçəkmiş şəxs anası ilə mübahisə etməsindən ona irad bildirməsini cüzi səbəb kimi bəhanə edərək küçədə olan şəxslərin gözü qarşısında mübahisə yaradıb Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etdikdən sonra Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə sol əli ilə yumruq zərbəsi vuraraq Zərərçəkmiş şəxs sağ ağız dəhlizinin əzilmiş yarası ilə müşayiət olunan sağ gözyuvasıaltı-almacıq-yanaq-çənə ənsə nahiyələrinin dərialtı hematomaları xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurub ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması iiə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir neçə il əvvəl tanış olmuş, münasibətləri daha da irəlilədiyindən Səlimə ilə qeyri-rəsmi nikahla yaşamışdır. Səlimə ilə münasibətindən onun bir qız uşağı dünyaya gəlmişdir. Övladı dünyaya gəldikdən bir müddət sonra Səlimə ilə münasibətləri korlanmağa başlamışdır. Bundan sonra Səlimə ilə ayrılmağa qərar vermişlər. Ayrıldıqdan sonra dəfələrlə Səliməgilin yaşadığı evə gedərək övladını görmək istədiyini bildirsə də, Səlimə və anası buna imkan verməmişdirlər. 30 oktyabr 2024-cü il tarixdə saat təqribən 15 radələrində şəxsi işləri ilə əlaqədar “Bakıxanov” Ticarət Mərkəzinə getmişdir. Qeyd edilən ünvanda olan zaman Səliməni, anasını və övladını görmüşdür. Bu zaman o, yaxınlaşıb övladını qucaqlayıb onunla görüşmüşdür. Belə ki, Səlimə və Səlimənin anası ona övladını gorməyə qoymadıqları üçün övladı üçün darıxmışdır. Qızı ilə görüşdükdən sonra Səlimənin anası onun ünvanına təhqirlər etməyə başlamışdır. O, bir qədər səbr etsə də, sonradan onun özü Səlimənin anasının təhqirlərinə cavab olaraq Səlimənin anasını təhqir etmişdir. Bu zaman Səlimə də onu təhqir elməyə başlamışdır. Əsəblərinə sahib çıxa bilməyib yumruqla Səlimənin üz nahiyyəsindən zərbə endirmişdir və dərhal etdiyi əməldən peşman olaraq oradan uzaqlaşmağa çalışmışdır. Hadisə təqribən 5 dəqiqə davam etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 oktyabr 2024-cü il tarixdə saat təqribən 14 radələrində o, anası və qızı Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov” ticarət mərkəzinə getmişdir. Bazarlıq edib ticarət mərkəzindən çıxdıqda anidən Heydəri qarşısında görmüşdür. Bu zaman Heydər qızını öpüb qucaqlamışdır. Bundan sonra Heydərlə onun anasının arasında mübahisə başlamış və Heydər küçədən keçən şəxslərin yanında onun anasını təhqir etməyə başlamışdır. Buna biganə qala bilməyib Heydərə iradını bildirmişdir. Heydər onun üzərinə gələrək yumruqla üz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. O aldığı xəsarətdən yerə yıxılmışdır. Bu zaman Heydər həmin yerdən uzaqlaşmağa başladıqda o, ayağa qalxaraq zərbənin təsirindən nə etdiyinin fərqində olmadan Heydərin arxasınca qaçmışdır. Yoldan keçən şəxslər onu saxlamışlar. Hadisə zamanı həmin ərazidə onun özü, anası, qızı və ətrafda olan xeyli sayda şəxslər olmuşdur. Hadisə təqribən 5-10 dəqiqə davam etmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs onun qızı Səlimənin rəsmi olmasa da, keçmiş əridir və məhkəmə tərəfindən qəbul edilmiş qətnaməyə əsasən qızının bir azyaşlı qız övladına atası Heydər tərəfindən aliment ödənilir. 30 oktyabr 2024-cü il tarixdə saat təqribən 14 radələrində o, qızı və nəvəsi Selena “Bakıxanov” ticarət mərkəzinə getmişdir. Bazarlıq edib ticarət mərkəzindən çıxdıqda anidən Heydəri görmüşlər. Bu zaman Heydər öz qızını öpüb qucaqlamışdır. Bundan sonra Heydərlə onun arasında sözlü mübahisə başlamış və Heydər küçədən keçən şəxslərin yanında onu təhqir etməyə başlamış və üzünü tüpürmüşdür. Qızı Səlimə isə onu təhqir eldiyinə görə Heydərə iradını bildirmişdir. Daha sonra onlar oradan uzaqlaşdıqda Heydər onların arxasınca gələrək yumruqla qızı Səlimənin üz nahiyyəsindən vurmuş və buna görə Səlimə yerə yıxılmışdır. Heydər onun qızını vurduqdan sonra oradan uzaqlaşmışdır. Səlimə ayağa qalxıb Heydərin arxasınca getmişdir. Bu zaman yoldan keçən şəxslər Səliməni saxlamışdır. Qızı Səlimə hadisə yerinə gələn polis əməkdaşlarına yaxınlaşıb hadisəni onlara danışmış, sonra polis əməkdaşları onları Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə gətirmişlər. Hadisə 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin PPXBnin polis nəfəri Şahid3 ifadəsində bildirmişdir ki, 30 oktyabr 2024-cü il tarixdə saat 15:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən “Bakıxanov” ticarət mərkəzinin yerləşdiyi ərazidə patrul avtomobili ilə postaçı yoldaşı polis nəfəri Şahid2 ilə xidmətdə olan zaman “Bakıxanov” ticarət mərkəzinin qarşısında bir neçə nəfərin toplaşdığını görüb həmin verə yaxınlaşmışlar. Həmin yerə yaxınlaşdıqdan sonra şəxsiyyəti və anket məlumatları barədə onlarda sonradan məlumat olan Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq küçədə keçmiş əri tərəfindən döyüldüyü üçün özünü pis hiss etdiyini dediyinə görə, həmin qadının yanında olan azyaşlı uşağı və anasını Sabunçu RPİ-nin 13cü PŞ-nə gətirib bu barədə raportla rəisə məruzə etmişlər. Həmin qadını döyən şəxs hadisə yerindən qaçdığı üçün onu müəyyən etməsələr də, daha sonra qadını döyən şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət 7-8-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Sabunçu” Ticarət Mərkəzinin qarşısıdır. Cinayət işinin 12-13-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X16 xx.xx.2024-cü il tarixli 2726 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ ağız dəhlizinin əzilmiş yarası ilə müşayiət olunan sağ gözyuvasıaltı-almacıq-yanaq-çənə və ənsə nahiyələrinin dərialtı hematomaları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində görtərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Cinayət işinin 28-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 52-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” 20 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 20 yanvar 2025-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 90-92-ci vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunması, qərarın surətinin icra olunması və şəxsin azad olunması üçün Sabunçu RPİ-nin X7 göndərilməsi qərara alınmışdır. Cinayət işinin 93-94-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 99-100-cü vərəqələrində olan “DVD diskə baxış aparılması haqqında” 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X1 tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı ilə həmin protokolu tərtib etmişdir ondan ötrü ki, 30 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı X9 tərəfindən 30 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən “Bakıxanov” ticarət mərkəzinin qarşısında hadisə yerinin baxışı zamanı videomüşahidə kamerası ilə qeydə alınmış hadisənin görüntüsü “Bakıxanov” ticarət mərkəzində quraşdırılmış kameranın yaddaş qurğusundan köçürülərək götürülmüş “DVD” diskə “HP” markalı kompyuterdən istifadə etməklə baxış aparılmışdır. Baxış zamanı məlum olmuşdur ki, “DVD” diskdə 01 ədəd video fayl vardır. Video fayl açıldıqda görüntüdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən “Bakıxanov” ticarət mərkəzinin küçə tərəfdən ön tərəfi görüntüləndi. Tarix xx.xx.2024-cü il, saat 15:16:15 saniyəni əks etdirir. Ticarət Mərkəzinin zirzəmisində yerləşən “Xalça” mağazasının küçədən giriş qapısının qarşısında qadın cinsindən iki nəfərin bir nəfər kişi cinsi ilə söhbət etdikləri görünür. Küçə ilə insanların hərəkətdə olduğu müşahidə edilir. “Xalça” mağazasının küçədən olan giriş qapısının qarşısında kişi cinsindən olan kişi başı bağlı olan qadınlardan biri ilə mübahisə etdiyi görünür. Həmin qadınların yanında bir nəfər azyaşlı uşaq da vardır, qadınlardan biri uşağın əlindən tutub. Həmin oğlan oradan bir qədər aralaşdıqdan sonra yenidən həmin iki nəfər qadının yanına yaxınlaşır. Həmin vaxt oğlan saçı sarı rəngdə olan qadınla “Xalça” mağazasının giriş hissəsinin arxa tərəfində mübahisə edir və saat 15:17:59-da oğlan sarı saçlı qadının sifətinin sağ yan hissəsinə sol əli zərbə ilə vurub həmin yerdən geriyə doğru hərəkət edir və həmin vurulan qadın isə oğlanın arxasınca qaça-qaça gəlir. Ətrafda toplaşan şəxslər isə baş vermiş hadisəyə baxırlar. Bununla da görüntü başa çatdı. Videogörüntü saat 15:15:23 saniyədə başa çatdı. “DVD” diskə baxış başa çatdıqdan sonra Zərərçəkmiş şəxs bildirdi ki, görüntüdə olan şəxslərdən biri, yəni sarı saçlı qadın onun özüdür, digər başı bağlı qadın onun anası Şahid1, onlarla mübahisə edən onunla qeyri rəsmi nikahda olmuş əri Təqsirləndirilən şəxs, azyaşlı uşaq isə onun qızı Selenadır və videogörüntüdə olanlar reallığı əks etdirir və DVD diskdə hər hansı bir montaj edilməmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan “DVD diskə baxış aparılması haqqında” 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X1 tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərini rəhbər tutub Təqsirləndirilən şəxs iştirakı ilə həmin protokolu tərtib etmişdir ondan ötrü ki, 30 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı X9 tərəfindən 30 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən “Bakıxanov” ticarət mərkəzinin qarşısında hadisə yerinin baxışı zamanı videomüşahidə kamerası ilə qeydə alınmış hadisənin görüntüsü “Bakıxanov” ticarət mərkəzində quraşdırılmış kameranın yaddaş qurğusundan köçürülərək götürülmüş “DVD” diskə “HP” markalı kompyuterdən istifadə etməklə baxış aparılmışdır. Baxış zamanı məlum olmuşdur ki, “DVD” diskdə 01 ədəd video fayl vardır. Video fayl açıldıqda görüntüdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən “Bakıxanov” ticarət mərkəzinin küçə tərəfdən ön tərəfi görüntüləndi. Tarix xx.xx.2024-cü il, saat 15:16:15 saniyəni əks etdirir. Ticarət Mərkəzinin zirzəmisində yerləşən “Xalça” mağazasının küçədən giriş qapısının qarşısında qadın cinsindən iki nəfərin bir nəfər kişi cinsi ilə söhbət etdikləri görünür. Küçə ilə insanların hərəkətdə olduğu müşahidə edilir. “Xalça” mağazasının küçədən olan giriş qapısının qarşısında kişi cinsindən olan kişi başı bağlı olan qadınlardan biri ilə mübahisə etdiyi görünür. Həmin qadınların yanında bir nəfər azyaşlı uşaq da vardır, qadınlardan biri uşağın əlindən tutub. Həmin oğlan oradan bir qədər aralaşdıqdan sonra yenidən həmin iki nəfər qadının yanına yaxınlaşır. Həmin vaxt oğlan saçı sarı rəngdə olan qadınla “Xalça” mağazasının giriş hissəsinin arxa tərəfində mübahisə edir və saat 15:17:59-da oğlan sarı saçlı qadının sifətinin sağ yan hissəsinə sol əli zərbə ilə vurub həmin yerdən geriyə doğru hərəkət edir və həmin vurulan qadın isə oğlanın arxasınca qaça-qaça gəlir. Ətrafda toplaşan şəxslər isə baş vermiş hadisəyə baxırlar. Bununla da görüntü başa çatdı. Videogörüntü saat 15:15:23 saniyədə başa çatdı. “DVD” diskə baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə olan şəxslərdən biri, onun özüdür, digər yəni sarı saçlı qadın onunla qeyri-rəsmi nikahda olmuş Zərərçəkmiş şəxs, başı bağlı qadın Səlimənin anası Şahid1, azyaşlı uşaq isə onun qızı Selenadır və videogörüntüdə olanlar reallığı əks etdirir və DVD diskdə hər hansı bir montaj edilməmişdir. Cinayət işinin 106-112-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 30 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı X9 tərəfindən 30 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən “Bakıxanov” ticarət mərkəzinin videomüşahidə kamerasının yaddaş qurğusundan “DVD” diskə köçürülərək götürülmüş hadisənin videogörüntüsü olan “DVD” diskin iş üzrə maddi sübut kimi tanınması və “DVD” diskin iş materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş AZE seriyalı 12226360 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən səmimi peşmanlıq çəkməsini və himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan və 3 (üç) azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 221.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-240/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-240/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver