Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-242/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 02 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, tamah niyyəti ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyətilə gizli olaraq talama məqsədilə, cari ilin avqust ayının 15-dən sentyabr ayının 15-dək olan müddət ərzində, dəqiq tarixləri istintaqa məlum olmayan günlərdə, Zərərçəkmiş şəxs məxsus Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, 112 nömrəli bağ evinin hasarından aşaraq həyətə, oradan isə həyətdə yeni tikilməkdə olan, yaşayış olmayan iki mərtəbəli yaşayış evinin birinci mərbəsinə açıq qapıdan qanunsuz daxil olaraq, dəhlizdə olan üzəri yorğan-döşəklə örtülü olan 01 ədəd dəyəri 500 manat olan velosipedi, ümumi dəyəri 1000 manat olan qab-qacaq dəstlərini, eləcə də dəyəri 200 manat olan bir ədəd samovarı bağ evinin darvazasının yanına yığmış, velosipedi iplə qaldıraraq hasardan bayıra çıxartmış, daha sonra hasardan geri aşaraq qab-qacaq dəstlərini və samovarı kisəyə yığaraq iplə qaldırıb hasardan bayıra çıxartmış, həmin kisəni velosipedə yükləyərək onu idarə etməklə ərazidən uzaqlaşıb taladığı əmlakı Sabunçu rayonu, Bilgəh- Nardaran bağlar massivində yerləşən, nömrəsiz, eləcə yandığı üçün yarasız vəziyyətdə olan köhnə tikiliyə yığmış, daha sonra piyada geri qayıdaraq oğurluq etdiyi ünvanda gecələmiş, vahid niyyətinin davamı olaraq bağ evinin həyətində olan, hazırda isə saxlanc yeri kimi istifadə olunan köhnə tikilinin qapısını sındıraraq içəri qanunsuz daxil olub, oradan dəyəri 700 manat olan 24-lük ölçüdə “Keasdon” markalı bir ədəd velosipedi, dəyəri 50 manat olan bir ədəd ev telefonunu, hər birinin dəyəri 50 manat, ümumi dəyəri 100 manat olan iki ədəd moderni, ümumi dəyəri 150 manat olan iki ədəd su matorunu, dəyəri 100 manat olan elektrik naqillərini, dəyəri 150 manat olan dəmir armaturları, dəyəri 300 manat olan dəmir boruları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 3250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi - 0,256 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 31 oktyabr 2023-cü il tarixdə, saat 17:45 radələrində Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, 112 nömrəli bağ evində baş vermiş oğurluğu törətməkdə şübhəli bilindiyi üçün Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-nə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi - 0,256 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 7-8 ildir ki, narkotik vasitələrdən istifadə edir. Onu limon duzuna qatıb, su ilə qarışdırıb qızdırıb həll etdikdən sonra iynə vasitəsilə damarına vurur. Cari ilin avqust ayında əncir yığaraq satıb həmin pula narkotik vasitə almışdır. Keçən ilin avqust ayının ortalarında Sabunçu rayonu, Nardaran qəsəbəsində bağlar massivi deyilən ərazidə olan bağlardan əncir yığmışdır. Yaxınlıqda olan bağ evinə hasardan aşıb daxil olmuş, həyətdə yeni tikilməkdə olan, yaşayış olmayan iki mərtəbəli yaşayış evinin birinci mərbəsinə açıq qapıdan daxil olmuşdur. Dəhlizdə olan üzəri yorğandöşəklə örtülü olan 01 ədəd velosipedi və qab-qacaq dəstlərini, bir ədəd samovarı bağ evinin darvazasının yanına yığmış, velosipedi iplə qaldıraraq hasardan bayıra çıxartmış, daha sonra hasardan geri aşaraq qab-qacaq dəstlərini və samovarı kisəyə yığaraq iplə qaldırıb hasardan bayıra çıxartmışdır. Həmin kisəni velosipedə yükləyərək onu idarəetməklə ərazidən uzaqlaşıb Sabunçu rayonu, Bilgəh-Nardaran qəsəbəsində yerləşən, yanmış köhnə tikiliyə yığmış, daha sonra piyada geri qayıdaraq, avqust ayının 15-dən təxmini olaraq sentyabr ayının 15-dək olan müddət ərzində həmin bağ evinin həyətində olan yarımtikilidə gecələmişdir. Çünki, orada divan, yorğan-döşək, eləcə də müəyyən müddət yaşamaq üçün şərait olmuşdur. Orada qaldığı müddətdə içəridə müəyyən əşyaların saxlanıldığını görmüş, lakin, tək olduğundan onları fiziki olaraq daşıya bilməcəyindən bir ədəd velosipedi, bir ədəd ev telefonunu, iki ədəd modemi, iki ədəd su motorunu, elektrik naqillərini, həmçinin həyətdən armatur və dəmir boruları hissə-hissə daşıyaraq darvazanın yanına yığmış, oradan isə hasardan aşmaq yolu ilə aparıb satmışdır. Qab-qacaqları və samovarı Bilgəh qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə satmışdır. Digər oğurladığı əşyaların bəzilərini yoldan keçən dəmir yığanlara satmış, velosipedlərdən birini isə Sabunçu bazarı deyilən ərazidə tanımadığı şəxsə satmışdır. Oğurladığı velosipedlərdən birini isə sata bilmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılarkən onlara təqdim etmişdir. Bundan başqa, 31 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata “kakos”, yəni heroin almış, istifadə etmək üçün üzərində daşımışdır. Həmin gün, saat 17:45 radələrində yaşadığı evdən çıxıb marketə gedərkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Üzərində narkotik maddə olduğu üçün özünü şübhəli aparmış, buna görə polis əməkdaşları ondan Sabunçu rayonu ərazisində baş vermiş oğurluq cinayəti ilə bağlı şübhələndiklərini bildirmişlər, getməsinin qarşısını alaraq Sabunçu RPİ-nin 42-ci PB-nə getməyi təklif etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə getmişdir. Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis Bölməsinin inzibati otaqların birində şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu və 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən üzərindən qanunsuz hər hansı əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən bükümə baxış keçirilmiş və orada qəhvəyi rəngli kristal maddələr aşkar edilmişdir. Polis əməkdaşları bükümdə olan maddənin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşduqda, suala cavab olaraq o, bükümdəkinin “kakos”, yəni heroin olduğunu, onu 31 oktyabr 2023-cü il tarixdə Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq əldə edilməsi, saxlanması və daşınması qanunsuz hesab edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməllərdən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğurluq baş verdiyi ev özünə məxsusdur. Son 2 ilədək həmin evdə yaşamışdır. Həyat yoldaşı rəhmətə getdiyi üçün oradan köçmüş, hazırda həmin həyətdə yeni ikimərtəbəli ev tikilməkdədir. Daimi olaraq qızı ilə həmin evə gəlib yoxlamışdır, xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin bağ evinə baxış keçirərkən həyətdə olan köhnə tikilidə və yeni tikilinin içərisində əşyaların oğurlandığını aşkar etmişdir. Sonuncu dəfə həmin evi 2023-cü ilin avqust ayının 15-dək yoxlamışdır. Ona məxsus yaşayış evinin birinci mərtəbəsinə açıq qapıdan daxil olan şəxs dəhlizdə olan üzəri yorğan-döşəklə örtülü olan 01 ədəd dəyəri 500 manat olan velosipedi və ümumi dəyəri 1000 manat olan qab-qacaq dəstlərini, eləcə də dəyəri 200 manat olan bir ədəd samovarı, həyətdə olan köhnə tikilinin qapısını sındıraraq içəri daxil olaraq oradan dəyəri 700 manat olan bir ədəd velosipedi, dəyəri 50 manat olan bir ədəd ev telefonunu, hər birinin dəyəri 50 manat, ümumi dəyəri 100 manat olan iki ədəd modemi, ümumi dəyəri 150 manat olan iki ədəd su motorunu, dəyəri 100 manat olan elektrik naqillərini, dəyəri 150 manat olan armaturları, dəyəri 300 manat olan dəmir boruları oğurlayaraq ona cəmi 3250 manat məbləğində maddi ziyan vurulmuşdur, ibtidai istintaq zamanı ona velosiped qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs olan anası Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, xx.xx.2023cü il tarixdə Zərərçəkmiş şəxs DİN-in “102” xidmətinə zəng edərək, eləcə də Sabunçu RPİnin 42-ci PB-nə ərizə ilə müraciət edərək Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, 112 nömrəli bağ evindən oğurluq oldğunu bildirmişdir. Bölməyə daxil olmuş əməliyyat məlumatlarında həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə bölmənin digər əməliyyat müvəkkili, polis mayoru Şahid3la birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmiş, həmin gün saat 17:45 radələrində onu Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində şübhəli şəxs olaraq onu saxlayaraq yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək Nəriman olduğunu bildirmiş, lakin üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək tələsdiyini deyərək ərazidən yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs bölməyə getməyi təklif etmiş, həmçinin baş vermiş məlum oğurluq hadisəsi ilə bağlı araşdırma zərurətinin olması bildirilmiş, birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə gəlmişlər. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın vəkilinin iştirakı olmadan aparılmasını xahiş etmiş, bunu onunla əsaslandırmışdır ki, üzərində olan və aşkar olunacaq narkotik vasitənin müdafiəçisi tərəfindən görməsini istəməmişdir, daha sonra ondan şəxsi axtarışın videoçəkilişlə keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, o, şəxsi axtarışın videoçəkilişlə aparılmasına etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu və 01 ədəd ağ rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bükümə baxış keçirilmiş və orada qəhvəyi rəngli kristal maddələr aşkar edilmişdir. Polis əməkdaşları bükümdə olan maddənin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığımı soruşdular. Polis əməkdaşlarının sualına cavab olaraq o, bükümdəkinin “kakos”, yəni heroin olduğunu, onu 31 oktyabr 2023-cü il tarixdə Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən, eləcə də kibrit qutusunun içərisindən qanunsuz hər hansı əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş maddə qablaşdırılmış, qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmış, ona həmin maddənin ekspertiza mərkəzinə göndəriləcəyi izah edilmişdir. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tərəflərindən hər hansı fiziki zor tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ilə oxşar məzmunli ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:45 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.17); şəxsi axtarış və götürmə aparılması haqqında 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu və 01 ədəd ağ rəngli bükümü təqdim edərək bükümdəki maddənin “kakos” olduğunu, 31 oktyabr 2023cü il tarixdə Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir(i.v.28-29); maddi sübutun götürülməsi haqqında 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı “Keasdon” maraklı 24-lük ölçüdə olan velosipedi yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən bağ evində təqdim etmişdir (i.v.33-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5822 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,256 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir(i.v. 41-43); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 3 ünvanına baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v.55-58); CD diskə baxış keçirilməsi haqqında 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı, özünü təqdim edir, daha sonra digər polis əməkdaşları özlərini təqdim edir. Sonra təhqiqatçı tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirilir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan, eləcə də videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və ya predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu və 01 ədəd ağ rəngli bükümü çıxardaraq masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən bükümdə olan maddənin nə olduğu soruşulur, Təqsirləndirilən şəxs isə bükümdəki maddənin “kakos” olduğunu bildirir. Təhqiqatçı narkotik vasitə heroini haradan, kimdən və nə vaxt əldə etməsini soruşur. Təqsirləndirilən şəxs narkotik vasitə heroini 31 oktyabr 2023-cü il tarixdə Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirir(i.v.91); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-823/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.99-102); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Salyan rayon məhkəməsinin qərarına əsasən AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir(i.v.115-116); ifadənin yerində yoxlanması haqqında 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani göstərərək bir daha təsdiq etmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.131-142); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsinin xx.xx.2023-cü il tarixli 7146 nömrəli ambulator Məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.146-147); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır(i.v.149); Sübutların qiymətləndirilməsi haqqında 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,256 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,206 qram heroin maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin maddi sübutların saxlancına təhvil verilməsi, “Keasdon” markalı velosipedin zərərçəkmiş şəxsə saxlanması üçün verilməsi, «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.151-161); Məhkəmə istintaqı zamanı iş materiallarında olan CD diskə baxış keçirilmiş, həmin görüntülərin şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,256 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM-59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan 0,256 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,206 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Keasdon” markalı velosipedin zərərçəkmiş şəxsə saxlanması üçün verilməsi nəzərə alınmalı, «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən 1 ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalı(CPM-132), 81(səksən bir) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02(iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02(iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar-Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş ilkin təmiz çəkisi 0,256 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,206 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “Keasdon” markalı velosipedin zərərçəkmiş şəxsə saxlanılması üçün verilməsi nəzərə alınsın. 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-242/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-242/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver