Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-244/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, X1katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, nömrəsiz yeni tikili evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il saat 24 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən «BC» dərəcəli sürücülük vəsiqəsi ilə, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “Samand” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi ilə H.Əliyev prospekti istiqamətində 60 km/saat sürətlə idarə edərkən, Şəhər şossesi küçəsində yerləşən piyadaların keçməsi üçün quraşdırılmış yer üstü piyada keçidinin yaxınlığından keçən hissəsində yolu sağdan sola keçmək üçün piyadanın hərəkət hissəsinə daxil olması ilə hərəkət üçün təhlükə yaransa da, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməyib həmin yol-hərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ küncü ilə Zərərçəkmiş şəxs vurulmasına, ona baş beyin silkələnməsi, sağ baldır sümüklərinin yuxarı 1/3-nin, yerini dəyişən, qapalı sınığı, sağ diz oynağının hemartrozu (oynaq boşluğuna qanın yığılması), bağlarının gərilməsi və travmatik qopması, sağ gözyuvasıətrafı nahiyənin dərialtı hematoması, sağ aşağı ətrafın geniş ölçülü qançırı ilə müşayiət olunan, ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ittiham edildiyi əməldə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki,o, etibarnamə əsasında X4 məxsus “Samand minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxxx 2020-ci il saat 24 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, idarə etdiyi “Samand” markalı avtomobili ilə Sabunçu rayonu, Şəhər Şossesi ilə üzü H.Əliyev prospekti istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən Şəhər şossesi küçəsində yerləşən piyadaların keçməsi üçün quraşdırılmış yer üstü piyada keçidinin yaxınlığından keçən hissəsində bir nəfər şəxsin sürətli addımlarla yolu sağdan sola doğru keçdiyini görmüş, qoşa üfiqi xəttin yaxınlığında hərəkət etdiyindən piyadanı vurmamaq üçün əyləci sıxaraq avtomobili sola doğru çəkmiş, lakin avtomobilin qabaq sağ küncü piyadaya dəymiş və piyada yerə yıxılmışdır. O, dərhal avtomobili saxlamış və piyadanı avtomobilə əyləşdirib 3 saylı şəhər kilinik xəstəxanasına aparmışdır. Zərərçəkən həmin vaxt sərxoş olmuş və bu səbəbdən özü də ehtiyatını əldən vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,xx xxxxxx 2020-ci il saat 24 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsində, Şəhər şossesi ilə piyada gedərkən Sabunçu qəsəbəsində yerləşən Bolmart mağazasının yaxınlığından avtomobil yolunu sağdan sola doğru iti yerişlə keçməyə başlamış, bir qədər irəlilədikdən sonra hərəkət hissələrini ayıran qoşa üfiqi xəttin yaxınlığında Zabrat qəsəbəsindən H.Əliyev prospekti istiqamətinə tərəf hərəkət edən “Samand” markalı avtomobil onu vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı avtomobilin sürücüsü avtomobili saxlayaraq yerə düşüb köməklik etmək üçün onu maşına əyləşdirərək 3 saylı X5 aparmışdır. O, eyni zamanda bildirmişdir ki, həmin avtomobil 70-80 km/saat sürətlə hərəkətdə olmuş, yolu keçməyə başlayarkən avtomobil vurulduğu yerdən təxminən 15-20 metr məsafədə olmuşdur. Hadisə zamanı onu vuran avtomobilin sağ tərəfində başqa avtomobil olmamış, yol boş olmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmədiyini, barışmaq istəmədiyini bildirərək ona layiqli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması özünün və zərərçəkmiş şəxslərin ifadəsi ilə yanaşı, iş üzrə tədqiq edilmiş digər sübutlarla da öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin, canlı şəxsin ekspertizasının 363 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ baldır sümüklərinin yuxarı 1/3-nin, yerini dəyişən, qapalı sınığı, sağ diz oynağının hemartrozu (oynaq boşluğuna qanın yığılması), bağlarının gərilməsi və travmatik qopması, sağ gözyuvasıətrafı nahiyənin dərialtı hematoması, sağ aşağı ətrafın geniş ölçülü qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. (i.v. 27-30) İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 105 (yüz beş) manat müəyyən edilmişdir. (i.v. 64) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4181 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Samand markalı, 90MC425 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 65-66) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 58) İşdə olan DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin xx xxxxx 2020-ci il tarixli, 016-37459-1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə xx.xx.2022-ci il tarixədək qüvvədə olan “BC” kateqoriyalı AB 468929 nömrəli sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum olunanlar siyahısında yoxdur. Həmçinin “SAMAND” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1950-ci il təvəllüdlü X3 adına qeydiyyatdadır. Avtomobil sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə etibarnamə ilə Təqsirləndirilən şəxs verilib. (i.v. 60-61) İşdə olan AZE 12040387, 12040388, 12040386 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı var. (i.v. 72- 74) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, göstərilənləri və Təqsirləndirilən şəxs şəxsiyyətini və məhkəmədə olan davranışını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməklə cəzanın əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası təhqiqatının dəyəri 105 (yüz beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. GöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384, 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 105 (yüz beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-244/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-244/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver