Məhkəmə qərarları › İş №1(008)-245/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-245/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-245/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971 -ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Rəhimov küçəsi, döngə 6, ev 4 ünvanda qeydiyyatda olmaqla Xəzər rayonu, Binə qəsəbəsi, Bakı Aftomat yolunda nömrəsiz ünvanda yerləşən evdə yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən əmlakını gizli olaraq çıxarmaqla talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana- Maştağa qəsəbələri arası işləyən “Mercedes” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtobusda olarkən, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Heybətov küçəsində həmin avtobusun sərnişini Zərərçəkmiş şəxs cibindən 420 manat pulunu çıxararaq gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 420 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Sovxoz-Ramanaya gedirmiş, tanışı Şahidlə avtobus dayanacağında qarşılaşmış, birlikdə avtobusa minmişlər. Zərərçəkmiş şəxs onun yanında dayandığını, yalnız onu tanımadığını bildirmişdir. Onun əlində sellofan olmuş, digər əli ilə isə pəncərə tərəfdən tutmuşdur. Avtobusda çox adam olmuşdur. “Mercedes” markalı bir qapılı avtobus olmuşdur. Zərərçəkmiş şəxs əlini arxa cibinə atmaq istəmiş, arxa cibindən pul yerə düşmüşdür. O da ayağını üstünə qoymuşdur. Zərərçəkmiş şəxs düşəndən sonra pulu götürüb, ardınca o düşmüşdür. Sərnişinlər düşdükdən sonra avtobusa yenidən minmişdir. Pul yerdə qatlanmış halda olmuşdur. Zərərçəkmiş şəxs avtobus şoferi ilə danışırmış, lakin o nə danışdıqlarını eşitməmişdir. Verilən suallara cavabında bildirmişdir ki, polis idarəsində onu döymüşlər, ona görə də təqsirini etiraf etmişdir, ayağının altına xəsarət yetirmişlər, lakin heç yerə müraciət etməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, evlidir, orta təhsillidir, icarəyə götürdüyü avtomobillə sərnişin daşımaqla məşqul olur, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 11 ay, 26 gün müddətinə azadlığı məhdudlaşdırılsa da, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla Xəzər rayonu, Binə qəsəbəsi, Bakı Aftomat yolunda nömrəsiz ünvanda, yarımtikiii, şəraitsiz evdə azyaşlı övladı, arvadı və anası ilə birgə yaşayır. Zərərçəkmiş şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsində bir neçə dəfə gördüyündən kənd adamı kimi üzdən tanımış, lakin heç bir münasibətləri, ədavətləri və ya düşmənçilikləri yoxdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində tanışı Şahidlə birgə ünvan 4 ünvandakı avtobus dayanacağından, yəni Cümə məsçidinin yaxınlığından Ramana-Maştağa xətti üzrə işləyən, qırmızı rəngli “Mercedes” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna minmişlər. Avtobusda sərnişin çox olduğundan ayaq üstə dayanmışlar. Bu zaman qarşılarında, yəni arxası onlara sonradan adını bildiyi X5 dayanmışdır, Aqilin qucağında 1, yanında isə 2 azyaşlı uşaqları, həmçinin arvadı olmuşdur. Növbəti dayanacaqda avtobusa daha bir ailə minmiş, həmin ailənin avtobusda ayaq üstə rahat dayanmaları üçün Süleyman avtobusun qarşısına, yəni sürücü tərəfə çəkilmiş, özü isə Zərərçəkmiş şəxs arxa tərəfinə keçmişdir. Həmin vaxt onunla Süleymanın arasında təxminən 2 metrədək məsafə olmuşdur. Bir qədər yol getdikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Heybətov küçəsində, “Xəyal Bazar" ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs əynindəki şalvarının dal sol cibindən az hissəsi çölə çıxan pul görmüşdür. O, Aqilə bir qədər də yaxınlaşmış, ətrafa baxaraq heç kimin ona əhəmiyyət verməməsinə əmin olub Aqilin dal sol cibindən pullarını çıxararaq öz cibinə qoymuşdur. Bu anda avtobus dayanacağında avtobus dayanmış, Zərərçəkmiş şəxs avtobusdan düşməsi üçün avtobus sürücüsünə pul verərkən sürücüyə Kərbalayi deyərək müraciət edib bildirmişdir ki, cibindəki pulunu götürmüşlər. Sürücü demişdir ki, “ola bilməz”. Aqil qabaq cibindən 5 manat pulu Kərbalayi kimi müraciət etdiyi sürücüyə uzadaraq 2 manat gedişat haqqını çıxmasını istəmiş və demişdir ki, həqiqətən də pulunu avtobusda aparmışlar, avtobusu bölməyə sürsün orada pulun kimin aparmasını müəyyən etsinlər. Avtobusdakı qadın sərnişinlər demişlər ki, tələsirlər, onları yollarından etməsin. Aqil avtobusdan uzaqlaşmış, sürücü avtobusu sürərək yoluna davam etmişdir. O, Süleymanla birgə növbəti dayanacaqda, yəni düşməli olduğu Sabunçu rayonu, Ramana qəsəbəsində, “Ramana qəsəbəsinin svetaforu” adlanan yerdə avtobusdan düşmüşlər. Yerə düşən zaman cibindən pulları çıxardaraq saymağa başlamış, görmüşdür ki, Aqilin cibindən 3 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq və 3 ədəd 10 manatlıq pul əskinazları olmaqla cəmi 420 manat pul götürmüşdür. Süleyman ondan həmin pulları haradan əldə etməsini soruşduqda bildirmişdir ki, avtobusda pulu oğurlanan şəxsin, yəni sonradan adını bildiyi sərnişin Aqilin pullarıdır, avtobusda olarkən Aqilin cibindən pullarını o, oğurlamışdır. Süleyman ona irad bildirmiş, kənddə hər kəsin Süleymanı tanıdığını, etdiyi əməlin düz olmadığını bildirmiş və yollarına davam etmişlər. O, Aqildən oğurladığı pullardan 20 manatını Süleymana vermiş, Süleyman 20 manatı götürməsə də, bir müddət sonra 20 manatı ondan qəbul etmişdir. O, Aqildən götürdüyü 420 manatdan qalan 400 manatı öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024cü il tarixdə ailə üzvləri ilə, yəni 3 azyaşlı övladları və arvadı ilə birgə yaşadığı ünvan 5 ünvanda yerləşən evinin yaxınlığındakı “Cümə” məscidinin yanından Ramana-Maştağa qəsəbələri arası işləyən, qırmızı rəngli, “Mercedes” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtobusa minmişlər. Avtobusda sərnişin çox olduğundan məcburiyyətdən ailə üzvləri ilə birgə ayaq üstə getməli olmuşlar. Oğlu Əli 3 yaşında olmaqla ayaq üstə avtobusda getməsində əziyyət çəkdiyini görüb Əlini qucağına almışdır. Həmin vaxt əlini əynində olan şalvarının dal sol cibinə salarkən əmin olmuşdur ki, 420 manat pulu cibindədir. Növbəti dayanacaqda üzdən kənd adamı kimi tanıdığı sonradan adını bildiyi Şahid, sonradan adını bildiyi Cavid Ramyarla birgə avtobusa minmişlər. Növbəti dayanacaqda avtobusa daha bir ailə minmiş, Süleyman və Cavid həmin ailəyə avtobusda ayaq üstə rahat dayanmaları üçün şərait yaratmışlar, Süleyman avtobusun qarşısına, yəni sürücü tərəfə çəkilmiş, Cavid isə onun arxasında dayanmışdır. Həmin vaxt Cavidlə Süleymanın arasında təxminən 2 metrədək məsafə olmuşdur. O, qucağında saxladığı oğlu Əlini özünə sıxaraq əlini dəmir boruya keçirmişdir ki, yıxılmasınlar. Növbəti dayanacaqda, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Heybətov küçəsində “Xayal Bazar” ticarət mərkəzinin qarşısındakı dayanacaqda sürücü avtobusu saxlamışdır. O, avtobusdan düşərkən ödəniş etməsi üçün əlini şalvarının dal sol cibinə salarkən görmüşdür ki, cibinə qoyduğu cəmi 420 manat pulu yoxdur. Sürücünü əvvəlcədən tanıdığından hamının Kərbalayi kimi müraciət etdiyi sürücüyə demişdir ki, cibində pul var idi, yoxdur. Kərbalayi ilə birlikdə marşrutun içərisinə baxmışlar, lakin tapa bilməmişlər. Avtobusdakı şəxslər tələsirlər deyə, daha çox saxlatmamış, onlar getmişlər. O, düşünmüşdür ki, bu barədə DİN-in “102” Xidmətinə müraciət etsin, polis özü oğruları müəyyən edər. Odur ki, avtobusdan düşən kimi bu barədə polisə şikayət etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsin şikayət və tələbi yoxdur. Verilmiş suallara cavabında bildirmişdir ki, düşən şəxslərə yol verərkən Cavidə toxunmuşdur. Yol gedərkən avtobus hərəkətdə olarkən təmas olub, lakin əlini cibinə salmasını hiss etməmişdir. Əynində olan şalvarın hadisə günü əynində olan şalvar olduğunu bildirərək cibini göstərmiş, cibi dar olduğundan pulların düşmək ehtimalı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla birlikdə xəstəxanada tanış olmuşuq. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxsla birgə ünvan 4 ünvandakı avtobus dayanacağından, yəni “Cümə” məscidinin yaxınlığından Ramana-Maştağa xətti üzrə işləyən, hamının Kərbalayi kimi tanıdığı sürücünün idarə etdiyi qırmızı rəngli “Mercedes” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna minmişlər. Avtobusda sərnişin çox olduğundan ayaq üstə dayanmışlar. Növbəti dayanacaqda avtobusa daha bir ailə minmiş, həmin ailənin avtobusda ayaq üstə rahat dayanmaları üçün o, avtobusun qarşısına, yəni sürücüyə yaxın tərəfə çəkilmiş, Cavid isə avtobusun arxa tərəfinə keçmişdir. Sabunçu rayonu, Ramana yolunda avtobusdan düşmüşlər. O, müştərisinin gəlmədiyini, çörək pulunun olmadığını demişdir, Cavid isə ona 20 manat pul vermişdir. Verilən suallara cavabında bildirmişdir ki, Cavid onun yanında pul saymamışdır, avtobusdan düşdükdən sonra Cavid avtobusda yerdən pul tapdığını ona bildirmişdir, Zərərçəkmiş şəxs polis bölməsində görmüşdür, avtobus şoferinə pulunun itməsi barədə məlumat verdiyini eşitməmişdir. Şahidin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində ziddiyyət olduğundan ifadəsi elan edilmiş və ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs tez-tez Sabunçu rayonu, Maştağa qəsəbəsində gördüyündən kənd adamı kimi tanıyır, lakin heç bir münasibətləri, ədavətləri və ya düşmənçilikləri yoxdur. Təqsirləndirilən şəxs isə 2024-cü ilin yayından kənd adamı kimi tanıyır, mehriban münasibətləri yaranmışdır, ədavətləri və ya düşmənçilikləri yoxdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxsla birgə ünvan 4 ünvandakı avtobus dayanacağından, yəni “Cümə” məscidinin yaxınlığından Ramana-Maştağa xətti üzrə işləyən, hamının Kərbalayi kimi tanıdığı sürücünün idarə etdiyi qırmızı rəngli “Mercedes” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna minmişlər. Avtobusda sərnişin çox olduğundan ayaq üstə dayanmışlar. Bu zaman qarşılarında, yəni arxası onlara, sonradan adını bildiyi Zərərçəkmiş şəxs dayanmış, Aqilin qucağında 1, yanında isə 2 azyaşlı uşaqları, həmçinin arvadı olmuşdur. Növbəti dayanacaqda avtobusa daha bir ailə minmiş, həmin ailənin avtobusda ayaq üstə rahat dayanmaları üçün o, avtobusun qarşısına, yəni sürücüyə yaxın tərəfə çəkilmiş, Cavid isə avtobusun arxa tərəfinə, yəni Zərərçəkmiş şəxs yaxın yerə keçmişdir. Həmin vaxt onunla Cavidin arasında təxminən 2 metrədək məsafə olmuşdur. Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Heybətov küçəsində, “Xəyal Bazar” ticarət mərkəzinin yaxınlığındakı avtobus dayanacağında avtobus dayanmışdır. Zərərçəkmiş şəxs avtobusdan düşməsi üçün avtobus sürücüsünə pul verərkən sürücüyə Kərbalayi deyərək müraciət edib bildirmişdir ki, cibindəki pulunu götürüblər. Sürücü demişdir ki, “ola bilməz”. Aqil qabaq cibindən 5 manat pulu Kərbalayi kimi müraciət etdiyi sürücüyə uzadaraq 2 manat gediş haqqını çıxmasını istəmiş və demişdir ki, həqiqətən də pulunu avtobusda aparmışlar, avtobusu bölməyə sürsün orada pulun kimin aparmasını müəyyən etsinlər. Avtobusdakı qadın sərnişinlər demişlər ki, tələsirlər, onları yollarından etməsin. Aqil avtobusdan uzaqlaşmış, sürücü avtobusu sürərək yoluna davam etmişdir. Növbəti dayanacaqda, yəni düşməli olduqları Sabunçu rayonu, Ramana qəsəbəsində, “Ramana qəsəbəsinin svetaforu" adlanan yerdə avtobusdan düşmüşlər. Yerə düşən zaman Cavid cibindən pul çıxardaraq saymağa başlamışdır. Caviddə 3 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq və 3 ədəd isə 10 manatlıq pul əskinazları olmaqla cəmi 420 manat pul görüb həmin pulları haradan əldə etməsini soruşmuşdur. Cavid bildirmişdir ki, avtobusda pulu oğurlanan şəxsin, yəni Aqilin pullarıdır, avtobusda olarkən Aqilin cibindən pullarını özü oğurlamışdır. O, Caviddən nə üçün belə etməsini soruşduqda sonuncu demişdir ki, “mən cibgirəm, çoxdandır bu işlə məşğulam”. O, Cavidə irad bildirmiş, kənddə hər kəsin onu tanıdığını, etdiyi əməlin düz olmadığını bildirmiş, demişdir ki, Aqilin pullarını qaytarmaq lazımdır. O, Aqilin evini tanımırmış, tanısaydı Cavidi məcbur edərdi ki, Aqilin pullarını qaytarsın. O, Cavidlə marketə gedərkən Cavid ona 20 manat pul vermiş, lakin o, götürməmişdir. Cavidin pulları Aqilə qaytara bilməyəcəyini görüb, həmçinin Cavid ona təkid etdiyindən Cavidin ona verdiyi 20 manatı Caviddən qəbul etmişdir. Caviddə qalan 400 manatı Cavidin haraya xərcləməsini bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 yanvar 2025-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur(i.v 1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.4-6); “Qeyri-yaşayış sahəsindəki müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntülərin götürülməsi haqqında” 04 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə ünvan 4 ünvanda yerləşən adsız ərzaq mağazasının qarısında quraşdırılmış videomüşahidə kamerasından, mağazanın qarşısında videomüşahidə kameraları ilə qeydə alınmış iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs tanışı Şahid ilə birgə “Mercedes” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna minmələrinin görüntülərini 1 ədəd DVD diskə köçürərək götürülmüşdür(i.v.51). “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 04 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində tanışı Şahid ilə birgə avtobus dayanacağında dayanırlar. Daha sonra dayanacağa qırmızı rəngli “Mercedes” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yaxınlaşır. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs, daha sonra Şahid qırmızı rəngli “Mercedes” markalı, **-LS-*** zövlət qeydiyyat nişanlı sərnişin avtobusuna minirlər. Bundan sonra qırmızı rəngli “Mercedes” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu hərəkətə başlayaraq dayanacaqdan uzaqlaşır(i.v.52-53). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur(i.v.55-56). “Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs anası X1 olaraq təqdim etdiyi 420 manatı Zərərçəkmiş şəxs ödəmişdir(i.v.74). xx.xx.2025-ci il tarixdə iş üzrə Zərərçəkmiş şəxs ərizə ilə Sabunçu RPİ-yə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxsla barışdığını, şikayətçi olmadığını bildirmişdir(i.v.75). “Maddi sübut kimi tanıma haqqında” 16 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində cinayət hadisəsini törətdiyi “Mercedes”markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna minməsini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.88). Sübutların qiymətləndirilməsi haqqında 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə, Şahid barəsində isə həmin Məcəllənin 177.2.5-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir(89-94). İşdə olan materiallardan görünür ki: Şübhəli şəxsin tutulması haqqında 03 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:40-da şübhəli şəxs qismində tutulmuşdur(i.v.42). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-2/2025 saylı 05 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 yanvar 2025-ci il tarixdən hesablanmışdır(i.v.71-73). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-62/2025 saylı 06 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatət təmin edilməmişdir(i.v.86-87). Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü uşağı vardır(i.v.99). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Ramiyar X4 rayon xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 143-cü maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək barəsində 02 il islah işləri təyin edilmişdir. Əzizbəyov rayon xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 143-cü maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrum edilmiş, xx.xx.1996-cı il tarixdə Milli Məclisin xx.xx.1996-cı il tarixli “Amnistiya” qərarına əsasən qalan cəzadan azad edilmişdir.-Binəqədi rayon xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 226-1-ci maddənin 1-ci hissəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdir.-Nəsimi rayon xalq məhkəməsinin 24.09,1998-ci i! tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 226-1-ci maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2000ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2001 -ci il tarixli qərarı ilə həmin Məcəllənin 76-cı maddəsinə əsasən 06 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuşdur. -Nəsimi rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum edilmiş, xx.xx.2005-ci il tarixdə Əzizbəyov rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur.-Yasamal rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Nizami rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2013-cü il tarixdə Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur.-Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır.-Nəsimi RPİ-nin İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2019-cu il tarixdə həbs edilmiş, xx.xx.2019-cu il tarixdə BİT-də tərtib edilmişprotokolla Azərbaycan Respublikası CPM-nin 153.4, 162.5.1, 161.0.14-cü maddələrinə əsasən həbsdə saxlama müddəti uzadılmadığı üçün həbsdən azad olunmuşdur. Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(i.v.101-105); Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)-337/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 29 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin edilmiş cəzadan çıxılmaqla 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)-337/2024 saylı göstərişindən görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)-337/2024 saylı hökmü 14 avqust 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Bakı Probasiya İdarəsinin qeydiyyatından keçməmişdir. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 26 gün təşkil edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsində qeyd edilən ziddiyyətli hallara qiymət verilməlidir. Belə ki, təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, “Onun əlində sellofan olmuş, digər əli ilə isə pəncərə tərəfdən tutmuşdur. Zərərçəkmiş şəxs əlini arxa cibinə atmaq istəmiş, arxa cibindən pul yerə düşmüşdür. O da ayağını üstünə qoymuşdur. Zərərçəkmiş şəxs düşəndən sonra pulu götürüb, ardınca o düşmüşdür. Pul yerdə qatlanmış halda olmuşdur. Zərərçəkmiş şəxs avtobus şoferi ilə danışırmış, lakin o nə danışdıqlarını eşitməmişdir. Polis idarəsində onu döymüşlər, ona görə də təqsirini etiraf etmişdir, ayağının altına xəsarət yetirmişlər, lakin heç yerə müraciət etməmişdir.” Təqsirləndirilən şəxs məhkəməyək icraat dövründə ilk xx.xx.2025-ci il tarixli izahatında(i.v.11-12), şübhəli şəxs kimi xx.xx.2025-ci il tarixli ifadəsində(müdafiəçinin iştirakı ilə)(i.v.43-46), təqsirləndirilən şəxs kimi xx.xx.2025-ci il tarixli ifadəsində (müdafiəçinin iştirakı ilə)(i.v. 63-66) törətdiyi əməli etiraf edərək Zərərçəkmiş şəxs əynindəki şalvarının dal sol cibindən az hissəsi çölə çıxan pul gördüyünü, Aqilə bir qədər də yaxınlaşaraq, ətrafa baxaraq heç kimin ona əhəmiyyət verməməsinə əmin olub Aqilin dal sol cibindən pullarını çıxararaq öz cibinə qoyduğunu qeyd etmişdir. Bundan əlavə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-62/2025 saylı 06 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətə baxılarkən etdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanın ödənilməsini bildirərək vəsatətin təmin olunmasını xahiş etmişdir(i.v. 86-87). Göründüyü kimi məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs bir neçə dəfə verdiyi ifadəsində(ilkin izahatında) özünü təqsirli bilərək, Zərərçəkmiş şəxs dal sol cibindən pullarını çıxararaq öz cibinə qoyduğunu dəfələrlə davamlı şəkildə müdafiəçisinin iştirakı ilə bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin pulu yerə düşəndən sonra ayağını üzərinə qoyaraq götürməsi inandırıcı hesab edilə bilməz. Belə ki, marşurutun içərisi sıxlıq olmuş, zərərçəkmiş şəxs marşurutdan düşərkən pulu cibində tapmadıqdan sonra sürücü ilə birlikdə marşurutun içərisinə baxmış, lakin pulu tapa bilməmişlər. Təqsirləndirilən şəxs qeyd etdiyi halı ilk dəfə məhkəmə baxış iclasında səsləndirmiş, əvvəllər bununla bağlı hər hansı məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində və ona verilmiş suallara cavabında, yol gedərkən avtobus hərəkətdə olarkən təmas olduğunu, əynində olan şalvarın hadisə günü əynində olan şalvar olduğunu bildirərək arxa cibini nümayiş etdirmiş, cibi dar olduğundan pulların düşmək ehtimalı olmadığını bir daha əyani şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının onu döyməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, ibtidai araşdırmanın davam etdiyi müddətdə təqsirləndirilən şəxs nə bir dəfə ifadəsində, nə barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəmə iclasında, nə tanış etmə protokollarında ona xəsarət yetirilməsi ilə bağlı məlumat verməmiş, bununla bağlı hər hansı orqana müraciət etməmiş, bu səbəbdən də təqsirləndirilən şəxsin həmin hissədə ifadəsi heç bir dəlilə əsaslanmadığından özünü müdafiə xarakterlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bir neçə dəfə davamlı olaraq eyni ifadələri verməsi, həmin ifadələrin hər hansı təzyiq və ya psixoloji təsir altında olmadan verməsi məhkəməyədək icraat zamanı ifadələrin doğruluğuna əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ziddiyyətli məqamlar özünü müdafiə xarakterlidir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4- ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.

33. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Şahid məhkəmə iclasında verdiyi ifadəsində “Cavid onun yanında pul saymamışdır, Cavid isə ona, avtobusdan düşdükdən sonra Cavid avtobusda yerdən pul tapdığını ona bildirmişdir, avtobus şoferinə pulunun itməsi barədə məlumat verdiyini eşitməmişdir” hissəsi ilə bağlı qeyd edir ki, Şahid xx.xx.2025-ci il tarixli ilk izahatında(i.v.9- 10), xx.xx.2024-cü il tarixli ifadəsində(i.v. 48-50) bildirmişdir ki, “Aqil pulunu avtobusda apardığını, avtobusu bölməyə sürsün orada pulun kimin aparmasını müəyyən etsinlər. Avtobusdakı qadın sərnişinlər demişlər ki, tələsirlər, onları yollarından etməsin. Aqil avtobusdan uzaqlaşmış, sürücü avtobusu sürərək yoluna davam etmişdir. Növbəti dayanacaqda, yəni düşməli olduqları Sabunçu rayonu, Ramana qəsəbəsində, “Ramana qəsəbəsinin svetaforu" adlanan yerdə avtobusdan düşmüşlər. Yerə düşən zaman Cavid cibindən pul çıxardaraq saymağa başlamışdır. Cavid bildirmişdir ki, avtobusda pulu oğurlanan şəxsin, yəni Aqilin pullarıdır, avtobusda olarkən Aqilin cibindən pullarını özü oğurlamışdır. O, Caviddən nə üçün belə etməsini soruşduqda sonuncu demişdir ki, “mən cibgirəm, çoxdandır bu işlə məşğulam”.” Məhkəmə iclasında şahid məhkəməyədək icraat dövründə ifadəsini oxumadan imza etməsini qeyd etsə də, bu məhkəməyə inandırıcı gəlməmiş və onun qeyri-səmimi olmasına dəlalət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməsini (CM-59.1.13), zərərçəkmiş şəxslə barışması və ona qarşı şikayət və tələbinin olmamasını(59.1.12), himayəsində azyaşlı uşağının olmasını(59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməllərini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza üçün məhkum Təqsirləndirilən şəxs Bakı Probasiya İdarəsinin qeydiyyatından keçməmişdir. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 337/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında iki cəza növü-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərədə tutulmuşdur. Məhkəmə maddənin sanksiyasında nəzərədə tutulmuş cəzanın növü ilə bağlı hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)-337/2024 saylı hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkməyə başlamadan yenidən qəsdən cinayət törətmişdir. Bu onu deməyə əsas verir ki, az ciddi cəza növü(azadlığın məhdudlaşdırılması) cəzanın məqsədlərinə və cəzanın təyin edilməsinin ümumi əsaslarına uyğun hesab edilə bilməz. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə cəzanın həddi ilə bağlı hissədə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar olmadığından, əksinə onun cinayət əməli nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsi, zərərçəkmiş şəxslə barışması və ona qarşı şikayət və tələbinin olmaması, himayəsində azyaşlı uşağının olması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların (olmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)-337/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş tam hissəsi ilə qismən birləşdirilərək qəti cəza təyin edilməli(CM-67.1), Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökmlə ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlandığı müddət çıxılmalı(69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 03 yanvar 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı iş üzrə maddi sübut olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş tam hissəsi 02 il müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 il müddət hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 02(iki) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökmlə ibtidai istintaq zamanı 29 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02(iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar