Məhkəmə qərarları › İş №1(008)-246/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-246/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-246/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhəkəməsinin 1(008)-708/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,271 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 18 oktyabr 2023-cü il tarixdə, saat 10:20 radələrində Sabunçu rayon Polis İdarəsinin 15-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanı yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilmiş, həmin bölmənin inzibati binasında üzərində şəxsi axtarış aparılaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadəyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alınaraq ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. 17 oktyabr 2023-cü il tarixdə, saat 19-20 radələrində yaşadığı ünvan 1 ünvanında olduğu zaman Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin Elvin və Xəqani adlı əməkdaşları yaşadığı ünvana gələrək onu Sabunçu RPİ-nin 15-ci PB-yə aparmışdır. Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təzyiqə məruz qalmış, üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o əvvəl Bakı şəhər Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etsə də, hazırda Bakı şəhəri Səbail RPİ-də xidmət edir. 18 oktyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan “Təqsirləndirilən şəxs” adlı şəxsin narkotik vasitə əldə etməsi, daşıması, üzərində saxlaması və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində satması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması məqsədi ilə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yarandığından, əməliyyat qrupu təşkil edilmiş, o da, əməliyyat qrupuna daxil edilmişdir. Daha sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin gün, yəni, 18 oktyabr 2023-cü il tarixdə, saat 10:20 radələrində Sabunçu rayon Polis İdarəsinin 15-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanı yaxınlığında Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət edilmişdir. Daha sonra video çəkiliş aparmaqla şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının cibindən bir ədəd büküm çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 Asif oğlu ifadəsində qeyd etmişdir ki, əvvəl Bakı şəhər Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili işləsə də, hazırda xidmət yerini dəyişmişdir. 18 oktyabr 2023-cü il tarixdə “Təqsirləndirilən şəxs” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatı Bakı şəhər Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 məxsus olmuşdur. 18 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində saxlanılaraq 15-ci polis bölməsinə dəvət edilmişdir. 18 oktyabr onun doğum tarixi olduğu üçün Təqsirləndirilən şəxs saxlanılma vaxtını dəqiqliklə xatırlayır. Polis bölməsində birinci mərtəbədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən heroinə bənzər narkotik vasitə aşkar edilmişdir. Hadisənin üzərindən çox vaxt keçdiyi üçün digər təfərrüatları xatırlamır, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin 3-cü vərəqəsində olan Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 18 oktyabr 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi” haqqında qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan “Təqsirləndirilən şəxs” adlı şəxsin narkotik vasitə əldə etməsi, daşıması, üzərində saxlaması və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində satması barədə Sabunçu RPİ-nin 15-ci PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarında ibarət əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Cinayət işinin 9-cu vərəqəsində olan 18 oktyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə saat 10:20-dən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 29-30-cu vərəqəsində olan 18 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürülmə aparılması barədə protokoldan görünür ki, Şahid2 və Şahid1 Asif oğlunun iştirakı ilə həmin gün saat 11:40 dəqiqədən saaat 11:51 dəqiqəyədək Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik qoxuya malik maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 38-39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/5615 nömrəli, 18 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “....Vət. Təqsirləndirilən şəxs.....” sözləri yazılmış zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.271 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0.221 qramdır. Cinayət işinin 72-73-cü vərəqələrində olan 19 oktyabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rahib Cəfərovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 77-78-ci vərəqələrində olan 05 may 2021-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 74-76-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika NarkoloJi X6-NarkoloJi Tibbi Yoxlama ekspert komissiyasının 6707 nömrəli, 18 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, X3 opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 81-82-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhəkəməsinin 5(008)-919/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Sabunçu RPİnin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 18 oktyabr 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi” haqqında qərarının qanuniliyinin yoxlanılmasına dair sənədlər geri qaytarılmışdır. Cinayət işinin 84-85-ci vərəqəsində olan 23 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.221 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 91-97-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhəkəməsinin 1(008)-708/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin 2858/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması təsdiq edilməmişdir. Cinayət işinin 89-90-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhəkəməsinin 1(008)- 246/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron nəzarət vasitəsinin 16 oktyabr 2023-cü il tarixdən 20 oktyabr 2023cü il tarixədək olan siqnal məlumatlarının məlumatlarının əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə sorğu verilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 144309-21-1/3-15863-9 nömrəli, 09 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-708/2022 saylı, 16 sentyabr 2022-ci iltarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, 09 avqust 2024-cü il tarixə 01 (bir) il 09 (doqquz) ay 15 (on beş) gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində izləmə məlumatları barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il, saat 18:49:29-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov 1 (Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi inzibati bina) ünvanında olmuşdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhəkəməsinin 1(008)- 246/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron nəzarət vasitəsinin 17 oktyabr 2023-cü il tarixdə, saat 18:00dan 18 oktyabr 2023-cü il tarix saat 00:00-dək olan müddət ərzində siqnal məlumatlarının məlumatlarının əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə sorğu verilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron nəzarət vasitəsinin 17 oktyabr 2023-cü il tarixdə, saat 18:00-dan 18 oktyabr 2023-cü il tarix saat 00:00-dək siqnal məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il, saat 18:00-dan həmin gün saat 20:00-dək olan müddət ərzində yaşadığı evdə olması, daha sonra Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov 1 (Bakı şəhəri Sabunçu RPİ-nin 15ci Polis Bölməsi inzibati bina) ünvanına getməsi və ya aparılması, 17 oktyabr 2023-cü il saat 20:00-dan isə 18 oktyabr 2023-cü il saat 00:00-dək olan müddət ərzində fasiləsiz olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov 1 (Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi inzibati bina) ünvanında olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. İlk olaraq məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həqiqətən Təqsirləndirilən şəxs təhqiqat zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, şübhəli şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamın məzmununa oxşar ifadə vermişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsini dəyişmiş, ilkin ifadəsini təzyiq və təsir nəticəsində imzaladığını göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Lakin, yuxarıda təsvir olunan ifadələrdən görünür ki, iş üzrə keçirilən məhkəmə baxış iclaslarında dindirilən ittiham tərəfinin şahidləri Təqsirləndirilən şəxs elan edilmiş ittihamda nəzərdə tutulan cinayət hadisəsi ilə bağlı səthi ifadələr vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdiklərı ifadələrı arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Bundan başqa, Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron nəzarət vasitəsinin siqnallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il, saat 18:00-dan həmin gün saat 20:00-dək olan müddət ərzində yaşadığı evdə olması, daha sonra Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov 1 (Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi inzibati bina) ünvanına getməsi və ya aparılması, artıq 17 oktyabr 2023-cü il, saat 18:49:29-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov 1 (Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi inzibati bina) ünvanında olması və həmin vaxtdan etibarən fasiləsiz olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov 1 (Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi inzibati bina) ünvanında saxlanılmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşları Şahid2 və Şahid1 Asif oğlu 18 oktyabr 2023-cü il tarixdə, saat 10:20 radələrində Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinə aparamış, ittiham aktında göstərilən, saxlanıldığı tarixdə və saatda Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov 1 (Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi inzibati bina) ünvanında olmuşdur. Qeyd olunanlar ittihamın əsasını təşkil edən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PBnin polis əməkdaşları Şahid2 və Şahid1 Asif oğlu tərəfindən verilmiş şahid ifadələrinin mötəbərliyini şübhə altına alır və həmin sübut Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materialları və məhkəmə istintaqının nəticələrindən aydın olmuşdur ki, ittiham aktında 18 oktyabr 2023-cü il tarixdə, saat 10:20 radələrində Sabunçu rayon Polis İdarəsinin 15-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanı yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilmiş, həmin bölmənin inzibati binasında üzərində şəxsi axtarış aparılaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldüyü göstərilmiş, lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs izləmə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs arıtq 17 oktyabr 2023-cü il tarixdə saat 18:49:29-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov 1 (Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi inzibati bina) ünvanında olmuşdur. Burada da, məhkəmə Təqsirləndirilən şəxs “üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır” barədə ifadəsini inandırıcı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda göstərilmiş “18 oktyabr 2023-cü il tarixdə, saat 10:20 radələrində Sabunçu rayon Polis İdarəsinin 15-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanı yaxınlığında saxlanılması” xüsusatı iş materiallarında olan sübutlarla təkzib edilməklə rədd olunur. Bu hal, bir daha təsdiq edir ki, ittiham aktında göstərilən, saxlanıldığı tarixdə və saatda Təqsirləndirilən şəxs ünvan 1 ünvanı yaxınlığında olmamış, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi inzibati binasında saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0.271 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi ilə bağlı Xəlilullayev X1 ilə bağlı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Xəlilullayev X1 və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, ittihamın əsaslandığı sübut növləri ilə bağlı tərtib edilmiş prosessual sənədlərin əksəriyyəti ziddiyyətli olmaqla yanaşı, onlar həm də Cinayət-Prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Buna görə də, həmin sübut növləri mötəbər olmayan dəlilləri əks etdirdikləri və ziddiyyətli olduqları üçün Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı təqsirliliyinin müəyyən edilməsində mötəbər sübutlar kimi istifadə oluna bilməz. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10- cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətləri və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3-cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan ümumilikdə 0.271 qram narkotik vasitə heroinin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilməli, o cümlədən, Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0.221 qram narkotik vasitə heroin xüsusi razılıq əsasında əldə olunan və saxlanılan maddələr kateqoriyasına aid olduğundan, həmin narkotik vasitə heroinin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilməlidir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş 81 (səksən bir) manat ekspertiza xərci (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/5615 nömrəli, 18 oktyabr 2023-cü il tarixli rəyi) Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356- 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin (ekspertiza tədqiqatından sonra qalıq qalan 0.221 qram narkotik vasitə heroin) əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilsin, iş üzrə maddi sübut kimi saxlanılan 0.221 qram narkotik vasitə heroin araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 81 (səksən bir) manat ekspertiza xərci (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/5615 nömrəli, 18 oktyabr 2023-cü il tarixli rəyi) Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti vəya apellyasiya protesti verilməzsə, hökm qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar