Məhkəmə qərarları › İş №1(008)-25/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-25/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-25/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Saat 16:15 Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6.428 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 01 may 2021-ci il tarixdə, saat 10:30 radələrində Bakı şəh., Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində saxlanılaraq 42-ci Polis Bölməsinin inzibati binasına aparılmış, orada üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunda, təmiz çəkisi 6.428 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni 30 aprel 2021-ci il tarixdə axşam saatlarında Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində üzdən tanıdığı, lakin dəqiq adını və ünvanını bilmədiyi şəxsdən 40 manata özünün istifadəsi üçün alıb, üzərində gizlədərək saxlamışdır. 01 may 2021-ci il tarixdə, saat 10:30 radələrində Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsindəki yaşadığı evinin qarşısında piyada gəzən zaman üç nəfər tanımadığı mülkü geyimli şəxs ona yaxınlaşaraq özlərini Bakı şəh., Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə həmin bölməyə getməyini təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşdıqdan sonra, birlikdə onların dedikləri Polis Bölməsinə getmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və yaxud predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra o, könüllü olaraq əynində olan boz rəngli gödəkçənin sol yan cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Baxış keçirilən zaman o, kibrit qutusunun içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı rütbəsini daşıyır. Xidmət etdiyi 42-ci Polis Bölməsinin xidməti ərazisində Nardaran qəsəbə sakini Məmməd adlı şəxsin narkotik vasitəni əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. 01 may 2021-ci il tarixdə həmin məlumatın yoxlanılması məqsədi ilə onun özündən və bölmənin digər əməliyyat müvəkkilləri Şahid2, Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun üzvlərinə davranış xətti izah edilmişdir. Bundan sonra o, iş yoldaşları ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Bakı şəh., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsinə doğru getmişdir. Həmin gün saat 10:30 radələrində Məmmədin yenidən həmin küçədə dayandığını görüb onlar həmin şəxsə yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, Polis Bölməsinin digər əməkdaşları ilə birlikdə M.S. Talıbova narkotik vasitələrin əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə şübhəli olduğunu bildirib birlikdə Bakı şəh., Sabunçu RPİ-in 42-ci Polis Bölməsinə getməyi təklif etmişdir. Həmin şəxs etiraz etməmiş və onlar oradan birbaşa polis bölməsinə getmişlər. Polis Bölməsində şəxsin üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmiş və onun üzərinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Baxış keçirilən zaman kibrit qutusunun içərisində ot şəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs orada bildirmişdir ki, könüllü olaraq təqdim etdiyi maddə narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Məmmədov X2 Vüsal Əli oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə bioloji ekspertizasının 7/415 saylı, 01 may 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs üzərindən» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-6.428 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji X5 Şəxsi X3 Tibbi Yoxlamanın 2526 saylı, 28 iyul 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliynə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Psixiatrik Ekspertiza X5 Şəxsinin 1955 saylı, 26 iyul 2022-ci il tarixli ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki,Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik müəyyən edilmir. Onda emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur. Cinayət işi materiallarının və hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanlan şəxsə müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcəə ifadə olunmayıb ki, o, ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 iyul 2021-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X4 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, onun İİ dərəcəli əlil olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun özününü etirafedici ifadəsi ilə yanaşı Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 01 may 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,27). Cinayət işinin materiallarında olan 03 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 53). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu rayon prokurorunun təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə 03 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (səh.,67). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair 03 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, 04 mart 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdən 03 may 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 6.328 qram qurudulmuş marixuana məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 78.82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 (iki) il, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdən, 03 may 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 6.328 qram qurudulmuş marixuana məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 78 manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar