Məhkəmə qərarları › İş №1(008)-250/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-250/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-250/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1995-ci ildə Bərdə rayonu, Ləmbəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bərdə rayonu, Ləmbəran Ərazi Dairəsi, Ləmbəran kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Məhəmmədi kəndində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus tikilməkdə olan fərdi yaşayış evinə lazım olan taxta tikinti materiallarını aşağı faizli kreditlə əldə etməsi üçün köməklik edəcəyinə yalan vəd verib, xx.xx.2022-ci il tarixdə 1000 dollar (1700 manat) və 1300 manat olmaqla ümumilikdə 3000 manat dəyərində pulu Abşeron rayonu, Məhəmmədi qəsəbəsi “Zeytun-Bağları” adlanan tikinti aparılan yerdə beh adı ilə, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində “Avromed” aptekin qarşısında 850 manat pulu isə pəncərə düzəltdirmək üçün beh adı ilə, daha sonra eyni məqsədlə Zərərçəkmiş şəxs2 məxsus tikilməkdə olan fərdi yaşayış evinə lazım olan tikinti materiallarını gətirib dam örtüyünü özləri vuracaqlarına dair yalan vəd verib 08 avqust 2022-ci il tarixdə günorta saat 15 radələrində Təqsirləndirilən şəxs öz adında olan “Kapitalbank” kartına Bakı şəhəri, H.Əliyev 493 ünvanında yerləşən “Diamed” klinikasında “Million” aparatından göndərilmiş 3700 manat pulu, həmin gün axşam saatlarında Abşeron qəsəbəsi, Mehdibad qəsəbəsindəki “Kərim” marketdən ödəmə terminalından göndərilmiş 1300 manat pulu, sonuncu dəfə tikinti materiallarını gətizdirmək üçün beh adı ilə 600 manat pulu isə 2022-ci ilin oktyabr ayının 5-də Şirvan şəhərində, “Salyan dairəsi” adlanan yerdə alıb ələ keçirərək, öz niyyətlərini gizlətmək üçün 3000 manat dəyərində taxta materiallarını həmin tikilidə istifadə etdikləri halda vədlərinə əməl etməyib aldadaraq və etibardan sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə 6450 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Maştağa qəsəbəsi, “Xəyal” bazarında 1500 manat dəyərində döşəmə yonan aparatı icarə götürüb gündəlik 20 manat ödəməyi öhdəsinə götürərək ilk gün öz niyyətini gizlətmək məqsədi ilə 20 manat ödəsə də, qalan günlərdə gündəlik icarə ödənişini ödəməyərək vədinə əməl etməyib etibardan sui-istifadə etməklə aldadıb həmin aparatı ələ keçirərək Zərərçəkmiş şəxs1n 1500 manat dəyərində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək zərərçəkmiş şəxslərlə barışmasını, Zərərçəkmiş şəxs2 cəmi 6450 manat, digər Zərərçəkmiş şəxs1 1500 manat pulu ödəməsini, eləcə də, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-ni ödəməsini bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona məxsus tikilməkdə olan fərdi yaşayış evinə lazım olan taxta tikinti materiallarını aşağı faizli kreditlə əldə etməsi üçün köməklik edəcəyinə yalan vəd verib, xx.xx.2022-ci il tarixdə 1000 dollar (1700 manat) və 1300 manat olmaqla ümumilikdə 3000 manat dəyərində pulu Abşeron rayonu, Məhəmmədi qəsəbəsi “Zeytun-Bağları” adlanan tikinti aparılan yerdə beh adı ilə, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində “Avromed” aptekin qarşısında 850 manat pulu isə pəncərə düzəltdirmək üçün beh adı ilə, daha sonra eyni məqsədlə ona məxsus tikilməkdə olan fərdi yaşayış evinə lazım olan tikinti materiallarını gətirib dam örtüyünü özləri vuracaqlarına dair yalan vəd verib 08 avqust 2022-ci il tarixdə günorta saat 15 radələrində Təqsirləndirilən şəxs öz adında olan “Kapitalbank” kartına Bakı şəhəri, H.Əliyev 493 ünvanında yerləşən “Diamed” klinikasında “Million” aparatından göndərilmiş 3700 manat pulu, həmin gün axşam saatlarında Abşeron qəsəbəsi, Mehdibad qəsəbəsindəki “Kərim” marketdən ödəmə terminalından göndərilmiş 1300 manat pulu, sonuncu dəfə tikinti materiallarını gətizdirmək üçün beh adı ilə 600 manat pulu isə 2022-ci ilin oktyabr ayının 5-də Şirvan şəhərində, “Salyan dairəsi” adlanan yerdə alıb ələ keçirərək, öz niyyətlərini gizlətmək üçün 3000 manat dəyərində taxta materiallarını həmin tikilidə istifadə etdikləri halda vədlərinə əməl etməyib aldadaraq 6450 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Xəyal” bazarında tikinti alətlərini icarə verməklə məşğul olaraq dolanışığını təmin edir. İşlədiyi müddətdə ondan müxtəlif usta işləyən şəxslər icarəyə tikinti alətlərini ondan götürən zaman o özü qeydiyyat dəftərimdə tarixi və icarə götürən şəxsin anket məlumatlarını yazaraq verir. Təqsirləndirilən şəxs və X2 o üzdən əvvəllər ondan usta alətləri icarə götürmüş şəxslər kimi tanıyırmış. xx.xx.2023-cü il tarixdə onun işlədiyi obyektə saat 17:25 radələrində gələrək ondan usta kimi işlədikləri Ramana qəsəbəsində polu hamarlamaq üçün 02 ədəd pol yonan aparatı icarə götürmək istədiklərini bildirmişlər. Belə ki, onlar 1 ədəd Ukrayna Respublikası istehsalı olan pol yonan aparatını və 1 ədəd “Micom” markalı daha müasir pol yonan aparatı icarə götürmək istədiklərini demişlər. O isə onlara həmin iki aparatların bir yerdə qiymətinin 5000 manatdan çox olmasını və ilkin olaraq yalnız Ukrayna istehsalı olan aparatı verə bilcəyini bildirmişdir. Kənan da razılaşmış və o danışıq zamanı ustalıqdan başı çıxmasını görmüş və ona inanmışdır. Həmin vaxt onlardan sənəd istədikdə Kənanın yanında gələn Şahid1 şəxsiyyət vəsiqəsini ona vermişdir. O Raminin vəsiqəsinin şəkilini telefonuna çəkmiş və dəftərində xx.xx.2022-ci il tarixdə saat 17:25 radədə Şahid1 yaşıl pol yonan aparatı bir günlük 20 manata icarə verməyi barədə, altından isə Kənanın ***-***-**-** nömrəsini yazaraq qeydiyyat aparmışdır. Həmin gün isə Kənan üstündə pul götürmədiyini demiş və səhərisi gün kartına atacağına söz verib onu dilə tutaraq razı salmış, o da inanmışdır ki, usta adamlardır, işləri getsin. Növbəti gün onun kartına Kənan 20 manat pul atmışdır. O, xx.xx.2022-ci il tarixdə axşam saat 18 radələrində Kənana zəng vuraraq aparatı qaytarmalarını istədikdə Kənan bildirmişdir ki, həmin aparatı Ramin qaytaracaq, lakin, həmin gün qaytarmamışlar. Növbəti gün danışıq zamanı Ramin və Kənan ona bildirmişlər ki, həmin aparatı ehtiyacları olduğundan satıblar və ona müxtəlif bəhanələr gətirib 10 gün ərzində aparatını qaytaracaqlar, ya eynisini alıb verəcəklər, ya da pulunu ödəyəcəklər. O isə onlara həmin aparatın yaxşı işlək vəziyyətdə olmasını 1500 manat dəyərində olmasını demiş və hara satıblarsa gedib geri almalarını tələb etmişdir. Lakin Kənan və Ramin onu yenə aldatmağa davam etmişlər. Ona qarşı dələduzluq cinayətini həm Təqsirləndirilən şəxs, həm də Şahid1 törətmiş və ona 1500 manat dəyərində ziyan vurulmuşdur. Həmçinin, onun işlədiyi obyektin videomüşahidə kamerası da vardır və həmin görüntüləri də istintaqa təqdim edə bilər. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, təxminən 8 ildir ki, Bakı şəhərində fərdi evlərin damının vurulması ilə məşğul olur. Təxminən 4 ildir ki, həmkəndlisi Kənanla birlikdə fəaliyyət göstərirlər. İşlədikləri evlərin dam örtüyünə aid tikinti materiallarını nisyə olaraq tanıdığı tikinti materialları dükanlarından götürür və ev sahibləri həmin materialların pulunu hissə-hissə dükana ödəyirlər. Bu barədə “Lalafo” saytında Kənanla ona məxsus səhifələri olmuş və orada Kənanın nömrəsini yerləşdirmişlər. Təxminən 2022-ci ilin aprel ayında Kənanla birlikdə Bakı şəhəri Dərnəgül deyilən ərazidə olan özlərinə məxsus ofisdə oturub söhbət edirmişlər. Bu vaxt Kənana məxsus elanda yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmiş, həmin vaxt telefonu o açaraq cavab vermişdir. Zəng vuran qadın özünü təqdim edərək adının Nuranə olduğunu bildirmiş, bundan sonra Nuranə ona bildirmişdir ki, nömrəni elandan götürmüş və evinin damının vurulması üçün material lazımdır. O Nuranə xanıma adının Ramin olduğunu, Kənanın şəriki olduğunu, nə sualları olsa ondan soruşa biləcəklərini bildirmişdir. Nuranə telefonda evinin damına aid ölçüləri vatçhap vasitəsi ilə göndərmiş və pulunun hesablanmasını istəmişdir. O da Nuranə xanıma sabah ofisə gəlmələrini və oradan birlikdə gedib evlərinə baxacaqlarını və sonra dəqiq məlumat verəcəklərini bildirmişlər. Səhəri gün günorta vaxtı Nuranə və həyat yoldaşı Murad ofisə gəlmişlər. Özləri ilə gətirdikləri evlərinin damının ölçülərini təqdim etmişlər. Həmin vaxt Kənan da ofisdə olmuş və qərara gəlmişlər ki, gedib evin damına istifadə olunan tikinti materiallarının qədərini yerində ölçsünlər. Həmin vaxt ondan başqa Kənan və işçisi Vüqar da ofisdə olmuşdur. Bundan sonra Kənanın maşını ilə Nuranəgilin Məhəmmədi kəndində tikdirdikləri evlərinə baxmaq üçün yola çıxmışlar. Kənanın qardaşı Xəzər də onunla işlədiyi üçün ona da zəng vurub xəbərdar etmişlər. Xəzər onu Məhəmmədi kəndindən götürmələrini tapşırmışdır. Məhəmmədi kəndinə çatanda Xəzəri də götürərək birlikdə Nuranəgilin evinə getmişlər. Həyətə çatdıqda o həyətdə tikilən evə qalxaraq evin damına istifadə olunacaq tikinti materiallarını hesabladıqda Nuranəgilin ölçüləri ilə eyni olmasını aşkar etmişdir. İslifadə olunacaq materialları hesabladıqda cəmi 8055 manat etmiş, onlar da Nuranə və əri Murada 55 manatı güzəşt etdiklərini, materiallara görə ümumi 8000 manat ödəyəcəklərini bildirmişlər. Lakin ilkin olaraq 3000 manat ödəməyi demişlər. Murad həmin vaxt 1000 dollar (1700 manat)və 1300 manat ümumilikdə 3000 manat sayaraq Kənana vermişdir. Qalan 5000 manatını isə hissə-hissə ödəyəcəklərini bildirmişlər. Murad onlara evin hörgü işi qurtardıqdan sonra iki gün əvvəlcədən xəbər edəcəklərini, həmin materialları göndərəcəklərini demişdir və razılaşıb ayrılmışlar. Səhəri günü Nuranə zəng vuraraq 2 kub ayaqaltı üçün təzə taxta lazım olduğunu bildirmişlər. Kənanla birlikdə 2 kub təzə taxta alaraq hər kubu 495 manat olmaqla həmin onlara verilən 3000 manatdan 990 manatını taxtanın pulunu ödəmişlər və qalan pul isə Kənanda qalmışdır. Taxtaları göndərdikdən sonra Kənanla birlikdə Dərnəgüldə olan metal zavoduna getmişlər, zavoda onu buraxmadıqları üçün Kənan tək olaraq zavoda daxil olmuş, biraz keçdikdən sonra Kənan zavoddan çıxmış və yerdə qalan 2100 manat puldan Muradın evinin damının örtüyünə istifadə olunacaq şifer və şifer aksesuarlarının hazırlanması üçün zavodda olan tanışı Samirə 1960 manat ödədiyini bildirmişdir. Kənan yerdə qalan 140 manat pulun 70 manatını ona vermiş, 70 manatını da özü götürmüşdür. Təxminən 1 ay sonra Nuranə ona zəng vuraraq evlərinə plastik qapı-pəncərə lazım olduğunu bildirmişdir. O da Nuranəyə onu da həll etməyi öhdəsinə götürmüşdür. Səhərsi gün plastik qapı-pəncərə ustası olan dostu Vaqifi götürərək Nuranəgilin tikdirdiyi evə aparmış, Vaqif qapı-pəncərələri ölçdükdən sonra 2250 manat etdiyini, ilkin olaraq 850 manatını ödəməli olduğunu demişdir. Nuranə də heç bir etiraz etmədən 850 manat pulu ona vermiş və o da Nuranənin yanında Vaqifə vermişdir. Vaqif materialları alaraq işə başlamışdır. Sonradan onun övladı xəstələndiyi üçün başı qarışıq olmuş və bu məsələ ilə bağlı maraqlana bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Murad və Nuranənin Kənanla aralarında narazılıq yaranıb. Kənan vaxtında işi təhvil verməmişdir. Nuranə ona zəng vuraraq bildirmişdir ki, Kənan onlara deyib ki, Kənana verilən pulu guya Kənan ona verib. O da Kənanla danışdıqdan sonra Kənan Murada zəng vuraraq pulu özü materiala verdiyini, metal zavodunda işləyən tanışı olan Samir adlı şəxsin onu aldatdığını və hazırda zavoddan işdən çıxdığını bildirərək günahın onda olduğunu və materialların yaxın günlərdə həyətlərinə aparacağına söz vermişdir. Bundan sonra Nuranə və həyat yoldaşı Murad həqiqətəndə bilmişlər ki, onluq heçnə yoxdur. Həmin vaxtlarda Vaqif ona zəng vuraraq bildirmişdir ki, plastik qapıpəncərələr hazırdır, pulundan 300 manatda ödəsinlər aparıb yerinə quraşdırılsın və sonra qalan pulunu hissə-hissə ödəsinlər. O bu barədə Murada zəng vuraraq məlumat vermişdir. Murad ona bildirmişdir ki, 1-2 günə 300 manat pulu ödəyər, usta gətirib qapı-pəncərəni yerinə quraşdırarlar. 2 gündən sonra Murad ona zəng vuraraq Kənan onları aldadıb, bu səbəbdən də plastik qapı-pəncərənin də lazım olmadığını ona verdikləri 850 manat pulu da qaytarmasını istəmişlər. Həmin vaxt o pis vəziyyətdə qalmışdır. Çünki, Vaqif təxminən 2000 manatlıq onlar üçün plastik material doğrayaraq qapı-pəncərə yığmışdır. Bu səbəbdən də o Murada bunu izah etmiş və 850 manat pullarını özü ödəyəcəyinə söz vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Kənanla qardaşı Xəzər yenidən Muradgildən 5000 manat pul almışlar və evlərinin damına istifadə olunan materialları alacaqlarına və özləri dam örtüyünü quracaqlarına söz vermişlər. Həmin məsələdən onun məlumatı və iştirakı olmamışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə o Maştağa qəsəsəbində olarkən Kənanla zəngləşdik görüşmüşlər, onu Kənan “Məmmədyarov” dairəsindən “Hunday Accent” markalı avtomobillə götürmüşdür. Yolda söhbət zamanı ona polyonan aparatı icarə götürmək istədiyini və ondan vəsiqə verməyini xahiş etmiş, o da razılaşmış və ona icarə verən adama özünə işlə bağlı lazım olmasını deməyini xahiş etmişdir. Daha sonra onlar Maştağa qəsəbəsindəki “Xəyal” bazarına gəlmişlər. Orada o və Kənan icarə polyonan aparat verilən obyektlərdən birinə girmişlər və oranın işçisi sonradan adının Kamran olmasını bildiyi şəxslə danışıqlar aparmışlar. Kamran onları sorğu-sual etmiş və Kənan başı çıxdığı üçün ətraflı görülməli işlə bağlı danışmış və Kamran onlara etibar etmişdir. Kamran onun nömrəsini və vəsiqəsimi almış, qeydiyyat apardıqdan sonra Kənanın da vəsiqəsini istəmiş, Kənan isə vəsiqəsinin üstündə olmadığını bildirmiş, sadəcə öz ***-***-**-** mobil nömrəsini Kamrana vermişdir. Onun vəsiqəsi isə Kamranda girov kimi qalmışdır. O Kamrana günlük 20 manat ödəmək şərti ilə polyonan aparatı iki-üç günlük icarəyə götürdüyünü demiş, aparatı götürdükdən sonra Kənan avtomobillə onu Ramana qəsəbəsinə yaşadığı ünvana aparmış və o aparatı da düşürüb evinə qoymuşdur. Kənan çıxıb getmişdir. Növbəti gün Kənan onun yaşadığı evə gəlmiş və ona gedib pol yonan aparatı satmağı və onun borcundan da siləcəyini demişdir. Belə ki, onun Kənana 700 manat borcu olmuşdur. O da də məcbur razı olmuşdur. Kənan ona söz vermişdir ki, əlinə pul düşəndə gedib satdığı adamdan aparatı alıb sahibinə qaytarıb onun vəsiqəsini qaytaracaqdır. Onlar Nərimanov rayonu ərazisində Çermet körpüsünün altında yerləşən fəhlələr dayanan yerə Kənanın idarə etdiyi avtomobillə getmişlər. Orada Kənan özü tanıdığı adama yaxınlaşıb həmin Ukrayna istehsalı olan pol yonan aparatı 300 manata satmış və Kənan öz vəsiqəsinin surətini ona vermişdir. Daha sonra Kənan həmin pulu özü götürmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyniməzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. Cinayət işinin 1-ci cildinin 143-cü vərəqəsində olan 17 may 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 146-cı vərəqəsində olan 17 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 182-186-cı vərəqəsində olan Şirvan şəhər Məhkəməsinin 4(032)-188/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 may 2023-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 10-cu vərəqəsində olan 30 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən Zərərçəkmiş şəxs1 1500 manat dəymiş ziyan ödənilmişdir. Cinayət işinin 2-ci cildinin 11-ci vərəqəsində olan Zərərçəkmiş şəxs1 02 avqust 2023cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tamamilə ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 2-ci cildinin 24-cü vərəqəsində olan 10 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 700 manat dəymiş ziyan ödənilmişdir. Cinayət işinin 2-ci cildinin 29-36-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-643/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 60-61-ci vərəqəsində olan 16 avqust 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 73-84-cü vərəqəsində olan 14 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 götürülmüş içində videogörüntü və fotoşəkillər olan 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-cildinin 249-250-ci vərəqəsində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 250/2024 saylı, 11 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 02 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tamamilə ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-6679/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2024cü il tarixdə Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq 26 sentyabr 2024cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işi materiallarında olan "xxxx" ASC-nin 2663 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı dövlət büdcəsinə 1990 manat ödəniş edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli Qərarı ilə "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 saylı qərarında edilmiş dəyişikliklərə əsasən, həmin qərarın 4.9-cu bəndi ilə sonuncu qərara 40cı bənd əlavə edilmişdir. Həmin bənddə məhkəmələrə izah edilir ki, Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur.Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Dövlət büdcəsinə qanunla müəyyən edilmiş pul vəsaitləri cinayət nəticəsində vurulmuş zərər ödənildikdən və zərərçəkmiş şəxslə barışıq əldə edildikdən sonra ödənilməlidir, buna qədər ödənilmiş vəsaitlər isə zərərçəkmiş şəxslə barışıq əldə olunmadığı və bu səbəbdən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmadığı hallarda ödənişi həyata keçirmiş şəxsə qaytarılmalıdır. Dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad etmə birinci instansiya məhkəməsi hökm çıxarmaq üçün müşavirə otağına gedənədək və yaxud hökm apellyasiya qaydasında mübahisələndirildikdə, apellyasiya instansiyası məhkəməsi yekun qərar çıxarmaq üçün müşavirə otağına gedənədək tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs vurduğu ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 2663 nömrəli, 21 oktyabr 2024-cü il tarixli mədaxil qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı 1990 manat dövlət büdcəsinə ödəniş aparılmışdır. Belə ki, hazırki iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, dəymiş ziyan ödənilmiş, zərərçəkmiş şəxslər tərəfindən şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın 25% (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinə xitam verilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut Zərərçəkmiş şəxs1 götürülmüş içində videogörüntü və fotoşəkillər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 40.3,41.2, 43.1.2, 175.5, 346-348-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinə xitam verilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. İş üzrə maddi sübut, Zərərçəkmiş şəxs1 götürülmüş içində videogörüntü və fotoşəkillər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar