Məhkəmə qərarları › İş №1(008)-252/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-252/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-252/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs l oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs l oğlu özgənin əmlakını aldatma və etibardan suiistifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə X3 Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz Sahəsində yerləşən 0.2 ha torpaq sahəsini satacağına dair yalan vəd verib sonuncunu inandırmaq görüntüsü yaratmaq məqsədilə 09 dekabr 2000-ci il tarixli 16 №-li əmrdən Abşeron Rayon Hövsan Südçülük Sovxozunda 0.2 ha torpaq sahəsinə aid çıxarışın ksreosurətini təqdim edərək 15 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Kürdəxanı şossesi 10 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 3inin qarşısında 4000 manat pulunu ələ keçirməklə, ümumilikdə zərərçəkmiş şəxs Mirzahid Məmmədova 4000 manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xəzər rayonu Binə qəsəbəsi, Südçülük sovxozunda olan zaman boş torpaq sahəsi olmasını görmüşdür və həmin torpaq sahəsinin sahibinin olmamasını düşünüb ətrafına çəkilmiş mişar daşının üzərinə özünə məxsus əlaqə nömrəsini və satıldığını yazmışdır. Bir müddət sonra bir nəfər şəxs onunla əlaqə saxlayaraq həmin torpaq sahəsini almaq istədiyini bildirmişdi. O, həmin şəxslə qeyd olunan torpaq sahəsində görüşmüşdür. O, yaşadığı mənzildə olan sənnədlərin içindən təxminən 30 il bundan öncəyə aid xatırlamadığı torpaq sahəsinin sənədinin ksero surətini tapmışdır. O, həmin sənədi özü ilə götürmüşdür ki, zəng edən şəxsi həmin torpaq sahəsinin özünə məxsus olmasına inandırsın. Həmin şəxs X4 olmuşdur. Orada bir qədər danışmışlar və torpaq sahəsinin ümumi 0.2 ha sahəsinin 4000 manata razılaşmışlar. Bundan sonra onlar birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 39 saylı notariat kontoruna gəlmişlər və orada o, etibarnamə və mənzildən tapdığı torpaq sahəsinin sənədinin ksero surətini Mirzahidə vermişdir və ondan 4000 manat pul almışdır. Bir müddət sonra Mirzahid onunla əlaqə saxlayaraq bildirmişdir ki, torpaq sahəsi başqa bir şəxsə məxsusdur. O, Mirzahidə yalandan bildirmişdir ki, həmin şəxsi məhkəməyə verib torpaq sahəsini alaraq ona satmış olduğu torpaq sahəsini verəcək. Mirzahid ona bildirmişdir ki, həmin torpaq sahəsi mübahisəlidi və o seyid olduğundan belə halları günah sayır bunun üçündə xahiş etmişdir ki, pulunu qaytarsın. O, ona bir qədər səbirli olmasını demişdir. Daha sonra pulu olmadığından o, Mirzahiddən almış olduğu pulu qaytara bilməmişdir. Pulu qaytaracağına söz verir. Zərərçəkmiş şəxsə vurmuş olduğu ziyandan hazırda 150 manat ödəniş edə bilər. Digər hissəsini isə aprelin 26-na qədər ödəyəcəyinə söz verir. Məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayında Bakı şəhərinin ətraf qəsbələrinin birində torpaq alaraq ev tikmək qərarına gəlmişdir. Bu məqəsədlə sosial şəbəkədə torpaq alğı-satqısı elanları olan saytlarda axtarışlar etməyə başlamışdır. Dəqiq adını xatırlamadığı saytlardan birində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Cəzaçəkmə müəssisəsinin yaxınlığında 2 sot torpaq sahəsinin 4800 manata satıldığını görmüşdür. Həmin torpaq sahəsini yerləşdirmiş şəxsin əlaqə nömrəsi olan 055 *** ** ** saylı nömrəni götürərək həmin şəxslə əlaqə saxlamışdır. Həmin şəxslə mobil telefonda danışdıqdan sonra onlar görüşərək torpaq sahəsinə baxmaq qərarına gəlmişlər. Həmin gün o, Aydəmir adlı şəxslə görüşərək birlikdə gedib satılan torpaq sahəsinə baxmışdır. Bır qədər bazarlıq etdikdən sonra Aydəmirlə torpaq sahəsinə 4000 manata razılaşmışlar. 15 dekabr 2023-cü il tarixdə günorta saatlarında o, Aydəmir ilə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 39 saylı notariat kontorunun qarşısında görüşmüşdür. Orada Aydəmir ona 2 sot torpaq sahəsinə etibarnamə vermiş və o, da sonuncuya 4000 manat pul ödəmişdir. Bundan bir ay sonra o, həmin torpaq sahəsinə getmişdir. Orada torpaq sahəsinin qarşısına daş düzüldüyünü görmüş, həmin vaxt daşların üzərində əlaqə nömrəsi də olmuşdur. O, həmin mobil nömrə ilə əlaqə saxlamış, cavab verən şəxs Aydəmiri tanımadığını və torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir. O, Aydəmir ilə əlaqə saxlamış, Aydəmir bildirmişdir ki, tez bir zamanda onun pulunu qaytaracaqdır. Bundan sonra Aydəmir onun pulunu qaytarmaqla bağlı müxtəlif vaxtlar desə də amma qaytarmamışdır. O, təqsirləndirilən şəxsə verdiyi pulu bankdan götürüb vermişdir. Bu günə qədər banka hər ay 150 manat ödəniş edir. Təqsirləndirilən şəxs bu gün 150 manat ödəniş edə biləcəyini bildirir. Həmin ödənişi qəbul edir. Təqsirləndirilən şəxsin tutulmasını deyil, ona dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirmə və götürmə haqqında 14 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən 39 saylı ünvanda yerləşən 39 saylı Notariat kontorunun ofisidir. zərərçəkmiş şəxs qismində tanımaq haqqında 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, X4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 7(008)-553/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-97/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs l oğlunun üzərində saxlanılmış 3500 manat cərimə cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs l oğlunun həbsdə olduğu 06 gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla, onun cəzasından 12 gün çıxılaraq üzərində qəti olaraq 11 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; qətimkan tədbirinin seçilməsi haqqında 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə xx.xx.2024-cü il tarixdə X1 götürülmüş iki ədəd A 4 formatlı vərəqələrdə olan sənədlərin fotoları maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2 2 və 178 2.4-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 3500 manat cərimə cəzası təyin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.2-cı maddələri ilə təqsirli bilinib CM-nin 66.2, 67,1, 68.2-ci maddələri tətbiq edilməklə barəsində 03 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən CM-nin 320.2-ci maddəsi üzrə cəlb məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin Məcəllənin 75.1.1-ci maddəsi tətbiq edilərək CM-nin 66.2-ci maddəsi hökmdən xaric edilmiş, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzası təyin edilmiş, Suraxanı Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın 01 ay 17 gün çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cərimə cəzası 11 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır; Göründüyü kimi.əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən yenidən cinayət törətməsi cinayətin residivini yaratmır. Eyni zamanda hazırda təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirləndirilir ki, bu da CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmayan hallardan biridir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 14 noyabr 2024-cü il tarixdən 16 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış iki ədəd A 4 formatlı vərəqələrdə olan sənədlərin fotoları cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X6 küçəsi, ev 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs l oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdən 16 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X6 küçəsi ev 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış iki ədəd A 4 formatlı vərəqələrdə olan sənədlərin fotoları cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs X3 mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar