Məhkəmə qərarları › İş №1(008)-253/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-253/2020

21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-253/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Mamedov Orkhan (X5) oğlunun iştirakları ilə, xx.xx.1999-cu il tarixində Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Dmanisi rayonu, İrqançay kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Sovxoz yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş olan Mamedov Orkhan (X5) oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mamedov Orkhan (X5) oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2019-cu il saat 07:00 radələrindən 2020-ci ilin yanvar ayının sonlarınadək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi yerləşən avtomobil təmiri sexində yerləşən, saxlanc yeri hesab edilən avtomobillərin ehtiyat hissələri anbarının qapısını açarla açıb içəri qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 4000 (dörd min) manat olan 20 ədəd “Wolksvagen Passat” markalı avtomobilin yağ filtr korpusunu, ümumi dəyəri 450 (dörd yüz əlli) manat olan 30 ədəd “Wolksvagen Passat” markalı avtomobilin tormoz şlanqlarını, ümumi dəyəri 1600 (bir min altı yüz) manat olan “Wolksvagen Passat” markalı avtomobilin sükana aid şlanqlarını, ümumi dəyəri 1000 (bir min) manat olan 5 ədəd “Wolksvagen Passat B6” markalı avtomobilin vanusunu, ümumi dəyəri 2500 (iki min beş yüz) manat olan 100 ədəd “Wolksvagen Passat B5” markalı avtomobilin üst qollarını, ümumi dəyəri 2200 (iki min iki yüz) manat olan 40 ədəd “Wolksvagen Passat B5” markalı avtomobilin alt qollarını, ümumi dəyəri 4800 (dörd min səkkiz yüz) manat olan 80 ədəd “Wolksvagen Passat A6” markalı avtomobilin mühərrik yastığını, ümumi dəyəri 1500 (bir min beş yüz) manat olan 60 ədəd “Wolksvagen Passat A6” markalı avtomobilin surətlər qutusunun yastığını, ümumi dəyəri1500 (bir min beş yüz) manat olan 50 ədəd “Wolksvagen Passat” markalı avtomobilin qolovkasının 18-lik prokladkasını, ümumi dəyəri 1200 (bir min iki yüz) manat olan 40 ədəd “Wolksvagen Passat” markalı avtomobilin qolovkasının 24-lük prokladkasını, ümumi dəyəri 2000 (iki min) manat olan 100 ədəd “Wolksvagen Passat” markalı avtomobilin üst qapağının 18-lik prokladkasını, ümumi dəyəri 2000 (iki min) manat olan 100 ədəd “Wolksvagen Passat” markalı avtomobilin üst qapağının 24-lük prokladkasını, ümumi dəyəri 2000 (iki min) manat olan 10 ədəd “Wolksvagen Passat” markalı avtomobilin sep natyacnoyunu, ümumi dəyəri 650 (altı yüz əlli) manat olan 01 ədəd “Wolksvagen Passat” markalı avtomobilin turbosunu, ümumi dəyəri 350 (üç yüz əlli) manat olan 01 ədəd “Wolksvagen Passat” markalı avtomobilin yağ nasosunu və ümumi dəyəri 20 (iyirmi) manat olan 01 ədəd “Wolksvagen Passat” markalı avtomobilin yağ datçikini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 27770 (iyirmi yeddi min yeddi yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Mamedov Orkhan (X5) oğlu özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2-3 ildir tanıyır. Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində avtomobil təmiri sexləri vardır. O, həmin sexdə mühərrik ustası işləyən Rafiq adlı şəxsin yanında köməkçi işləmişdir. Avtomobili təmiri sexinin yanında Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyat hissələrinin anbarı yerləşmişdir. Avtomobil təmiri sexlərində təmir olunan avtomobillərə ehtiyat hissələri lazım olduqda həmin anbardan götürülmüş və günün sonunda ehtiyat hissəsinin pulunu Zərərçəkmiş şəxs ödənilmişdir. Təqribən bir il əvvəl ailə problemləri ilə bağlı xeyli miqdarda, təqribən 30000 (otuz min) manat pula ehtiyacı yaranmış, borca pul tapmaq istəsə də, buna nail ola bilməmiş və anbardan ehtiyat hissəsi götürərək sataraq pul əldə etmək qərarına gəlmişdir. Lakin, birdəfəyə 30000 manatlıq ehtiyat hissəsi götürəcəyi halda Zərərçəkmiş şəxs xəbər tutacağını düşünmüşdür. Bu səbəbdən də, ehtiyyat hissələrini hissə-hissə götürməyi, götürdüyü ehtiyat hissələrini yaşadığı evin altında yerləşən saxlanca yerləşdirməyi, sonra satmağı qərarlaşdırmışdır. Planını reallaşdırmaq üçün ilk xx xxxx 2019-cu il saat 07:00 radələrində işə gəlmiş, heç kimin işdə olmadığını görüb Zərərçəkmiş şəxs anbarın açarını gizlətdiyi yerdən götürmüşdür. Anbarı açaraq oradan bir-neçə ehtiyat hissəsini götürərək yaxınlıqda yerləşən evinə aparmış və saxlanc yerində gizlətmişdir. Bundan sonra, hər gün eyni qaydada müəyyən ehtiyat hissələrini götürərək yaşadığı evə apararaq gizlətmişdir. Götürdüyü ehtiyat hissələrini satdıqdan sonra ehtiyacı olan pulu əldə edəcəyini düşündüyü üçün təqribən 2020ci ilin yanvar ayının sonlarında ehtiyat hissələrini götürməyi dayandırmışdır. Bundan sonra, oğurladığı ehtiyat hissələrini müxtəlif şəxslərə satmışdır. Əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir. xx xxxx 2020-ci il tarixdə işdə olduğu zaman Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları iş yerinə gəlmiş və onu idarəyə dəvət etmişlər. Onların dəvəti ilə o, Sabunçu RPİ-nə gəlmiş və burada Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs məxsus anbardan 2019-cu ilin mart ayından 2020-ci ilin yanvar ayına qədər ehtiyat hissələri oğurlamışdır. Zərərçəkmiş şəxs məxsus anbardan oğurluq etməsindən heç kimin xəbəri olmamış, eyni zamanda bu işdə ona heç kim kömək etməmişdir. Əməlindən səmimi peşmandır, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda özünə məxsus avtotəmir servisi var və həmin servisin idarəçiliyini özü həyata keçiri. Həmin avtotəmir sexində avtomaşınların təmiri ilə yanaşı xarici ölkələrdən gətirdiyi yeni və işlənmiş avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olur. Ona məxsus avtotəmir sexində işləyən Rafiq adlı mühərrik ustasının yanına təqribən 4-5 il bundan əvvəl Orxan adlı şəxs köməkçi kimi işə başlamış və işə başladıqdan sonra tapşırılan işləri qaydasında yerinə yetirdiyi üçün ondan heç-bir narazılıq olmamışdır. Təqribən 1 il bundan əvvəldən avtotəmir sexinin ehtiyat hissələr saxlanılan anbarından malların azaldığını, mütəmadi olaraq azalma olduğunu hiss etmiş, lakin, orada olan işçilərlə uzun müddət bir yerdə işləməsi, eyni zamanda onlarla arasında yaranmış etibara görə oğurluq olduğunu düşünməmişdir. Bu səbəbdən anbarda olan malların sayılmasını həyata keçirməmişdir. Buna baxmayaraq mütəmadi olaraq anbarda gözə çarpacaq dərəcədə malların yoxa çıxdığını görmüş və kamera görüntülərinə baxış keçirmişdir. Bu zaman servisə və anbara quraşdırılmış kameraların yaddaşlarının çıxarıldığını, eyni zamanda hansısa üsulla kameraya müdaxilə olunduğunu müəyyən etmişdir. Bundan sonra, servisdə işləyən şəxslərə nəzarət etməyə başlamış və bu zaman oğurluğun Orxan tərəfindən edildiyindən şübhələnmiş, Orxana nəzarəti artıraraq onu güdməyə başlamışdır. Orxanın işə tez gəldiyi və ya işdən hamı getdikdən sonra gedərək anbarın ehtiyat açarını gizlətdiyi yerdən götürərək qapını açdığını, oradan ehtiyat hissələri götürdüyünü görmüşdür. Orxanın özünə məxsus avtotəmir servisindən oğurladığı əmlakın dəqiq siyahısını müəyyən etmək məqsədi ilə anbarda malların sayılmasını həyata keçirmişdir. Bu zaman müəyyən edilmişdir ki, Orxan 1 il ərzində avtotəmir servisinin anbarından müxtəlif vaxtlarda ümumi dəyəri 27770 manat məbləğində ehtiyat hissələri oğurlamışdır. Bundan sonra, Orxanın servisin ehtiyat hissələrin saxlanıldığı anbarından oğurluq etdiyini dəqiqləşdirmiş və Sabunçu RPİ-nə ərizə ilə müraciət etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxs X3 ilə barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, X3 isə dayısının oğludur. Orxan təxminən 2-3 ildir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində avtomobil təmiri sexində mühərrik ustası işləyən Rafiq adlı şəxsin yanında köməkçi işləyir. xx xxxx 2020-ci il tarixdə dayısı Loğman onun mobil telefonuna zəng etmiş və Orxanın Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. O, dərhal Sabunçu RPİ-nə gəlmiş və oradan Orxanın tutulma səbəbini maraqlanmış, Orxanın Zərərçəkmiş şəxs şikayəti əsasında saxlanıldığını öyrənmişdir. Dərhal Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq onunla görüşmüş və Orxanın təqribən 30000 manat dəyərində ehtiyat hissələrini anbardan oğurladığını bilmişdir. Sonra Orxanla Bakı İstintaq Təcridxanasına görüşmüş, axırıncı təqribən bir il əvvəl ailə problemləri bağlı xeyli miqdarda, təqribən 30000 manat pula ehtiyacı olduğundan oğurluq etdiyini etiraf etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəmsinin 4(008)-119/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Mamedov Orkhan (X5) oğlu barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 76-77) İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəmsinin 4(008)-136/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki,Mamedov Orkhan (X5) oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından azad edilmişdir. (i.v. 95-96) İş materiallarında olan xx xxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Mamedov Orkhan (X5) oğlunun istintaqa verdiyi ifadəsinin düzgünlüyünün yoxlanılması məqsədi ilə ifadəsi onun iştirakı ilə hadisə yerində yoxlanılmış və etdiyi oğurluq əməlini etiraf etmişdir. (i.v. 113-114) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Mamedov Orkhan (X5) oğlu əvvəllər məhkum olunmamışdır. (i.v. 92) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Mamedov Orkhan (X5) oğlunun əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Mamedov Orkhan (X5) oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Mamedov Orkhan (X5) oğlunun əvvəllər məhkum olunmamasını, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, gəncliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Mamedov Orkhan (X5) oğluna cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Mamedov Orkhan (X5) oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Məhkəmə hesab edir ki, Mamedov Orkhan (X5) oğlunun cəza çəkmə müddətinin əvvəli onun barəsində məhkəmə hökmünün icraya yönəldiyi tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşadığı şəhərin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Jinayət işinin materialları ilə təsdiq olunur ki, Mamedov Orkhan (X5) oğlu xx xxxx 2020-ci il tarixdə tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Mamedov Orkhan (X5) oğlunun hazırki işin istintaqı zamanı azadlığının məhdudlaşdırıldığı vaxtı, yəni 05 (beş) ay 16 (on altı) gün (barəsində həbs və ev dustaqlığı qətitmkan tədbiri seçilmiş vaxt) müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Mamedov Orkhan (X3) barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Mamedov Orkhan (X3) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Mamedov Orkhan (X2) həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 16 (on altı) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 11 (on bir) ay 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Mamedov Orkhan (X2) cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mamedov Orkhan (X2) yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Mamedov Orkhan (X2) üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Mamedov Orkhan (X3) barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar