Məhkəmə qərarları › İş №1(008)-253/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-253/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-253/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu fərdi evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 yanvar 2024-cü il tarixdə saat 16 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evlərinin qonaq otağında qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı əli ilə qəsdən Zərərçəkmiş şəxs baş, qol və sinə nahiyələrindən bir neçə dəfə vuraraq, ona sol bazu oynağı nahiyəsinin dərialtı hematoması, alın, sol təpə nahiyələrinin sıyrıqları, sol bazu nahiyəsinin və döş qəfəsinin qançırları ilə müşayiət olunan xəsarətlər yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, ünvan 3 ünvanında yaşayır. İki ildir ki, Zərərçəkmiş şəxs ilə nikahdan kənar yaşayır, övladları olmamış, münasibətləri daim yaxşı olsa da, son zamanlar qısqanclıq zəmnində aralarında mübahisələr baş vermişdir. Dostu Nicatın ailəsində problemlər olduğu üçün onun həyat yoldaşı Rəvanə azyaşlı övladları ilə birlikdə onların evində yaşamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində Ayşənlə telefon vasitəsilə danışdıqdan sonra Ayşənin telefonunu söndürməyi unutduğundan onun Rəvanə ilə söhbətini eşitmiş, həmin zaman onların bir-biriləri ilə qeyri-etik söhbətlər etdiyini və Ayşənin ona xəyanət etdiyindən şübhələnərək dərhal evə getmiş, evin qonaq otağında Ayşənlə aralarında mübahisə yaranmış və qəzəblənərək qəsdən əli ilə onun baş, qol və sinə nahiyələrindən zərbələr vurmuşdur. Mübahisə 2-3 dəqiqə davam etmiş, həmin zaman yanlarında kimsə olmamışdır. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək sadələşdirilmiş icraat zamanı üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birgə yaşamışdır. Əvvəllər evli olmuş və rəsmi olaraq boşanmasalar da ayrılmışdır. Həmin nikahdan olan 4 övladının isə ataları ilə birlikdə yaşayır. Təxminən 2 ildir ki, Təqsirləndirilən şəxs ilə nikahdan kənar yaşamış, övladlarının olmadığını, aralarında son zamanlar qısqanclıq zəmnində mübahisələr yaşanmışdır. Elvinin dostu Nicatın ailəsində problemlər olduğu üçün onun həyat yoldaşı Rəvanə azyaşlı övladları ilə müvəqqəti olaraq onların evində yaşamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində evdə olarkən Elvinin ona zəng etmiş və danışdıqdan sonra telefonunu söndürməyi unutmuş, Rəvanə ilə söhbət etməyə davam etmiş, həmin danışığı Elvinin eşidərək dərhal evə gəlmiş və onu səhv anlayaraq Təqsirləndirilən şəxs xəyanət etdiyini düşünmüş və mübahisə yaranmış, mübahisə zamanı evin qonaq otağında olarkən Elvinin qəzəblənərək qəsdən əli ilə onun qol, baş və sinə nahiyələrindən zərbələr vurmuş və təxminən 2-3 dəqiqə davam edən mübahisələrinin bitmiş, həmin zaman yanlarında heç kimin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Videokonfrans əlaqə vasitəsilə Zərərçəkmiş şəxs ilə əlaqə saxlanılarkən ərizənin onun tərəfindən yazılaraq imzalanmasını və hazırda Təqsirləndirilən şəxs ilə barışaraq ona qarşı şikayət və tələbinin olmamasını bildirib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarının 18-19-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 01 fevral 2024-cü il tarixli, 209 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu oynağı nahiyəsinin dərialtı hematoması, alın, sol təpə nahiyələrinin sıyrıqları, sol bazu nahiyəsinin və döş qəfəsinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarının 50-51-ci vərəqələrində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 03 fevral 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “ƏFV” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü il Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar