Məhkəmə qərarları › İş №1(008)-253/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-253/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-253/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-cı ildə Şamaxı rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi ev 67-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi - 485,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddəiələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və 23 aprel 2024-cü il tarixdə saat 17:30-da Sabunçu rayon Polis İdarəsinin Narkotikləriə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində fərdi nömrəsiz evin qarşısında şübhəli şəxs qismində saxlanılıb, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı, sağ əlində olan bir ədəd üzərində “Baku Azerbaijan” yazısı olan tünd göy rəngli sellofan torbanın içərisində 01 ədəd qara sellofana bükülmüş xeyli miqdarda təmiz çəkisi 485,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun üzərində çox az miqdarda marixuana olmuşdur. polislər tərəfindən onun miqdarı artırılmışdır. Polis əməkdaşlarından biri ona sillə vuraraq onların dediklərini etməyi tələb etmişi, onun ayağında mil olduğundan polis əməkdaşının onu döyərək ayağından vuracağını ehtimal etdiyindən qorxduğu üçün ona verilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Öz istifadəsi üçün onun üzərində az miqdarda marixuana olmuşdur.Onu dörd gün polis bölməsində saxlamışlar. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 2012-ci ildən indiyə qədər nəşə çəkir. O, 23 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın yanından keçən zaman yola yaxın olan qəbir daşının yanında göy rəngli sellofan torbanı görmüş və həmin torbanı götürmüş içərisində qara rəngli içərisi görsənməyən sellofanın üzəri skocla bükülmüş olduğunu görmüşdür. O, həmin bükülünü qoxladıqda nəşə iyi gəldiyini hiss etmişdir. O, əvvəllər dəfələrlə narkotik vasitə aldığı üçün həmin narkotik vasitələri sellofana bükülü üzəri skocla olduğunu bilmişdir. Ona görədə onda həmin sellofanın içərisində olan əşyanın nəşə olması fikri yarandığı və özüdə nəşə çəkdiyi üçün nəşəni iyindən tanıdğını bildirmişdir. Bu səbəbdən də həmin sellofan torbanı götürmüşdür ki, özünə lazım olanda istifadə etsin. O, Ətrafa boylandıqdan sonra heç kimin olmadığını görmüş və həmin sellofan torbanı götürərək oradan uzaqlaşmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərmiş, onun adını, soyadını soruşduqdan sonra şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, əlində narkotik vasitə olduğundan o, tez bir zamanda oradan yayınmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər. Bundan sonra o, başa düşmüşdür ki, polis əməkdaşlarının onun əlində olan sellofan torbada nəşə olmasından məlumatları var, buna baxmayaraq o, özünü çoxda şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etmişlər. Polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitələri, əldə etməyi, üzərində saxlamağı və daşımağında şübhəli olduğunu deyib, onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getməyini təklif etmişlər O, da səs-küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getmişdir. Yolda gedərkən əlində olan göy rəngli sellofan torbanı tullamaq istəmiş, lakin polis əməkdaşları ona imkan verməmişlər. Polis şöbəsində onun şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş və video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o, da müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə vermişdir. O, üzərində narkotik vasitə marixuana olduğu üçün istəmirmiş ki, müdafiəçi bunu öz gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bundan sonra polis əməkdaşı onun üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, da artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, sağ əlində tutduğu göy rəngli sellofan torbanı masanın üzərinə qoymuşdur. Bundan sonra həmin torbanın içərisi polis əməkdaşı tərəfindən açıldıqda içərisində onun istifadəsi üçün tapdığı narkotik vasitə marixuana aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşduqda o, dc səmimi olaraq “nəşə’’ olduğunu deyərək, 5 ildir istifadə etdiyini, Sabunçu qəbiristanlığındar tapdığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş maddə qablaşdırılaraq möhürlənmiş bu barədə protokol tərtib edilmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü öz imzasıyla təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmiş və narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 23 aprel 2024-cü il tarixdə saat 17:30-da Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvvəkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində fərdi nömrəsiz evin qarşısı ilə bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmiş və ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirdimiş və onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması onlarda şübhə yaratması səbəbindən onlar həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxsdə etiraz etməməmişdir. Həmçinin sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs polis şöbəsinə aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu əlində olan göy rəngli sellofan torbanın içərisində olan narkotik vasitə qurudulmuş marixuananı hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil ona təqdim olunmuş və barəsində şəxsi axtarış aparılacağı izah edilmiş, bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilmiş, etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs sağ əlində tutduğu göy rəngli sellofan torbanı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, göy rəngli sellofan torba təhqiqatçı tərəfindən açıldıqda içərisində üzəri skocla sarılmış qara rəngli içərisi görsənməyən sellofan aşkar olunmuşdur. Təhqiqatçı qayçı vasitəsi ilə həmin sellofanı kəsmiş onun içərisində ot formasında olan bitki aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “nəşə" olduğunu deyərək, Sabunçuda qəbiristanlıqdan tapdığını və istifadə etdiyi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin otşəkilli bitki təhqiqatçı tərəfindən qablaşdırılmış DİN-nin möhürü ilə möhürlənmiş, həmin zərfin üzərini o və digər iştirakçılar imzalamışlar. Nəticədə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(i.v.105-108). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 23 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.14); şəxsi axtarış və götürmə aparılması haqqında 06 avqust 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı tünd göy rəngli sellofan torbanı təqdim etmiş, verilmiş suallara cavab olaraq həmin ot kütləsinin narkotik vasitə “Nəyşə” olduğunu, Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən Sabunçu qəbirstanlığında tapdığını və istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 5 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir(i.v.25-26): Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 24 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/632 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd poletilen bağlamada təmiz çəkisi 485,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir(i.v.35-38); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış keçirilmiş, üzərində "Verbatim DVD-R compact disc R 4.716x1 x 4.7 GB, 16x speed vitesse velocidad, 120 min” zavod üsulu ilə yazılar olan videogörüntünü açdıqda “Təqsirləndirilən şəxs İBARƏT OĞLU” adı ilə əlavə edilmişdir. Videogörüntü 06 dəqiqə 39 saniyədən ibarətdir. Videogörüntüyə baxdıqda Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntülərin qeydə alınması öz əksini tapmışdır. Belə ki, video çəkliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis şöbəsindəki xidməti otağa daxil olurlar, əvvəlcə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin təhqiqatşısı özünü təqdim edir, sonra Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs qanunla dövriyyəsi əldə edilməsi, üzərində saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən 23 aprel 2024-cü il tarixdə saxlanıldığını və 12-ci polis şöbəsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini izah edir, daha sonra video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs sağ əlində saxladığı tünd göy rəngli sellofan torbanı masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi sellofan torba təhqiqatçı tərəfindən açıldıqda içərisində yaşıl rəngli bitki aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisindən aşkar olunmuş maddənin “nəşə” olduğunu deyərək, Sabunçu qəbirstanlığından tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılır və möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Bununlada şəxsi axtarış və götürmə zamanı tərtib edilən protokolda göstərilənlər bir daha öz təsdiqini tapmışdır. Bu barədə tərəfimdən protokol tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.64-65); Maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd polietilen bağlamada təmiz çəkisi 485 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş, təhqiqata 0.05 qram sərf edilməsi nəzərə alınmaqla 484.95 qram qalığı saxlanması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır(i.v.71-72); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-228/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir(i.v.80-88); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.89-90); Üzləşdirmə aparmaq haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.113-116); Üzləşdirmə aparmaq haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, şahid X2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, şahid X2 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.117-120); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.121); Diskə baxış keçirilməsi haqqında 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil nömrə haqqında Bakcell MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir(i.v.138); İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Sabunçu RPİ-nin MSY-də olarkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, sol ayağında köhnə çapıq izi aşkar edilmiş, deməsinə görə avtoqəza zamanı sol ayağı qırılıb əməliyyat olunub və həmin ayağına həkimlər mil qoyublar, həmin çapıq əməliyyatın izidir(i.v.140); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4 X5 Komissiyasının xx.xx.2024-cü il tarixli 3948 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.178-179); Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü bir azyaşlı övladı vardır(i.v.159); Sübutların qiymətləndirilməsi haqqında 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v.160-168); Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 23 aprel 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək üzərində çox az miqdarda marixuana olduğunu, polislər tərəfindən onun miqdarının artırıldığını, polis əməkdaşlarından birinin ona sillə vuraraq onların dediklərini etməyi tələb etdiyini, onun ayağında mil olduğundan polis əməkdaşının onu döyərək ayağından vuracağını ehtimal etdiyindən qorxduğu üçün ona verilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirməsi barəsində olan ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadələr verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə X3 özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların yoxlanması məqsədilə istifadəsində olan mobil telefonun hadisə vaxtı antenn dairəsinin müəyyə edilməsi üçün Bakcell MMC-dən əld edilmiş diskə baxış keçirmiş, onun ifadəsində göstərdiyi kimi 4 gün müddətində poli bölməsində saxlanmasını təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 485 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (CM-59.1.4) və ağırlaşdıran halların olmaması, ondan aşkar olunmuş narkotik vasitənin miqdarı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 23 aprel 2024-cü il tarixdən 25 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 23 aprel 2024-cü il tarixdən 25 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 09(doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 485 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalan 484.95 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar