Məhkəmə qərarları › İş №1(008)-255/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-255/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-255/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci i tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,753 qram psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 0,343 qram narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsində fərdi evin yaxınlığında özünü şübhəli apardığına görə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,753 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,343 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 3 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. 17 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 5 manata psixotrop maddə metamfetamin və 5 manata narkotik vasitə heroin alaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, həmin maddələrə görə ümumilikdə 10 manat pul ödəmişdir. Həmin tarixdə saat 21 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsində olan zaman iki nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq onlardan yayınmağa çalışmışdır. Lakin, polis əməkdaşları ondan şübhələnmişlər və onu Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində inzibati otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları və vəzifələri izah edildikdən sonra ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi təqdim edilmişdir. Üzərində narkotik maddə olduğundan istəməmişdir ki, müdafiəçi bunu öz gözü ilə görsün, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Ona görə də vəkilin iştirakı olmadan şəxsi axtarış aparılması barədə təhqiqatçıya müraciət etmiş, təhqiqatçı ərizəsini çap etmiş və imzalamışdır. Daha sonra üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Polis şöbəsinə gətirilərək üzərinə axtarış aparılana kimi olan müddət ərzində polis əməkdaşları tərəfindən müşahidə altında saxlanılmışdır. Şəxsi axtarış aparılmazdan qabaq təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan edilmiş hər hansı maddə, əşya və ya predmet, olduğu halda təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan “kakos”, 01 ədəd bükümdə psixotrop maddə olan “metamfetamin” olmaqla 02 ədəd bükümü çıxarıb təqdim etmiş və masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilən psixotrop maddə və narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmişdir. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən şəxslər protokolu imzalamışlamışlar. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə müvəkkili, polis leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 17 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, fərdi evin yaxınlığında xidmətdə olan zaman, sonradan adı məlum olan Təqsirləndirilən şəxsngn özünü şübhəli apardığını müəyyən edib ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs polis əməkdaşı olduqlarını bildirmişlər və ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs sənədlərinin üzərində olmadığını bildirib onlardan yayınmağa çalışmışdır. Onun özünü şübhəli apadığını, verdikləri suallardan yayınmağa çalışdığını görüb üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən hər hansı maddə və ya predmet olduğundan şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Saxlanılan şəxs heç bir etiraz etmədən onlarla birlikdə 12-ci polis şöbəsinə gəlmişdir. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan və şöbəyə gətirilən zaman nəzarətdə olduğundan onun üzərinə şəxsi axtarış aparılana kimi olan müddət ərzində üzərindən hər hansı əşya və predmet atmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra xidməti otaqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları izah edilmiş və hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan “Panasonic" markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verildikdə o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd qırmızı kağıza bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə və 01 ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni çıxararaq təqdim edib masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin maddənin narkotik vasitə kakos və metamfetamin olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata alaraq istifadə üçün üzərində saxladığını, 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Şahid Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qırmızı kağıza bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə və bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə kakos və metamfetamin olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata alaraq istifadə üçün üzərində saxladığını, 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (25-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5497 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N159” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,343 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,753 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.30-34). Məhkəmə-narkoloji ekspertizasının 01 noyabr 2023-cü il tarixli, 7164 saylı rəyindən görünür ki, X1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.76-77). “Sübutların qiymətləndirilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş 0,753 qram çəkidə psixotrop maddə metamfetaminin və 0,343 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması, metamfetaminin tədqiqatdan sonra 703 qram qalığının və heroinin tədqiqatdan sonra 0,293 qram qalığının saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən görüntülərin qeydə alındığı bir ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v.110-118). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi vaxt qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə, saat 21:00-dan tutulmuş hesab edilmişdir (i.v.14). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.62-64). “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.65-67). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 01 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.73-74). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(005)- 208/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 02 il 01 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.101-109). Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli, 95376-21- 1/3-2515-9 saylı məktubdan görünür ki, , Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(005)-208/2022 saylı hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 01 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 05 may 2022-ci il tarixdə qeydiyyata alınmış, 08 fevral 2024-cü il tarixə cəzasının 01 il 09 ay 03 gün hissəsini çəkmiş, çəkilməmiş cəza müddəti 04 ay 01 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl də AR CM-nin eyni maddəsi ilə cinayət törətməsini, həmin cinayətə görə ona məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan, maddənin sanksiyasında nəzərdə tutumuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq həmin hökmün çıxarılmasından sonra cəza çəkdiyi müddətdə yenidən eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (əvvəllər də AR CM-nin eyni maddəsi ilə məhkum olunması, ona məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq yenidən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi), cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də AR CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini, ona məhkəmə tərəfindən azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkün olması nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq hökmün çıxarılmasından bir müddət sonra yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət 17 oktyabr 2023-cü il tarixdə, yəni Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(005)-208/2022 saylı hökmündən sonra törədildiyindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(005)-208/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla) hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona AR CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. AR CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(005)-208/2022 saylı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi AR CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla AR CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmklə təyin edilmiş cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclas zalından həbs edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(005)-208/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 ay 06 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-01 ay 18 gün müddət, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq müddəti zamanı 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 0,703 qram psixotrop maddə metamfetamin və 0,293 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar