Məhkəmə qərarları › İş №1(008)-256/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-256/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-256/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixində Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 63-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və 03 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibirli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatını əldə edib, üzərində saxlamaqla daşıyaraq gəzdirmiş, xx xxxxxx 2021-ci il saat 12 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsində yerləşən 80 nömrəli orta məktəbin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq bölməyə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının arxa tərəfinə keçirilmiş vəziyyətdə içərisində 03 ədəd döyüş sursatları olan daraqla birlikdə həmin silah aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Makarov” tipli tapancanı, onun darağını və patronlarını tutulmamışdan təqribən 15 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Orxan” marketin arxasında şam ağacının altından tapmışdır. Silahı tapdıqdan sonra silah onda maraq doğurduğu üçün əynində olan şalvarın arxa hissəsində kəmərə bərkitmiş və üzərində gəzdirmişdir. xx.xx.2021-ci il saat 12 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli məktəbin yaxınlığında piyada gəzərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Sabunçu RPİ-nin 13cü PB-nin əməkdaşları olduqlarını bildirərək onlarla birlikdə bölməyə getməyi təklif etmişlər. O, polis əməkdaşlarından Sabunçu RPİ-nin 13-cü PB-nə getmə səbəbini soruşduğu zaman polis əməkdaşları qanunsuz olaraq oldu silah əldə etmə, üzərində saxlama və daşımada şübhəli olduğunu bildirmişdir. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü PB-nə gəlmişdir. Polis Bölməsində xidməti otaqlardan birində şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində şəxsi axtarış və götürmənin aparılması barədə qərarla tanış edilmiş, qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş əşyaların üstündə olub-olmaması, olduğu halda təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın arxa hissəsində kəmərə keçirdiyi 01 ədəd Makarov tipli tapançanı təqdim etmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd Makarov tipli tapancaya baxış zamanı üzərində olan darağdan 03 ədəd patron olduğu müəyyən edilmişdir. Bundan sonra, üzərindən aşkar edilmiş 01 ədəd Makarov tipli tapança, onun darağı və 03 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş və o, digər iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13-cü PB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan “Rauf adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq üçün ondan və Sabunçu rayon Pİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Əməliyyat qrupu təşkil edildikdən sonra Rauf adlı şəxsin şəxsiyyəti ilə bağlı araşdırma aparılmış və bu zaman Rauf adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. xx.xx.2021-ci il saat 12:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsində yerləşən 80 saylı məktəbin yanında olması, odlu silahın üzərində olması barədə təkrar məlumat daxil olmuşdur. Dərhal əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə qeyd edilən ünvana getmişlər. Həmin ünvana çatdıqları zaman Təqsirləndirilən şəxs dayandığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Sabunçu RPİ-nin 13-cü PB-nə əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində saxlaması və daşımasında şübhəli bilindiyinə görə saxlanıldığını bildirib onu Sabunçu rayon Pİ-nin 13-cü PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları qoyması xahiş edilmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan tünd boz rəngli şalvarın arxa hissəsindən belinə keçirilmiş vəziyyətdə olan bir ədəd “Makarov” tipli tapancanı, içərisində üç ədəd patron olan daraqla birlikdə çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs silahı haradan əldə etməsi soruşulduğu zaman o, üzərindən aşkar edilmiş 01 ədəd Makarov tipli tapancanı, onun darağı və 03 ədəd patronu təqribən 15 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Orxan” marketin arxasında olan şam ağacının altından lentli yapışqanla qara rəngli sellofana bükülmüş vəziyyətdə tapdığını, maraqlı gəldiyi üçün özündə saxlayaraq üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli şübhəli şəxsin tutlması haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs qsimində tutulmuşdur. Cinayət işinin 30-31-ci vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Sənsn Cavadovun və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın arxa hissəsindən belinə keçirilmiş vəziyyətdə olan bir ədəd “Makarov” tipli tapancanı, içərisində üç ədəd patron olan daraq aşkar edilərək götürülmüşdür. Cinayət işinin 40-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin 21/35R saylı, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın metal hissə və mexanizmlərinin üzərində sonradan əlavə düzəlişlər edilməmişdir. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibirli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar və təyinatı üzrə atəş üçün yararlıdırlar. Patronların üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Cinayət işinin 70-72-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-18/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanılmaqla 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 94-98-ci vərəqələrində olan xx xxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd Makarov konstuksiyalı tapança, həmin silaha aid 01 ədəd daraq və 03 ədəd 9x18 mm kalibrli patronlar maddi sübut kimi tanınmış, silahın və patronun atəşə yararlı olmasının müəyyən edilməsi ilə əlaqədar tədqiqat zamanı 01 ədəd patron istifadə edildiyindən qalan 01 ədəd Makarov konstuksiyalı silah, 01 ədəd həmin silahın darağı və 02 ədəd patron məsul saxlanış üçün Sabunçu RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 76-77-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə qanunsuz olaraq odlu silah, döyüş sursatını əldə etmə, daşıma və saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən, cinayətlərin resedivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Hazırki əməli törədən vaxt qanunvericiliklə müəyyən edilmiş müddət ötməmişdir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi recimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Makarov konstruksiyalı tapança, 01 ədəd həmin silahın darağı və 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Makarov konstruksiyalı tapança, 01 ədəd həmin silahın darağı və 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən maddi sübut - 01 ədəd disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar