Məhkəmə qərarları › İş №1(008)-256/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-256/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-256/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Vəli Əli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə "Hürriyyət TV” internet kanalında gəlin görün şəhərin mərkəzində bazarlarda nə baş verir? - Vətəndaş şikayəti” başlıqlı veriliş efirə verilməklə “YouTube” informasiya ehtiyatında yerləşdirilməklə yayılmışdır. Həmin verilişdə “Hürriyyət TV" internet kanalına müsahibə verən X6 yalan olduğunu bilə-bilə ona böhtan ataraq şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymış, habelə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Qeyd etmək istəyir ki, onun X6 adlı şəxslə nə əvvəllər, nə də indi heç bir münasibəti, tanışlığı və hər hansı bir əlaqəsi olmamışdır. Buna baxmayaraq, o, qeyd etdiyi tarixdə ünvan 1 ünvanında yerləşən və “8 km bazarı” deyilən ərazidəki iş yerində “Hürriyyət” TV internet kanalına müsahibə (videoçəkilişin 4-cü dəqiqəsinin 50-ci saniyəsində) verərkən qohumu Kamal Musayevlə birgə kommersiya-biznes fəaliyyəti nəticəsində aralarında yaranmış borc münasibətlərini hüquqi müstəvidə həll etmək əvəzinə heç bir əsas olmadan yaranmış borc problemlərinə hər hansı bir aidiyyəti olmadığı və bunu yəqinliklə bildiyi halda qəsdən bilə-bilə ona böhtan ataraq, onu təhqir etmişdir. Belə ki, həmin müsahibənin videoyazısının 7-10-cu, 25-26-cı, 29-30-cmdəqiqələrində X6 ona "Azərbaycan dövlətini, Azərbaycan xalqını talamış, vicdansız, imansız məmur" kimi epitetlərlə böhtan ataraq guya "bu gün onu. ailəsini və balalarını çöldə qoyan, dələduzları himayə edən" şəxs adlandırmaqla övladları barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ona böhtan atmış və təhqir etmişdir. Həmin hərəkətləri və sözləri ilə X6 yalan olduğunu bilə-bilə ona böhtan ataraq şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan uydurma məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla, habelə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatlmaqla, onu təhqir etməklə onu həm ailə üzvlərində olan münasibətə, həm də işgüzar fəaliyyətinə ciddi xələl gətirmişdir. Bununla da, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 6 (altı) ay müddətə azadlıqdan məhrum edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 6 (altı) ay müddətə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi Müdafiəçi şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7-ci maddəsinə əsasən şikayəti vermiş şəxsin imzası göstərilməlidir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Xüsusi ittiham qaydasında şikayətdə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs anlayışlarından istifadə olunmuşdur. Xüsusi ittiham qaydasında şikayət icraata qəbul olunmadığından qanunvericiliyin tələbinə uyğun olaraq xüsusi ititham qaydasında şikayət vermiş şəxs və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs anlayışlarından istifadə edilməli idi. Bundan başqa xüsusi ittiham qaydasında şikayətdə X5 18 may 1961 ci il tarixdə anadan olduğu, ünvan 2 ünvanında yaşamasını qeyd etmiş, lakin bu məlumatları təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Bu isə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından əhəmiyyət kəsb edir. Şikayət ərizəsində törədilmiş cinayət haqqında məlumatda X5 ona sosial şəbəkələrdə “Azərbaycan dövlətini, Azərbaycan xalqını talamış, vicdansız, imansız məmur” kimi epitetlərlə böhtan ataraq guya “bu gün onu, ailəsini və balalarını çöldə qoyan, dələduzları himayə edən” şəxs adlandırmaqla övladları barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ona böhtan atmış və təhqir etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 qeyd edilən ifadələrlə ona böhtan atdığını qeyd etməsinə baxmayaraq, həm də onu təhqir etməsini qeyd etmiş, lakin hansı ifadəni təhqir kimi qəbul etdiyini qeyd etməmiş və nəticədə şəxsin CM-nin 147.1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının CM-nin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən t əhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Göründüyü kimi şikayət ərizəsində verilmiş ittihamın məzmunu aydın ifadə edilməmiş və hüquqi tövsifi ilə ziddiyyət təşkil etmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, şikayət ərizəsində şikayətin verildiyi yer göstərilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.7-ci maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 hüquqlarının müdafiəsi üçün 04 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi 24 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar