Məhkəmə qərarları › İş №1(008)-258/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-258/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-258/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində qəti olaraq 01 il 08 ay 23 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nəsirov küçəsi dalan 5 ev 2-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlayaraq daşımış, özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,959 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 22 avqust 2023-cü il tarixdə, saat 09:40 radələrində tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən 31-ci PŞ-nə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,959 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədilə 05 noyabr 2023-cü il tarixdə saat 15:20 radələrində ünvan 3 ünvanındakı yaşayış binasının həyətindəki stolda əyləşərək gözləmiş, həmin vaxt əvvəllər tanımadığı Zərərçəkmiş şəxs həmin yaşayış binasının blokuna daxil olmasını görüb sonuncunun arxasınca hərəkət edərək arxadan ona yaxınlaşıb zor tətbiq etmədən Zərərçəkmiş şəxs əlindən içərisində üzərində hərəsi 15 manat olmaqla 2 ədəd cəmi 30 manat dəyərində 077 *** ** ** və 077 *** ** ** saylı sim nörmə olan 220 manat dəyərində 01 ədəd Çin istehsalı «Honor (8X)» markalı «JSN-L21» model mobil telefonu (qaburu ilə birlikdə), maddi dəyəri olmayan 2 ədəd “Leobank” və “Kapital Bank” a məxsus bank kartları, 70 manat dəyərində ətir, 25 manat dəyərində tibbi gözlük, 10 manat dəyərində mənzilinin açarları, 10 manat dəyərində dəsmal və 28 manat nağd pul olan 20 manat dəyərində üzərində «T.İ.A.N» yazıları olan qara rəngli əl çantasını alıb hadisə yerindən qaçaraq zərərçəkmiş şəxsə ümumilikdə 413 manat maddi ziyan vurub soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdə tanımadığı şəxslərdən alır. 22 avqust 2023-cü il tarixdə saat təxminən 09:40 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsində yaşadığı evin qarşısında olan vaxt mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona təklif olunmuşdur ki, üzərində qeyri qanuni hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. Buna görə də o, əynində olan göy rəngli cins şalvarının sağ cibində saxlayaraq daşıdığı 1 büküm kütləni cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi kütlələrin nə olduğunu ondan soruşduqda o, həmin kütlələrin narkotik vasitə heroin olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Sonra isə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunaraq protokol o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini 21 avqust 2023-cü il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. Narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmur. Xəstə olduğu üçün öz istifadəsi üçün narkotik vasitə heroini əldə edərək istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakıxanov qəsəbəsindəki məhəllədə, yaşayış binasının qarşısındakı stolda əyləşmişdir. Bu zaman bir nəfər yaşlı qadının əlində qara çanta ilə yaşayış binasının blokuna daxil olmaq istəməsini görmüşdür. Həmin an qadının əlindəki çantanı alıb qaçmağı düşünmüş və dərhal qadının arxasınca blokun qarşısına gəlmiş və qadın bloka daxil olan kimi ona yaxınlaşaraq əlindəki çantanı alıb, dərhal da əks istiqamətdə qaçaraq uzaqlaşmışdır. Həmin qadına hər hansı xəsarət yetirmədən onun çantasını götürüb qaçmış və məhəllələrin arası ilə hadisə yerindən uzaqlaşmışdır. Daha sonra çantanı açıb baxarkən onun İçərisində müxtəlif kağızlar, sənədlər, 1-2 ədəd bank kartı, bir ədəd mobil telefon, ətir, gözlük, dəsmal, açar, qəzet və 28 manat nağd pul olmasını görmüşdür. 28 manat pul, pul kisəsində olmuş və o, telefonu da pul kisəsinə qoyub, onu özündə saxlamış, şəxsiyyət vəsiqəsini Suraxanı rayonunda yerləşən poçta vermiş, çantanı içərisindəki digər sənədlər və əşyalarla birlikdə xatırlamadığı yol kənarındakı zibil yeşiyinə tullamışdır. Daha sonra avtobusla yaşadığı evə getmiş və pul kisəsindən sadəcə nağd pulu götürmüş və özünə müxtəlif ərzaq və digər lazımlı əşyalar almışdır. 07 noyabr 2023-cü il tarixdə səhər saatlarında pul əldə etmək üçün soyğunçuluq yolu əldə etdiyi həmin “Honor” markalı mobil telefonu satmaq məqsədi ilə əynindəki şalvarın cibinə qoymuş və məhəlləyə çıxıb piyada hərəkətdə olan zaman özünü polis əməkdaşı kimi təqdim edən iki nəfər şəxs ona yaxınlaşmış və soyğunçuluq etməkdə şübhəli olduğunu deyib, onu polis şöbəsinə dəvət etmişlər. Həmçinin onun kameralara düşməyini deyib, həmin görüntünü ona göstərərkən o da etiraz etməyərək etdiyi cinayəti etiraf etmişdir. Mobil telefonu polisə təqdim etmişdir. Daha sonra evinə gedib, həmin pul kisəsini də götürüb polis əməkdaşlarına verib, onlarla birlikdə polis idarəsinə gəlmişdir. Etdiyi əməldən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğlu X2 1992-ci il tarixdə Xocalı şəhərində gedən döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur və sonuncunun adına məktəb də vardır. Digər oğlu X1 da 3 il əvvəl vəfat etmişdir. O, isə böyük qızı Cəmilə ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə digər qızı Afaq Abdullayevanın nəvəsinin 40 mərasimi olduğu üçün sonuncunun Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi 1 A ünvanındakı evinə qonaq getmiş, saat təxminən 15:20 radələrində Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi 1 A ünvanındakı yaşayış binasının blokuna daxil olarkən bir nəfər şəxsin əlindəki çantanı aşağıya dartaraq alıb qaçmasını görmüşdür. O, geri çevrilərkən həmin şəxsin orta yaşlı, arıq və hündür boylu, saçlarının ağ olmasını görmüşdür. Yaşlı olduğu üçün sonuncunun arxasınca bir qədər getdikdən sonra çata bilməmiş və sonuncu qaçaraq uzaqlaşmışdır. Hadisə nəticəsində o, heç bir xəsarət almamışdır. O, dərhal qızıgilə gəlmiş və qızı Afaq DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, əl çantası “Zara” markasından olmaqla 70 manat, çantasının içərisində “Honor” markalı mobil telefon 1000 manat, telefonunda 2 ədəd ( *** *** ** **, 077 *** ** ** ) hərəsinin qiyməti 15 manat olmaqla 30 manatlıq sim nömrə, mobil telefonunun üzərində qoruyucu qab 15 manat, qara rəngli pul kisəsi 30 manat, biri “Leobank” biri də “Kapital Bank” a məxsus olmaqla pulsuz əldə etdiyi 2 ədəd bank kartı və həmin kartların içərisində pul olmamışdır. Həmin pul kisəsində ümumilikdə 28 manat nağd pulu olmuşdur. Həmçinin çantasının içərisində özünə məxsus adını xatırlamadığı 70 manat dəyərində ətir, 25 manat dəyərində tibbi gözlüyü, 5 manat dövlət rüsumu olan şəxsiyyət vəsiqəsi, şəhid oğlu Tahir Hacıyevin şəhidlik vəsiqəsi, mənzilinin 10 manat dəyərində açarları, digər oğlu Muxtara məxsus 10 manat dəyərində dəsmal, şəhid oğlu barəsində yazılmış 1992-ci il tarixli qiyməti olmayan qəzet və həmin oğlu barəsində yazılmış ona bağışlanılmış, qiyməti olmayan balaca kitabça olmuşdur. Hazırda ona mobil telefonu, pul kisəsi qaytarılmışdır, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 22 avqust 2023-cü ildə Suraxanı rayonu Bülbülə qəsəbəsi Ç.Nəsirov küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı şöbə rəisinə raportla müraciət etmiş, əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra əməliyyat qrupunun üzvü, şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə həmin tarixdə Təqsirləndirilən şəxs ehtimal olunduğu ünvana yollanmışlar. Saat 09:40 radələrində Bülbülə qəsəbəsi Ç.Nəsirov küçəsi dalan 5 ev 2-nin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib onu Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi Ç.Nəsirov küçəsi dalan 5 ev 2-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Onun üzərində şəxsi axtarış aparılması zərurəti yaranmış və bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin aparılması təhqiqatçıya həvalə edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, başqa çıxış yolu olmadığından özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verildikdə, o həmin bükümdə olan maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik maddəni 1 gün əvvəl Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənərək zərfin üzərinə baxışda iştirak edən şəxslər, həmçinin Rəvan özü imza etmiş, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunaraq oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinin də Rəvan özü imza etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş narkotik maddəni haradan, kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə oxşar məzmunli ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirmə və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 4 ünvanında yerləşən yaşayış binasının blokuna baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v.04-06); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 07 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:25 radələrində CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.26); ifadənin yerində yoxlanması haqqında 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani göstərərək bir daha təsdiq etmiş, fotoşəkillər çəkilərək iş materiallrına əlavə edilmişdir(i.v.46-49); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-840/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.67-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 23 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır(i.v.76-77, 176-181); şübhəli şəxsin tutulması haqqında 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:40 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.100); şəxsi axtarış və götürmə aparılması haqqında 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik maddə heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni tanımadığı şəxsdən 10 manata aldığını və özünün istifadə etməsi məqsədilə saxlayıb gəzdirdiyini bildirmişdir(i.v.109-110); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4493 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün Ne195» dairəvi möhür əksi olan, «1) «imza» Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Telman Camalov tərəfindən Təqsirləndirilən şəxs ... ad, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,959 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir(i.v. 120-123); Diskə baxış keçirilməsi barədə 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təkil olunur. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin heroin olduğunu, bir gün əvvəl tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədilə əldə etdiyini bildirir(i.v.131); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham həmin tarixdə saat 11:10 dəqiqədə elan edilmişdir (i.v.135-136); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 149-150); qətimkan tədbirinin seçilməsi haqqında 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.151-152); maddi sübut hesab edilməsi barədə 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş aşkar edilmiş 0,959 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin(tədqiqata sərf edildikdən sonra qalıq 0,909 qram) cinayət işi üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanması üçün nəzərdə tutulmuş otaqda saxlanılması qərara alınmışdır(i.v.157); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 dekabr 2023-cü il tarixli 3-16-16/2- 9/8586/2023 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla ayrı-ayrılıqda orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: -01 ədəd Çin istehsalı «Honor (8X)» markalı «JSN-L21» model mobil telefonun (qaburu ilə birlikdə) satış üçün komplektləşdirməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla - 220 manat;-01 ədəd üzərində «T.İ.A.N» yazıları olan qara rəngli 14x24,5 sm ölçüdə əl çantası 20 manat(i.v.206-208); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsinin xx.xx.2023-cü il tarixli 8273 nömrəli ambulator Məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.209-210); Sübutların qiymətləndirilməsi haqqında 14 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rəşad Nuriyev tərəfindən 24 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilmiş 0,959 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması nəzərə alınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 0,909 qramı Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 01 ədəd Çin istehsalı «Honor (8X)» markalı «JSN-L21» model mobil telefon (qaburu ilə birlikdə), 01 ədəd üzərində «T.İ.A.N» yazıları olan qara rəngli 14x24,5 sm ölçüdə əl çantası, 22 avqust 2023-cü il tarixli «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış, 01 ədəd Çin istehsalı «Honor (8X)» markalı «JSN-L21» model mobil telefonun (qaburu ilə birlikdə), 01 ədəd üzərində «T.İ.A.N» yazıları olan qara rəngli 14x24,5 sm ölçüdə əl çantasının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmış, 22 avqust 2023-cü il tarixli «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.214-221); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,959 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM- 59.1.12), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-66.2), 22 avqust 2023-cü il tarixdən 23 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 07 noyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan 0,959 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,909 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd Çin istehsalı «Honor (8X)» markalı «JSN-L21» model mobil telefon (qaburu ilə birlikdə), 01 ədəd üzərində «T.İ.A.N» yazıları olan qara rəngli 14x24,5 sm ölçüdə əl çantasının zərərçəkmiş şəxsə qaytarılması, 22 avqust 2023-cü il tarixli «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən 1 ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalı(CPM-132), 115(yüz on beş) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 22 avqust 2023-cü il tarixdən 23 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar- Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş ilkin təmiz çəkisi 0,959 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,909 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd Çin istehsalı «Honor (8X)» markalı «JSN-L21» model mobil telefon (qaburu ilə birlikdə) və 01 ədəd üzərində «T.İ.A.N» yazıları olan qara rəngli 14x24,5 sm ölçüdə əl çantasının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 115 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar