Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-26/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 17 noyabr 2020-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ərazisində «Dispeçer» adlanan ərazidə yerləşən «Dostlar» kafesində, ünvansız nalayiq sözlər işlədib, kafenin digər müştərilərinin istirahətinə mane olduğuna görə həmin kafeni işlədən Zərərçəkmiş şəxs haqlı iradına məhəl qoymayıb özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ətrafdakıların gözü qarşısında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, bununla kifayətlənməyib ictimai qaydanı, yəni, insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Zərərçəkmiş şəxs tərəfindən çölə çıxarıldıqdan sonra cinayətkar hərəkətlərini xüsusi qərəzli formada inadla davam etdirərək, istintaqla müəyyən edilməyən yerdən daş götürərək kafeyə qayıdıb Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək silah qismində istifadə etdiyi daş parçası ilə xuliqanlıq niyəti ilə Zərərçəkmiş şəxs sağ əlinə qəsdən zərbə endirməklə ona sağ əlin V barmağının əsas falanqasının yerini dəyişən, qapalı sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığa az ağır zərər vurub şəxslər üzərində zor tətbiq olunması, habelə kafenin iş rejimini pozaraq orada olan stolu aşırıb üzərində olan qab-qacaqları sındırmaqla Zərərçəkmiş şəxs 100 manat məbləğində maddi ziyan vurub özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda valideynləri ilə birlikdə Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozun nömrəsiz evdə yaşayır. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs tanıyır. Rəşad Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ərazisində «Dispeçer» deyilən yerdə «Dostlar» kafesini icarəyə götürüb işlədir. O da həmin kafeyə müştəri kimi getmişdir. Bu zəmində Rəşadla aralarında münasibəti yaranmışdır. Rəşadla başqa münasibəti olmamışdır. Bu müddətə kafedə əyləşmiş və həmin vaxtda da spirtli içki olan pivəni içirdi. Telefonuna zəng gəldiyindən danışmaq üçün kafedən küçəyə çıxmışdır. Təxminən iki dəqiqəyə yaxın müddətdə kafedən küçədə telefonla danışmış, sonra isə yenidən kafeyə daxil olmuşdur. Həmin vaxt sifariş etdiyi pivəni götürdüklərini görmüşdür. O, Rəşada içdiyi pivənin götürülməsi ilə bağlı iradını bildirmişdir. Bu zəmində Rəşadla aralarında sözlə mübahisə yaranmışdır. Orada olan müştərilər onları aralaşdırmış və o, çıxıb kafedən getmişdir.Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dolanışıq məqsədi ilə Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ərazisində «Dispeçer» deyilən yerdə «Dostlar» kafesini icarəyə götürüb işlədir. Əfqan adlı şəxsi uzun müddətdir ki, tanıyır. Əfqan kafenin müştərisidir, Əfqanla bu zəmində tanış olmuş və aralarında münasibət yaranmışdır. 17 noyabr 2020-ci il tarixdə, saat təxminən 19:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ərazisində «Dispeçer» deyilən yerdə «Dostlar» kafesində olmuşdur. Həmin vaxt kafeyə Əfqan gəlmişdir. Əfqan kafedə masa arxasında əyləşib özünə spirtli içki olan pivə sifariş etmişdir. Əfqan spirtli içki olan pivəni içdikdən sonra kafenin içərisində nalayiq ifadələr işlətməyə başlamışdır. O, Əfqanın qeyd olunan hərəkətinə öz iradını bildirmiş və Əfqana kafenin digər müştərilərini narahat etməməsi üçün kafedən küçəyə çıxarmışdır. Əfqan küçəyə çıxdıqdan təxminən 10-15 dəqiqə sonra yenidən kafeyə daxil olmuşdur. Həmin vaxt Əfqanın əlində daş var idi. Əfqan kafeyə daxil olan kimi onu nalayiq sözlərlə təhqir etmişdir. Bundan sonra Əfqan əlində olan daşla qəsdlə ona zərbə endirmişdir. Xəsarət almamağı və özünü müdafiə etməsi üçün sağ əlini irəliyə doğru vermişdir. Əfqanın ona daşla endirdiyi zərbə sağ əlinə dəymişdir. Nəticədə sağ əlindən xəsarət almışdır. Sonra Əfqan hərəkətlərinə davam edərək kafenin içərisində olan stolları aşıraraq dağınıqlıq yaratmış və nəticədə stolun üzərində olan qablar yerə dağılaraq sınmışdır. Sonra Əfqan adlı şəxsi kafedə olan müştərilərlə birlikdə küçəyə çıxarmışlar və hadisə barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hazırda ailə üzvləri ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozun nömrəsiz evdə yaşayır. Dolanışıq məqsədi ilə fərdi işlərdə işləyir. Zərərçəkmiş şəxs tanıyır. Rəşad Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu ərazisində «Dispeçer» deyilən yerdə «Dostlar» kafesini icarəyə götürüb işlədir. O da həmin kafeyə arabir müştəri kimi getmişdir. Əfqan adlı şəxsi də həmin kafeyə gələn müştəri kimi tanımışdır. Əfqanla başqa münasibətim olmamışdır. 17 noyabr 2020-ci il tarixdə, saat təxminən 18:00 radələrində Rəşadın işlətdiyi kafeyə getmişdir. Həmin vaxt saat 19:00 radələrində o kafedə olmuşdur. Həmin vaxt kafeyə Əfqan da gəlmişdir. Əfqan kafedə masa arxasında əyləşib özünə spirtli içki olan pivə sifariş etmişdir. Əfqan spirtli içki olan pivəni içdikdən sonra kafenin içərisində nalayiq ifadələr işlətməyə başlamışdır. Rəşad Əfqanın qeyd olunan hərəkətinə iradını bildirmiş və Əfqanı kafenin digər müştərilərini narahat etməməsi üçün kafedən küçəyə çıxarmışdır. Əfqan küçəyə çıxdıqdan təxminən 10-15 dəqiqə sonra yenidən kafeyə daxil olmuşdur. Həmin vaxt Əfqanın əlində daş var idi. Əfqan kafeyə daxil olan kimi Rəşadı nalayiq sözlərlə təhqir etmişdir. Bundan sonra Əfqan əlindəki daşla qəsdlə Rəşada zərbə endirmişdir. Rəşad xəsarət almaması və özünü müdafiə etməsi üçün sağ əlini irəliyə doğru vermişdir. Əfqanın Rəşada daşla endirdiyi zərbə Rəşadın sağ əlinə dəymişdir. Sonra Əfqan hərəkətlərinə davam edərək kafenin içərisində olan stolları aşıraraq dağınıqlıq yaratmış və nəticədə stolun üzərində olan qablar yerə dağılaraq sınmışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomyia Birliyi X4 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 1743 saylı, 28 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin V barmağının əsas falanqasının yerini dəyişən sınığı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissimdə göstərilən və şəxsin qeyd etdiyi 17 noyabr 2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş 21 iyun 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 127.1-ci mvddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəh., Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2018-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Qanun tətbiq edilərək Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən, cəzadan azad edilmiş və cinayət təqibinə xitam verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş-zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunma ilə bağlı cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edilmiş, o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 127.2.3-cü maddələrinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən isə bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaya görə-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 20 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 63). Cinayət işinin materiallarında olan 20 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 84). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «06» may 2022-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbs olunmalı və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində cəza çəkirlər. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən «01» (bir) il, 06 (altı) müddətinə, Cinayət Məcəlləminin 221.3-cü maddəsinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplansın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «03» (üç) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «06» may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs olunsun və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-26/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-26/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver