Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-260/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda başqa cinayət işi ilə bağlı 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 iyun 2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi 48 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan evinin taxta pəncərəsini fiziki təsirlə açıb qanunsuz daxil olaraq 60 manat dəyərində 2 ədəd qazan dəstini, 120 manat dəyərində 2 ədəd sərinkeşini. 20 manat dəyərində 1 ədəd oturacağı, 150 manat dəyərində 1 ədəd su mühərrikim və 850 manat dəyərində 1 ədəd kondisionerini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 1.200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, həmçinin Yeganə ilə eyni məktəbdə oxuduqlarından bir-birilərini tanıyırlar, heç bir ədavət və ya düşmənçilikləri yoxdur. Şahid1 onunla eyni məhəllədə böyümüş, hər ikisi narkotik tərkibli maddələrin alüdəçisi olduqlarından münasibətləri olmuşdur. Hadisə günü o, oğurluq hadisəsində Qadirlə birlikdə iştirak etməmişdir. Sadəcə həmin gün o, narkotik vasitə almaq istəmiş, bununla bağlı Qadirə zəng etmiş, Qadirdən narkotik vasitə tapa bilib-bilməyəcəyini soruşmuş, Qadir də ona tapa biləcəyini, özünün də narkotik vasitə almaq istədiyini bildirmişdir. Qadir ona demişdir ki, həyətlərində lazımsız əşyalar var. Onları sataraq pul əldə edib onunla birlikdə narkotik almaq istəyir və ondan xahiş etmişdir ki, həmin əşyaları metal qəbulu məntəqəsinə aparması üçün kömək etsin. O, əşyaların Qadirin əşyaları olduğuna inanmış və həmin əşyaların oğurluq olmasını bilməmişdir. Bundan sonra Qadirin yaşadığı yerə getmiş, Qadirin evinin həyətindən həmin əşyaları Qadirin çağırdığı avtomobilə qoyaraq birlikdə metal qəbulu məntəqəsinə getmişlər. Orada o, kənarda dayanmış, Qadir özü əşyaları satmış və pulu götürmüşdür. O, sadəcə əşyaların Qadirin əşyaları olduğunu düşünərək metal qəbulu məntəqəsinə getmişdir. O, özü həmin əşyaların oğurlanmasında iştirak etməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs müstəntiqə videoçəkiliş vasitəsilə sərbəst deyil, psixoloji təzyiqlər altında ifadə verdiyini, müstəntiqin onu daha ağır maddə ilə ittiham veriləcəyi ilə hədələdiyini, öncədən ona ifadəsini əzbərlətdirdiyini, həmin vaxt qarşısında A4 vərəq olduğunu və dediklərini həmin vərəqdən oxuduğunu, hadisə günü metal qəbulu məntəqəsindəki görüntülərdə yaşıl köynəkdə olan şəxsin özü olduğunu, lakin oraya gedərkən aparılan əmlakların oğurluq olmasından xəbərsiz olduğunu, orada əmlakları alan şəxslə Qadirin söhbət etdiyini, həmin şəxsin Qadirə hansı məbləğdə pul verməsini bilmədiyini, həmin puldan Qadirin ona heç nə vermədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs qonşusu kimi tanıyır, ədavət və ya düşmənçilikləri yoxdur. Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi, ev 48 ünvandakı evinin qorunması üçün həyətində “Avçarka” sortundan olan, qara-qəhvəyi rəngli, iri həcimli it saxlayırmış. O, günaşirə, yəni bir gündən bir, əsasəndə işdən sonra itinə yemək aparmaqla həyətinə baş çəkirmiş. Hər dəfə də evindən çıxarkən qapı və pəncərələrini bağlayırmış. Evi həyət evidir, həyətə giriş-çıxış darvazası dəmirdəndir, həyətdəki evin qapısı dəmirdən olsa da, pəncərələri taxtadandır. Evi 6 sot torpaqda tikilmiş, yertənidir, 2 otaqdan ibarətdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində növbəti dəfə Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi, ev 48 ünvanda yerləşən evində saxladığı itinə yemək aparmışdır. Həyətdə olarkən görmüşdür ki, evinin kondisionerinin yeri boşdur, evin pəncərəsi fiziki güc tətbiq edilməklə açılmışdır. Gec və qaranlıq olduğundan evə girməmiş, düşünmüşdür ki, növbəti gün işıqlı vaxtda işdən tez çıxaraq nə baş verməsini dəqiqləşdirər. 14 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi, ev 48 ünvanda yerləşən evinə gələrkən görmüşdür ki, evinin taxtadan olan pəncərəsi fiziki güc tətbiq edilməklə sındırılmışdır. Evə baxarkən müəyyən etmişdir ki, evindən 60 manat dəyərində 2 ədəd qazan dəsti, 120 manat dəyərində 2 ədəd sərinkeşi, 20 manat dəyərində 1 ədəd oturacağı, 150 manat dəyərində 1 ədəd su mühərriki və 850 manat dəyərində “Linkvin ’ markalı kondisioneri oğurlanmış, oğurluq nəticəsində ona cəmi 1.200 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixdə hadisə barəsisndə DİN-in “102” xidmətinə məlumat vermiş və bu barədə Sabunçu RPİ 14-cü PŞ-də ərizə yazmış, özüdə polis əməkdaşları ilə birgə cinayəti törətmiş şəxsi axtarmağa başlamışdır. Əşyalarının metal olan hissələrini, yəni dəmir stulu, su mühərrikini və kondisionerin dəmir qoruyucusunu Xəzər rayonu, Maştağa-Buzovna qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə vermişlər. O, Qadirlə Zeynalın həmin məntəqədəki müşahidə kameraları ilə qeydə alınmış görüntülərini telefonuna köçürmüş, həmin görüntünü könüllü olaraq istintaqa təqdim etmişdir. O, oğurluğun Zeynal tərəfindən deyil, Qadir tərəfindən törədildiyini düşünür. Qadir artıq üçüncü dəfədir ki, onun bağından oğurluq edir. Bu səbəbdən də onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs hadisə baş verən günədək tanımamış, ədavət və ya düşmənçilikləri yoxdur. 2022-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Maştağa-Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsində metal qəbul edən işləyir. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində sonradan adlarını bildiyi Şahid1 və Təqsirləndirilən şəxs işlədiyi Xəzər rayonu, Maştağa-Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsinə, sonradan adını bildiyi Muraz adlı şəxsin ağ rənkli “Pikap” tipli avtomobilində 1 top dəmir tor, 1 ədəd stul, 1 ədəd su mühərriki, 1 ədəd vanna və kondisionerin qoruyucusunu gətirmişlər. Qadirlə Zeynal bildirmişlər ki, həmin əşyalar özlərinə məxsusdur, yararsız olduğundan satmaq istəyirlər. O, metalı 47 qəpiyə qəbul etdiklərini bildirmiş, Qadir razılaşmış və onlar əşyaları avtomobildən boşaltmışlar. O, Qadirin şəxsiyyət vəsiqəsinin surətini götürərək qeydiyyat kitabına əlavə etmiş, əşyaları çəkərək səhv etmirsə 50-60 manat metal pullarını Qadirə ödəmişdir. Həmin günlərdə məntəqəyə polis əməkdaşları gələrkən onda qalan 1 ədəd stulu və kondisionerin qoruyucusunu Sabunçu RPİ 14-cü PŞ-nin əməkdaşlarına qaytarmış, əşyaların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid gətirilmiş əşyaların satılması ilə bağlı danışıqları Qadirin aparmasına baxmayaraq Zeynalın da onun yanında olduğunu, Qadirə pulu verən zaman Zeynalın da pulun məbləğini gördüyünü, onların birlikdı əşyaları avtomobildən boşaltdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs qonşularıdır. 13 iyun 2023-cü il tarixdə Qadir və Zeynal ondan xahiş etmişlər ki, məhəllələrində olan yararsız metal əşyalarını metal qəbulu məntəqəsinə daşınmasına köməklik etsin. O, etiraz etməmiş və idarə etdiyi "İJ” markalı, "Pikap” modelli, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini məhəlləyə sürmüşdür. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində məhəllədən 1 ədəd su mühərriki, 1 ədəd stulu, kondisionerin qoruyucusunu, dəmir boruları, dəmir toru və hamam vannasını avtomobilinə yükləyərək Xəzər rayonu ərazisində, Maştağa-Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsinə gətirmiş, həmin əşyaları məntəqənin Anar adlı işçisinə metal kimi təhvil vermişlər. Əşyaların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid o, əşyaları maşına yükləməyə gedən zaman Qadirlə Zeynalın birlikdə olduqlarını, onların birgə metal qəbulu məntəqəsinə gəldiklərini, ona taksi pulunu Zeynalın verdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hasar qonşusudur, Yeganə 2022-ci ilin yayınadək ünvan 4 ünvanda yaşamış, həmin dövürdən evində yaşamır. Yeganə hələ qeyd olunan ünvanda yaşayarkən, yəni 2021-ci ildən evinin qorunması üçün həyətinə “Avçarka" parodalı. qəhvəyi rəngli, iri həcimli it buraxmış, o, əlinə keçənləri itə verməklə itlə mehribanlaşmış, hərdən Yeğanənin həyətinə keçərək itlə başını qatırmış. Onun Yeganə ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur, iskəndərov Samir Məmməd oğlunun da onunla qonşuluqda, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi, 354 nömrəli ünvanda fərdi yaşayış evi vardır, həmin evdə də yaşayış yoxdur, yalnız yay fəslində nadir halda evə gələn olur. Samir İsgəndərovla ədavəti və ya düşmənçiliyi yoxdur. Taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs onunla eyni məhəllədə böyümüş, hər ikisi narkotik tərkibli maddələrin alüdəçisi olduqlarından mehriban münasibətləri var, Zeynalla ədavəti və ya düşmənçiliyi yoxdur. O, xx.xx.1989-cu ildə Ağsu rayonunun ilxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, evlidir, orta təhsillidir, fərdi əməklə, yəni evlərdə alçipan işi ilə məşğul olur, məhkum olunmamış, Ağsu rayonu, Qaraqoyunlu ərazi dairəsi, İlxıçı kəndində qeydiyyatda olmaqla 2008-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivində nömrəsiz ünvanda yerləşən fərdi evdə arvadı və iki uşaqları ilə birgə yaşayır. O, alçipan ustası kimi müxtəlif yerlərdə fərdi əməklə məşğul olub qazanc əldə edirmiş, lakin 2023-cü ilin əvvəllərində narkotik tərkibli maddələrin istifadəsi ilə məşğul olduğundan və qısa müddətdə alüdəçisinə çevrildiyindən usta kimi işləməyə taqəti qalmırmış. Belə olan halda narkotik almağa pulu olmadığından ağrıları şiddətlənirmiş, Zeynal da onun vəziyyətində olmuşdur. Odur ki, 2023-cü ilin iyun ayının əvvəllərində Zeynalla birgə oğurluq etmək qərarına gəlmişlər. Yaşadıqları Sabunçu rayonu, Maştağa qəsəbəsi. 2-ci Albalılıq bağ massivindəki xeyli evlərdə yaşayış olmadığından Zeynalla razılaşmışlar ki, gecələr tanımaza-bilməzə evə girmək riskli olduğundan oğurluğu günün işıqlı saatlarında öz məhəllələrində etsinlər, onları məhəllədə əllərində oğurluq əşya ilə görən olarsa heç kimin ağlına gəlməz ki, əşya oğurluqdur. xx.xx.2023-cü il tarixdə Zeynala demişdir ki, Yeganənin həyətində saxladığı itlə oynaması üçün tez-tez Yeganənin həyətinə girir, Yeganənin həyətindəki evində əşyaları var, Yeganə oraya yalnız axşamlar itinə yemək verməsi üçün gəlir, Yeganənin evinə asanlıqla girmək olar. Zeynal Yeganəni və Yeganənin evini tanıdığından onunla razılaşmışdır. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zeynalla birgə qonşusu Yeganənin Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi 48 nömrəli ünvanda yerləşən evinin hasarına qalxmışlar. Zeynal hasarın üzərində gözləmiş, o, isə həyətə düşüb iti əzizləmişdir ki, Zeynalı yanında görüb aqresivləşməsin. Bundan sonra hasarın üzərindən həyətdəki tikilinin damına keçərək Zeynalla birgə damın üzərindən evin səhv etmirsə “Linkvin” və ya “Linkoil” markalı kondisionerini söküb çıxartmış və tələsmədən kondisioneri hasarın üzərindən küçəyə qoymuşlar. Daha sonra o, həyətə düşüb iti yeşiyinə saldıqdan sonra Zeynalda hasardan həyətə enmişdir. İt Zeynala hürərkən itə qışqırmışdır ki, səsini kəssin. O, Zeynalla birgə evin taxta pəncərəsini güclə itələyib açmış, evdən 2 ədəd qazan dəsti, 2 ədəd sərinkeş (vintelyator), 1 ədəd dəmir oturacaq və 1 ədəd yararsız halda olan su mühərriki götürərək həmin əşyaları hasardan küçəyə yığmışlar. Evdə yaşayış olmadığında arxayın davranmışlar, əmin olmuşlar ki, onlara mane olan olmayacaq. Zeynal həyətdən çıxandan sonra o, itin yeşiyindən həyətə buraxmış, özü isə hasardan küçəyə çıxmışdır. O qazan dəstini və sərinkeşi götürərək Sabunçu qəsəbəsində yerləşən “Bit Bazarı” adlanan bazara getmiş, Zeynal isə məhəllədə qalmışdır. O, qazan dəstini 10 manata. 2 ədəd sərinkeşin hər birini isə 10 manata satıb 30 manat əldə etmişdir. Bazardan qayıdarkən 20 manata narkotik alaraq Zeynalla birgə istifadə etmişlər. Bundan sonra, sürücü kimi tanıdığı, anket məlumatını bilmədiyi, əslən Naxçıvan Muxtar Respublikasından olan “Muraz” adlı şəxsi Maştağa qəsəbəsində, tikinti materialları mağazasının qarşısında taparaq Murazın sürdüyü “Pikap” modelli avtomobildə məhəlləyə gəlmişlər. Zeynalla birgə, həyətində olan özünə məxsus hamam vannasını, oğurladıqları su mühərrikini, dəmir oturacağı və kondisionerin qoruyucusunu Murazın avtomobilinə yığmışlar. Kondisionerin özünü baha qiymətə satacağından küçədə saxlamışdır. Oradan Zeynalın evinin qarşısına getmiş, evin qarşısından Zeynala məxsus dəmir toru da Murazın avtomobilinə yükləyərək Xəzər rayonu ərazisində, Maştağa-Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsinə gətirmişlər. Həmin əşyaları məntəqənin Anar adlı işçisinə metal kimi 80 manata təhvil vermişlər. Məntəqədə onun şəxsiyyət vəsiqəsinin surəti götürülmüş, o, bildirmişdir ki, əşyalar özünə məxsusdur, oğurluq deyil, yararsız olduğundan satır. Əldə etdikləri cəmi 110 manatdan 10 manatını sürücü Muraza, 20 manatını isə narkotikə vermiş, ondan 80 manat pul qalmışdır. 80 manatı Zeynalla bölmüş, payına düşən 40 manatı şəxsi işlərinə və narkotik almasına xərcləmişdir. Sonralar kondisioneri də xatırlamadığı şəxsə 40 manata sataraq həmin pula Zeynalla birgə narkotik almışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi 48 nömrəli ünvanıdır. Baxış zamanı həyətdə iki otaqlı köhnə yaşayış evinin olması, həmin evin təmirsiz olması müəyyən edilmişdir. Otaqlarda köhnə mebellər vardır (i.v. 4-7). “Təqdim etmə və maddi sübutun götürülməsi barədə” 25 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi 48 nömrəli ünvanından oğurladığı əşyaları Xəzər rayonu ərazisində yerləşən metal qəbulu yerinə satdığını bildirmiş, oğurlanmış əşyaların bəziləri həmin yerdən götürülmüşdür ( i.v.19-20). “Əşyanın tanınmasının aparılması haqqında” 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 4 növ dəmir stul təqdim edilmiş, o, qırmızı rəngli dəmir stulun ona məxsus olduğunu və həmin əşyanı köhnə olmasına görə tanıdığını bildirmişdir (i.v.51). “Əşyanın tanınmasının aparılması haqqında” 04 sentyabr 2023-cü ikl tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 3 növ dəmir kondisioner qoruyucusu təqdim edilmiş, o, açıq qəhvəyi rəngli kondisioner qoruyucusunun ona məxsus olduğunu və həmin əşyanı köhnə olmasına görə tanıdığını bildirmişdir (i.v.52). “DVD diskə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxsla birgə metal qəbulu məntəqəsinin qarşısındakı ağ rəngli “Pikap” modelli, yük yeri açıq olan avtomobilin yanında dayanırlar, avtomobilin yük yerində kondisionerin qoruyucusu, 1 ədəd stul, 1 ədəd hamam vannası, 1 top dəmir tor və digər xırda əşyaların olması aşkar görünür, əl jestləri ilə öz aralarında söhbət etdikdən sonra onlarla birgə dayanan digər iki nəfər şəxsin köməyi ilə avtomobilin açıq olan yük yerindən avtomobildə olan kondisionerin qoruyucusunu, 1 ədəd stulu, 1 ədəd hamam vannasını, 1 top dəmir toru və digər əşyaları avtomobildən yerə düşürərkən çəkiliş sona çatır. Diskə baxış zamanı Şahid1 və Təqsirləndirilən şəxs bildirirlər ki, diskdə olan görüntüdəki şəxs özləridir, 3-cü şəxs sürücü Muraz, 4-cü şəxs isə məntəqənin işçisidir, avtomobildəki əşyalar isə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi 48 nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurladıqları su mühərriki, dəmir stul və kondisionerin qoruyucusudur (i.v.88-89). “Maddi sübut kimi tanıma haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd dəmir stul və kondisioner qoruyucusu maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş, oğurlanmış həmin əşyaların Xəzər rayonu, Maştağa- Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsinə satmalarını özündə əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.121-124). “Sübutların qiymətləndirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə verilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır (i.v.174-182). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndiriməsinə dair cinayət işi 03 oktyabr 2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (i.v.189-190). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri,, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videodiskdə olan görüntülər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.1-ci və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin, hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək oğurluq cinayətində iştirak etmədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini və iş materiallarında olan mötəbər sübutları tədqiq edərək onun məhkəmə iclasında verdiyi ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs özü ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin əvvəllərindən narkotik tərkibli maddələrin istifadəçisidir, qısa müddətdə alüdəçisinə çevrildiyindən bədənində ağrıları olurmuş, odur ki, məcbur qalıb hər hansı bir yolla narkotik almağa çalışırmış, taksi kimi işləsə də qazandığı pul ona çatmırmış. Qadirdə onun kimi narkotik tərkibli maddələrin alüdəçisi olmuş, ona görə Qadirlə tez tez görüşüb birgə narkotik alırmışlar. 2023-cü ilin iyun ayının əvvəllərində məcburiyyətdən Zeynalla birgə oğurluq etmək qərarına gəlmişlər. Yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivindəki xeyli evlərdə yaşayış olmadığından Qadirlə razılaşmışlar ki, gecələr oğurluq etmək riskli olduğundan oğurluğu günün işıqlı saatlarında öz məhəllələrindən etsinlər, onları məhəllədə oğurluq əşya ilə görən olarsa heç kimin ağlına gəlməz ki, əşya oğurluqdur. xx.xx.2023-cü il tarixdə Qadir ona demişdir ki, hasar qonşusu Yeganənin həyətində yaşayış yoxdur, Yeganə başqa evə köçmüş, həyətini qoruyan itə teztez yemək verdiyindən it Qadiri tanıyır. Qadir bildirmişdir ki, Yeganənin həyətindəki evində əşyaları var, Yeganə oraya yalnız axşamlar itinə yemək verməsi üçün gəlir, Yeganənin evindən asanlıqla oğurluq etmək olar. O, Yeganənin evini tanıdığından bilirmiş ki, Qadirlə hasar qonşusudurlar, odur ki, Qadirə inanaraq razılaşmışdır. Həmin tarixdə, yəni xx.xx.2023- cü il tarixdə saat 16 radələrində o, Qadirlə birgə qonşusu Yeganənin Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi 48 nömrəli ünvanda yerləşən evinin hasarına qalxmışlar. O, hasarın üzərində gözləmiş, Qadir isə həyətə düşüb həyətdəki iti əzizləmişdir. Bundan sonra o, Qadirlə birgə hasarın üzərindən həyətdəki tikilinin damına keçərək damın üzərindən evin səhv etmirsə “Linkvin” və ya “Linkoil” markalı kondisionerini söküb çıxarmış və tələsmədən kondisioneri hasarın üzərindən küçəyə qoymuşlar. Bundan sonra Qadir hasardan həyətə düşüb iti yeşiyinə saldıqdan sonra o, da hasardan həyətə düşmüşdür. İt, ona hürərkən Qadir itə qışqıraraq itin ona hürməsini dayandırmışdır. O, Qadirlə birgə evin taxta pəncərəsini güclə itələyib açaraq pəncərədən evə daxil olmuşlar. Evdə işıq yandırmadan evdən 2 ədəd qazan dəsti, 2 ədəd sərinkeş (vintelyator), 1 ədəd dəmir oturacaq və 1 ədəd yararsız halda olan su mühərriki götürərək həmin əşyaları hasardan küçəyə yığmışlar. O, həyətdən çıxandan sonra Qadir iti yeşiyindən həyətə buraxmış və o, da hasardan küçəyə qayıtmışdır. Qadir qazan dəstini və sərinkeşi götürərək Sabunçu qəsəbəsində yerləşən “Bit Bazarı" adlanan bazara getmiş, o, isə məhəllədə qalaraq Qadirin narkotik alıb gətirməsini gözləmişdir. 1-2 saat sonra Qadir narkotiklə məhəlləyə qayıtmış, Qadirin gətirdiyi narkotiki istifadə etmişlər. Qadir bildirmişdir ki, qazan dəstini 10 manata. 2 ədəd sərinkeşin hər birini isə 10 manata sataraq 30 manat əldə etmiş, həmin puldan 20 manat narkotikə vermişdir. Bundan sonra Qadir, Muraz adlı tanışı olan “Pikap" modelli avtomobil sürücüsünə zəng vuraraq Murazı məhəlləyə çağırmışdır. O, Qadirlə birgə, Qadirin evinin qarşısında olan, Qadirə məxsus hamam vannasını, oğurladıqları su mühərrikini, dəmir oturacağı və kondisionerin qoruyucusunu Murazın avtomobilinə yığmış, Qadir kondisioneri küçədə saxlayaraq baha qiymətə satacağını demişdir. Oradan onun evinin qarşısına getmişlər, evinin qarşısından özünə məxsus dəmir toru, yəni setkanı da Murazın avtomobilinə yükləyərək Xəzər rayonu ərazisində, Maştağa- Buzovna yolunda yerləşən metal qəbulu məntəqəsinə gətirmişlər. Həmin əşyaları məntəqənin Anar adlı işçisinə metal kimi 80 manata təhvil vermişlər. Qadirin şəxsiyyət vəsiqəsinin surəti götürülmüş, onlar bildirmişlər ki. əşyalar özlərinə məxsusdur, oğurluq deyil, yararsız olduğundan satırlar. Oğurluqdan əldə etdikləri cəmi 110 manatdan 10 manatını Qadir sürücü Muraza, 20 manatını isə narkotikə verdiyindən özlərində yalnız 80 manat pul qalmışdır. 80 manatı Qadirlə bölmüş, payına düşən 40 manatı şəxsi işlərinə və narkotik almasına xərcləmişdir. Sonralar Qadir kondisioneri də kiməsə 40 manata sataraq həmin pula narkotik almışlar. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini tədqiq edib həmin ifadəyə qiymət verərkən ifadənin sadəcə yazılı şəkildə yazılmamaqla eyni zamanda videogörüntü ilə qeydə alınmasını və həmin videogörüntüdən təqsirləndirilən şəxsin müstəntiqə sərbəst şəkildə ifadə verməsinin, onun verdiyi suallara dərhal və ətraflı cavab verməsinin müşahidə edildiyini nəzərə alır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs müstəntiq tərəfindən dindirilən zaman qarşısına A4 formatda ifadəsinin yazıldığı kağızın qoyulduğunu və ifadəsini oradan oxuduğunu göstərsə də, məhkəmə istintaqı zamanı həmin videogörüntüyə proses iştirakçılarının, o cümlədən, təqsirləndirilən şəxsin özünün iştirakı ilə baxış keçirilən zaman təqsirləndirilən şəxsin qarşısında hər hansı kağızın olmaması, onun sərbəst şəkildə müstəntiqə baxaraq ifadə verməsi və eyni qaydada da ona ünvanlanmış suallara cavab verməsi müəyyən edilmişdir. Bu zaman məhkəmə iclasında təqsirləndirilən şəxs qarşısında hər hansı kağızın olmamasının müəyyən edildiyi bildirildikdə təqsirləndirilən şəxs qarşısında kağız olmasa da, öncədən verəcəyi ifadənin ona təqdim edilərək əzbərlətdirildiyini və bu səbəbdən o formada ifadə verdiyini bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə fərqli arqumentlər irəli sürməsinin göstəricisidir. Belə ki, təqsirləndirilən şəxs ilkin olaraq qəti formada ifadəsini qarşısında yazılmış kağızdan oxumasını bildirmiş, daha sonra həmin videogörüntüdən onun doğrunu söyləmədiyi aşkara çıxan zaman isə o, daha əvvəl göstərməsə də, əslində ifadəsinin ona daha öncədən əzbərlətdirildiyini bildirməklə yeni arqumet irəli sürməklə özünü müdafiə etməyə çalışmışdır. Bununla yanaşı, maraqlı bir məqam da ondan ibarətdir ki, təqsirləndirilən şəxsə hansı səbəbdən ifadəsini əzbərləyərək o məzmunda ifadə verməyə razılaşmasına dair sual verildikdə o, heç bir fiziki zorakılığa məruz qalmadığını, sadəcə müstəntiqin ona daha ağır maddə ilə ittiham irəli sürüləcəyi ilə hədələdiyini, hər dəfəsində ifadə vermək və sənədləri imzalamaq üçün istintaq şöbəsinə getməsi ilə əlaqədar müstəntiqin onu yorduğunu, bu səbəbdən də bezərək videogörüntüdə əks olunmuş məzmunda ifadə verdiyi ifadə verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmiş, iərli sürdüyü arqumenti məhkəmə iclasında sübut edə bilməmişdir. Təqsirləndirilən şəxsin digər, yəni müstəntiqin onu yorması səbəbindən etirafeici məzmunda ifadə verməsinə gəlincə isə məhkəmə təqsirləndirilən şəxsin həmin dəlilini məntiqsiz hesab edərək bir şəxsin sadəcə yorulması səbəbindən gələcəkdə onu cəza, hətta azadlıqdan məhrum etmə cəzasının gözləmə ehtimalının olduğu halda baş vermiş cinayət hadisəsinin baş vermə şəraiti və mexanizmini tam əhatə edən təfərrüatlı ifadələr verməsi real deyildir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş diskdə olan görüntülərdən hadisə günü Şahid1 ilə Təqsirləndirilən şəxs birlikdə metal qəbulu məntəqəsinə gəlməsi, oğurlanmış əmlakları avtomobildən birlikdə endirmələri açıq-aydın görünməkdədir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şahid1la birlikdə metal qəbulu məntəqəsinə gedərkən apardıqları əmlakların oğurluq olduğunu bilmədiyini, həmin əmlakları Qadirin özünün əmlakları zənn edərək onunla getdiyini, həmin əmlakların oğurlanmasında iştirak etmədiyini bildirsə də, onun göstərdiyi həmin xüsusat özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı Şahid1 ifadəsi ilə də təkzib olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, hazırki oğurluq hadisəsi ilə əlaqədar ilkin olaraq Şahid1 saxlanılmış, o, özü ifadəsində oğurluğu Təqsirləndirilən şəxsla birlikdə törətdiyini göstərmiş, yalnız bundan sonra Zeynal Cərayılov özü izahatında Qadirin söylədiklərini təsdiq edərək Qadirlə birlikdə oğurluq etdiyini bidirdikdən sonra təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. Məhkəmə qeyd edir ki, Şahid1 cinayəti tək törətdiyi və cinayətin bir qrup şəxs halında törətməsinin onun vəziyyətini ağırlaşdırdığı halda heç bir ədavət və düşmənçiliyi olmayan, əksinə dost münasibətində olduğu şəxsin adını çəkərək onunla birlikdə oğurluğu törətməsini bildirməsi, o cümlədən, öncədən Təqsirləndirilən şəxs tanımayan müstəntiqin öz mülahizələri əsasında Zeynal Qadirovun cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmağa çalışması heç bir məntiqə sığmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs məhkəmə iclasında metal qəbulu məntəqəsinə gedən zaman heç bir məsələyə qarışmadığını, bütün danışıqların Şahid1 tərəfindən aparıldığını, orada Qadirə hansı məbləğdə pul verilməsini bilmədiyini göstərsə də, məhkəmə iclasında Şahid2 əsas danışıqların Qadir tərəfindən aparılmasına baxmayaraq Zeynalın Qadirin yanında dayanaraq əşyaların oğurluq olmadığını təsdiq etdiyini, Qadirə hansı məbləğdə pul verməsini Zeynalın şəxsən gördüyünü, Şahid3 isə əşyaların avtomobilə Qadirlə Zeynal tərəfindən yığıldığını, hətta metal qəbulu məntəqəsinə çatan zaman taksi kimi xidmət haqqının məbləğinin ona Zeynal tərəfindən ödənildiyini bildirmişdir ki, bu da Zeynalın göstərdiyi dəlillərin öz təsdiqini tapmamasına dəlalət edir. Göründüyü kimi, təqsirləndirilən şəxsi öz müdafiəsi üçün irəli sürdüyü dəlillərin hər biri məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl AR Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (AR CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, həmçinin, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi ilə cəzanın məqsədləri təmin edilə bilər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22.00-dan saat 08.00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, iş üzrə maddi sübut- 01 ədəd dəmir stulun və kondisioner qoruyucusunun qanuni sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut-01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və onun başqa cinayət işi ilə əlaqədar həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut-01 ədəd dəmir stulun və kondisioner qoruyucusunun qanuni sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut- 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri SABUNÇU Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-260/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-260/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver