Məhkəmə qərarları › İş №1(008)-263/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-263/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-263/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı - Zərərçəkmiş şəxs və onun nümayəndəsi X1, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 87, mənzil 45-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il saat 18:30 radələrində Zərərçəkmiş şəxs ofisiant işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası, 22 saylı orta məktəbin yaxınlığında yerləşən kafedə olarkən Zərərçəkmiş şəxs kafenin müdiri Şahid2 borcunu nə üçün qaytarmaması və zənglərinə cavab vermədiyini soruşması səbəbindən aralarında yaranmış mübahisə zamanı kafedə stolun üzərindən götürdüyü şüşə bokal ilə qəsdən vurub ona sol gözyuvasıətrafı-alın nahiyyəsinin dərialtı hematoması və həmin gözün ağlı qişasının qansızması ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid2 ona məxsus «Cənub» kafesini icarə əsasında 7-8 ay ərzində işlətmişdir. Kafedən çıxdıqdan sonra Teymuraz ona təklif etmişdir ki, 26 kv.metr sahəsi olan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası deyilən ünvanda yerləşən obyekti ona satsın. O, Teymurazın təklifi ilə razılaşmış, öz aralarında kafeni 15000 manat dəyərində qiymətləndirmişlər. Teymuraz ona hissə-hissə olmaqla obyektin pulunu 2 ay ərzində verib qurtaracağını bildirmişdir. Teymuraz ilkin olaraq 1500 manat ödədikdən sonra o, razılıq vermişdir ki, Teymuraz həmin obyekti işlətsin və pulunun qalanını hissə-hissə verməyə davam etsin. Teymuraz özü həmin obyekti 2019-cu ilin dekabr ayında təmir edərək kafe şəkilində işlətməyə başlamışdır. Bu müddət ərzində Teymuraz həmin kafedə müxtəlif vaxtlarda ona pulları hissə-hissə olmaqla verirmiş. Beləliklə, Teymuraz ona cəmi 4900 manat pul vermiş, 10000 manat borclu qalmışdır. Bundan sonra, Teymuraz onun telefon zənglərinə dəfələrlə cavab verməmiş və pulun qalanını verməkdən imtina etməyə başlamışdır. xx xxxxxx 2020-ci il saat 18:30 radələrində özünə məxsus “VAZ 2106” markalı avtomobili yudurtmaq üçün Daş karxanası ünvanında yerləşən avtoyuma məntəqəsinin işçisi Orxanı idarə etdiyi qardaşı Ağaddinə məxsus “Rang Rover” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmişdir. Orxan avtomobilə oturduqdan sonra Teymuraza satdığı kafenin açıq olduğunu görüb maşından düşüb kafeyə yaxınlaşmış, kafenin qapısının qarşısında Teymurazın işçisi Nurlananı görüb demişdir ki, «Teymuraz mənim zənglərimə niyə cavab vermir?». Nurlana cavabında onu nalayiq söyüşlərlə təhqir etməyə başlamış, sonra ona tərəf bokal atmışdır. O, əlini qabağa vermiş və sağ əlinin barmaqları xəsarət almış və oradan uzaqlaşmışdır. O, Zərərçəkmiş şəxs bokal atmamış, ona hər hansı xəsarət yetirməmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 3 ay ərzində Teymuraza məxsus olan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası deyilən yerdə 22 saylı orta məktəbin yaxınlığında yerləşən kafedə ofisiant olaraq işləmişdir. O, kafedə işlədiyi müddətdə yanında olan proseslərdən məlumatı olmuşdur ki, həmin kafeni Teymuraz Mirverdinin qardaşı Ağəddindən almışdır. Belə ki, ilkin danışıq zamanı kafenin ümumi qiyməti 13000 manat müəyyən edilmiş, Teymuraz tərəfindən Ağəddinə 12500 manat ödənilmişdir. Ağəddin kafeni Teymurazın adına sənədləşdirəcəyini vəd etsədə, sonradan Ağəddin ilə qardaşı Mirverdi arasında pul üstündə anlaşılmazlıq yarandığı üçün Təqsirləndirilən şəxs dəfələrlə kafeyə gələrək bildirmişdir ki, «kafenin satılmasından ona pul çatmayıb». O bildirmişdir ki, özü işçidir, bu məsələnin ona aidiyyəti yoxdur. xx.xx.2020-ci il tarixdə Teymurazm əsəbi olduğu görüb nə baş verdiyini soruşmuş, Teymuraz ona bildirmişdir ki, Mirverdi ona kafenin işığını kəsmək ilə hədə-qorxu gələrək pul istəyir və obyektin sənədini verməyəcəyini deyir. xx.xx.2020-ci il saat 18:30 radələrində kafenin qabağında olduğu zaman “Rang Rover” markalı avtomobil kafenin qabağında dayanmış, sükan arxasından Mirverdi şüşəni endirib ondan Teymurazın harada olmasını soruşmuş, o isə Teymurazın harada olması barədə məlumatının olmadığını bildirmişdir. Bu zaman Mirverdi yüksək səslə qışqıraraq Teymurazın ünvanına nalayiq söyüşlər söyməyə başlamış, o, Mirverdiyə Teymurazla problemlərini öz aralarında həll etmələrini bildirmiş, daha sonra kafenin içərisinə girmişdir. Kafeyə girdikdən sona mətbəxə daxil olmuş və qab yumağa başlamışdır. Həmin vaxt Mirverdi anidən içəri daxil olaraq üstünə gəlmiş və yaxasından tutaraq onun ünvanına nalayiq ifadələr işlədərək sinəsinə yumruqlarla vurmuşdur. O, Mirverdiyə demişdir ki, «sən nə ixtiyarla mənim yaxamdan tutub, söyürsən və məni vurursan, sənin söhbətin Teymurazladırsa mənim nə günahım?». Bu zaman Mirverdi anidən pivə aparatının üstündə olan şüşə pivə bokalını götürüb onun başının sol nahiyyəsinə bir dəfə zərbə endirmişdir. Daha sonra, kafenin içərisində olan avtoyuma məntəqsinin işçisi Orxan onları ayırmış, Mirverdi kafedən çıxaraq getmişdir. Hadisə zamanı o, Mirverdiyə xəsarət yetirməmiş, ona pivə bokalı atmamışdır. Təqsirləndirilən şəxslə barışmaq istəmədiyini bildirərək ona ağır cəza təyin edilməsini və vermiş olduğu mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası deyilən ərazidə yerləşən avtoyuma məntəqəsində işləmişdir. Həmçinin Zərərçəkmiş şəxs orada qonşu kafedə ofisiant işlədiyi üçün tanıyır. Həmin kafeni Teymuraz Mirverdidən almışdır. xx xxxxxx 2020ci il saat 18:30 radələrində avtoyuma məntəqəsində işdə olarkən müştəri kimi tanıdığı Mirverdi Ağaddinə məxsus “Rang Rover” markalı avtomobil ilə ona yaxınlaşaraq avtomobilinə əyləşdirmiş və özünə məxsus olan “VAZ 2106” markalı avtomobili avtoyuma məntəqəsinə gətirməsini xahiş etmişdir. Bu zaman qonşuluqda yerləşən Teymurazın işlətdiyi kafenin qarşısında Mirverdi avtomobili saxlamış və içəri daxil olmuşdur. Həmin vaxt o, avtomobildə əyləşmişdir. Kafedən yüksək səslə dava-dalaş və nalayiq ifadələrlə əhatə olunan səslər gəldiyini eşitmişdir. Bir-neçə dəqiqə sonra Mirverdi kafedən çölə çıxmış və avtomobilə əyləşmiş, onlar çıxıb getmişlər. Mübahisə vaxtı orada onlardan başqa heç kim olmamış, Nurlanın hər hansı xəsarət almasını görməmiş, lakin, sonunju alın nahiyyəsini parça ilə bağladığı üçün oraya təcili tibbi yardım briqadası çağırmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspert rəyini də sübut növü kimi qəbul edir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası SN Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və X3 rayon şöbəsi tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 171 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözyuvası ətrafı alın nahiyyəsinin dərialtı hematoması və həmin gözün ağlı qişasına qansızma müəyyən edildi. Xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasıyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. (i.v. 48-50) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza şərti hesab edilmiş, xx.xx.2015-ci il tarixdə sınaq müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v. 71-72) İş materiallarında olan xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd şüşə bokal cinayət işi üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 92-96) İş materiallarında olan xx xxx 2020-ci il tarixli qətimkan seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 123) İş materiallarında olan müayinə aktından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir. (i.v. 23) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs «… Nurlana ona tərəf bokal atmışdır. O, əlini qabağa vermiş və sağ əlinin barmaqları xəsarət almış və oradan uzaqlaşmışdır. O, Zərərçəkmiş şəxs bokal atmamış, ona hər hansı xəsarət yetirməmişdir» deməsi iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri ilə tam təkzib olunur. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi işdə olan sübutlarla öz təsdiqini tapmadığından, əksinə təkzib olunduğundan özünü müdafiə xarakterli ifadə kimi qəbul olunaraq əsassız sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məhkəmədə olan davranışını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə cinayət prosesual qanunvericiliyin mülki iddiaya aid yuxarıda sadalanan normalarını rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını və cinayət işinin mülki iddiaya aid materialını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin olunmamalıdır. Belə ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 5700 manat tutulmasını xahiş etsədə həmin maddi ziyanın nədə öz əksini tapmasını göstərə bilməmiş, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan - hadisə yerindən götürülmüş 01 ədəd şüşə bokal hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş) manat məbləğində cərimə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan - hadisə yerindən götürülmüş 01 ədəd şüşə bokal hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar