Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-263/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsi, ev 85A ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,210 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 09 avqust 2023-cü il tarixdə saat 19:40-da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində dayanmış vəziyyətdə olan "Galoper" markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman özünü şübhəli apardığı üçün saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasına gətirilib xidməti otaqda üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,210 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə saat 19:40-da o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində əvvəlcədən tanıdığı Əmirulla və Arif adlı şəxslərlə Əmirullanın idarə etdiyi marka və qeydiyyat nömrəsini xatırlamadığı avtomobilində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində olan zaman polis əməkdaşları onların olduqları avtomobilə yaxınlaşıb özlərini təqdim etmişlər. O, üzərində narkotik vasitə olması səbəbindən həyəcanlanmışdır, polis əməkdaşları ondan şübhələnmişlər. Onları Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsinin inzibati otaqların birində ona dövlət hesabına vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu zaman o, qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus içərisində “patı" adlanan maddə olan 01 ədəd şəffaf rəngli sellofan bükümü, 1 ədəd özünə məxsus olan “Bakcell” markalı nömrə kartını, 01 ədəd alışqanı çıxardaraq təqdim etmişdir. Üzərindən aşkar edilən madə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində iş yoldaşları Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin polis nəfərləri, Şahid2 və Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində xidmətdə olan zaman **- LV-*** dövlət qeydiyyat nişanlı, "Galoper” markalı avtomobilin dayanıqlı vəziyyətdə olduğunu və içərisində 3 nəfər şəxsin özlərini şübhəli apardıqları və davranışları ilə narkotik vasitə aludəçiləri olmasından şübhələnmişlər. Onlara yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra onlardan özlərini təqdim etmələrini istəmiş və həmin şəxslər də özlərini X1, Təqsirləndirilən şəxs və X3 təqdim etmişlər. Həmin şəxslər özlərini şübhəli apardıqları üçün onları Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Onlar da razılaşıb birlikdə Polis Bölməsinə getmişlər. Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsində onların şəxsiyyəti dəqiqləşdirildikdən sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edilməklə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində olan əşaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümü, 01 ədəd bakcell plastik kartı, Leobank kartını, 01 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bir ədəd şəffaf rəngli bükümün içərisinə baxış zamanı içərisində ağ rəngli, kristal formalı maddənin olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəki maddənin “metamfetamin” olduğunu, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı əlavə və ya düzəliş daxil olmamış və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələrində Şahid3 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:40 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü, 01 ədəd “Bakcell” yazılı plastik kartı, 01 ədəd “Leo Bank" yazılı plastik kartı və 01 ədəd alışkanı çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu şəffaf rəngli sellofan bükümün içərisinə baxış zamanı ağ rəngli maddənin olması aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur(i.v.31- 32); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 5103 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.87-88); məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/1-6/4278 nömrəli, 10 avqust 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "vət. Təqsirləndirilən şəxs o. (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,210 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir(i.v.91-95); diskə baxış keçirilməsi haqqında 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təkil olunur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü, 01 ədəd “Bakcell” yazılı plastik kartı, 01 ədəd “Leo Bank” yazılı plastik kartı və 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu şəffaf rəngli sellofan bükümün içərisinə baxış zamanı içərisində ağ rəngli, kristal formalı narkotik vasitəyə bənzər maddənin olması aşkar olunur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəki maddənin “metamfetamin" kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata 01 bükümü öz istifadəsi üçün aldığını bildirir. Aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bükümü, 01 ədəd ‘‘Bakcell” yazılı plastik kartı, 01 ədəd "Leo Bank” yazılı plastik kartı və 01 ədəd alışqan götürülərək qablaşdırılması, sonra isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur(i.v.112); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.134-136); qətimkan tədbirinin seçilməsi barədə 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.137-138); maddi sübut kimi tanıma haqqında 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,210 qram psixotrop maddə metamfetamin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq çəki 0,160 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(i.v.175-176); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-620/2023 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 10 may 2023cü il tarixdən 12 may 2023-cü il tarixədək saxlanıldığı 02 gün müddət ona təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmışdır(i.v.190-207); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü azyaşlı övladı vardır(i.v.208); Sübutların qiymətləndirilməsi haqqında 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparıldığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.220-229); Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 09 avqust 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,210 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM-59.1.4), əməlindən peşman olmasını(CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-620/2023 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-620/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM- 65.2.), Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-620/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, 10 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək, 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04(dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 26 sentyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi – 0,210 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,160 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-620/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 10 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək, 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04(dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, təmiz çəkisi – 0,210 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,160 qram psixotrop maddə metamfetamin qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-263/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-263/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver