Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-263/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin1(008)- 631/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,415 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 04 dekabr 2024-cü il tarixdə saat 01:15 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında olan zaman şübhəli olduğu üçün saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,415 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Sabunçu rayon məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətinə azadlığı məhdudlaşdırılmışdır, lakin üzərində elektron nəzarət vasitəsi daşımır. 1 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə 03 dekabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi şəxsə 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün 01 (bir) büküm narkotik vasitə olan kakos almış və onu əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur, narkotik vasitəni özü üçün almış və həmin maddəni digər şəxsə satmaq fikrində olmamışdır. 04 dekabr 2024-cü il tarixdə saat 01:15 radələrində yaşadığı ünvanın qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün onu Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə gətirmişdirlər. Polis Bölməsinin inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkil dəvət edilmiş, dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçiriləcək və o vəkilin həmin şəxsi axtarışda iştirak etməsini istəməmişdir. Üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə kakos kimi tanıdığı kütləni təqdim etmiş, polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin narkotik vasitə kakos olduğunu, həmin maddəni adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manat əlbəəl pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə kakos olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı özü də, protokolun düzgünlüyünü imzasıyla təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq göstərilməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmur, üzərindən aşkar edilmiş narkotik vasitə heroini heç bir şəxsə satmaq niyyətində olmamışdır. Azerfon MMC-dən daxil olmuş istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** nömrəsindən 07 oktyabr 2024-cü il tarixdə "Gagaw biyag dediyim kimi 3 dene. Catiram siza man 5 daga", 18 oktyabr 2024-cü il tarixdə ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə "Kejo temayla deiwmek istiyen oisa xeber eliyersen bele 13m ozun istesen awaxi yeride var m40 soz yox", 28 oktyabr 2024-cü il tarixdə 077- ***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə "qaqa onu 4eded ele", 30 oktyabr 2024- cü il tarixdə həmçinin ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə "bu gun seni nece defe yixmisam hindi se konturum yoxdu neyse var", "he yox de mene", "qaqa kontrum yoxdu varndsa gelim" və s. məzmunlu SMS mətnləri onun mobil nömrələrinə daxil olmuş və mobil nömrələrdən çıxmışdır, həmin yazışmalar özü tərəfindən yazılmışdır. Özü narkotik vasitə aludəçisi olduğundan ətrafında narkotik vasitə və psixotrop maddə istifadəçiləri var, həmin şəxslər də ağrıları olduğu üçün ona müraciət edib narkotik vasitə istədikdə həmin şəxslərə vermişdir. Narkotik vasitəni müxtəlif şəxslərə versə də pul qarşılığında verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 04 dekabr 2024-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuş, əməliyyat qrupunun tərkibinə özü və Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili X4 daxil edilmişdir. Tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə saat 01:15-də ünvan 3 ünvanında piyada hərəkətdə olan zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə məlumata malik olduqlarını bildirib Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis bölməsinə aparılanadək olan müddət ərzində tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitə heroini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş, və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarışın keçiriləcəyi izah edilmişdir. Lakin Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsini tələb etmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükülünü çıxararaq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin kakos olduğunu deyərək, həmin kütləni üzdən tanıdığı, lakin adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsə 20 (iyirmi) manat verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində qəhvəyi rəngli kütlə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunaraq düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 Emil Sadıx oğlu ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 04 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:15 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.20); şəxsi axtarış və götürmə aparılması haqqında 04 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı yeri bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 041 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayə təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (i.v.31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2024-cü il tarixli, 3-16-16/2-6/5379 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi: 0,415 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir.Qeyd: Heroinin təmiz çəkisi - 0,415 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,365 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir(i.v.38-40); Diskə baxış keçirilməsi haqqında 05 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci PŞ-nin əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildiyi, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunduğu, bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik maddəni təqdim edir. Təhqiqatçı tərəfindən təqdim olunmuş bükümə baxış keçirildikdən sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş bükülüdən aşkar olunmuş kütlənin kakos kimi tanıdığı maddə olduğunu, həmin maddəni üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 20 manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində kütlə olan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır(i.v.76); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır(i.v.81-84); Qətimkan tədbirinin seçilməsi haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.85-86); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)- 631/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur( i.v.109-117); Maddi sübut kimi tanıma haqqında 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) bükümdə olan təmiz çəkisi 0,415 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertizanın tədqiqatından sonra narkotik vasitə tiryəkin 0,365 qram çəkidə olan qalıq hissəsi saxlanması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, narkotik vasitə heroinin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi barədə 04 dekabr 2024-cü il tarixli protokola əlavə etdiyi 01 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur(cild 2, i.v.123-125); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7972 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.130-131); Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Azerfon MMC-dən 13 yanvar 2025-ci il tarixli AZF/LGL- 3111/25 nömrəli məktubla daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə ***-***-**-** nömrəsindən 07 oktyabr 2024-cü il tarixdə "Gagaw biyag dediyim kimi 3 dene. Catiram siza man 5 daga", 18 oktyabr 2024-cü il tarixdə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə "Kejo temayla deiwmek istiyen olsa xeber eliyersen bele 13m ozun istesen awaxi yeride var m40 soz yox", 28 oktyabr 2024-cü il tarixdə həmçinin ***-***-**- ** nömrəsindən ***-***-**-** nömrəsinə "qaqa onu 4eded ele", 30 oktyabr 2024-cü il tarixdə həmçinin ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə "bu gun seni nece defe yixmisam hindi se konturum yoxdu neyse var", "he yox de mene", "qaqa kontrum yoxdu varndsa gelim" və s. narkotik vasitələrin başqa şəxslərə verilməsi, birlikdə narkotik vasitələr qəbul edilməsi kimi çoxsaylı sms mətnləri daxil olması və çıxması aşkar edilmişdir(i.v.140); Maddi sübut kimi tanınma haqqında 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.147-148); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayon məhkəməsinin 1(008)- 631/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ünvanına 3 gün müddətində idarəyə gələrək qeydiyyatdan keçməsinə dair bildiriş göndərilməsinə baxmayaraq, o, həmin hökm üzrə cəzanı icra edən orqanda qeydiyyata alınmamış və cəzasının heç bir hissəsini çəkməmişdir.xx.xx.2025-ci il tarixə məhkum Təqsirləndirilən şəxs çəkilməmiş 02 il 11 ay 24 gün cəzası qalmışdır. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 04 dekabr 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərinə baxış keçirilməsi zamanı onun istifadəsində olan mobil nömrə vasitəsilə ayrı ayrı şəxslər tərəfindən narkotik vasitələrin satışı ilə bağlı müxtəlif məzmunlu yuxarıda göstərilmiş sms mətnləri müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq göstərmişdir ki, özü narkotik vasitə aludəçisi olduğundan ətrafında narkotik vasitə və psixotrop maddə istifadəçiləri var, həmin şəxslər də ağrıları olduğu üçün ona müraciət edib narkotik vasitə istədikdə həmin şəxslərə vermişdir. Narkotik vasitəni müxtəlif şəxslərə versə də pul qarşılığında verməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs bu ifadəsi də narkotik vasitələrin satılmasını təsdiq edən hal kimi qiymətləndirilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşka edilmiş narkotik vasitənin satış məqsədilə əldə edərək üzərində daşımasına dəlalət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,415 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin1(008)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməllərini Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 11 ay 24 gün müddətinə hissəsi ilə qismən birləşdirilərək qəti cəza təyin edilməli(CM-67.1), cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2025-ci il tarixdən hesablanmalı, 04 dekabr 2024-cü il tarixdən 05 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 04(dörd) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3),cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM- 56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin1(008)- 631/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 11(on bir) ay 24(iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 05 (beş) ay 27(iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 04 dekabr 2024-cü il tarixdən 05 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təhvil verilmiş təmiz çəkisi 0,415 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,365 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-263/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-263/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver