Məhkəmə qərarları › İş №1(008)-265/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-265/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-265/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,246 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 02 avqust 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,246 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, “kokos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitə heroini Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 02 avqust 2023-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata istifadəsi üçün 01 ədəd şəffaf rəngli sellofan bükülüdə narkotik vasitə heroin almış, həmin heroinin bir qismindən istifadə etmiş, həmin bükümü göy rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, sonra istifadə edər. 02 avqust 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yolun kənarında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istədiklərində həmin vaxt üzərində heç bir sənəd olmadığından, oradan yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmiş, başa düşmüşdür ki, polis əməkdaşları onun üzərində narkotik vasitə olmasından məlumatları var, buna baxmayaraq özünü çox şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etmiş, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməyindən və narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə getməyini təklif etmişlər. Həmin zaman səs-küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 12-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş, dövlət hesabına təyin olunmuş müdafiəçini ona təqdim etmişdir. Video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirmiş, müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılması üçün özü ərizə ilə müraciət etmiş, çünki müdafiəçinin yanında istəməmişdir ki, təqdim etmiş olduğu narkotik vasitə heroini görsün. Müdafiəçinin gələcəkdə onu ürəkdən müdafiə etməsi üçün onun iştirakını istəməmişdir. Bundan sonra polis əməkdaşı üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyi təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülüdə olan narkotik vasitə heroin bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşı təqdim etdiyi şəffaf rəngli sellofan bükülüdən aşkar olunmuş kütlənin nə olduğunu soruşduqda səmimi olaraq şəffaf rəngli sellofan bükülünün içərisindən aşkar edilən kütlənin “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu deyərək, 02 avqust 2023-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı özü də, protokolun düzgünlüyünü imza ilə təsdiq etmişdir. Əməlindən səmimi peşmandır. Şahid qismində dindirilmiş Sabunçu RPİ 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 avqust 2023-cü il tarixdə saat 11 radələrində Sabunçu RPİnin 12-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yolun kənarında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və həmin vaxt onun şübhəli hərəkətlərlə oradan yayınaraq getmək istədiyini görmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olmasından şübhələnib üzərində şəxsi axtarış aparılması üçün Sabunçu RPİnin 12-ci PŞ- nə dəvət etmişlər. Daha sonra tərəflərindən bu barədə raportla məruzə olunmuş, 12-ci PŞ- də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə ərizə ilə müraciət etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan büküm təhqiqatçı tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin "kakos" kimi tanıdığı narkotik vasitə olduğunu, Sabunçu qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədilə 20 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra aşkar edilmiş büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunduqdan sonra düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şahid qismində dindirilmiş Sabunçu RPİ 12-ci PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.13); şəxsi axtarış və götürmə aparılması haqqında 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Kakos” olduğunu, Sabunçu rayonu, Sabunçu qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v.24-25); məhkəmə-kimyəvi ekspertizasının 02 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4127 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 159" möhür əksi olan, "vət.Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,246 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir(i.v.34-37); diskə baxış keçirilməsi barədə 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan büküm təhqiqatçı tərəfindən açılarkən içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar olunur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan qəhvəyi rəngli maddənin "kakos" kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni Sabunçu rayonu, Sabunçu qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata özü istifadə etmək məqsədilə əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir (i.v.46); təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır(i.v.69-71); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v.72-73); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.105-106); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur( i.v.119); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 8073 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir neçə narkotik vasitələrin və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.120-121); sübutların qiymətləndirilməsi haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,246 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 1,196 qram narkotik vasitə olan heroin saxlanılması üçün hesab olunaraq saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə keçirilməsinə dair video görüntülər olan 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir. (i.v.127-133); Məhkəmə iclasında bir ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 02 avqust 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini(CM-59.2) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 02 avqust 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,246 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1,196 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 avqust 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,246 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1,196 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar