Məhkəmə qərarları › İş №1(008)-265/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-265/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-265/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağdaş rayonunun Kotanarx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, orta təhsilli, müvafiq qaydada ödənilməmiş və götürülməmiş məhkumluğu olan, Ağdaş rayonunun Kotanarx kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, E.Mehdiyev küçəsi nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və daşıma əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,890 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və xeyli miqdarda, təmiz çəkisi 0,901 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, E.Mehdiyev küçəsində kirayə yaşadığı nömrəsiz fərdi evin qarşısınadək daşımış, həmin ərazidə özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 21 may 2024-cü il tarixdə, saat 15:00 radələrində saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən ayrıayrılıqda hər birinin içərisində xeyli miqdarda, təmiz çəkisi 0,890 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xeyli miqdarda, təmiz çəkisi 0,901 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan iki ədəd ağ rəngli sellofan bükümlər aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra səhhətində ciddi tibbi fəsadlar yaşamış, xüsusilə yaddaşında müəyyən boşluqlar müşahidə olunmuşdur. Hadisədən sonrakı bəzi məqamları dəqiq xatırlamasa da, istintaq orqanı qarşısında verdiyi ilkin ifadələri təsdiq edir və həmin ifadələrdə qeyd olunan məlumatların həqiqətə uyğun olduğunu bildirir. Uzun müddətdir hər hansı narkotik və ya psixotrop maddədən istifadə etmir. Konkret olaraq, metamfetamin adlı psixotrop maddəni heç vaxt qəbul etməmişdir və həmin maddənin onun üzərində və ya yaşayış ünvanında aşkar edilməsi ilə bağlı hər hansı fakt mövcud deyil. O, xalasıgilə gedərkən qəbiristanlıq ərazisinə yaxın yolda yolun kənarında təsadüfən, kağıza bükülmüş vəziyyətdə olan sarı rəngli, toz halında bir maddə tapmış və həmin maddənin görünüşünə əsasən onun xalq arasında "kakos" kimi tanınan narkotik vasitə olduğunu ehtimal etmişdir. Tapdığı narkotik vasitəni üzərində daşımasına baxmayaraq, ondan istifadə etməmiş, sadəcə həmin narkotik vasitəni evinə aparmışdır. 21 may 2024-cü il tarixdə, saat 13:00 radələrində kirayə yaşadığı evdə tək olduğu zaman polis əməkdaşları onun yaşadığı evə daxil olaraq onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparmış, polis şöbəsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya zor tətbiq olunmamış, fiziki xəsarət almamış, həmçinin hər hansı dövlət orqanına və ya digər instansiyalara şikayət etməmişdir. İstintaq prosesi zamanı onun dindirilməsi aparılmamış, yalnız videoçəkiliş həyata keçirilmişdir. Bununla belə, verdiyi izahatlar və bəyanatlar tamamilə öz iradəsinə uyğun olmuş, heç bir məcburiyyət və ya təzyiq altında ifadə vermədiyini bildirmişdir. Onun ifadələri ona təqdim edilməmiş və ya səsləndirilməmiş, lakin o, ifadə məzmununa dair razılığını açıq şəkildə ifadə etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, özü artıq xeyli vaxtdır ki, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir, hərdən bir imkanı olanda, rastına düşəndə onlardan özü üçün istifadə edir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində üzdən tanıdığı, əvəllər də bir neçə dəfə narkotik vasitə və psixotrop maddə aldığı, adını, ünvanını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxslə təsadüfən rastlaşaraq həmin şəxsdən özü istifadə etmək üçün narkotik vasitə və ya psixotrop maddə istəmiş, həmin şəxs də ondan 40 manat pul alaraq əvəzində cibindən çıxardığı iki ədəd, birinin içərisində «şüşə» adlanan psixotrop maddə «metamfetamin», digərinin içərisində isə «kakos» adlanan narkotik vasitə «heroin» olan sellofan bükümləri verərək oradan uzaqlaşmışdır. Həmin bükümləri şalvarının cibinə qoyaraq piyada yaşadığı ev istiqamətində hərəkət etməyə başlamış, saat 15 radələrində evinin yaxınlığında, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, kim olduğunu, harada yaşamağını, əvvələr məhkum olubolmadığını soruşmağa başlamışlar. Həmin vaxt üzərində narkotik vasitə və psixotrop maddə olduğundan həyəcanlanaraq özünü itirmiş, polis əməkdaşları da bunu hiss edərək ondan şübhələnmişlər, şübhələrə aydınlıq gətirmək üçün onlarla birlikdə Polis Şöbəsinə getməii olduğunu bildirmişlər. Etiraz etməmiş və polislərlə birlikdə avtomobillərinə əyləşib 12-ci Polis Şöbəsinə getmişdir, orada onu nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər, vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri ona izah olunaraq üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan olunmuş, həmin prosessual hərəkətdə müdaifəçinin iştirak edib-etməməsinə dair münasibəti aydınlaşdırılmış, düşünmüş ki, onsuzda şəxsi axtanş zamanı üzərində olan narkotik vasitə və psixotrop maddə aşkar olunacaq, müdafiəçi də buna şahid olsa sonradan artıq onu müdafiə edə bilməyəcək, ona görə ərizə yazaraq xahiş etmişdir ki, üzərinə şəxsi axtanş müdafiəçinin iştirakı olmadan keçirilsin. Bundan sonra oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər, baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olan iki ədəd sellofan bükümləri çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq o, həmin bükümlərin içərisindəki kütlələrin «şüşə» adlanan psixotrop maddə metamfetamin və «kakos» adlanan narkotik vasitə «heroin» olmasını təsdiq etmiş, üzərindən aşkar olunmuş bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir, bu müddət ərzində mütamadi olaraq qəbul etmirmiş, hərdən bir rastına düşəndə, pulu olanda qəbul edirmiş. Polislər tərəfindən tutulmamaq üçün onları əsasən Bakı şəhərinin müxtəlif rayonlarından müəyyən yerlərdən təsadüfən rastlaşdığı tanımadığı şəxslərdən alırmış. Narkotik satanlar və narkotik aludəçiləri bir birini uzaqdan, xarici görünüşündən tanıyırlar, ona görə də yuxanda qeyd etdiyi «müəyyən yerlərdə» onun kimilər üçün narkotik vasitə və psixotrop maddə almaq heç bir problem yaratmır. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddəni satan şəxsi görsə tanıyar, həmin şəxsin adını, soyadını və ünvanını dəqiq bilməsə də sifətdən həmin şəxsi tanıyır. Həmin şəxs alış-veriş etdiyi ərazinin ətrafında yaşadığı üçün daima oralarda olurmuş, həmin əraziyə gedib həmin şəxsi orada tapmaqa 15-20 dəqiqə vaxt lazım olurmuş, ona görə də həmin şəxslə əvvəlcədən heç bir əlaqə qurmadan həmin əraziyə gedərək rastlaşmaq olurmuş. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddəni bir birinə qarışdırıb birlikdə yandırıb tüstüsünü çəkməklə istifadə edir, ona görə həm psixotrop maddə, həm də ki, narkotik vasitə almışdır ki, birlikdə qəbul etsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 Suliddin oğlu ifadəsində göstərmişdir ki, 21 may 2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə xidməti ərazidə, yəni, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, E.Mehdiyev küçəsində xidmətdə olarkən bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görərək ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmiş, lakin, həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması şübhəsi yaranmışdır. Bu səbəbdən də, həmin şəxsi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmiş, həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Saxlanılan zaman şəxsin yanında heç kim olmamış, qaçma və yayınma cəhdi müşahidə edilməmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis şöbəsində, təhqiqatçının xidməti otağında ona qanunvericiliyə uyğun olaraq hüquqları izah edilmiş, vəkil hüququ təmin edilməsi məqsədilə Bakı şəhəri 07 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Təhqiqatçının iştirakı ilə şəxsə, vəkil olmadan üzərinə baxış aparılmasına razılıq verib-vermədiyi soruşulmuş, o isə bu prosesin vəkilin iştirakı olmadan aparılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra həmin şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə salaraq cibindən iki ədəd, birinin içərsində tünd qəhvəyi rəngli toz şəkilli kütlə, digərinin içərisində isə ağ rəngli kristall şəkilli kütlə olan sellofandan hazırlanmış bükümləri çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində «kakos» adlanan narkotik vasitə «heroin» və «patı» adlanan psixotrop maddə «metamfetamin»-in olmasını, həmin narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün tərəflərindən saxlanılmamışdan bir qədər əvvəl Ramana qəsəbəsi ərazisindən tanımadığı şəxsdən alaraq üzərində daşıdığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtiai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 21 may 2024-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 Suliddin oğlu ilə birlikdə inzibati ərazidə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, E.Mehdiyev küçəsində xidmətdə olarkən bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görərək ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmiş, lakin, həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması şübhəsi yaranmışdır. Bu səbəbdən də, həmin şəxsi işlədiyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmiş, o, heç bir etiraz etmədən xidməti avtomobilə əyləşdirilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin yerləşdiyi, ünvan 2 ünvanına gətirilmişdir. Polis Şöbəsində növbətçi təhqiqatçı polis leytenantı Nağıyev Hüseyn tərəfindən müvafiq prosessual hərəkətlərin sənədləşdirilməsinə başlanılmış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq saxlanılan şəxsin hüquqlarının təmin edilməsi məqsədilə növbətçi vəkilin iştirakı təmin olunmuşdur. Şəxsin şəxsiyyəti müəyyənləşdirilərək onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təhqiqatçının, vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə xəbərdarlıq edilmiş və qanunla qadağan olunmuş hər hansı predmetin olub-olmaması barədə sorğu yönəldilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofandan hazırlanmış büküm çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlərin birində tünd qəhvəyi rəngli toz şəkilli maddə, digərində isə ağ rəngli kristallik quruluşlu maddə olmuşdur. Təqsirləndirilən şəxs izahatında, bükümlərin içərisində "kakos" kimi tanınan narkotik vasitə heroin və "patı" kimi tanınan psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, həmin maddələri şəxsi istifadəsi üçün bir müddət əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən alaraq üzərində saxlamışdır. Şəxsi axtarışın aparılması və narkotik vasitələrin təqdim edilməsi prosesi xidməti otaqda videokamera vasitəsilə qeydə alınmışdır. Aşkar edilmiş maddələr müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, bu barədə axtarış protokolu tərtib edilmiş, protokol iştirak edən bütün şəxslər tərəfindən imzalanmaqla hüquqi qüvvəyə malik sənəd kimi rəsmiləşdirilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və ya satışında iştirak edib-etmədiyi barədə ilkin mərhələdə hər hansı məlumat təqdim etməmişdir. Onun saxlanılması əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında deyil, xidməti müşahidə zamanı onun davranışlarında yaranmış əsaslı şübhələrə görə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən üzərindən metamfetamin aşkar olunmadığını bildirsə də, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsi elan olunduqdan sonra ifadədə qeyd olunan mtamfetaminin aşkar olunması ilə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, şahidin elan olunmuş ifadəsində qeyd olunanlar həqiqətə uyğundur, üzərindən həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkilləri Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən ayrı-ayrılıqda hər birinin içərisində qəhvəyi rəngli maddə və ağ rəngli kristallik hissəciklərdən ibarət maddə olan iki ədəd ağ rəngli sellofan büküm aşkar olunaraq götürülmüş, sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 22-23). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat müəyyən edilmişdir. (i.v.32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/1-6/2863 nömrəli, 22 may 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,890 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,901 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0.840 qram, psixotrop maddə metamfetaminin qalıq çəkisi 0.851 qramdır (i.v.33-34). "Maddi sübut kimi tanıma haqqında” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v.50). "Maddi sübut kimi tanıma haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.840 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0.851 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (i.v.78). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 27 avqust 2024-cü il tarixli, 5909 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.120-121). “Diskə baxış keçirilməsi haqqında” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMCdən daxil olmuş 01 ədəd CD diskdə olan məlumatlara keçirilmiş baxış zamanı iş üzrə istintaq marağı və sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (i.v. 130). “Diskə baxış keçirilməsi haqqında” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskdə olan məlumatlara keçirilmiş baxış zamanı iş üzrə istintaq marağı və sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (i.v. 131). "Sübutların qiymətləndirilməsi haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.2 və 238-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 132-140). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 2 qram olduqda isə külli miqdar, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi və saxlaması, maddənin üzərində aşkar edilməsi, iradəsinə uyğun izahatlar verməsi və prosessual pozuntu iddialarının olmaması onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və ya maddənin ağırlaşdırıcı bəndləri ilə məsuliyyətə cəlb edə bilər. Sağlamlıq vəziyyəti (yaddaş pozuntuları) cinayət məsuliyyətindən azadolma üçün əsas yaratmır, əgər bu, məhkəmə-tibbi ekspertiza ilə sübut olunmayıbsa. Təqsirləndirilən şəxs “…Konkret olaraq, metamfetamin adlı psixotrop maddəni heç vaxt qəbul etməmişdir və həmin maddənin onun üzərində və ya yaşayış ünvanında aşkar edilməsi ilə bağlı hər hansı fakt mövcud deyil.....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə, eləcə də sonuncu məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilətəkzib olunmaqla rədd edilir. Cinayət prosesi qanunvericiliyinə görə, təqsirləndirilən şəxsin ifadələri, xüsusilə özünü müdafiə xarakterli ifadələr, müstəqil sübut kimi qəbul edilmir və təkbaşına obyektiv həqiqətin müəyyən olunması üçün kifayət sayılmır. Bu baxımdan, Təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə metamfetaminin üzərində olmadığını iddia etməsi subyektiv açıqlamadır və sübut kimi qəbul edilmir. Bundan başqa təqsirləndirilən şəxs ilk ifadəsində heç vaxt metamfetamin istifadə etmədiyini bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 27 avqust 2024-cü il tarixli, 5909 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3- cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1- ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3- cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: "Şübhəli şəxsin tutulması haqqında” 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə, saat 15:50-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.13). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə ” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X2 vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.72-73). “Qətimkan tədbiri seçilməsi haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 may 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.74-75). “Qətimkan tədbiri seçilməsi haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 fevral 2025-ci il tarixdə “polisin nəzarəti vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.127-128). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 02 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 06 (altı) ay müddətinə azaldılmış, 26 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərarına əsasən barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 02 (iki) ay 23 (iyirmi üç) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur (i.v. 89). “Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-265/2025 nömrəli, 25 aprel 2025-ci il tarixli” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması” haqqında 22 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün polis şöbəsinə gətirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut - 03 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1 -ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0.840 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0.851 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar