Məhkəmə qərarları › İş №1(008)-267/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-267/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-267/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ermənistan SSR-nin Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi, nömrəsiz ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə, saat 21:10 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMW 328” markalı, **-EA-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabarat qəsəbəsində üzü Maştağa qəsəbəsi, Savalan massivi istiqamətində hərəkətdə olarkən, «X4» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələblərinə riayət etməyərək Zabrat dairəsinin yaxınlığında “Ayxan market”in qarşısında yolun sol hissəsindən sağına keçən piyada Zərərçəkmiş şəxs avtomobilinin qabaq hissəsilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun tetraplegiyaya (ətrafların iflici) səbəb olan boyun fəqərələrinin çoxsaylı qapalı sınıqları, alln, sol almacıq və çənə nahiyələrinin sıyrıqları, sol qaş, burun və çənəaltı nahiyələrinin əzilmiş yaraları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi, nömrəsiz evdə yaşayır. “BMW 328” markalı, **-EA-*** qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 17 yanvar 2021-ci il tarixdə, saat 21:10 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivinə yaşadığı evə getmək məqsədi ilə hərəkətdə olmuş, həmin vaxt qohumu Şahid1 ön oturacaqda sərnişin qismində əyləşmişdir. Avtomobili təxminən 50 km/saat sürətlə Sabunçu rayonu, Zabrat dairəsinin yaxınlığında üzü Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “Ayxan marketin” qarşısında yolu soldan sağa keçən bir nəfər piyadanın ani bir vaxtda orta xətdən onun avtomobilinin qarşısına çıxdığını görmüş, avtomobilin əyləcini sıxaraq hadisənin qarşısını almağa çalışmış, lakin, buna nail ola bilməmiş, avtomobilinin ön sol hissəsi həmin piyadaya dəymişdir. O, dərhal avtomobildən enərək piyadaya yaxınlaşmış, piyadanın xəsarət olduğunu görərək hadisə yerinə təcili tibbi yardım çağırmış, bir müddət sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım stansiyası həkimləri tərəfindən tibbi yardım göstərilməsi üçün xəsarət almış piyada xəstəxanaya aparılmışdır. O, hadisə yerini tərk etməmiş, polis əməkdaşlarının gəlməsini gözləmişdir. O, sonradan öyrənmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan piyada Zərərçəkmiş şəxsdur. O, bir neçə ay ərzində Zərərçəkmiş şəxs müalicəsi üçün 158.000 manat pul xərcləmiş, lakin, aldığı müalicələrə baxmayaraq Zərərçəkmiş şəxs səhhəti normallaşmamışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində qohumları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən üzü Sabunçu qəsəbəsi istiqamətində gedərkən, Sabunçu rayonu, Zabrat dairəsinin yaxınlığında “Ayxan” marketə girmək üçün yolun sağ hissəsində dayanmışlar. O, avtomobildən enərək yolun sağ hissəsindən soluna doğru “Ayxan” marketə girmək üçün yolu keçən zaman, Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan sonradan adının Elman olduğunu öyrəndiyi şəxs, idarə etdiyi “BMW 328” markalı **-EA- *** qeydiyyat nişanlı avtomobillə yolun sağ hissəsində orta xətdən təxminən yarım metr sağ hissədə onu vurmuşdur. Hadisə nəticəsində xəsarət aldığı üçün təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Hadisə vaxtı qohumları yolun kənarında avtomobildə olsalar da, hadisənin şahidi olmamışlar. Hadisədən sonra Təqsirləndirilən şəxs onun müalicə və əməliyyat xərclərini qarşılamış, lakin, aldığı müalicələrə baxmayaraq səhəti normallaşmamışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Təqsirləndirilən şəxs “BMW 328” markalı, **-EA-*** qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 17 yanvar 2021-ci il tarixdə, saat 21:10 radələrində Elmanın idarə etdiyi “BMW 328” markalı, **-EA-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivinə yaşadıqları evə gedən zaman, o, avtomobildə ön oturacaqda sərnişin qismində əyləşmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində Zabrat dairəsinin yaxınlığında üzü Maştağa qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman “Ayxan marketin” qarşısında qarşılarında hərəkətdə olan nömrəsini bilmədiyi və sürücüsünü tanımadığı bir avtomobil keçdikdən sonra orta xətdən yolu solundan sağma keçən bir nəfər piyada ani bir vaxtda avtomobilin qarşısına çıxmışdır. Həmin zaman məsafə çox az olduğu üçün Elman hadisənin qarşısını ala bilməmiş, avtomobilin qabaq ön sol hissəsi həmin piyadaya dəymişdir. Sonradan məlum olmuşdur ki, həmin piyada Zərərçəkmiş şəxsdur. Elman dərhal təcili tibbi yardıma zəng vurmuş, təcili tibbi yardım avtomobili gəlib Rüfəti xəstəxanaya aparmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlib Elmanın iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Həmçinin Elman sərxoşluq müayinəsindən keçirilmiş və sərxoş olmaması məlum olmuşdur. Daha sonra isə Elman və özü xəstəxanaya gedib Rüfətin səhhəti ilə maraqlanmışlar. Elman Rüfətin müayinə, müalicələri, əməliyyatları üçün bir neçə ay ərzində Zərərçəkmiş şəxs külli miqdarda pul xərcləmişdir. Həmin proseslərin bir çoxunda Elmanın yanında olmuşdur və onun xəstəxanalara etmiş olduğu ödənişləri öz gözü ilə görmüşdür. Sonradan məlum olmuşdur ki, Rüfət iflicdir, Elman xarici ölkələrdən belə maraqlanıb Rüfəti müalicə etdirmək istəmiş, lakin istər Respublika daxilində, istərsə də xarici ölkələrdəki həkimlər onun müalicəsinin mümkün olmadığını bildirmişlər. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 yanvar 2021-ci il tarixdə saat 21 radələrində həyat yoldaşının adını bilmədiyi əmisi oğlunun idarə etdiyi avtomobillə özü və qardaşı Rüfət Sabunçu rayonu, Maştağa qəsəbəsindən üzü Sabunçu qəsəbəsinə yaşadıqları ev istiqamətində gedərkən, Zabrat qəsəbəsində Zabrat dairəsinin yaxınlığında qardaşı Rüfət “Ayxan market”ə girmək üçün yolun sağ hissəsində sürücü avtomobili saxlamışdır. Bundan sonra qardaşı Rüfət avtomobildən düşüb üzü Sabunçu qəsəbəsi istiqamətinə gedəndə yolun sağ hissəsindən sol hissəsinə keçən zaman üzü Sabunçu qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətinə hərəkətdə olan, əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Elman adlı şəxs idarə etdiyi “BMW” markalı qeydiyyat nişanını bilmədiyi avtomobilin qabaq hissəsilə Rüfəti vurmuşdur. Bundan sonra dərhal avtomobildən düşüb hadisə yerinə yaxınlaşmış, Rüfət yerə asfalt hissəyə yıxılmış vəziyyətdə olmuşdur. Hadisəni törədən sürücü isə avtomobilini hadisə yerinə saxlamamış və hərəkətini davam etdirmiş, hadisəni törədən sürücünü hadisə yerində görməmişdir. Təxminən 5 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlmiş və təcili tibbi yardım avtomobili ilə Rüfəti xəstəxanaya aparmışlar. Sonradan sürücü Elman adlı şəxs xəstəxanaya gəlib Rüfətin müayinə və əməliyyatları üçün maddi köməklik göstərmişdir. Elman adlı şəxs söz vermişdir ki, qardaşı Rüfətin müalicəsini sona qədər etdirəcəkdir, lakin, o, sözünə əməl etməmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan 17 yanvar 2021-ci il tarixli, 1/134 saylı nəqliyyat vasitəsini idarən edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 22-24-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X2” X5 Sabunçu Rayon Şöbəsinin 278 nömrəli, 03 aprel 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində tetraplegiyaya (ətrafların iflici) səbəb olan boyun fəqərələrinin çoxsaylı qapalı sınıqları, alın, sol almacıq və çənə nahiyələrinin sıyrıqları, sol qaş, burun və çənəaltı nahiyələrinin əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2021-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin 26-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 27-28-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə X3 Ekspertizasının 8/435 saylı, 19 mart 2021-ci il tarixli rəyindən görünür ki, “BMW 328” markalı **-EA-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X4” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 29-30-cu vərəqəsində olan DİN-nin Baş Dövlət Yol Polis idarəsinin 05 aprel 2021-ci il tarixli, 016-36011-1221 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs “BC” kateqoriyalı, AC 348434 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 126-127-ci vərəqəsində olan 15 dekabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 47-48-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 263.1-1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar