Məhkəmə qərarları › İş №1(008)-267/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-267/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-267/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Ucar rayonunun Qarabök kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qarabök kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Yekun protokola əsasən 29 yanvar 2024-cü il tarixdə, gecə saat 00:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Muravey» tipli motosikletlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Stimul Hospital”-ın qarşısındakı dairədən keçib üzü stansiya istiqamətində hərəkət edərkən Yavər Əliyev küçəsində ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, həmin yerdə onunla eyni istiqamətdə, ondan sağ tərəfdə hərəkət edən “MAN” markalı, **-JL-*** dövlət nömrə nişanlı yük avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə aralarında yol üstündə baş vermiş mübahisə zamanı yük markalı avtomobilə yaxınlaşıb qapını açaraq bir dəfə yumruqla sol gözünün altından və 2 dəfə baş nahiyəsindən qəsdən vuraraq ona sol göz almasının ağlı qişasına qansızma; sol gözyuvasıətrafı, sol gicgah və alın-təpə nahiyələrinin qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla xuliqanlıq cinayətinin əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünə məxsus «Muravey» tipli motosikletlə Bakı şəhərində gəzib tullantı dəmir yığaraq metal qəbulu məntəqələrinə verib pul qazanmışdır. Bu işdə ona X1 da köməklik etmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:30-da idarə etdiyi «Muravey» tipli motosikletlə tanışı Təbrizlə birlikdə küçələrdən tullantı dəmirlər yığaraq Suraxanı istiqamətindən üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edib Bakıxanov qəsəbəsindəki “Stimul Hospital”-ın yanındakı dairəyə daxil olub hərəkəti düzünə davam etdirən zaman, sağ tərəfdən, yəni körpü tərəfdən gələrək sağa dönüb üzü Bakıxanov Mall Ticarət mərkəzinə tərəf gedən "Man” markalı yük avtomobilinin sürücüsü ona siqnal verərək əl ilə nə isə işarə etmişdir. O, həmin şəxsin əl hərəkətlərini özünə söyüş söyməsi kimi başa düşmüşdür. Bir qədər qarşıda həmin avtomobilin sürücüsü maşını saxlamışdır. O, həmin şəxsin onu əl hərəkətləri ilə söyməsinə görə idarə etdiyi «Muravey» tipli motosikletdən düşmüş, həmin avtomobilin sol tərəfdən sürücüsünə yaxınlaşıb qapını açmış, nə üçün onu söydüyünü soruşub əsəbi olduğu üçün bir dəfə yumruqla həmin şəxsin sol gözünün altından, 2 dəfə isə baş nahiyəsindən zərbələr vurmuşdur. Bu zaman onun tanışı Təbriz gəlib onu aralaşdırmağa çalışmış və onu çəkib «Muravey» tipli motosikletə tərəf gətirmişdir. O da mopedinə əyləşib sürüb getmişdir. Sonradan ona polisdən zəng edildikdə, məlum olmuşdur ki, Eyvaz ondan polisə şikayət etmişdir. O da polisə gəlib hadisə barədə izahat vermişdir. Əməlindən səmimi peşmandır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əsəbi olduğu üçün ona siqnal verən zərərçəkmiş şəxsi vurmuşdur, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində dairədən bir qədər irəlidə baş vermiş, təxminən 10 dəqiqə davam etmişdir. Ətrafda tanımadığı yoldan keçən avtomobillərin sürücüləri olmuşdur. Bundan başqa yanında olan Təbriz də hadisəni görmüşdür. Hadisə zamanı Zərərçəkmiş şəxs onu vurmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində etibarnamə ilə idarə etdiyi “MAN” markalı, **-JL-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki körpüyə qalxıb “Stimul Hospital”ın yanındakı dairəyə daxil olmuşdur. Bir qədər gözləyib sağa dönmək üçün yolun açılmasını gözləmişdir. Yol boşaldıqdan sonra sağa tərəf hərəkət edib təxminən 150-200 metr getdikdən sonra anidən sol tərəfdən qoşqulu mopedin keçib getdiyini görmüşdür. O, bir anlıq özünü itirmiş, siqnal verib idarə etdiyi avtomobilini saxlamışdır. Bu zaman həmin qoşqulu mopedi idarə edən şəxs düşərək sürücü tərəfdən yaxınlaşıb qapını açıb ona niyə siqnal verdiyini soruşub gözləmədiyi anda bir dəfə yumruqla sifətinin sol nahiyəsindən, gözünün altından, 2 dəfə isə baş nahiyəsindən yumruqla vurmuşdur. Bu vaxt həmin qoşqulu mopeddə olan tanımadığı şəxs yaxınlaşıb onu vuran şəxsi ondan aralamağa çalışmışdır. Lakin, həmin şəxs yenə onu vurmaq üçün üzərinə gələndə, tanışı buna imkan verməmiş və Məhəmmədi çəkib özü ilə aparmışdır. O, isə bir başa yaxınlıqdakı 13-cü PŞnə gəlib baş vermiş hadisə barədə ərizə yazaraq Məhəmməd adlı şəxs barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Hadisə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində dairədən bir qədər irəlidə baş vermiş, təxminən 10 dəqiqə davam etmiş, ətrafda tanımadığı yoldan keçən avtomobillərin sürücüləri olmuşdur. Bundan başqa onu döyən Məhəmməd adlı şəxsin yanında olan Təbriz də hadisəni görmüşdür. Aldığı xəsarətlə bağlı heç bir tibb müəssisinə müraciət etməmişdir. Mübahisə zaman yoldan keçən tanımadığı avtomobillərin sürücüləri və yoldan keçən bir neçə nəfər tanımadığı vətəndaşlar dayanıb hadisəyə müşahidə etdikləri üçün yolda tıxac yaranmış, lakin heç kəs onların mübahisələrinə müdaxilə etməmişdir. Məhəmməd adlı şəxsin yanındakı şəxs onu vurmamışdır. Həmçinin o, özü də Məhəmməd adlı şəxsi vurmamışdır, çünki həmin vaxtı bir əli rolda ayağıda tormozda olmuş, özünü itirdiyindən özünü müdafiə edə bilməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanımış və onlar bəzən birlikdə Bakı şəhərində küçələri gəzib tullantı dəmir yığıb metal qəbulu məntəqələrinə verib çörəkpulu qazanmışlar. Adətən tullantı dəmirləri Məhəmmədə məxsus «Muravey» tipli motosikletlə yığmışlar. xx.xx.2024-cü il tarixdə saat 00:30-da Məhəmmədin idarə etdiyi «Muravey» tipli motosikletlə küçələrdən tullantı dəmirlər yığaraq Suraxanı istiqamətindən üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edib Bakıxanov qəsəbəsindəki “Stimul Hospital”ın yanındakı dairəyə daxil olub hərəkətlərini düzünə davam etdirən zaman, sağ tərəfdən, yəni körpü tərəfdən gələrək sağa dönüb üzü Bakıxanov Moll Ticarət mərkəzinə tərəf gedən “Man” markalı yük avtomobilinin sürücüsü ona siqnal verərək əl ilə nə isə işarə etmişdir. Məhəmməd həmin şəxsin əl hərəkətlərini söyüş kimi başa düşüb bir qədər qarşıda həmin avtomobilin sürücüsü maşını saxladıqda, Məhəmməd də «Muravey» tipli motosikleti saxlayıb yerə düşərək həmin “MAN” markalı yük avtomobilin yanında saxlayıb sol tərəfdən sürücüyə yaxınlaşıb qapını açmış, Məhəmməd bir neçə dəfə yumruqla həmin sürücünü vurmuşdur. O, tez özünü yetirib Məhəmmədi tutub maşından yerə endirmiş və kənarlaşdırıb aparmışdır. Sonradan Məhəmmədə polisdən zəng edildikdə, məlum olmuşdur ki, Eyvaz Məhəmməddən polisə şikayət etmişdir. Onlar da polisə gəlib hadisə barədə izahat vermişlər. Hadisə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində dairədən bir qədər irəlidə baş vermiş, təxminən 10 dəqiqə davam etmişdir. Ətrafda tanımadığı yoldan keçən avtomobillərin sürücüləri olmuşdur, lakin kənar şəxslər hadisəyə müdaxilə etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində parkın yanına baxış keçirilərək fotoşəkillər çəkilmiş, bu barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir(i.v.08-10); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli 206 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasına qansızma; sol gözyuvasıətrafı, sol gicgah və alın təpə nahiyələrinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişdir,qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.19-20); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), əməlindən səmimi peşman olmasını(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmənin belə mövqeyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanmalı, cəzasını iş yerində çəkməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 15(on beş) faizi dövlət nəfinə tutulmaqla 06(altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Cəzasını iş yerində çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar