Məhkəmə qərarları › İş №1(008)-269/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-269/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-269/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, X2katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvələr məhkum olunmamış, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 2, ev 38-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il saat 20:35-də Zərərçəkmiş şəxs2 öhdəsində olmaqla onun adına qeydiyyata alınmış «Mercedes Benz-230» markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində hərəkət edərkən Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Maştağa idman kompleksinin yaxınlığında olan yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat surətlə idarə etməməli olmadığı halda bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla yolu sağdan sola doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs1 avtomaşının qabaq hissəsi ilə vurmuş, nəticədə onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs1 baş beyin əzilməsi, dalağın və peritonun zədələnməsinə (dalaq cərrahi üsulla xaric olunmuşdur) və daxili qanaxmaya səbəb olan qarının küt travması; sol bud və sağ baldır sümüklərinin yerini dəyişən, qapalı sınıqları xəsarətləri yetirilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmuş, həmçinin, «Mercedes Benz-230» markalı ** RN ***dövlət qeydiyyat nişanlı avtomobillin sahibi Zərərçəkmiş şəxs2 940 manat dəyərində maddi zərər yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, hazırda “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında qohumu Zərərçəkmiş şəxs2 məxsus olan “Mercedes Benz 230” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2020-ci il saat 20:35 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Maştağa” idman kompleksinin yaxınığında olan yolda texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobili Bakı şəhəri, Maştağa rayonu, Maştağa qəsəbəsi istiqamətində saatda təxminən 60-70 km surətlə idarə edərkən hərəkət etdiyi istiqamətdə yolun sağ kənarından sola doğru keçən piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq hissəsi ilə vurmuşdur. O, dərhal avtomobili saxlayaraq həmin piyadayaya yaxınlaşıb onu ayağa qaldırıb avtomobilə qoyaraq tibbi yardım göstərilməsi üçün 3 saylı ŞKX-na gətirmişdir. Baş vermiş hadisə barədə xəstəxanadan avtomobillə vurduğu piyadanın qohumlarına məlumat verilmiş, xəsarət almış piyadanın atası xəstəxanaya gəldikdən sonra ona özü haqqında məlumat verib hadisənin tərəfindən törədilməsini bildirmişdir. Bir müddət sonra xəstəxanaya avtomobili ilə vurduğu piyadının anasının və qohumlarının gəldiklərini görüb, onların təzyiqlərdən qorxaraq hadisə zamanı avtomaşınında olan dostu Şahid xəstəxanada qoyaraq evə gəlmişdir. Avtomobilə dəymiş ziyanı tam ödəmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tam ödəmiş və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 20:35 radələrində Zabrat-Maştağa yolunda olan “Maştağa Olimpik kompleksinin qarşısında olan yolu sağ tərəfdən sola doğru keçmək istəyərkən onu Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan avtomobil vurmuşdur. O, avtomobilin zərbəsindən yerə yıxılmışdır. Avtomobili idarə edən adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs ona köməklik göstərib avtomobilə qoyaraq tibbi yardım göstərilməsi üçün 3 saylı ŞKX-na aparmış və xəstəxanaya qəbul olunaraq stansionra müalicəyə götürülmüşdür. Xəstəxanada olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu idarə etdiyi “Mercedes” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Halhazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda, qanuni nümayəndəsinin iştirakı ilə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus olan «Mercedes Benz 230» markalı ** RN *** dövlət nömrə nişanlı avtomobili xx.xx.2019-cu ildə alqı-satqı yolu ilə almışdır. Həmin avtomobili özü idarə etdikdən sonra etibarnamə ilə qohumu Təqsirləndirilən şəxs taksi olaraq fəaliyyət göstərməsi üçün vermişdir. 2020-ci ilin mart ayında ona məlum olmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun adın qeydiyyatda olan «Mercedes Benz 230» markalı ** RN *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa idman kompleksinin yaxınığında yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində «Mercedes Benz 230» markalı ** RN *** dövlət nömrə nişanlı avtomobil əzilmiş, ona 940 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 28-30-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X5-Təcrübi və X3 Rayon Şöbəsinin 449 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 baş beyin əzilməsi, dalağın və peritonun zədələnməsinə (dalaq cərrahi üsulla xaric olunmuşdur) və daxili qanaxmaya səbəb olan qarının küt travması; sol bud və sağ baldır sümüklərinin yerini dəyişən, qapalı sınıqları müəyyən edilmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aiddir. Cinayət işinin 46-47-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 Qeydiyyat-İmtahan İdarəsinin xx xxxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2016-cıil tarixdə Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük huququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 62-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 70 (yetmiş) manat müəyyən edilmişdir. Cinayət işinin 63-64-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə X4 Ekspertizasının 8/396 saylı, xx xxx 2020-ci il tarixli rəyindən görünür ki, Mercedes Benz 230” markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/ saatdan yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 27-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışdığından və iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyindən ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.3, 344- 347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar