Məhkəmə qərarları › İş №1(008)-27/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-27/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-27/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 30-də yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağlar massivində yerləşən Zərərçəkmiş şəxs məxsus 3035 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz daxil olub oradakı evin pəncərəsinin dəmir barmaqlıqlarını istintaq zamanı müəyyən olunmayan dəmir alətlə sındırıb həmin pəncərədən keçməklə evdən 300 manat dəyərində bir ədəd 7 litrlik latun samovarı, 200 manat dəyərində bir ədəd mis qazanı, bir ədədi 60 manat olan 240 manat dəyərində dörd ədəd nikel ləyəni, 20 manat dəyərində bir ədəd alüminium aşsüzəni, 15 manat dəyərində bir ədəd dəmir vedrəni, 100 manat dəyərində 6 ədəd kasa, 6 ədəd büllur stəkan, 6 ədəd büllur mürəbbə qabından ibarət dəsti, bir ədədi 35 manat olan 105 manat dəyərində üç ədəd kişi köynəyini və 20 manat dəyərində bir ədəd kişi alt paltarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1000 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 20 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağlar massivində yerləşən Zərərçəkmiş şəxs məxsus 3035 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz daxil olub oradakı evin pəncərəsinin dəmir barmaqlıqlarını dəmir alətlə sındırıb həmin pəncərədən keçməklə evdən oğurluq etmiş, lakin, ittiham aktında göstərilən əşyaların çoxu onun tərəfindən oğurlanmamışdır. O, Zərərçəkmiş şəxs məxsus evdən ümumilikdə 500 manat məbləğində oğurluq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağlar massivində yerləşən 3035 saylı bağ evi ona məxsusdur. Ona məxsus bağ evin yaz-yay aylarında yaşayış olmuş, qonşusu Şahid bağ evinə nəzarət etmişdir. O, sonuncu dəfə 17 sentyabr 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə bağ evində olmuş, hər hansı oğurluq halı müəyyən etməmişdir. 20 sentyabr 2022-ci il tarixdə Şahid ona zəng edərək bağ evinin mətbəxinin pəncərəsinin qoruyucu çərçivəsinin sındırılaraq yerə atıldığını, pəncərənin açıq olduğunu bildirmiş, o, dərhal bağ evinə getmiş, evin giriş qapısına kənar müdaxilə olunmadığından öz açarı ilə qapını açıb evə daxil olmuşdur. O, evdən oğurluq edildiyini düşündüyü üçün, otaqlara baxış keçirmiş, mətbəxdən 300 manat dəyərində 01 ədəd 7 litrlik latun samovarın, 200 manat dəyərində 01 ədəd mis qazanın, 01 ədədi 60 manat olan 240 manat dəyərində 04 ədəd nikel ləyənin, 20 manat dəyərində 01 ədəd alüminium aşsüzənin, 15 manat dəyərində 01 ədəd dəmir vedrənin, 100 manat dəyərində 06 ədəd kasanın, 06 ədəd büllur stəkanın, 06 ədəd büllur mürəbbə qabından ibarət dəstin, yataq otağından 01 ədədi 35 manat olan 105 manat dəyərində 03 ədəd kişi köynəyinin və 20 manat dəyərində 01 ədəd kişi alt paltarının oğurlandığını müəyyən etmişdir. O, baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabunçu RPİ-nin 42-ci PB-yə ərizə ilə müraciət etmiş, aparılmış araşdırmadan sonra ona məxsus bağ evindən oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1000 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Belə ki, onunla qonşuluqda Zərərçəkmiş şəxs məxsus bağ evi olmuş, o, həmin bağ evinə nəzarət etmişdir. Zərərçəkmiş şəxs sonuncu dəfə 17 sentyabr 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə bağ evində olmuş, hər hansı oğurluq halı müəyyən etməmişdir. 20 sentyabr 2022-ci il tarixdə, saat 19-20 radələrində nəzarət etmək üçün Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhic bağlar massivində 3035 saylı bağ evinə getmiş, bağ evinin mətbəxinin pəncərəsinin qoruyucu çərçivəsi sındırılaraq yerə atıldığını, pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşdür. O, bununla bağlı Zərərçəkmiş şəxs zəng edərək məlumat vermiş, həmin gün, saat 22 radələrində Zərərçəkmiş şəxs bağ evinə gələrək evin giriş qapısına kənar müdaxilə olunmadığından öz açarı ilə qapını açıb evə daxil olmuşdur. Zərərçəkmiş şəxs evdən oğurluq edildiyini düşündüyü üçün otaqlara baxış keçirmiş, mətbəxdən 01 ədəd latun samovarın, 01 ədəd mis qazanın, 04 ədəd nikel ləyənin, 01 ədəd alüminium aşsüzənin, 01 ədəd dəmir vedrənin, 06 ədəd kasanın, 06 ədəd büllur stəkanın, 06 ədəd büllur mürəbbə qabından ibarət dəstin, yataq otağından 03 ədəd kişi köynəyinin və 01 ədəd kişi alt paltarının oğurlandığını müəyyən etmişdir. Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabunçu RPİ-nin 42-ci PB-yə ərizə ilə müraciət etmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan 30 sentyabr 2022 il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022 il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-70-ci vərəqəsində olan 01 oktyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Əli Əhmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 71-72-ci vərəqəsində olan 01 oktyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-90-cı vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 22/745R nömrəli, 14 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus 3035 nömrəli bağ evində müayinəsi zamanı 07 ədəd şəffaf rəngli yapışqan lent kəsiklərinin vasitəsi ilə götürülmüş əl izlərindən 01 ədəd ovuc və 05 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 02 ədədi xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucun və sol əlinin adsız barmağın əksi ilə eynilik müəyyən edilmişdir. Digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq izi DİN-in KTİnin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik aşkar edilməmişdir. Cinayət işinin 111-116-cı vərəqəsində olan 05 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin ovucun və sol əlinin adsız barmağı əksi ilə eynilik təşkil edən iki ədəd əl izi cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 dekabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-616/2023 nömrəli, xx.xx.2023-cü il qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 06 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 30 sentyabr 2022 il tarixdən 01 oktyabr 2022-ci il tarixədək, 03 fevral 2024-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) ay 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «polisin nəzarəti altına vermə» iltizam qətimkan tədbiri seçilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin ovucun və sol əlinin adsız barmağı əksi ilə eynilik təşkil edən iki ədəd əl izi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 08 (səkkiz) ay 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «polisin nəzarəti altına vermə» iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut, hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs sağ əlinin ovucun və sol əlinin adsız barmağı əksi ilə eynilik təşkil edən iki ədəd əl izi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar