Məhkəmə qərarları › İş №1(008)-271/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-271/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-271/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs "xxxx" MMC-nin baş redaktoru Xəyal İmrənin(Əsgərovun) müdafiəçisi Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, "xxxx" MMC-nin baş redaktoru Xəyal İmrənin(Əsgərovun) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında "xxxx" MMCnin xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş "xxxx" MMC "xxxx" MMC-nin baş redaktoru Xəyal İmrənin(Əsgərovun) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, internet vasitəsi ilə 22 noyabr 2023-cü il tarixində baş ofisi ünvan 1 ünvanında yerləşən "xxxx" moda evi barəsində işgüzar nüfuza ləkə salan, şər və böhtan xarakterli yalan məlumatlar məqalə formasında yayılmışdır. İnternetdə mövcud olan açıq mənbələrdən etdiyimiz araşdırma nəticəsində bizə məlum olmuşdur ki, sözügedən məqalə 22 noyabr 2023-cü il, saat 08:57-də zamantv.az” vebsaytma yerləşdirilmiş, daha sonra isə mənbəsi “aktualxeber” kimi göstərilərək “Elatus Azərbaycan brendi yoxsa “Made in Azerbaijan” adma ləkə” adlı başlıq altında paylaşılmışdır. Həmin yayılmış materiallarda aşağıdakılar qeyd olunmuşdur: “Kölgə iqtisadiyyatının kökünün kəsilinəsi hələ də müşkül məsələ olaraq qalır. Bəzi işbazlar müxtəlif yollarla bu qara işləri davam etdirməkdədirlər. Belə “şirkətlərdən” biri də Binəqədi rayonundakı “Həyat” şadlıq sarayının yaxınlığında yerləşən "xxxx" firmasıdır. Baş ofisi Mirəli Qaşqay küçəsində, filialları Fətəli xan Xoyski, X2 Naxçıvani küçəsində yerləşən bu firma özünü əsil Azərbaycan brendi adlandırır. Əslində isə kişi kostyumları tikməkdə ixtisaslaşmış bu firmanın rəhbərliyi əsil maxinatorlardır və firmanı “maxinasiya brendi” adlandırmaq daha düzgün olardı. Verilən sifarişləri qəsdən dar tikən firma müştərini o qədər get-gələ salır ki, nəticədə müştəri bezir və bir daha kostyumun arxasınca getmir. Firma yetkililərinin daha bir fırıldağı Çin malının Türkiyə və İtaliya parçası adı ilə millətə sınmasıdır. Diqqətlə fikir verənlər bunu dərhal anlayır. Lakin fırıldaqçılar müştərini elə dilə tuturlar ki, çoxları bu fırıldağı anlaya bilmir. Yuxarıda qedy etdiyimiz kimi, şirin dil və şirin söhbətlər verilən sifarişin başa çatmasına qədərdir. Kostyumun darlığı, yaxud keyfıyyətsizliyi üzə çıxandan sonra val dəyişir və müştəri ilə danışıqlarda sərt ritorika işə düşür. Firmanın tikdiyi kostyumların qiymətinə gəlincə bu, 1200-1300 manat arasında dəyişir. Halbuki nə parçanın, nə də işin keyfiyyəti buna adekvat deyildir. Təbiidir ki, müştəriyə bu qiymətə satılmasına baxmayaraq, məhsulun qiyməti rəsmi sənədlərdə az göstərilməklə vergidən yayınma halları mütləqdir. "xxxx"un vergidən yayınma metodlarından biri də saxta müqavilərlərdən ibarətidr. Guya Rusiyada filialının açıldığını iddia edərək vatsapp vasitəsilə sifariş qəbul edilir və tikilən kişi kostyumları hava yolu ilə Rusiyaya göndərilir. Orada filialı yox, yalnız mağazası olduğundan həmin kostyumlar mağazada realizə edilir və beləliklə də "xxxx" vergidən, bəzi rüsumlardan yayına bilir, çirkli pulların "xxxx" əməliyyatı həyata keçirilir. Firmada insanların əməyi də istismar olunur, iş vaxtından əlavə işlərin görülməsi, əmək müqavilələrinin bağlanmaması, əmək haqqının sənədlərdə az göstərilməsi kimi hallar bu firmada adi normaya çevrilib. Bir sözlə, bu firma ölkə qanunları ilə deyil, firma yetkililərinin müəyyən etdiyi qanunlarla işləyir. Yəqin ki belə maxiııasiyalara son qoymaq vaxtı çoxdan şatıb və bu qanunsuzluqlara “dur” deyən tapılacaqdır.” Məqalədə göstərilən faktlar real hadisələrə əsaslanmır və sadəcə olaraq müəssisənin işgüzar nüfuzunu aşağı salmaq məqsədilə əlavə edilmişdir. Güman edilir ki, bu tip məqalə xidmətdən narazı qalan bir müştəri tərəfindən yayılmışdır. Qeyd edək ki, yaxın tarixlərdə heç bir kənar şəxs və ya müştəri ilə anlaşılmazlıq, mübahisə yaranmamışdır. Bu, bir daha təsdiq edir ki, müəssisə haqqında yayılmış məlumatlar yalnız və yalnız böhtan xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda interet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan alma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 1948-ci il Ümumdünya İnsan hüquqları Bəyannaməsində, 1968-ci il Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyanın 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına verə bilməz. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəviəxlaqi sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəfi, ləyaqəti və nüfuzu mülki və cinayət qanunvericiliyi ilə qorunur. Böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi dedikdə, dövri mətbu nəşrlər, teleradioproqramları, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Bu cinayətin törədilməsinin üsullardan biri də, hazırki işlə birbaşa bağlılığı olan məlumatların internet informasiya ehtiyatında yayılmasıdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının 3 aprel 1998-ci il tarixli Qanunun 2-ci maddəsinə görə, informasiya ehtiyatları dedikdə, informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri başa düşülür. İnformasiya ehtiyatlarından biri də internetdir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanununun 3-cü maddəsinə görə, kütləvi informasiya vasitələrinə dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları aiddir. Beləliklə, qanuna görə internet vasitələri də kütləvi informasiya vasitələrinə aiddirlər. Yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayma dedikdə məlumatın kütləvi nümayiş etdirilməsi başa düşülür. Başqa sözlə, məlumatın internet informasiya ehtiyatında yayılması o halda cinayət məsuliyyəti yaradır ki, həmin məlumat kütləvi nümayiş etdirilmiş olsun. Məlumatın kütləvi nümayiş etdirilməsi dedikdə, həmin məlumatın internet saytlarında. Portallarında, sosial şəbəkələrdə - “Facebook”, “TikTok”, yerləşdirilməsi, elektron poçt ünvanlarına göndərilməsi və s. başa düşülür. Məlumatların internet informasiya ehtiyatında kütləvi nümayiş etdirilməsi (yerləşdirilməsi, paylaşılması), onların həm videosunun nümayiş etdirilməsi (“Youtube”-da, “TikTok”-da və s.), həm də məlumatın yazı formasında olan mətninin görüntüsünün təqdim edilməsi başa düşülməlidir. Məlumatların internet informasiya ehtiyatında nümayiş etdirilməsinin kütləviliyi belə məlumatların ən azı iki nəfər kənar şəxsin tanış olmasını nəzərdə tutur. Bu sayda şəxsin həmin məlumatla tanış olduğu andan cinayət başa çatmış hesab edilir. Hazırki işlə bağlı qeyd etmək lazımdır ki, yuxarıda elektron ünvanları göstərilən vebsaytlarda paylaşılmış məqalə artıq 1000 yaxın şəxs tərəfindən oxunub. Yayılmış məqalənin məzmununda "xxxx" müəssisəsinin, ümumiyyətlə, sahibkarın qanunsuz fəaliyyəti barədə hər hansı bir fakt, sübut, təsdiq edəcək sənəd göstərilmədən ümumi mülahizələrə və fikirlərə üstünlük verilmişdir və bu məqalə "xxxx" brendi altında istehsal və xidmətlə məşğul olan, brendin patent hüquqlarına sahib olan şəxslərin hüquqlarını kobud şəkildə pozmuş, müəssisənin işgüzar nüfuzuna xələl gətirmişdir. Yuxarıda göstərilənlərə əsasən, “zamantv.az” internet informasiya sistemində paylaşılmış məqalənin məzmununda qeyd edilənlərin tamamilə əsassız olduğunu hesab edərək, göstərilən məlumatlara ədalətli qiymət verilərək araşdırılmasını və X1 MMC-nin təsisçisi və baş redaktoru Xəyal İmrənin (Əsgərov) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsinə və "xxxx" MMC-dən mətbuat vasitəsilə üzr istənilməsi dair müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş "xxxx" MMC-nin məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, "xxxx" MMC barəsində verilmiş şikayətin geri götürülməsi zərurəti yaranmışdır, odur ki, xahiş edilmişdir ki, həmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilsin Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs "xxxx" MMC-nin şikayətdən imtina etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin baş redaktoru Xəyal İmrənin(Əsgərovun) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında şikayət vermiş şəxs "xxxx" MMC-nin tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar