Məhkəmə qərarları › İş №1(008)-272/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-272/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-272/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Müdafiəçi, təqsirləndirilən şəxs -Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, ev 26-da qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 40/9094, mənzil 247 yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il saat 19:30 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “Renault Logan” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə Qaraçuxur qəsəbəsi istiqamətində hərəkətdə olarkən Sülh küçəsi 4090/94 ünvanında yerləşən «Oba» market ərzaq mağazasının qarşısından keçərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozması avtomobilin qabaq sol hissəsi ilə yolu soldan sağa qaçaraq keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub ona ehtiyatsızlıqdan ölməsinə səbəb olan baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən qapalı qəlpəli sınığı, başın yumşaq toxumalarının dərialtı hematoması kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib xx.xx.2020-ci il tarixdə saat 17:30-da ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında tanışı X3 məxsus “Reno-Logan MCV” markalı **-GU-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. xx xxxxxx 2020-ci il saat 19 radələrində idarə etdiyi avtomobillə Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən “Oba” marketin qarşısı ilə Qaraçuxur qəsəbəsi istiqamətində 30-35-km saat sürətlə hərəkət edərkən yolun sol tərəfində olan “OBA” marketin qarşısında öz hərəkət istiqamətinə və ona tərəf əks istiqamətdə “SOKAR”-a məxsus avtobus yolun kənarında dayanmış, ondan sonra isə “Mercedes” markalı avtomobil dayanmışdır. O, yolun sağ kənarı ilə hərəkətdə olarkən bir nəfər qadın avtobusun arxasında dayanmış Mercedesin qabağından çıxaraq onun idarə etdiyi avtomobilin qabaq sol qanadına və sol güzgüyə dəymişdir. Dərhal avtomobilini yolun sağına verərək saxlamış və görmüşdür ki, həmin qadın yolun ortasında yerə uzanıb. Həmin vaxt tanımadığı insanlar oraya toplaşmış və həmin qadının oğlu da orada olmuşdur. Hadisə yerinə toplaşmış şəxslərlə birlikdə həmin qadını Sabunçu TTYX- na aparmışlar. O, xəsarət almış qadını xəstəxanaya apardıqdan sonra istifadəsində olan ***-***-**-** nömrəli telefonla DİN-nin “102” xidmətinə zəng vuraraq özünü təqdim etmiş və yol nəqliyyat hadisəsi törətdiyini, Sabunçu xəstəxanasında olduğumu bildirmiş və daha sonra oraya gəlmiş polislərlə birlikdə Sabunçu RPİ-nə getmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirir. İstintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qızıdır. Özü Şəmkir rayonunda yaşasa da, qızı Xeyram övladları ilə birlikdə bir-neçə ildir ki, Bakı şəhərində kirayəşin yaşayırmış. xx.xx.2020-ci il tarixdə gecə saatlarında onlara məlumat verilmişdir ki, qızı Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində avtomobil vurmuşdur. O, dərhal qohumları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı ŞKX-na gəlmiş və ona qızı Xeyramın əməliyyatda olduğu bildirilmişdir. Həmin vaxt Xeyramı maşınla vuran Zaur adlı şəxs də orada olmuşdur. Qızı Xeyram bir-neçə gün xəstəxananın reanimasiya şöbəsində saxlanılmış, lakin xx.xx.2020-ci il tarixdə Xeyram vəfat etmişdir. Xeyram xəstəxanada olduğu müddətdə onun müalicə xərcləri Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İş materialında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərərin ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Sabunçu RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 87-91-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X5-təcrübi və X6 Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 51 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən qapalı qəlpəli sınığı, başın yumşaq toxumalarının dərialtı hematoması. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs 3 nömrəli xəstəxanaya daxil olmasından (xx.xx.2020-ci il saat 19:50) az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə saat 17:30-da xəstəxanada baş vermişdir. Cinayət işinin 105-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının xx xxx 2020-ci il tarixli, 8/305 saylı rəyindən görünür ki, “Reno Loqan” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 113-116-cı vərəqələrində olan xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə hadisənin video görüntüsünü əks etdirən disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 117-ci vərəqəsində olan DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə AD 141416 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan AZ İV 334142, AZ İİ 349597, AZ İİ 809096 seriyalı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı var. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində üç azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Jinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlanıldığı Sabunçu RPİ-nin MYS-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 01 (bir) gün müddətinin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilmiş hadisənin video görüntüsünü əks 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddətinin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar