Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-274/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Əzimova (Ələsgərova) Könül Nizami qızının iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 küçəsi döngə 09 ev ünvanda yaşayan-X1 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə, saat 01:00 radələrində qeyri rəsmi nikahda olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, nömrəsiz evin qarşısında küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən əli ilə baş, üz və bədənin müxtəlif nahiyyələrinə vuraraq, ona təpə və ənsə nahiyyələrinin, sol göz almasının ağlı qişası qansızma ilə müşayiət olunan sol göz yuvası ətrafı nahiyyənin dərialtı hemotomaları, sağ qulaq, sağ yanaq, boyun və kürək nahiyyələrinin, sağ əlin qançırları, burun nahiyyəsinin qançırı və sıyrığı, sol dirsək oynağı nahiyyəsinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 fevral 2024-cü il tarixdə, saat təxminən 00:30 radələrində tanışlarının yanından duraraq evə gedmişdir. Evin qarşısına çatan zaman Fidana zəng vurmuş və küçəyə çıxmasını, övladı üçün birgə yemək almağa getməyi təklif etmişdir. Fidan ona heç bir etiraz etmədən küçəyə çıxmışdır. Küçə ilə gedən zaman Fidanla aralarında övladına yemək almağa görə mübahisə başlamışdır. Mübahisə zamanı o əsəbləşmiş və Fidanın baş, üz və bədən nahiyyələrinin müxtəlif yerlərinə bir neçə dəfə vurmuşdur. Hal-hazırda barışdıqlarını nəzərə alıb, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 fevral 2024-cü il tarixdə, saat 01:00 radələrində Mirhəsən yaşadığı evin qarşısına gələrək ona zəng vurmüş və bir yerdə uşaq üçün yemək almağa təklif etmişdir. O Mirhəsənə heç bir etiraz etməmiş və Mirhəsənlə birgə yemək almaq üçün küçəyə çıxmışdır. Mirhəsənlə bir qədər yol gedmiş və qəfildən Mirhəsən ona nəyə görə tanışlarının yanında zəng etdiyini irad bildirərək əli ilə onun bədəninin müxtəlif yerlərinə bir neçə dəfə vurmuşdur. Hal-hazırda onların barışdığını nəzərə alıb, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxışı iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X3 tərəfindən verilmiş 250 saylı, 06 fevral 2024-cü il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs təpə və ənsə nahiyyələrinin, sol göz almasının ağlı qişası qansızma ilə müşayiət olunan sol göz yuvası ətrafı nahiyyənin dərialtı hemotomaları, sağ qulaq, sağ yanaq, boyun və kürək nahiyyələrinin, sağ əlin qançırları, burun nahiyyəsinin qançırı və sıyrığı, sol dirsək oynağı nahiyyəsinin sıyrığı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən 03 fevral 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcədə müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 fevral 2024-cü il tarixində doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, iş üzrə keçirilmiş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs barışıq ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, mübahisənin məişət problemi üzündən yaranmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Hüquqi xidmətə görə müdafiəçi Əzimova (Ələsgərova) Könül Nizami qızına iştirak etdiyi 20 saata 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Hüquqi xidmətə görə müdafiəçi Əzimova (Ələsgərova) Könül Nizami qızına iştirak etdiyi 20 saata 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-274/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-274/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver