Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-275/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 16 mart 1990-cı il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Şəmşir şəhəri, Qədimqala kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi H.Kazımov küçəsi ev 40/06-da yaşayan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə, saat 10:25 radələrində ünvan 1 ünvanda yerləşən «2 saylı Doğum Evi»nin qarşısında özünə məxsus olan «Toyota Corolla» markalı, «az ** PT ***» dövlət qeydiyyat nişanlı avtomobili müvafiq icazə almadan həmin tibb müəssisəsinin inzibati ərazisinə daxil etmək istəyərkən, ona haqlı olaraq öz iradını bildirən və X2 Təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsində çalışan Zərərçəkmiş şəxs əsaslı səbəb olmadan digərlərinin gözü qarşısında fiziki zor tətbiq edib sillə zərbəsi ilə sifət nahiyyəsinə zərbə vuraraq ona sifətin sol yarısının (sol almacıq-yanaq-çənə və qulaqönü nahiyyələrin) dərialtı hematoması, sol qulaq seyvanının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vuran xəsarətlər yetirib, tibb müəssisəsinin fəaliyyətini və bununla da ictimai qaydanı pozmuş, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, oradakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, digər şəxslərin gözü qarşısında ətrafdakıların qanuni mənafelərinə toxunan qərəzli hərəkətlər edərək, xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi elan olunmuş ittiham üzrə özünü özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 fevral 2024-cü il tarixdə, təxminən saat 09:25 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 2 saylı doğum evinə həyat yoldaşı Gülnara baş çəkmək üçün gəlmişdir. Xəstəxanaya çatdıqdan sonra qapıda duran mühafizəçi xəstəxananın həyətinə avtomobil ilə girişin qadağan olunduğunu deməsini bildirmişdir. Bu zaman ona sual verərək nə üçün digər vətəndaşları xəstəxanaya avtomobillə buraxdığını soruşduqda, onunla mübahisə etməyə başlamışdır. Bu səbəbdən ona söyüş qoyaraq bundan sonra xəstəxnaya adi vətəndaş buraxan nakişidir demişdir. Aralarında yaranmış sözlü mübahisədən sonra mühafizəçi bu barədə polisə məlumat verərək ondan şikayətçi olduğunu bildirmişdir. Onu Sabunçu RPİ-in 13-cü PŞ-nə dəvət etmişlər. Olanları polisə izah etdikdən sonra orada söz verərək bu halın bir daha təkrarlanmayacağını bildirmişdir. PŞ-dən çıxdıqdan sonra özünə məxsus «az ** PT ***» dövlət qeydiyyat nişanlı avtomobili xəstəxanadan götürmək üçün 2 saylı doğum evinə getmişdir. Həmin vaxt orada mühafizəçini görmüş və yenidən aralarındada sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı isə onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün əsəblərinə sahib çıxa bilməyib mühafizəçinin üzərinə gedərək üz nahiyyəsinə sillə ilə zərbə vurmuşdur. Hal-hazırda törətdiyi əməldən peşmandır. Onun əməlində Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Məhkəmədən onun bağışlanmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi 24-də yerləşən 2 saylı doğum evində daxili mühafizəçi kimi işləyir. Doğum evinin müdüriyyətinin göstərişinə əsasən xəstəxananın həyətinə yalnız təcili tibbi yardım avtomobilləri və ağır xəstə gətirən avtomobillərin buraxıldığını bildirmişdir. 10 fevral 2024-cü il tarixdə, saat təxminən 09:25 radələrində tanımadığı bir şəxs «Toyota» markalı, «az ** PT ***» dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi xəstəxananın giriş qapısında dayanaraq xəstəxananın həyətinə daxil olmaq istədiyini görmüşdür. Həmin şəxsə yaxınlaşaraq nə lazım olduğunu soruşmuşdur. Həmin şəxs xəstəxanada xəstəsi olduğunu deyib xəstəxananın daxilinə avtomobillə girmək istədiyini bildirmişdir. O isə buna icazə verilmədiyini həmin şəxsə izah etmişdir. Bundan sonra həmin şəxs avtomobildən düşərək nalayiq ifadələr işlətməyə başlamış və bu səbəbdən də ərazi üzrə polis şöbəsinə zəng edərək polis əməkdaşlarını həmin ünvana dəvət etmişdir. Baş vermiş hadisə barədə polis əməkdaşlarına izah etdikdən sonra məsələyə aydınlıq gətirmək məqsədi ilə həmin şəxsi polis şöbəsinə dəvət etmişlər və təxminən 1 saat keçdikdən sonra həmin şəxs yenidən doğum evinin qarşısına yaxınlaşıb avtomobilə əyləşməsini istəmişdir. Polis şöbəsində onuda da çağırdıqlarını deməsini bildirmişdir. O, isə polis şöbəsində lazım olarsa özləri zəng vuracaqlar deyə həmin şəxsə cavab vermişdir. Bundan sonra həmin şəxs onu təhqir etmiş və bu barədə polisə məlumat verdiyi üçün qərəzli olaraq üzərinə hücum çəkib sağ əli ilə üz nahiyəsindən möhkəm sillə vurub xəsarət yetirdiyini bildirmişdir. Heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Məhkəmə iclasında şahid şəxs qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 10 fevral 2024-cü il tarixdə, təxminən saat 09:25 radələrində bir nəfər tanımadığı şəxsin xəstəxanaya yaxınlaşaraq öz avtomobili ilə içəri daxil olmaq istədiyini demiş və bu zaman onun növbə yoldaşı Aydın avtomobillə içəri daxil olmanın xəstəxana müdiriyyəti tərəfindən qadağan olduğunu həmin şəxsə izah etmişdir. Həmin şəxs Aydınla kobud danışaraq həyat yoldaşının xəstəxanada yatdığını bildirmişdir. Lakin Aydın təkrar olaraq ona avtomobil ilə içəri buraxa bilmərəm deyə cavab vermişdir. Bu zaman xəstə yanına gələn şəxs Aydının ünvanına nalayiq ifadə işlədərək bundan sonra xəstəxanaya avtomobil buraxan «nakişidir» deyə cavab verdiyini bildirmişdir. Aydın onu təhqir edən şəxs barəsində polisə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gələrək onu şöbəyə aparmışlar. Təxminən 1 saat sonra həmin şəxs geri qayıdıb avtomobili xəstəxananın yanından götürmək istəyərkən Aydını görərək yenidən mübahisə etməyə başlamış, həmin mübahisə zamanı onlar bir birinin ünvanına nalayiq ¡ifadələr işlətdiyini və adını sonradan bildiyi Emin adlı şəxsin sillə ilə Aydının sifət nahiyyəsindən zərbə vurduğunu demişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 19 fevral 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 299 saylı, 13 fevral 2024cü il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sifətinin sol yarısının (sol almacıq-yanaqçənə və qulaqönü nahiyələrinin) dərialtı hematoması; sol qulaq seyvanının qançırları müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən 10 fevral 2024cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq-yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin özünün qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən-xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 1.500 manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-275/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-275/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver