Məhkəmə qərarları › İş №1(008)-277/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-277/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-277/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində qonşusu Zərərçəkmiş şəxs ondan 2022-ci ilin iyul ayında evində baş vermiş oğurluq hadisəsindən məlumatlı olub-olmaması barədə soruşmasını cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqlənməsini təsdiq etmək niyyəti ilə cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik ifadə edərək ətrafdakıların gözü qarşısında özündən yaşca 2 dəfə böyük olan Zərərçəkmiş şəxs qarşı uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni əxlaq normalarını, həmçinin insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını kobud surətdə pozmuş, bununla kifayətlənməyib qərəzli hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətləri ilə zərərçəkmiş Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən təpik və yumruqla qəsdən vuraraq onu yerə yıxaraq öz hərəkətlərini inadla davam etdirib yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs təpikləyərək ona sağ ayaq nahiyəsinin dərialtı hematoması, döş qəfəsi nahiyəsinin qançırı və hər iki əl nahiyəsinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 evdə yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. 11 avqust 2022-ci il tarxdə, saat 21 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində olarkən qonşusu Zərərçəkmiş şəxs ona yaxınlaşaraq ona evindən oğurluq etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs getməsini bildirsə də, Zərərçəkmiş şəxs ona məhəl qoymayaraq üzərinə gəlmiş, uca səslə nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O, Zərərçəkmiş şəxs onu təhqir etməsindən əsəbləşərək Əbülfəti söymüş, Əbülfət onu tutduracağını bildirərək qaçaraq oradan uzaqlaşmışdır. O, növbəti gün Zərərçəkmiş şəxs evinə getsə də, Əbülfət qapını açmamış, onu tutduracağını bildirmişdir. O, Zərərçəkmiş şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu olaraq tanıyır, onunla heç bir münasibətləri olmamış, aralarında ədavət və ya düşmənçilikləri yoxdur. O, ailəsi ilə birgə ünvan 3 ünvanında yaşayır. 2022-ci ilin iyul ayında yaşadığı ünvandan oğurluq olmuş, o, bununla bağlı Sabunçu RPİ 15-ci PB-yə müraciət etmiş, müraciəti əsasında Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Polis əməkdaşları ilə yanaşı o, özü də qohumları ilə birgə hadisə ilə bağlı araşdırma aparmışdır. 11 avqust 2022-ci il tarixdə, saat 21 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində olarkən onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs yaxınlaşaraq onunla salamlaşmış, ona 2022-ci ilin iyul ayında yaşadığı ünvandan oğurluq edildiyini bildirərək bununla bağlı hər hansı məlumatının olub-olmamasını soruşmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs uca səslə onu nalayiq ifadələrlə təhqir etmiş, o, Sərxandan belə reaksiya gözləmədiyi üçün oradan uzaqlaşmışdır. Bir qədər getdikdən sonra Sərxan onun arxasınca qışqıraraq onu təhqir etmiş, oğrunu başqa yerdə axtarmasını bildirmişdir. O, geri qayıdaraq Sərxana yaxınlaşıb, onu oğurluqda ittiham etmədiyini, sadəcə bununla bağlı məlumatının olub-olmamasını soruşduğunu bildirmişdir. Onun sözlərindən qəzəblənərək Sərxan ona yumruq və təpik zərbələri vuraraq onu yerə yıxmış, yerdə olduğu zaman Sərxan onu təhqir edərək zərbə endirməyə davam etmişdir. Təqsirləndirilən şəxs fiziki cəhətdən güclü olduğu üçün səs-küyə ətrafa toplanmış insanlar onlara yaxınlaşaraq müdaxilə etməmiş, Təqsirləndirilən şəxs onun halsız vəziyyətdə qaldığını görərək oradan uzaqlaşmışdır. O, yaşadığı evə getdikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 5 ünvanında ailəsi ilə birgə yaşayır. Təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi yoxdur. 11 avqust 2022-ci il tarixdə, saat 21 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi ilə piyada gedərkən dalanlardan birində sonradan adlarının Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi iri cüssəli şəxslə yaşlı bir kişinin mübahisə etdiyini görmüş, həmin vaxt, ətrafa xeyli sayda insan toplanmış, Təqsirləndirilən şəxs yüksək səslə Zərərçəkmiş şəxs təhqir etmişdir. O, mübahisənin böyüyəcəyini düşünərək oradan uzaqlaşmışdır. Cinayət işinin 10-11-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Sabunçu rayon şöbəsinin 26 avqust 2022-ci il tarixli, 1914 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ağrı simptomu ilə müşayiət olunan sağ ayaq nahiyəsinin dərialtı hematoması; döş qəfəsi nahiyəsinin qançırı və hər iki əl nahiyəsinin sıyrıqları müəyyən edilir, xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Həmin rəyin ilk məlumat bölməsində Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə qonşusu Sərxan adlı şəxs tərəfindən təpik və yumruqla döyülərək yerə yıxılması qeyd olunmuşdur. Cinayət işinin 36-37-ci vərəqəsində olan 21 dekabr 2022-ci il tarixli ittiham edilməli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 60-61-ci vərəqələrində olan 23 dekabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 63-cü vərəqələrində olan 23 dekabr 2022-ci il təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 64-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 28 noyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs “…Zərərçəkmiş şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişdir.....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində qonşusu Zərərçəkmiş şəxs ilə mübahisə etməsi barədə ifadəsi və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onun barəsində CM-nin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 21 dekabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, islah işlər cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddəti islah işləri cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla, onun cəzasından 08 (səkkiz) gün çıxılaraq üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar