Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-280/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Ağdam şəhəri, Ağdamkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Biləsuvar rayon məhkəməsinin 4(022)-41/2024 saylı, 01 may 2024-cü il tarixli qərarına əsasən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi-0,902 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 17 oktyabr 2023-cü il tarixdə saat 16:00 radələrində ünvan 1 ünvanının qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, 13-cü polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində saxladığı təmiz çəkisi- 0,902 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bacısı xəstəxanaya yerləşdirdikdən sonra saat 7 radələrində evə gəlmiş, saat 11-də qapı döyülmüş, həmin vaxt atası, övladı və bacısının uşağı da evdə olmuşdur. Polis əməkdaşları onu 13-cü Polis Şöbəsinə aparmışdır. Polis əməkdaşlarının onu aparmağını qonşusu eyni zamanda satıcı Elmira xanım görmüşdür. Onu məhkəmə iclasına şahid kimi gətirə bilər. O, polis bölməsinə getmiş və oradan onu narkoloji dispanserə aparmışlar, analiz vermiş, iki günə yaxın bölmədə saxlanılmışdır. Videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və cibindən metamfetamin çıxarılmışdır. Videoçəkilişdən qabaq üzərindəki paltarları dəyişdirmiş və ona xasərətlər yetirmişlər. Əlinin üzərində xəsarətlər olmuşdur. Əvvəllər də məhkum olunmuşdur. Uzun müddətdir ki müalicə alır, narkotik vasitədən istifadə etmir. Tutulana qədər metadondan istifadə etmişdir. Döyülməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir, bunun səbəbini bilmir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, təxminən 16 ilə yaxındır ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən falqada çəkmə yolu istifadə edir, istifadə etdiyi narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 16 oktyabr 2023-cü il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisinə üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata istifadəsi üçün bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin almış, həmin metamfetaminin bir qismini istifadə etmiş, bir qismini isə həmin bükümdə əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır ki, başqa vaxt istifadə etsin. 17 oktyabr 2023-cü il tarixdə təxminən saat 16 radələrində yaşadığı ünvan 1 ünvanından çıxmış, küçədə piyada gedərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənədini istəmişlər, həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində psixotrop maddə metamfetamin olduğundan o, tez bir zamanda oradan yayınmaq istəsə də, lakin polis əməkdaşları buna imkan verməmişlər və başa düşmüşdür ki, polis əməkdaşları onun üzərində psixotrop maddə metamfetaminin olmasından məlumatları var, buna baxmayaraq o, özünü çox şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etməyə başlamışlar, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə getməsini təklif etmişlər. O, da səs küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 13cü polis şöbəsinə getmişdir. Yolda gedərkən üzərindəki içərisində psixotrop maddə metamfetamin olan bükümü tullamaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər və onu polis şöbəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş və video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı ilə və yaxud müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o, da müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarışın aparılmasına etiraz etməmiş və bu barədə ərizə vermişdir, çünki üzərində psixotrop maddə metamfetamin olduğundan istəməmişdir ki, müdafiəçi bunu özü gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bundan sonra polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açılqdıqa içərisindən istifadəsi üçün aldığı psixotrop maddə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşan da, o, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin psixotrop maddə metamfetamin olduğunu deyərək, Qaraçuxur qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götrülmüş içərisində psixotrop maddə metamfetamin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 13-cü polis şöbəsində xidmət edir, 17 oktyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməkdaşı Şahid2la ilə birlikdə inzibati ərazidə xidmət apararkən, ünvan 1 ünvanında bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər, lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Bu səbəbdən də, həmin şəxsi işlədikləri Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də, onlarla razılaşmış və onu qeyd etdiyi polis şöbəsinin növbətçi hissəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi ilə bağlı raportla şöbənin rəhbərliyinə məruzə olunmuşdur. Raport üzrə araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin metamfetamin olduğunu deyərək, Qaraçuxur qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir (i.v.98-101); Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, qızı xəstə olduğunda Rövşən onu xəsətəxanaya aparmışdır, o isə evdə olmuşdur. Səhər Rövşən evə qayıtmışdır. O işə getmək üçün hazırlaşanda saat 9-11 radələrində qapı döyülmüş və iki nəfər polis əməkdaşı X5 aparmaq üçün gəldiklərini bildirmişlər. Rövşənə xəbər verdikdən sonra o, polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Hazırda Rövşən narkotik vasitələrdən istifadə etmir, Nakoloji Dispanserdə ona dərmanlar yazırlar, o da dərmanları alıb onu müalicə etdirir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.16); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir büküm şəffaf sellofana bükülmüş içərisində ağ rəngli maddə aşkar olundu, həmin maddənin metamfetamin olduğunu, öz istifadəsi üçün üzərində gəzdirdiyini, xx.xx.2023-cü il tarixdə adını, ünvanını bilmədiyi şəxsdən 20 manata əldə etdiyini bildirdi. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 160 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (i.v.28-29); məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5522 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,902 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (i.v.34-37); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, video çəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis şöbəsindəki xidməti otağa daxil olurlar, əvvəlcə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin təhqiqatçısı özünü təqdim edir, sonra 13-cü polis şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra 13-cü polis şöbəsinin sahə rəisi, polis mayoru Şahid1 17 oktyabr 2023-cü il tarixdə xidmət apardıqları inzibati ərazidə, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 4 ünvanının qarşısında bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə ona yaxınlaşdıqlarını və narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyərək, onu 13-cü polis şöbəsinə dəvət etdiklərini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir, daha sonra video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs də etiraz etmir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən ağ rəngli maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin metamfetamin olduğunu deyərək, Qaraçuxur qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır (i.v.67- 68); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.81-83); qətimkan tədbirinin seçilməsi haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.84-86); maddi sübut kimi tanıma haqqında 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd qablaşdırılmış kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi-0,902 qram olmuş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq tədqiqata 0,050 qram sərf edilməsi nəzərə alınmaqla 0,852 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılma yerinə təhvil verilmişdir (i.v.91); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317.2.1, 67.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 08 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 02 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilib təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzasının müddəti 01 il 06 ay müddətinə endirilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir (i.v.102-105, 106-111); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 7826 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.113-114); Sübutların qiymətləndirilməsi haqqında 10 fevral 2024-cü il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş DVD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir(i.v.131-139); Biləsuvar rayon məhkəməsinin 4(022)-41/2024 saylı, 01 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 17 oktyabr 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və psixotrop maddəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadələr verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində uzun müddətdir ki, müalicə aldığını, narkotik vasitədən istifadə etmədiyini, tutulana qədər metadondan istifadə etdiyini bildirmişdir. Lakin, Biləsuvar rayon məhkəməsinin 4(022)-41/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən uzun müddətdirki narkotik vasitələrin istehlakçısı olduğunu, 2022-ci ilin iyun ayında cəzaçəkmə müəssisəsində azad edildikdən sonra da narkotik vasitə istifadə etməyə davam etdiyini bildirmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını, eləcə də əlavə şahid qismində dindirilmiş X1 təqsirləndirilən şəxsin atası olmasını, oğlunun məsuliyyətdən azad edilməsi üçün yuxarıda göstərilən məzmunda ifadə verə biləcəyini nəzərə alaraq digər şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Təqsirləndirilən şəxs onu polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən döydüklərini əllərinin üzərində xəsarətlərin olmasını göstərsə də, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı həmin xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,902 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilsə də, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Biləsuvar rayon məhkəməsinin 4(022)-41/2024 saylı, 01 may 2024-cü il tarixli qərarı ilə barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,902 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,852 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 81(səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, Biləsuvar rayon məhkəməsinin 4(022)-41/2024 saylı, 01 may 2024-cü il tarixli qərarı ilə barəsində digər cinayət işi üzrə həbs seçilməsi nəzərə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,902 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,852 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81(səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-280/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-280/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver