Məhkəmə qərarları › İş №1(008)-282/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-282/2020

21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-282/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, ünvansız evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il saat 10:30-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,545 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımaqla Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsinə gətirmiş, həmin gün saat 13:00-da Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,545 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 7 ilə yaxındır narkotik vasitə heroini inyeksiya yolu ilə istifadə edir. O, xx xxx 2020-ci il saat 10:30-da şəxsi istifadəsi üçün narkotik vasitə heroin almaq məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gedərək orada xarici görünüşündən narkotik vasitə istifadəçisinə oxşayan bir nəfər şəxsə yaxınlaşıb narkotik vasitə heroin satıb-satmamasını soruşmuş, həmin şəxs ona narkotik vasitə sata biləcəyini bildirmişdir. O, 20 manat pul ödəyərək bir büküm heroin almış və aldığı heroinin bir miqdarını istifadə edib qalıq hissəsini isə sonra istifadə etməsi üçün yenidən bükərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O, həmin gün saat 13 radələrində yaşadığı Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən evinin yaxınlığı ilə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, narkotik vasitələri əldə etmə, daşıma və saxlamaqda şübhəli bilindiyi üçün onlarla birlikdə 12-ci PŞ-nə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə 12ci PŞ-nə getmiş, ona xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə üzərinə axtarış keçiriləcəyi bildirilmiş, daha sonra üzərinə şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində saxlanılması qadağan olunmuş əşya və predmetlərin təqdim etməsini təklif etmiş o, bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan şəffaf sellofana bükülmüş bir büküm maddəni təqdim edərək polis əməkdaşlarına həmin maddənin heroin olduğunu, öz şəxsi istifadəsi üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş heroin zərfə qoyularaq qablaşdırılmış, sonrta həmin zərfin möhürlənmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yaşayan “Aqil” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qəbulu, saxlanılması və gəzdirilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Aqil” adlı şəxsin müəyyən edilməsi və yaxalanması üçün xx.xx.2020-ci il tarixdə özü və 12-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupunun yaradılmış, bundan sonra həmin gün saat 13 radələrində əməliyyat qrupunun iştirakçısı Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsinə gələrək orada zahiri əlamətlərindən “Aqil” adlı şəxsə oxşayan bir nəfərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlarla birlikdə 12-ci PŞ-nə getməsini təklif etmişlər. 12-ci PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis şöbəsində üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etməsinin təklif edilmiş, sonuncu həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofanın içərisində bir bükümdə spesefık iyə malik olan, tünd qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2020-ci il saat 10:30-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Cinayət işinin 37-ci vərəqəsində olan şəxsi axtarış keçirilməsi barədə xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, X3, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofanın içərisində bir bükümdə spesefik iyə malik olan, tünd qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2020-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Cinayət işinin 45-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 46-47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/739 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqsim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə...” və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,545 qram maddə, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, təmiz çəkisi 0,545 qramdır, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq çəkisi 0,495 qram qalmışdır. Cinayət işinin 78-80-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-262/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 94-98-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 1(008)-189/2017 saylı, xx xxx 2017-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 102-103-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,545 qram narkotik vasitə heroin cinayət işi üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq 0,495 qram narkotik vasitə heroin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 105-107-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxx 2020-ci il tarixli, 1353 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-110-cu vərəqəsində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış görüntülərini əks etdiriən bir ədəd CD disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin 87-88-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Abbasov X4 Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən, cinayətlərin resedivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materialları ilə təsdiq olunur ki, Abbasov X4 Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir, lakin, hazırki əməli törədən vaxt qanunvericiliklə müəyyən edilmiş müddət ötməmişdir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi recimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0,495 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsindəçəkməklə cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalan 0,495 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən maddi sübut - 01 ədəd CD disk cinayət işi materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar