Məhkəmə qərarları › İş №1(008)-284/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-284/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-284/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, H.Aslanov küçəsi ev 7-də qeydiyyatda olan və yaşayan, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə tədbiri seçilmiş, Sabunçu rayon məhkəməsinin 4(008)-106/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarına əsasən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1,992 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Sabunçu RPl-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məscidin yaxınlığında yerləşən “AL” marketin qarşısında saxlanılaraq 15-ci PB-nə gətirilmiş və onun üzərinə şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən həmin 1 bükümdə ümumi təmiz çəkisi 1,992 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun zamandır ki, narkotik vasitə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən bir büküm metamfetamini 20 manata alaraq üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə 18 radələrində o, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evinin yaxınlığında olan AL marketin yanında olarkən iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirmiş və onu 15-ci PB-də dəvət etmişlər. Birlikdə bölməyə gedərək ona hüquq və vəzifələri izah olunmuş, dövlət tərəfindən ona müdafiəçi təqdim edilmiş, lakin o müdafiəçinin şəxsi axtarışda iştirak etməsindən imtina etmiş, sonra isə üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Şəxsi axtarış başlamamışda o, tünd göy rəngli şalvarının sağ yan cibindən bir büküm metamfetamini çıxararaq təqdim etmişdir. Üzərindən aşkar edilən psixotrop maddə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və iştirak edən şəxslər həmin protokolu imzalamışlar. Narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmur, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 15-ci PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022 tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, H.Aslanov küçəsi ev 7-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat tədbirlərinin keçirilməsi üçün 15-ci PB-nin rəisinin adına raport yazmışdır. PB-nin rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və daxil olmuş əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə PB-nin əməkdaşı Şahid1 ilə birlikdə 14 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Al marketin yaxınlığına yollanmışlar və orada Təqsirləndirilən şəxsı müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Əməliyyat qərarı ilə tanış edilərək onun barəsində qanunsuz maddə saxlaması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq üçün 15-ci PB-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvləri ilə birlikdə 15-ci PB-nə getmiş, bölmədə ona hüquq və vəzifələri izah edilərək müdafiəçi təqdim edilmiş, şəxsin öz tələb və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərində axtarış aparılmış, videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs adlı şəxs əynindəki tünd göy rəngli şalvarının sağ cibindən bir ədəd bükümdə psixotrop maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan metamfetamini öz istifadəsi üçün əldə etmişdir.Onun üzərinə baxış zamanı qanunsuz digər əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən çıxan maddə zərfləşdirilmiş, möhürlənmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarışı barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPl-nin 15- ci PB-nin sahə inspektoru Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş xırda kristallik formada olan metamfetaminə bənzər maddəni çıxardaraq könüllü təqdim etmiş, psixotrop maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir(i.v.29-30 məhkəmə-kimyəvi ekspertizasının 15 noyabr 2022-ci il tarixli, 6/6546 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, vət. Təqsirləndirilən şəxs üzərindən....» və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd zərfdəki təmiz çəkisi 1,992 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir (i.v.45-49); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, saxlanıldığı MSY-dən azad edilmişdir(i.v.74-76); qətimkan tədbirinin seçilməsi barədə 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.78); maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,992 qram olan psixotrop maddə metamfetamin iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qərarlarla maddi sübut kimi tanınmış, tədqiqata sərf edilməsi nəzərə alınaraq saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(i.v.80); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən CM-nin 120.1 və 127.1-ci maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə 01 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 05 ilə endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə cəzası azaldılaraq 02 ilə endirilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur(i.v.87-94); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 7322 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.95-97); görüntülərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş xırda kristallik formada olan metamfetaminə bənzər maddəni çıxardaraq könüllü təqdim etmiş, həmin maddə qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir(i.v.98); maddi sübut kimi tanınması haqqında 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı 15-ci PB-də çəkilmiş videogörüntü olan 01 ədəd disk maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir(i.v.99); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-106/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 14 noyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,992 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan ACDİÜ AR Məhkəməsinin xx.xx.2003-cü il tarixli, Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü üzrə olan məhkumluqları ödənilsə də, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), , cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-106/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ilə barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,992 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,892 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 109.9 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-106/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ilə barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,992 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,892 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 109.9 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar