Məhkəmə qərarları › İş №1(008)-284/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-284/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-284/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 05 avqust 1986-cı il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Tərtər şəhəri, T.Aslanov ev 47də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Müsavat küçəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd bükümdə təmiz çəkisi 0,458 qram olan ağ rəngli, kustar üsulla hazırlanmış psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin 12 PŞ-nin əməkdaşları tərəfindən 02 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Müsavat küçəsində, fərdi yaşayış evinin qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd ağ kağız bükümündə, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,458 qram olan, ağ rəngli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən heroini və metamfetamini əridib tüstüsünü iyləməklə qəbul etmişdir. Narkotik vasitələrə ehtiyacı olanda Sabunçu rayonu və ya başqa rayonun bəzi məhəllələrinə gedir və orada üzdən tanıdığı, başqa anket məlumatlarını bilmədiyi şəxsdən pul müqabilində narkotiki əldə etmiş və gizlin yerdə istifadə etmişdir. 02 noyabr 2023-cü il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində məhəllələrin arasında gəzərkən üzdən tanıdığı, adını və başqa anket məlumatlarını bilmədiyi şəxsi görmüş və onda narkotik olub-olmamasını soruşan zaman o üzərində narkotik olmasını demiş və o, 10 manat pul müqabilində ondan “şüşə” kimi tanıdığı metamfetamini alıb cibinə qoymuşdur. Onu narkotik qəbul etmək ehtiyacı yaranan zaman şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirməyə başlamışdır. Həmin gün saat 18 radələrində yaşadığı Balaxanı qəsəbəsi, Müsavat küçəsində məhəllədə piyada hərəkətdə olub, əldə etdiyi narkotiki qəbul etmək üçün yer axtaran zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim edərək xidməti vəsiqələrini ona göstərdikdən sonra onun kim olması, nə axtarmasını soruşub və şəxsiyyət vəsiqəsini ondan tələb etmişdir. O da xarici görkəmindən və hərəkətlərindən narkomanlara bənzədiyi üçün, həmçinin üzərində narkotik maddə olduğundan qorxduğu və onların suallarına yayındırıcı, şübhəli cavablar verdiyi üçün onu şübhəli şəxs qismində polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah edilmişdir. Ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. O, üzərində narkotik olduğundan vəkili narkotik aşkar olunarkən bunu öz gözü ilə görməməsi və gələcəkdə vəkili onu yaxşı müdafiə edə bilməsi üçün şəxsi axtarış başlamazdan əvvəl müdafiəçinin içtirakını tələb etməmişdir. Ona görə də şəxsi axtarış aparılmadan öncə vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə təhqiqatçıya müraciət etmiş və o da onun ərizəsini çap etdikdən sonra o, ərizəni imza etmişdir. Daha sonra həmin otaqda hər kəsin iştirakı ilə videogörüntü aparılmaqla ona, üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Buna görə də o, əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan paketinə bükülü halda içərisində “şüşə” kimi tanıdığı 02 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən tanımadıği şəxsdən əldə etdiyi metamfetamini və digər cibindən ona məxsus Redmi Note 9 markalı mobil telefonunu təqdim etmiş, həmin bükülünün içərisində olan maddənin “şüşə” kimi tanınan metamfetamin olduğunu bildirmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə çalışdığı Sabunçu RPİ-nin 12-ci PŞ-də xidməti ərazidə iş yoldaşı ilə birlikdə xidmət olmuşdur. Həmin gün saat 18 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Müsavat küçəsində fərdi evin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparmasını və nəsə axtarması görmüşdür. Həmin şəxs xarici görkəmindən narkotik vasitələr aludəçisinə bənzədiyindən və şübhəli hərəkətlər etdiyindən iş yoldaşı ilə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqəsini göstərmiş və ona özünü təqdim edərək şəxsiyyət vəsiqəsini təqdim etməsini təklif etmişdir. Həmin sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmamasını bildirib, qorxmağa başlamışdır. Onlar isə ona göstərilən yerdə nə axtarmasını, harada yaşamasını və bu kimi digər suallar verdikdə Təqsirləndirilən şəxs onlara şübhəli cavablar verib, naharat olaraq özünü qeyri-adekvat apardığı və onlardan yayınıb getmək istədiyi üçün onun üzərində qanunla qadağan olunan maddə, əşya və predmet olması ehtimalına görə onlar tərəflərindən saxlanılıb, 12-ci PŞ-nin inzibati binasına gətirilmişdir. Bu barədə rəisin adına raport yazılmışdır. PŞ-də həmin şəxsin 05 avqust 1986-cı il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Tərtər şəhəri, T.Aslanov ev 47-də qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Müsavat küçəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılana kimi olan müddət ərzində o və iş yoldaşı tərəfindən müşahidə altında saxlanılmışdır. Bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan təhqiqatçı, polis mayoru Elşən Abbasov tərəfindən hüquqları izah edilib, müdafiəçi ilə təmin olunmuşdur. Onun öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. O və digər iş yoldaşı da Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin prossesual hərəkətdə iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirməzdən əvvəl üzərində olan qeyri qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, həmin şalvarın sol yan cibindən bir ədəd “Redmi Note 9” markalı telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə “Şüşə” olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar maddə bükümü iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat baş müvəkkili, polis baş leytenantı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, həmin şalvarın sol yan cibindən bir ədəd “Redmi Note 9” markalı telefon təqdim etmiş, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Şüşə” olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir ( i.v.25-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 03 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5875 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №159 dairəvi möhür əksi olan, vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə “imza”, Təqsirləndirilən şəxs və digər ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,458 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.35-39). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 noyabr 2023-cü il tarixli, 7511 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin, Opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v.83-84). “Sübutların qiymətləndirilməs haqqında” 27 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş 0,458 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəki 0,408 qram metamfetaminin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, onun üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.87-93). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (cinayət əməlinin törədildiyi zaman qüvvədə olan qanunun norması). «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur (cinayət əməlinin törədildiyi zaman qüvvədə olan qanunun norması). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 02 noyabr 2023-cü il tarixdə, saat 18:00-dan tutulmuş hesab edilmişdir (i.v. 5). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.63-64). “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.65). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.76). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2007-ci il təvəllüdlü (X1) və 14 sentyabr 2010-cu il təvəllüdlü (X2) uşaqları var. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 1(008)-284/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 03 may 2024-cü il tarixli, 3-16-17/49/2-3181/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə Sabunçu RPİ-nin CAŞ-nin əmədaşları tərəfindən tutularaq 24 aprel 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2-ci), himayəsində bir azyaşlı uşağının olmasını (AR CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində, o cümlədən, məhkəmə istintaqı zamanı tutularaq həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, məhkəmə istintaqı zamanı tutularaq 23 aprel 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 ay 01 gün müddət, cəmi 01 ay 03 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 ay 06 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 09 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 0,408 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar