Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-285/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə və xx xxxxxx 1998-ci il tarixdə Qazax rayonu Kəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-521/2024 saylı hökmünə əsasən CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qazax rayonu Kəmərli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən saxlanc yeri hesab olunan bağ evinin həyətinə qanunsuz daxil olmaqla oradan bir neçə dəfəyə ilk dəfə xx.xx.2023-cü il tarixdə gecə saatlarında 2 ədəd hər birinin qiyməti 300 manat olmaqla ümumi dəyəri 600 manat olan Kamaz markalı avtomobilinə məxsus sürət ötürücü qutuları, Traktora məxsus 1 ədəd dəyəri 1000 manat olmaqla raspilitel, ikinci dəfə xx.xx.2023-cü il tarixdə gecə saatlarında eyni qayda ilə eyni ünvandan, 2 ədəd Traktora məxsus hər birinin dəyəri 1000 manat ümumi dəyəri 2000 manat olmaqla silinderləri, 1 ədəd Zil markalı avtomobilə məxsus dəyəri 200 manat olan kolonka və xx.xx.2023-cü il tarixdə gecə saatlarında eyni qayda il eyni ünvandan 6 ədəd hər birinin dəyəri 200 manat ümumi dəyəri 1200 manat təşkil edən Kamaz avtomobilinə məxsus kardanları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdlarda təmiz çəkisi 0,206 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb daşımaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Ləhic bağları 26-cı dalan ünvanında 14 noyabr 2023-cü il tarixdə saat 19:30 radələrində idarə etdiyi dostu Təqsirləndirilən şəxs2 məxsus Hyundai İ30 markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nə gətirilmiş və polis bölməsində videoçəkilişlə idarə etdiyi Hyundai İ30 markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman avtomobilin sol qabaq qapısının tutacağından bir ədəd bükümdə təmiz çəkisi 0,206 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən saxlanc yeri hesab olunan bağ evinin həyətinə qanunsuz daxil olmaqla oradan bir neçə dəfəyə ilk dəfə xx.xx.2023-cü il tarixdə gecə saatlarında 2 ədəd hər birinin qiyməti 300 manat olmaqla ümumi dəyəri 600 manat olan Kamaz markalı avtomobilinə məxsus sürət ötürücü qutuları, Traktora məxsus 1 ədəd dəyəri 1000 manat olmaqla raspilitel, ikinci dəfə xx.xx.2023-cü il tarixdə gecə saatlarında eyni qayda ilə eyni ünvandan, 2 ədəd Traktora məxsus hər birinin dəyəri 1000 manat ümumi dəyəri 2000 manat olmaqla silinderləri, 1 ədəd Zil markalı avtomobilə məxsus dəyəri 200 manat olan kolonka və xx.xx.2023-cü il tarixdə gecə saatlarında eyni qayda il eyni ünvandan 6 ədəd hər birinin dəyəri 200 manat ümumi dəyəri 1200 manat təşkil edən Kamaz avtomobilinə məxsus kardanları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdirki psixotrop maddələrdən istifadə edir. Ailəlidir və himayəsində 4 azyaşlı uşağı vardır. Heç bir yerdə işləmədiyi üçün ailəsini və uşaqlarını saxlaya bilməmiş, ona görə də o Nardaran qəsəbəsində qonşuluqda yaşayan Əli kişinin bağından oğurluq etmək fikrinə düşmüş və bu barədə tanışı Amilə demişdir, Amildə razılaşmışdır, 08 noyabr 2023-cü il tarixdə gecə saatlarında o Amillə birlikdə Əli kişinin bağ evinin hasarından həyətə tullanmışlar və orada çoxlu avtomobil ehtiyyat hissələrinin olduğunu görmüşlər, amma köhnə olması ilə bağlı bir qədər fikirləşmişlər və oğurlayıb dəmir kimi satmaq qərarına gəlmişlər. Lakin ehtiyyat hissələri çox və ağır olduğundan onlar hamısını apara bilməmişlər, ona görə bir hissəsini həmin günü, qalanını isə sonra aparmağı düşünmüşlər. Amilnən köməkləşib ehtiyyat hissələrinin bir hissəsini oradan çıxardıb Amilə məxsus Hyundai İ30 markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib oradan Balaxanı qəsəbəsində 24 saat əlvan metal qəbulu yerinə gedərək 80 manata satmışlar və Amilnən 40 manat adama bölüşdürmüşlər, o da həmin pulları öz ehtiyyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə Amil ilə yenidən gecə saatlarında Əli kişinin bağına gəlib hasardan tullanıb oradan yenədə bir az ehtiyyat hissələrindən götürüb çıxarıb yenə də Amilin avtomobilinə yükləyib aparıb Balaxanı qəsəbəsində həmin əlvan metal qəbulu sexinə 130 manata satıb pulları aralarında bölüşdürmüşlər. xx.xx.2023-cü il tarixdə yenidən Amillə birlikdə Əli kişinin bağına gəlib oradan qalan ehtiyyat hissələrinidə eyni qayda ilə oğurlayıb aparıb eyni ünvana 160 manata satmışlar və pulları Amil ilə bölüşdürüb xərcləmişlər. O arada bir psixotrop maddələrdən istifadə etdiyi üçün, tutulmamışdan bir həftə əvvəl öz şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsindən tanımadığı bir şəxsdən bir büküm metamfetamin alıb Amildən xəbərsiz onun Hyundai İ30 markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol qabaq qapısının tutacağına yerləşdirmişdir, amma Amilə bu barədə heçnə deməmişdir. 14 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhic bağları 26-cı dalan ünvanında küçədə Hyundai İ30 markalı 99-NY- 130 dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman iki nəfər şəxs yaxınlaşmış özlərini təqdim etmişlər onlar Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları olmuşlar. Polislər onlardan sənəd təqdim etməklərini tələb etmişlər, lakin onlarda heç bir sənəd olmamışdır. Polislər onu və Amili polis bölməsinə gətirmişlər və polis bölməsində vəkil dəvət edilmiş hüquqları izah edilmişdir, barəsində tutma protokolu tərtib edilmişdir. Bundan sonra onu polis bölməsinə gətirən polis işçilərinin iştirakları ilə üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir, şəxsi axtarış zamanı ondan heç nə aşkar edilməmişdir, şifahi sorğu sual zamanı o avtomobildə ona məxsus bir büküm metamfetamin gizlətdiyini etiraf etmiş və bundan sonra avtomobilə baxış keçirilmiş və həmin büküm aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin büküm qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır.Əməlindən səmimi peşmandır, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Mirəhədi bir müddətdir ki, tanıyır, onunla yaxşı münasibətləri olmuşdur. Son vaxtlar o heç bir yerdə işləməmiş və maddi vəziyyəti yaxşı olmamışdır. 08 noyabr 2023-cü il tarixdə Mirəhədlə kafedə oturan zaman o Nardaran qəsəbəsində qonşuluğunda yaşayan Əli kişinin bağından oğurluq etmək fikirini ona demiş, o da razılaşmışdır və ona görə də 08 noyabr 2023-cü il tarixdə gecə saatlarında Mirəhədlə birlikdə Əli kişinin bağ evinin hasarından həyətə tullanmışlar və orada çoxlu avtomobil ehtiyyat hissələri olduğunu görmüşlər, lakin köhnə olduğu üçün fikirləşmişlər və sonradan oğurlayıb aparıb dəmir yerinə satmaq qərarına gəlmişlər. Ehtiyyat hissələri çox və ağır olduğundan hamısını apara bilmədikləri üçün bir qədəri həmin günü qalanını isə sonra aparmaq qərarına gəlmişlər. Ona görə də Mirəhədlə köməkləşib ehtiyyat hissələrinin bir qədərini oradan çıxardıb ona məxsus Hyundai İ30 markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib oradan Balaxanı qəsəbəsində 24 saat əlvan metal qəbulu sexinə getmişlər və 80 manata sataraq Mirəhədlə hər birinə 40 manat olmaqla bölmüşlər. xx.xx.2023-cü il tarixdə Mirəhədlə yenidən gecə saatlarında Əli kişinin bağına gəlib hasardan tullanıb oradan yenədə bir az ehtiyyat hissələrindən götürüb çıxardıb onun avtomobilinə yükləyib aparıb Balaxanı qəsəbəsində həmin əlvan metal qəbulu sexinə 130 manata satıb pulları bölüşdürmüşlər. xx.xx.2023-cü il tarixdə yenidən Əli kişinin bağına gəlib oradan qalan ehtiyyat hissələrini də eyni qayda ilə oğurlayıb aparıb eyni ünvana 160 manat satıb pulları bölüşdürüb xərcləmişlər. 14 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhic bağlarında küçədə Hyundai İ30 markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman iki nəfər şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, onlar Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları olmuşlar. Onlardan sənəd təqdim etməklərini tələb etmişlər, lakin heç bir sənəd olmamışdır. Polislər onları polis bölməsinə gətirmişlər və polis bölməsində vəkil dəvət edilmiş hüquqları izah edilmiş, barəsində tutma protokolu tərtib edilmişdir. Üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir, lakin şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus Kamaz markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıyıb çörək pulu qazanmışdır. Yaşadığı bağın həyətində 08 noyabr 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ona məxsus 2 ədəd hər birinin qiyməti 300 manat olmaqla ümumi dəyəri 600 manat olan Kamaz avtomobilinə məxsus sürət ötürücü qutuları, traktora məxsus 1 ədəd dəyəri 1000 manat olmaqla raspilitel, 2 ədəd traktora məxsus hər birinin dəyəri 1000 manat ümumi dəyəri 2000 manat olmaqla silinder, 1 ədəd Zil markalı avtomobilə məxsus dəyəri 200 manat olan kolonka, 6 ədəd hər birinin dəyəri 200 manat ümumi dəyəri 1200 manat təşkil edən Kamaz avtomobilinə məxsus kardanları oğurlamışlar.Ümumi olaraq ona 5000 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, əşyalarını oğurlayan qonşu Mirəhəd və onun dostu Amil olmuşlar. Ona dəymiş maddi ziyan ödənildiyi üçün heç bir şikayəti və tələbi yoxdur, belə ki, ondan oğurlanmış yuxarıda qeyd etdiyi əşyaları Mirəhəd və Amil qaytarmışlar, qaytarılan bütün əşyaların hamısını təcili pul lazım olduğu üçün dəyər dəyməzə satmışdır, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşıdır. 14 noyabr 2023-cü il tarixdə o polis nəfəri Tamerlan Baxşaliyevlə birlikdə Sabunçu rayonu Nardaran qəsəbəsində xidmətdə olan zaman Ləhic bağları 26-cı dalan ünvanında 2 nəfər şəxsin özlərini şübhəli apardığını görüb onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxslərə özlərini təqdim etmələrini və sənədlərini təqdim etmələrini təklif etmişlər. Həmin şəxslər heç bir sənədlərinin olmadıqlarını bildirmiş, adlarını soruşduqda onlar cavab verməkdən yayınmışlar. Həmin şəxslərin narkotik təsiri altında olmalarından şübhə yarandığı üçün onları Sabunçu RPİ-nin 42-ci PB-nə gətirmişlər. Polis bölməsində onların şəxsiyyətləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqları müəyyən edilmişdir. Daha sonra həmin şəxslər barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Videoçəkilişlə onların üzərində ayrı ayrılıqda şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Həmin vaxt Mirəhədin üzərinə şəxsi axtarış aparılan zaman hər hansı bir qanunazidd əşya aşkar edilməmişdir. Söhbət zaman Təqsirləndirilən şəxs1 bildirmişdirki, Təqsirləndirilən şəxs2 məxsus Hyundai İ30 markalı **- NY-*** dövlət qeydiyyat nişanlı avtomobildə ona məxsus bir büküm psixotrop maddə metamfetamin vardır. Mirəhəd həmin metamfetamini tutulduğu gündən 2-3 gün əvvəl tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və Amildən xəbərsiz onun avtomobilində gizlətmişdir. Daha sonra Amilin nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı Mirəhəd avtomobilin sürücü tərəfdən qapının tutacağında bir ədəd siqaret qutusunun içərisində ağ rəngli şəffaf selofana bükülmüş bükülünü çıxardıb təqdim etmişdir. Həmin bükülüyə baxış zamanı ağ rəgli kristal formalı maddə olduğu aşkar edilmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə müvafiq protokollar tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin qanunla daşınması və saxlanılması qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir.Bundan sonra Təqsirləndirilən şəxs1 oğurluq cinayəti törətməsini etiraf edərək Ləhic bağlarından dostu Amil ilə birlikdə həyətə qanunsuz daxil olmaqla köhnə avtomobil ehtiyyat hissələri oğurladıqlarını bildirmişdir. Müəyyən edilmişdir ki, oğurlanmış əşyalar vətəndaş Zərərçəkmiş şəxs məxsus olmuşdur və onun evindən oğurlanmışdır. Həmin əşyaların satıldığı yer əməliyyat yolu ilə müəyyən edilmişdir. Şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəs ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.133-134); Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində metal qəbulu məntəqəsində işləyib ailəsini dolandırmışdır. xx.xx.2023-cü il tarixdə işlədiyi məntəqəyə iki nəfər tanımadığı şəxslər yaxınlaşaraq yararsız avtomobil ehtiyyat hissələri olduğunu və həmin ehtiyyat hissələrini metal qiymətinə satmaq istədiklərini demişlər. O həmin ehtiyyat hissələrinə baxdıqda həqiqətəndə həmin ehtiyyat hissələrinin köhnə yararsız olduğunu görmüş və həmin şəxsdən sənəd təqdim etməsini xahiş etmişdir. Həmin şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir, o Təqsirləndirilən şəxs2 olmuşdur. O Amilə 80 manat pul vermiş, xx.xx.2023-cü il tarixdə Amil və yanında olan tanımadığı digər şəxslə birlikdə onun yanına gəlmişlər və yenədə köhnə ehtiyyat hissələrini satmaq üçün gətirmişlər. O həmin ehtiyyat hissələrinin yararsız olduğunu görüb 130 manat pul vermişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yenədə həmin Amil və yanında olan digər tanımadığı şəxs **-NY-*** qeydiyyat nişanlı avtomobillə onun yanına gəlib yararsız dəmirlər gətirmişlər və bu dəfə o, 160 manat onlara pul vermişdir. O, həmin dəmirləri və yararsız ehtiyyat hissələrinin oğurluq olduğunu bilməmişdir(i.v.140-141); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 19:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur(i.v.13); Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılarkən üzərində heç bir narkotik vasitənin olmadığını, idarə etdiyi dostu Amilə məxsus olan ** NY *** dövlət qeydiyyat nişanlı Hyundai İ30 markalı avtomobildə bildirdiyinə görə onun özünə məxsus narkotik vasitə olduğunu bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı qadağan edilmiş maddə, əşya və predmet aşkar edilməmişdir(İ.v.25-26); Nəqliyyat vasitəsinə baxış və götürülmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Qasımov X1 İ30 markalı **-NY-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin sükanı tərəfdən olan qapının tutacağından 1 ədəd siqaret qutusunun içərisində olan 1 ədəd ağ sellofan bükümdə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli maddəni təqdim etmiş, həmin maddəni təxminən 2-3 gün qabaq şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir(i.v.28-29); Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə 19:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur(i.v.42); Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılarkən üzərində heç bir narkotik vasitənin olmadığını bildirmiş, onun üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı qadağan edilmiş maddə, əşya və predmet aşkar edilməmişdir(İ.v.45-46); xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 2456 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 59-60); Maddi sübutun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu Balaxanı qəsəbəsi metal qəbulu məntəqəsində Şahid3 Nəsibağa oğlu oğurlanmış əşyaları Zərərçəkmiş şəxs tanıması ilə Sabunçu RPİ 42-ci PB-nin əməkdaşlarına təhvil vermişdir(i.v.68-69); Məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 noyabr 2023-cü il tarixli 3- 16-16/2-6/6023 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №241” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Q.Mirəhəd” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,206 qram olan ağ rəngli kristallik maddə kustar hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2055-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir(i.v.75-78); Videodiskə baxış keçirilməsi haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Qasımov X2 İ30 markalı ** NY *** qeydiyyat nişanlı avtomobilin sükanı tərəfdən olan qapının tutacağından 01 ədəd siqaret qutusunun içərisində olan 1 ədəd ağ sellofan bükümdə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli maddəni təqdim etmişdir(i.v.82); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, oğurlanmış əşyaları ona geri qaytarıldığı üçün heç bir şikayəti və tələbi yoxdur(i.v.88); Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət rədd edilmiş, MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.117-118); Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət rədd edilmiş, MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.119-120); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 16 noyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.121); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 16 noyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.123); məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 7421 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.127-128); sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş təmiz çəkisi 0,206 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və tədqiqata sərf edildikidən sonra qalıq qalmış 0,156 qram psixotrop maddə metamfetamin Sabunçu RPİnin saxlancına təhvil verilmiş, iş üzrə 2 ədəd Kamaz markalı avtomobilə məxsus sürət ötürücü qutuları, traktor avtomobilinə məxsus 01 ədəd raspilitel, 2 ədəd traktor markalı avtomobilə məxsus silinderləri, 01 ədəd Zil markalı avtomobilə məxsus kolonka və 6 ədəd Kamaz avtomobilinə məxsus kardanlar maddi sübut hesab edilmiş, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, 03 ədəd disk sübut növü hesab edilərək iş materiallarında saxlanılmışdır(i.v.142-149); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Zərdab rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Qazax rayon məhkəməsinin qərarına əsasən AR MM xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdıırlması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır(i.v.150-151); Qazax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 göstərilən azadlığın məhdudlaşdırılması cəzasından “8 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın 5ci bəndinin tətbiqinə dair Qazax rayon məhkəməsinin 7(023)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 01 il azaldılmış, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyinə görə şəxsi işi xx.xx.2022-ci il tarixdə Qazax rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-521/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin 12 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli göstərişdən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-521/2024 saylı hökmü həmin tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli tutma protokolu və Sabunçu RPİ-nin 42-ci bölməsinin məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə icraat həmin tarixdə təzələnmişdir. doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü, xx.xx.2013-cü il təvəllüdlü az yaşlı övladları vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxslərin etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar, CD diskdə olan görüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla törədildikdə– bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0.206 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışmasını(CM-59.1.12- 59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) nəzərə alır və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışmasını(CM-59.1.12-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) nəzərə alır və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Zərdab rayon məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən, eyni zamanda azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bundan başqa Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-521/2024 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-521/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-521/2024 saylı hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli(CM- 66.2), 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 09 may 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM- 56.1.2), narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-521/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 qəti olaraq təyin edilmiş 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2). İş üzrə maddi sübutlar –psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd CD disk iş materiallarında saxlanılması, digər maddi sübutların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur, ekspertiza tədqiqatının dəyəri 65(altmış beş) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CMnin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 02(iki) il 01(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-521/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar –Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş ilkin təmiz çəkisi 0,206 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,156 qram çəkidə psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 03 ədəd CD diskin iş materiallarında saxlanılması, digər maddi sübutların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 65(altmış beş) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-285/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-285/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver