Məhkəmə qərarları › İş №1(008)-286/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-286/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-286/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, 1 saylı Şəhər Poliklinikasında sahə həkimi işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində birgə yaşadıqları ünvan 1 ünvanında aralarında əvvəlcədən mövcud olan ailə-məişət münaqişəsi zəminində formalaşmış gərgin şəxsi münasibətlər nəticəsində, səbəbli şəkildə baş vermiş mübahisə zamanı çarpayısında uzanmış vəziyyətdə olan qayınanası Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə qol, bud və baldır nahiyələrindən vurmaqla, sonuncuya məxsus əsa ilə boğaz nahiyəsindən sıxmaqla qəsdən ona çənəaltı və sol bazu nahiyələrinin dərialtı hematomaları, sol said, sol bud, sağ baldır nahiyələrinin qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qaynanasıdır, onlarla birlikdə bir mənzildə yaşamış, qayınanasının yersiz müdaxilələri nəticəsində aralarında vaxtaşırı mübahisələr baş vermiş, lakin o, Tərxanıma heç bir işgəncə və ya iztirab verməmişdir. Sonuncu dəfə də xx.xx.2022-ci il tarixdə axşam saatlarında evdə bir ana kimi öz doğma azyaşlı oğlu Ənvərə irad bildirərək tərbiyə verməyə çalışdıqda Tərxanım uzandığı yataqdan onların söhbətinə yersiz müdaxilə edərək onu etmədiyi işlərdə ittiham etməyə başlamış, öz telefonu ilə kiməsə zəng vurub onun barəsində təhqiramiz ifadələr işlətmiş, o da əsəbləşərək Tərxanımın çarpayısına yaxınlaşaraq telefonu əlindən almağa çalışmışdır ki, görsün kiminlə müzakirə edir. Tərxanım telefonu əlindən buraxmaq istəmədikdə aralarında dartışma baş vermiş, telefonu Tərxanımın əlindən alıb yerə çırpmış ki, ailəsini rahat buraxsın, imkan versin ki, uşaqlarının tərbiyəsi ilə məşğul olsun. Həmin vaxt Tərxanım ilk olaraq özü çəliyini götürüb onun üzərinə gəlmək istədikdə o da Tərxanımın çəliyindən tutub əlindən almaq istəmişdir ki, onu vurmasın, həmin vaxt hər ikisi çəlikdən iki əlli yapışaraq bir qədər dartışmış, Tərxanım onun əlini cırmaqlamış, çəlik ola bilsin ki, həmin vaxt Tərxanıma dəymiş, Tərxanım arxası üstə öz çarpayısına uzanmış, o da Tərxanımın otağından çıxıb həmin vaxt hamamda olan azyaşlı qızını yumağa getmişdir. Bundan istifadə edən Tərxanım mənzildən çıxıb blokda səs-küy salaraq qonşuluqda yaşayan Zemfiranın qapısını döyərək onu köməyə çağırmışdır ki, guya o, Tərxanımı mənzildə təkləyib döyür. Halbuki, bel bir hal baş verməmişdir. Daha sonra o, uşağı da götürüb parkda gəzməyə aparmışdır. Evə qayıtdıqda görmüşdür ki, artıq Tərxanımla əri Asəf evə polis çağırıb şikayət ərizəsi yazırlar. Müvafiq olaraq o da öz izahatını yazıb şikayətini bildirmiş, ekspertiza müayinəsindən keçmişdir. O, Tərxanımı döyməmiş, qarnına heç vaxt bıçaq dirəməmiş, çəliyini ayaqlarının arasına soxmamış, yumruqlamayıb, işgəncələrə məruz qoymamışdır. Əksinə pandemiya vaxtı əri Asəf xəstəxanada stasionar müalicə alarkən Tərxanıma evdə o, qulluq etmişdir. Məhz həmin xəstəlikdən sonra onlarda psixoloji problemlər, paranoyalar yaranmışdır. Düzdür, o, vaxtaşırı aralarında mübahislər yarananda Tərxanımdan tələb etmişdir ki, ailəsini rahat buraxsın, evindən çıxıb getsin, bir az da digər övladları ilə yaşasın, onlarla yaşamaqla ər-arvad münasibətinə mane olur, lakin heç vaxt bunu zor tətbiq etməklə törətməmişdir. Bunlar hamısı Tərxanımla oğlu Asəfin uydurmalarıdır. Onlar özlərindən uydururlar ki, guya o, narkotik vasitələr qəbul edir, müxtəlif kişi adları çəkirlər ki, guya həmin kişilərlə ərinə xəyanət edir. Onu qohum-əqraba, iş yoldaşları arasında biabır edib, nüfuzdan salırlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sevinc xx.xx.2022-ci il tarixdə saat 19 radələrində narkotik sərxoşluğu vəziyyətində evə gələrək heç bir səbəb olmadan onu döyməyə başlamış, öz əlillik əsasını götürüb onu bədəninin müxtəlif nahiyələrindən vuraraq çoxsaylı xəsarətlər yetirmiş, daha sonra əsanı boğazına dirəməklə onu boğub halsız vəziyyətə salaraq evdən çıxıb getməsini tələb etmiş, əks təqdirdə onu daha da pis hala salacağı ilə hədələmişdir. Belə ki, həmin vaxt Sevinc əvvəl öz doğma oğlu Ənvərlə mübahisə etməyə başlayaraq uşağı incitməyə başlamış, azyaşlı nəvəsi onun əlindən çıxaraq qaçıb küçəyə çıxmış, o, nəvəsinə kömək etməkdə aciz qalaraq əl atıb özünə məxsus mobil telefonunu götürərək işdə olan oğlu Asəfə zəng vurmaq istədikdə öz yatağında uzanıqlı vəziyyətdə olduğu halda onun üzərinə gələrək onu yumruqla qarın və sinə nahiyələrindən vurub zorla telefonu əlindən alıb yerə çırparaq sındırmışdır. Daha sonra bununla da sakitləşməyərək çarpayının yanında olan çəliyinin bir tayını əlinə alıb həmin çəliklə onu döyməyə və boğmağa başlayaraq evdən çıxıb getməyini tələb etmişdir. Həmin vaxt o, Sevincə müqavimət göstərə bilməyəcəyini görüb, onu boğub öldürəcəyindən ehtiyat edərək evdən çıxıb gedəcəyini söz verərək bir təhər canını Sevincin əlindən qurtararaq sürünə-sürünə qonşuluqda yaşayan Zemfiragilə getmiş və orada oturaraq oğlu ilə polislərin gəlməsini gözləmişdir. Sevinc isə polislərin gələcəyindən ehtiyat edərək qız nəvəsini də götürüb evdən qaçıb getmişdir. Həmin vaxt Sevinc tərəfindən döyülməyi nəticəsində bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər almış, onların hələ çoxunu utandığından ekspertə göstərə bilməmişdir, onu döyən zaman Sevinc çəliyini götürüb zorla qıçlarının arasına soxmağa çalışmışdır. Nəvəsi Ənvərin telefon vasitəsi ilə verdiyi məlumat əsasında oğlu Asəf zəng vurub Azərbaycan Respublikası DİN-in 102 Xidmətinə müraciət etmiş, məlumat əsasında ünvana Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları gəlmişlər, hadisə ilə bağlı ərizə və izahat almış, lakin Sevinc artıq qaçıb getdiyindən onu evdə tapa bilməmişlər, yalnız sonradan zəng vurub Polis Bölməsinə çağırmışlar. Sevinc izahatında göstərmişdir ki, guya Sevinc onu deyil, o, Sevinci döyərək xəsarət yetirmişdir, halbuki, polislər özləri də görmüşlər ki, o, yataq xəstəsidir. Həmin hadisə vaxtı mənzildə nəvələri Ənvər və Səma, birdə səs-küyə köməyinə gələn qapı qonşu Zemfira olmuşdur. Bundan əvvəl də Sevinc onu eyni qaydada döyərək, boğmağa çalışmışdır, hətta bir dəfə də qarnına bıçaq dirəyərək onu öldürəcəyi ilə hədələmişdir, lakin oğlunun ailəsi dağılmasın, nəvələri ortalıqda yetim qalmasınlar deyə, Sevincin bu hərəkətlərindən heç bir yerə şikayət etməmişdir, nə də ki, tibb müəssisəsinə müraciət etməmişdir, heç doğma oğluna belə bildirməmişdir. Həmin hadisələrdən artıq xeyli vaxt keçdiyindən həmin hadisələr zamanı aldığı bədən xəsarətlərindən heç bir iz qalmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı qolsuz paltar geyinmiş, polisə məlumat verəndə xəsarətləri göstərmiş, demişdir ki, Sevinc döyüb onu, nəvələri evdə olmuş, Sevinc onu döyəndə isə heç kim olmamışdır, oğluna özüm yığmış, həmçinin nəvəsi də zəng vurmuşdur. Əvvəllər də belə hadisələr olmuş, xəsarətlərlə bağlı heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxslə barışmır, şikayətçidir, onun cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma anasıdır, 80 yaşı var, 2009-cu ildən onunla bir ünvanda yaşayır, 2005-ci ildə X3 ilə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan iki azyaşlı övladları var. Evliliyin ilk illərində arvadı ilə münasibəti yaxşı olsa da, son təxminən bir ildə münasibətləri pozulmuşdur, səbəb isə arvadının ona, yaşlı anasına və övladlarına qarşı hörmətsiz rəftarı olmuşdur. Məhz bütün bu hörmətsizliklərin nəticəsidir ki, arvadı Sevinc xx.xx.2022-ci il tarixdə saat 19 radələrində narkotik sərxoşluğu vəziyyətində evə gələrək heç bir səbəb olmadan, yataq xəstəsi olan yaşlı anası Tərxanımı döyməyə başlamış, anasının öz əsası ilə onu boğub halsız vəziyyətə saldıqdan sonra öldüyünü zənn edərək əl çəkmişdir. Həmin hadisə barədə evdə olan oğlu Ənvərdən telefon vasitəsi ilə məlumat alan kimi işdən çıxıb evə yollanmış və elə yolda gələrkən də zəng vurub Azərbaycan Respublikası DİN-in 102 Xidmətinə hadisə barədə məlumat vermişdir. Məlumatı əsasında ünvana Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları gəlmiş, hadisə ilə bağlı anasının ərizə və izahatını almışlar, amma Sevinc evdə olmadığından onu evdə tapa bilməmişlər, sonradan evə gəlmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, həmin vaxt o evə gələndə oğlu və Zemfira xanım evdə olmuş, oğlu qorxub qaçıb çöldən onu yığmışdır. Sevinc evdə şamla nə isə qızdıraraq özünə iynə vurmuşdur, Sevincin narkotik istifadə etməsindən şübhələnmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 271 saylı tam orta məktəbin 9-cu sinifində rus dilində təhsil alır. Anası Sevinc xx.xx.2022-ci il tarixdə saat 19 radələrində atası işdə, nənəsi ilə o, evdə tək olarkən heç bir səbəb olmadan, yataq xəstəsi olan yaşlı nənəsi Tərxanımla mübahisə edərək, onu söyüb-təhqir etməyə, döymək üçün üzərinə hücum çəkməyə başlamış, onu evdən çıxıb getməyə məcbur etməyə çalışmışdır. Həmin vaxt o, anasına mane olmaq istəsə də yaşca balaca və fiziki cəhətdən zəif olduğundan anasının hərəkətlərinin qarşısını ala bilməmiş, qaçıb evdən çıxmışdır ki, küçədən atasına zəng vurub köməyə çağırsın. Belə də etmiş, zəng vurub münaqişə barədə atasına məlumat vermiş və onu küçədə gözləməyə davam etmişdir. Küçədə artıq bir müddət gözləyərkən görmüşdür ki, anası kiçik bacısını da özü ilə götürüb evdən çıxıb gedir. Bundan sonra o, mənzilə qalxdıqda görmüşdür ki, qonşu Zemfiragilin mənzilinin qapıları açıq vəziyyətdədir, o və nənəsi Tərxanım mənzilinin qapısı önündə dayanaraq baş vermiş münaqişəni müzakirə etmişlər, nənəsi qorxmuş və döyülmüş vəziyyətdə olmuşdur, əl-ayaqları titrəmişdir. Nənəsindən nə baş verməsini soruşduqda bildirmişdi ki, anası Sevinc o, evdən çıxdıqdan sonra nənəsinin üzərinə hücum edərək əl və ayaq zərbələri ilə onu döymüş, nənəsinin öz əsası ilə onu boğmuşdur. Nənəsinin qol, boyun və sinə nahiyələrində qırmızı xəsarət izləri olmuşdur. Həmin vaxt artıq atası da gəlib çatmış, nənəsinin işlətdiyi «Samsung» markalı telefon yerdə sınmış vəziyyətdə olmuş, nənəsi bildirmişdir ki, Sevinc onu döyərkən o, telefonunu götürüb oğluna zəng vurmaq istədikdə telefonunu əlindən zorla alaraq yerə çırparaq sındırmışdır. Bir qədər sonra mənzilə artıq polis əməkdaşları da gəlmişlər, məlum olmuşdur ki, atası onlara yoldan zəng vurub çağırmışdır ki, özü çatana qədər polis onların köməyinə yetişsin. Çağırışa gələn polislər baş vermiş hadisə barədə nənəsindən ərizə və izahat qəbul etmişlər, bu vaxt artıq anası Sevinc də evə qayıtmış və polislər ondan baş vermiş hadisə barədə izahat alaraq xəbərdar etmişlər ki, bir daha evdə münaqişə yaratmasın. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, anasının nənəsini döyməyini görməmiş, amma nənəsi ona demişdir ki Sevinc onu döymüşdür, nənəsinin bədənində izlər görmüş, qolunda, boynunda və ayaqlarında izlər olmuşdur, əvvəllərdə mübahisələri olmuşdur, bu mübahisənin dəqiq səbəbi nə olduğunu bilməmişdir, əvvəllər olan hadisələrə görə atasına demiş, atasının bu barədə məlumatı olmuşdur, hadisə vaxtı Sevincdən qorxduğu üçün evdən çıxmış, yarım saat aşağıda gözləmiş, atası gəldikdə evə getmiş, qonşu Zemfira onlarda olmuşdur. Anası nənəsini təhqir etmiş, bibisini təhqir etmiş, ayaqqabısını geyinəndə Sevinc nənəsinin otağına keçmiş, nənəsi“ dəymə mənə, mənə əl vurma” deyərək qışqırmışdır. Bacısı Sevincgilin otağında olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində evdə olarkən mənzilinin açıq qapısından Tərxanım həyəcanlı şəkildə içəri daxil olaraq bildirdi ki, gəlini Sevinc evdə tək olarkən onu öz çəliyi ilə boğurmuş, əlindən qaçıb çıxmışdır, xahiş etdi ki, oğlu Asəfə zəng vurub çağırsın. O da Tərxanımın verdiyi telefon nömrəsinə öz telefonundan zəng vuraraq danışmaq üçün Tərxanıma vermişdir. Oğlu ilə telefonda danışıb qurtardıqdan sonra Tərxanıma su verib bir qədər sakitləşdirmiş və öz mənzilinə aparmışdır. Orada olan Sevincdən münaqişənin səbəbini soruşduqda Sevinc bildirmişdir ki, “bax gör o məni döyüb yoxsa mən onu?”, başqa heç nə görməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Tərxanım ona demişdir ki, Sevinc onu boğub, amma o xəsarət görməmişdir, əvvəllər onlar arasında olan mübahisələrdəndə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, tibbi ekspertiza üzrə bakalavr və rezidentura təhsili almışdır, hal-hazırda 2021-ci ilin fevral ayından Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X7, Sabunçu rayon şöbəsinin məhkəmə-tibb eksperti işləyir. Hazırki iş üzrə onu qeyd etmişdir ki, Zərərçəkmiş şəxs özü şəxsən müayinə etmiş, bununla bağlı rəy tərtib etmişdir. Həmin rəyi təhqiqatçının qərarı əsasında yazır, müayinə zamanı şəxsin özündən hansı xəsarətlər almasını soruşur. Zərərçəkmiş şəxs oğlu ilə gəlmişdi, müayinə zamanı, bildirmişdir ki, gəlini onu döyüb, əl ilə və ya əsa ilə döyülməsi dəqiq yadında qalmayıb, əsanın ora yazılmaması texniki səhv nəticəsində yazılmaya bilər, həmin xəsarətlər bərk küt əşyanın təsirindən yaranması müəyyən edilmişdir. Dərialtı hematomalar və qançırlar müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşya təsirindən yaranmışdır, yumruq, əsa, taxta parçasından yarana bilər, xəsarətin özü-özünə yetirilməsi mümkün deyildir, lokalizasiya və xəsarətin böyüklüyünə görə özü-özünə yetirə bilməsi istisna edilir. Yıxılma nəticəsində də baş verə bilməz. Əgər yıxılma olsaydı sümükdə çıxıqlar, sıyrıqlar olardı. Bu səbəbdən də qənaətə gəlmişdir ki, yıxılma nəticəsində xəsarət ala bilməsi inkar olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında CM-nin 128.1-ci maddəsi ilə cinayət işi başlanmışdır(i.v.1); Hadisə yerinə baxış keçirilməsi barədə 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi məhəllə 4090/94 ev 1/5 mənzil 23 ünvanına baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.14-17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X6 Sabunçu rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1996 nömrəli Ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs çənəaltı və sol bazu nahiyələrinin dərialtı hematomaları, sol said, sol bud, sağ baldır nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanının(əşyaların) təsirindən törənmişlər, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir (i.v.22-23); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X6 Sabunçu rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 2011 nömrəli Ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol said nahiyəsinin qançır və sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir(i.v.24-25); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.30); əşyanın təqdim edilməsi haqqında 12 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadələrinin təsdiqi kimi, istintaq orqanına bir ədəd sınmış vəziyyətdə olan ağ rəngli “Samsung” markalı mobil telefon cihazını təqdim etmişdir(i.v.39); əşyaya baxış keçirilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən isintaq orqanına təqdim edilmiş mobil telefon cihazı ağ rəngli olmaqla “Samsung Galaxy” markalı “GT-l8190” modellidir, smartfon tiplidir, displey hissəsinin şüşə örtüyü üzərində çoxsaylı çatlar var, arxa plastmas qapağı da iki hissədən çatlamış vəziyyətdədir, cihaz istifadə üçün yarasızdır(i.v.41); maddi sübut kimi tanıma haqqında 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən ifadələrinin təsdiqi kimi istintaq orqanına təqdim edilmiş bir ədəd mobil telefon cihazı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır(i.v.42); Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixlə 30 N°li qısamüddətli mühafizə orderindən görünür ki, Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin nəzdində yaradılmış Gender məsələləri şöbəsi tərəfindən Sabunçu rayon İcra Hakimiyyətinə daxil olmuş 120-22/tx saylı xx.xx.2022-ci il tarixli məktuba əsasən, Gədəbəy rayonu N-İvanovka kəndində qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında yaşayan xx.xx.1942-ci il təvəllüdlü Zərərçəkmiş şəxs gəlini xx.xx.1977-ci il təvəldülü Təqsirləndirilən şəxs tərəfindən məişət zorakılığına məruz qalmışdır. Monitorinq qrupuna təqdim edilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs onunla eyni ünvanda yaşayan gəlini Təqsirləndirilən şəxs ilə aralarında məişət zəminində münaqişəli vəziyyət yaranmış və nəticədə Təqsirləndirilən şəxs ona qarşı fiziki zorakılıq törədərək müxtəlif bədən xəsarətləri yetrmişdir. Həmin məişət zorakılığının qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs dörd bənddən ibarət qadağalar tədbiq edilmişdir(i.v.49); Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 25 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi aşkar edilməmişdir(i.v.60); 05 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.61-65); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.67); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.106-107); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X7 Təkrarı Ekspertizalar şöbəsinin xx.xx.2023-cü il tarixli, T467/2023 nömrəli ekspert rəyindən görünür ki: 1. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər yalnız yumşaq toxumaları əhatə etdiyindən onların ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün olmadı. 2. Xəsarətlər Zərərçəkmiş şəxs müxtəlif duruş vəziyyətində yetirilə bilərdi. 3.4.5. Vətəndaş Zərərçəkmiş şəxs çənəaltı və sol bazu nahiyələrinin dərialtı hematomaları, sol said, sol bud, sağ baldır nahiyələrinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən əsa ilə yetirilə bilərdi, dərəcəsinə görə çənəaltı və sol bazu nahiyələrinin dərialtı hematomaları sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Müdafiə hüququnun təməl insitutu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra Zərərçəkmiş şəxs dindirilmişdir. Zərərçəkmiş şəxsin ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Belə ki, iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, anasının nənəsini döyməyini görməsədə, amma nənəsi ona demişdir ki, Sevinc onu döymüşdür, nənəsinin bədənində izlər görmüş, qolunda, boynunda və ayaqlarında izlər olmuşdur, hadisə vaxtı nənəsinin “dəymə mənə, mənə əl vurma” deyərək qışqırmağını eşitmişdir. Həmçinin, iş üzrə Şahid3 ifadəsində xx.xx.2022-ci il tarixdə saat 19 radələrində evdə olarkən mənzilinin açıq qapısından Tərxanım həyəcanlı şəkildə içəri daxil olaraq bildirmiş ki, gəlini Sevinc evdə tək olarkən onu öz çəliyi ilə boğurmuş, əlindən qaçıb çıxmışdır, xahiş etmişdir ki, oğlu Asəfə zəng vurub çağırsın. O da Tərxanımın verdiyi telefon nömrəsinə öz telefonundan zəng vuraraq danışmaq üçün Tərxanıma vermişdir. Oğlu ilə telefonda danışıb qurtardıqdan sonra Tərxanıma su verib bir qədər sakitləşdirmiş və öz mənzilinə aparmışdır. Orada olan Sevincdən münaqişənin səbəbini soruşduqda Sevinc bildirmişdir ki, “bax gör o məni döyüb yoxsa mən onu?”, başqa heç nə görməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X6 Sabunçu rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1996 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs çənəaltı və sol bazu nahiyələrinin dərialtı hematomaları, sol said, sol bud, sağ baldır nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanının(əşyaların) təsirindən törənmişlər, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs özü şəxsən müayinə etmiş, bununla bağlı rəy tərtib etmişdir, dərialtı hematomalar və qançırlar müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşya təsirindən yaranmışdır, yumruq, əsa, taxta parçasından yarana bilərdi, xəsarətin özü-özünə yetirilməsi mümkün deyildir, lokalizasiya və xəsarətin böyüklüyünə görə özü-özünə yetirə bilməsi istisna edilir. Yıxılma nəticəsində də baş verə bilməz. Əgər yıxılma olsaydı sümükdə çıxıqlar, sıyrıqlar olardı. Bu səbəbdən də qənaətə gəlmişdir ki, yıxılma nəticəsində xəsarət ala bilməsi inkar olunur. Həmçinin, məhkəmə istintaqı zamanı əlavə məhkəmə tibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X7 Təkrarı Ekspertizalar şöbəsinin xx.xx.2023-cü il tarixli, T467/2023 nömrəli ekspert rəyindən görünür ki: 1. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər yalnız yumşaq toxumaları əhatə etdiyindən onların ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün olmadı. 2. Xəsarətlər Zərərçəkmiş şəxs müxtəlif duruş vəziyyətində yetirilə bilərdi. 3.4.5. Vətəndaş Zərərçəkmiş şəxs çənəaltı və sol bazu nahiyələrinin dərialtı hematomaları, sol said, sol bud, sağ baldır nahiyələrinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən əsa ilə yetirilə bilərdi, dərəcəsinə görə çənəaltı və sol bazu nahiyələrinin dərialtı hematomaları sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını(CM-59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hazırki cinayət əməlinin qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsini CM-nin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ali təhsilli həkim olmasını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut “Samsung Galaxy” markalı “GT-İ8190” modelli mobil telefon zərərçəkmiş şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000 (min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Samsung Galaxy” markalı “GT-İ8190” modelli mobil telefon zərərçəkmiş şəxsə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar