Məhkəmə qərarları › İş №1(008)-29/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-29/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-29/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Turqenev küçəsi ev 11-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.756 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 sentyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Turgenev küçəsi 11 ünvanda barəsində daxil olmuş məlumat əsasında Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Sabunçu RPİ-in 15-ci PB-nə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.756 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 oktyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində yaşadığı ünvan 2 ünvanda əmisi oğlu Zərərçəkmiş şəxs2 Səlahəddin oğluna məxsus 160 manat dəyərində Franko 800 W markalı mikrodalğalı sobanı, 190 manat dəyərində NO BAH HEROİC 2400W markalı tozsoranı, 150 manat dəyərində TURBO FORCE 3.000 markalı ətçəkən aparatı, 120 manat dəyərində BOSH 380W markalı şirəçəkən aparatını, 160 manat dəyərində AYGAS 20 L markalı su qızdırıcısını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 780 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 oktyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində yaşadığı ünvan 2 ünvanda qardaşı Zərərçəkmiş şəxs1 məxsus 150 manat dəyərində Toster aparatını, 150 manat dəyərində şirə çəkən aparatını, 100 manat dəyərində elektrik sobasını, bir cüt 150 manat dəyərində ağ rəngli 42 sm ölçülü idman ayaqqablarını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 550 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ümumi təmiz çəkisi 0.172 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 13 fevral 2023-cü il tarixdə, saat 14:30 radələrində Sabunçu RPl-in 15-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-in 15-ci PBnə gətirilmiş və onun üzərinə şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sol yan cibindən həmin iki bükümdə birində 0.088 qram, digərində isə 0.084 qram ümumi təmiz çəkisi 0.172 qram narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroini qəbul etmək üçün tanımadığı şəxslərdən alırdı. 22 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Balaxanı qəsəbəsində olarkən adını bilmədiyi şəxsdən 20 manat pul verib ondan özünün qəbul etməsi üçün bir bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin şəxsin ona verdiyi bükümü sonradan qəbul etmək üçün əynində olan mavi rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. 22 sentyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Turgenev küçəsində yaşadığı evin yaxınlığında küçə ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-in 15-ci PB-nə dəvət etmişlər. Sabunçu RPİ-in 15-ci PB-in xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməyini təklif etdikdə artıq üzərində olan narkotik vasitə olan heroini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində narkotik vasitə olan heroinin olmasını polis əməkdaşlarına bildirmişdir. Üzərində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddə narkotik vasitə olan heroindir. Həmin maddəni özü üçün tanımadığı şəxsdən 20 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. 26 oktyabr 2022-ci il tarixdə nənəsi rəhmətə getdiyindən qardaşı Çingiz anası ilə birlikdə Ağsu rayonuna getmişlər.Onun ağrıları olduğundan o, onlarla birlikdə getməmişdir, özünü pis his elədiyini bildirmiş və yaşadığı evdə qalmışdır. Əmisi oğlu Zərərçəkmiş şəxs2 evində təmir işləri getdiyində o bir neçə əşyasını onların evə qoymuşdur. Əhmədə məxsus və öz evində olan bir neçə Çingizin əşyaları götürüb satıb pul əldə etmək, həmin pula narkotik vasitə alıb, qəbul edib, ağrıların çıxarılması barədə fikirləşmişdir. Buna görə də, həmin gün saat təxminən 16:00 radələrində o, əmisi oğluna məxsus mikrodalğalı sobanı, tozsoranı, ətçəkən maşını, su qızdırıcısmı və evində olan digər qardaşına məxsus Toster aparatını, şirə çəkən aparatı, elektrik sobasını, bir cüt ağ rəngli idman ayaqqablarını gizli götürmüş, qardaşımın əmlaklarını Rus bazarı deyilən yerdə satıb təxmini 250 manat pul əldə etmişdir. Həmin əşyaların bir qismini yəni Əhmədə məxsus olanları isə sonradan sataraq pul əldə etmək üçün gizlətmişdir. 13 fevral 2023-cü il tarixdə, saat 14:30 radələrində yaşadığı evin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Sabunçu RPİ-in 15-ci PB-nə dəvət etmişlər. Video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılmışdı. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd tərəzi, içərisində bir ədəd qara rəngli siqaret kağızının iç üzünə bükülmüş və bir ədəd qara rəngli siqaret kağızına bükülmüş, ümumilikdə iki ədəd açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddə olan heroinə bənzər maddələr olan plastik qab və həmin idman şalvarının sağ yan cibində olan 92 manat pulun arasında bükülmüş vəziyyətdə olan 50 rus rublunu çıxardaraq könüllü təhvil vermişdir. O, həmin narkotik vasitələri 12 fevral 2023-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonunda üzdən tanıdığı şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə Əhmədin evində təmir işləri getdiyindən onunla Kamranın yaşadığı evə Əhməd məxsus əmlakları sonra götürmək üçün yığmışdır. Sonra ona məxsus Franko 800 W markalı mikrodalğalı sobanı, NO BAH HEROİC 2400W markalı tozsoranı, TURBO FORCE 3000 markalı ətçəkən aparatı, BOSH 380VV markalı şirəçəkən aparat, AYGAS 20 L markalı su qızdırıcısını onların yaşadığı evin mətbəx otağına yığmışdı. 28 oktyabr 2022-ci il tarixdə səhər radələrində o, onların evinə gəldikdə əmlaklarının yerində olmadığını aşkar etmişdir. Həmçinin o, 27 oktyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində 150 manat dəyərində Toster aparatının, 150 manat dəyərində şirə çəkən aparatın, 100 manat dəyərində elektrik sobasının, bir cüt 150 manat dəyərində ağ rəngli 42 sm ölçülü idman ayaqqablarının oğurlanmasını aşkar etmişdir. Hal-hazırda onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur, bir neçə ildir ki, narkotik vasitə aludəçisidir, Çingiz onun qardaşıdır, normal münasibəti var, Çingizin işi-gücü vardır. Onların evi ilə onun evi bir dam altında olsa da aralarında daş hasar vardır. 26 oktyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində onun evində təmir işləri getdiyindən Kamranın yaşadığı evə ona məxsus əmlakları 28 oktyabr 2022-ci il tarixdə geri götürmək məqsədidə yığmışdır. Sonra ona məxsus 160 manat dəyərində Franko 800 W markalı mikrodalğalı sobanı, 190 manat dəyərində NO BAH HEROİC 2400W markalı tozsoranı, 150 manat dəyərində TURBO FORCE 3000 markalı ətçəkən aparatı, 120 manat dəyərində BOSH 380W markalı şirəçəkən aparat, 160 manat dəyərində AYGAS 20 L markalı su qızdırıcısını Kamranın yaşadığı evin mətbəx otağına yığmışdır. 28 oktyabr 2022-ci il tarixdə səhər radələrində onların evinə getdikdə əmlaklarımın yerində olmadığını aşkar etmişdir. Dərhal Kamrandan şübhələnmiş, lakin onunla danışarkən boynuna almamışdır. 31 oktyabr 2022ci il tarixdə polisə bu barədə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə Zabrat qəsəbəsi, Turgenev küçəsi ev 11-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdu. Onun ətrafında 15-ci PB-in əməkdaşları ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün 15-ci PB-in rəisinə adına raport yazmışdı. PB-in rəisinin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə saxlamsı barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra PB-in əməkdaşı ilə birlikdə 22 sentyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Zabrat qəsəbəsi, Turgenev küçəsinə yollanmış və orada Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib polis əməkdaşları olduğunu bildirdikdən sonra saxlanılmış şəxsin Təqsirləndirilən şəxs olması bir daha müəyyən edilmişdi. Əməliyyat qərarı ilə o, tanış edilərək onun barəsində qanunsuz maddə saxlaması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq üçün onu 15-ci PB-nə dəvət olunmuşdu. Bundan sonra Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvləri ilə birlikdə 15-ci PB-nə getmişdi. Şəxs gətirilərkən üzərində axtarış aparılana kimi müddət ərzində tərəflərindən müşahidə altında saxlanılmışdır. Bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sol cibindən bir ədəd bükümdə heroini təqdim etmişdi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan heroini öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə Zabrat qəsəbəsi, Turgenev küçəsi ev 11-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatları ona daxil olmuşdu. Onun ətrafında 15-ci PB-in əməkdaşları ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün 15-ci PB-in rəisinə adına raport yazmışdı. PB-in rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə saxlaması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra 13 fevral 2023-cü il tarixdə, saat 14:30 radələrində Zabrat qəsəbəsi, Turgenev küçəsinə yollanmışlar. Orada Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib polis əməkdaşları olduğunu bildirdikdən sonra saxlanılmış şəxsin Təqsirləndirilən şəxs olması bir daha müəyyən edilmişdi. Əməliyyat qərarı ilə o, tanış edilərək onun barəsində qanunsuz maddə saxlaması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq üçün onu 15-ci PB-nə dəvət olunmuşdu. Videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol cibindən iki ədəd bükümdə heroini onlara təqdim etmişdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, aşkar olunan heroini öz istifadəsi üçün əldə edibdir. Onun üzərinə baxış zamanı qanunsuz digər əşya və ya predmet aşkar olunmamışdı. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/882 saylı, 14 fevral 2023-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının,güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən....» və s. yazılar, imzalar olan zərfdəki iki ədəd bükümdə təmiz çəkisi 0.088 və 0.084 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə ümumi təmiz çəkisi 0.172 qram heroindir. Bir ədəd elektron tərəzinin və 50 rus rublunun üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi-0.172 qram, tədqiqata sərf edilən miqdarı-0.05 qram, qalıq-0.122 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5433 saylı, 23 sentyabr 2022-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi «Zərflər Üçün№161 möhür əksi…….Təqsirləndirilən şəxs……. və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.756 qram kustar üsulla hazırlanmış vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi-0.756 qram, tədqiqata sərf edilən miqdarı-0.05 qram, qalıq-0.706 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/8592 saylı, 20 dekabr 2022-ci il tarixli «məhkəmə əmtəəşünaslıq,ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi» ekspertizasının rəyindən görünür ki, Franko 800 W markalı mikrodalğalı soba 120 manat, NO BAH HEROİC 2400W markalı tozsoran 80 manat,TURBO FORCE 3000 markalı ətçəkən 110 manat,BOSH 380W markalı şirəçəkən aparat 35 manat, AYGAS 20 L markalı su qızdırıcısı 70 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X9 X4 Tibbi Yoxlamanın 1090 saylı, 24 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 mart 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə icraata 12 noyabr 2021 -ci il tarixdə Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsi ilə xitam edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı iki ədəd DVD diskə köçürülmüş görüntülərdən görünür ki, PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ona dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrinə əsasənoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədilmə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntülər və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-təkrar törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Təkrar törədilən cinayətlərə görə təyin ediləcək cəzanın daha ağır olması nəzərdə tutulsa da, cinayət qanununun ədalət prinsipinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 13 fevral 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 01, səh.,20). Cinayət işinin materiallarında olan 15 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,59). Cinayət işinin materiallarında olan 15 fevral 2023-cü il tarixli, 4(008)130/2022 №li qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina oulnması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (cild 01, səh.,78). Cinayət işinin materiallarında olan 03 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2022-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 01, səh.,130). Cinayət işinin materiallarında olan 05 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,139). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması Bakı şəhəri, Sabunçu rayon prokuroru tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh.,151). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polsin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh.,154). Cinayət işinin materiallarında olan 22 sentyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 01, səh.,181). Cinayət işinin materiallarında olan 24 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2022ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,220). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması Bakı şəhəri, Sabunçu rayon prokuroru tərəfindən verilmiş 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh.,238). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polsin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh.,241). Cinayət işinin materiallarında olan 26 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 02, səh.,79). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X9 Ambulator X1 1090 saylı, 24 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayətlər törətməsini, onun alternativ cəza ilə islah olunmasının mümkün olmadığını, alternativ cəzanın cəzanın məqsədinə nail ola bilməməsini, onun törədilmiş əməllərdə təqsirinin olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından həbs edilməli, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixə, 03 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixə kimi, 22 sentyabr 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 0.122 qram və 0.706 qram heroin, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalı və əmlakların Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 220 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan maddi sübut bir ədəd elektron tərəzi əvəzsiz olaraq xüsusi müsadirə edilməklə dövlət nəfinə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən «02» (iki) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01»(bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın, qəti olaraq Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixə, 03 noyabr 2023-cü il tarixdən 05 noyabr 2023-cü il tarixə, 22 sentyabr 2023-cü il tarixdən 24 sentyabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «06» (altı) gün müddət nəzərə alınsın, həmin müddətlər Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «08» (səkkiz) ay, «24» (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Cinayət məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 0.122 qram və 0.706 qram heroin, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın və əmlakların Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan maddi sübut bir ədəd elektron tərəzi əvəzsiz olaraq xüsusi müsadirə edilməklə dövlət nəfinə alınsın. 220 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs edilsin və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar