Məhkəmə qərarları › İş №1(008)-29/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-29/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-29/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1984-cü ildə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, ev 8, mənzil 28 yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:15-də ictimai yer olan ünvan 3 ünvanında fəaliyyət göstərən “Möcüzə” şirniyyat evinin qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-CO-*** dövlət qeydiyyat nömrəli avtomobilini aşağı sürətlə arxa istiqamətə hərəkət edərkən ona cüzi toxunmasını cüzi səbəb kimi bəhanə edib özünü cəmiyyətin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənələr, əxlaq normaları və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, eləcə də ictimai qaydanı kobud tərzdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib ətrafda olan insanların rahatlığının pozulmasına məhəl qoymadan avtomobilin salonunda sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs ilə mübahisə edib onun baş və bədən nahiyələrinə əl və ayaq zərbələri ilə qəsdən zərbələr vuraraq zor tətbiq edib, sonuncuya sol yanaq nahiyəsinin qançırı ilə müşaiyət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 fevral 2024-cü il tarixdə saat 21:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Möcüzə” şirniyyat evinin qarşısında olan elektron ödəmə sistemi vasitəsi ilə pul köçürməsi əməliyyatını edib yaşadığı evə getmişdir. Həmin vaxt yolu keçmək üçün səkidən yolun hərəkət hissəsinə keçərkən əvvəllər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-CO-*** dövlət qeydiyyat nömrəli avtomobilini arxa istiqamətdə hərəkət etdirərkən avtomobil onun sağ ayağına toxunmuşdur. Sürücü Zərərçəkmiş şəxs yaxınlaşıb qeyd edilən hadisə ilə bağlı iradlarını bildirmiş, sonuncu haqlı iradlarını səmimi qəbul etmək əvəzinə onunla sözlə mübahisə etməyə başlamışdır. Onu sakitləşdirməyə çalışsa da, sonuncu buna məhəl qoymayaraq onu küçə söyüşləri ilə təhqir etmiş və kobud tərzdə “get işinlə məşğul ol” ifadələrini işlətmişdir. Onun bu sözlərindən əsəbiləşərək əli ilə onun sifət nahiyəsinə 3-4 dəfə yumruq zərbəsi vurmuşdur. Lakin, yalnız bir yumruq zərbəsi Zərərçəkmiş şəxs sifət nahiyəsinə dəymiş, sonuncu başını yayındırdığı üçün digər zərbələri ona dəyməmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs sakitləşməmiş, həmin vaxt çox əsəbi və həyəcanlı olduğundan özündən asılı olmayaraq Zərərçəkmiş şəxs 01 dəfə ayağı ilə təpik vurmuş, lakin təpik zərbəsi də ona dəyməmişdir. Bundan sonra hadisə yerinə gəlmiş tanımadığı iki şəxs onu sakitləşdirib oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir problem olmamış, sonuncunu əvvəllər ümumiyyətlə tanımamışdır. Münaqişə zamanı onun və Zərərçəkmiş şəxs yanında heç kim olmamış, hər ikisi tək olmuşlar. Qeyd edilən münaqişə təxminən 4-5 dəqiqə davam etmiş, hadisə yerinə təxminən 7-8 nəfər tanımadığı şəxslər toplaşmışlar. Göstərilən mübahisə zamanı əlində, eləcə də üzərində bıçaq və ya digər hər hansı bir əşya, predmet olmamış, münaqişə zamanı Zərərçəkmiş şəxs onu vurmamışdır. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ona toxunması nəticəsində heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən işə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 5 ünvanında yerləşən “Möcüzə” şirniyyat evinin yaxınlığında fəaliyyət göstərən aptekdə alış-veriş etmişdir. Həmin tarixdə saat 21:20 radələrində qeyd edilən şirniyyat evinin qarşısında park etdiyi özünə məxsus “Toyota Prius” markalı, **-CO-*** dövlət qeydiyyat nömrəli avtomobilinə əyləşib yaşadığı ünvana getmək istəmişdir. Həmin vaxt avtomobilini aşağı sürətlə arxa istiqamətdə idarə etdirərkən əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb avtomobilinin ona toxunduğuna görə kobud tərzdə ona iradlarını bildirmişdir. Onu görmədiyini bildirib üzr istəmişdir. Təqsirləndirilən şəxs onun yerinə kiminsə anası, bacısının ola biləcəyini qeyd etmişdir. O, isə orada onun yox başqa şəxsin olmasının məsələyə nə aidiyyatı olduğunu, onu görmədiyini yenidən bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onunla sözlə mübahisə etməyə başlamışdır. Onu sakitləşdirməyə çalışsa da, buna nail ola bilməmişdir. Bu səbəbdən avtomobilini idarə edib oradan uzaqlaşmaq istəmiş, lakin Təqsirləndirilən şəxs buna imkan verməmişdir. Sonuncu yüksək səslə onu təhqir etməyə başlamış, mübahisənin böyüməməsi üçün avtomobildən düşməmişdir. Bu zaman Təqsirləndirilən şəxs avtomobilin qapısını açıb əlləri ilə onun sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Davamlı olaraq onu sakitləşdirməyə çalışmış, buna baxmayaraq Təqsirləndirilən şəxs onu vurmağa davam etmişdir. Sonuncu bununla kifayətlənməyərək onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə təpik zərbələri vurmuşdur. Bundan sonra oraya toplaşmış tanımadığı şəxslər Təqsirləndirilən şəxs sakitləşdirdirib oradan uzaqlaşdırmışlar. Təqsirləndirilən şəxs əvvəllər ümumiyyətlə tanımamışdır. Münaqişə zamanı onun və Təqsirləndirilən şəxs yanında heç kim olmamış, hər ikisi tək olmuşlar. Münaqişə təxminən 4-5 dəqiqə davam etmiş, münaqişə zamanı hadisə baş verdiyi yerə tanımadığı şəxslər toplaşmışlar. Mübahisə zamanı Təqsirləndirilən şəxs əlində bıçaq və ya digər hər hansı bir əşya, predmet olmamış, münaqişə zamanı Təqsirləndirilən şəxs vurmamışdır.Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında ünvan 3 ünvanında fəaliyyət göstərən “Möcüzə” şirniyyat evinin qarşısına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2024-cü il tarixli, 1/1765 saylı tibbi müayinə protokoluna əsasən Təqsirləndirilən şəxs müayinəsi zamanı onda qalıq sərxoşluq əlamətlərinin aşkar olunduğu qeyd edilmişdir. - diskin yaddaşında olan video görüntüyə baxış keçirilməsi haqqında 01 mart 2024cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən “Möcüzə Dad” mağazasının müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs mağazadan çıxaraq özünə məxsus olan “Toyota Prius” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib avtomobili hərəkətə gətirərək geriyə idarə edib getmək istəyərkən avtomobilin arxa hissəsinin yolu keçmək istəyən Təqsirləndirilən şəxs toxunması, sonuncunun Zərərçəkmiş şəxs yaxınlaşaraq irad bildirməsi və aralarında mübahisə yaranması, Təqsirləndirilən şəxs avtomobilin sürücü tərəfdən qapısını açaraq Zərərçəkmiş şəxs əllə və sonra təpiklə vurması, hadisə yerinə çoxlu insanlarin toplaşması, mübahisəyə müdaxilə etmələri və Təqsirləndirilən şəxs sakitləşdirib aparmaları görünür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 455 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol yanaq nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. - axtarışda olan şəxsin könüllü olaraq polis orqanına gəlməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da könüllü surətdə Sabunçu RPİ-nin 13-cü PŞ-nə gəlmiş və Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 13 iyun 2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Zaur Kərimovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 17 iyun 2024-cü il tarixli qərardan görünür ki, hadisəni əks etdirən videogörüntünün olduğu 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5, 68.2-ci maddələrinə əsasən barəsində 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 178.2.24-cü maddəsi hökmdən xaric edilərək cəzası dəyişdirilmədən saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə əməli CM-nin 178.3.2-ci maddəsindən 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edlərək üzərində 03 il 04 ay azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmış, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli amnistiya qərarının 2.11 -ci bəndinə əsasən təyin edilmiş cərimənin ödənilməmiş 500 manat hissəsindən azad edilmişdir - Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən barəsində 1 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 1(012)- 64/2025 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış və apellyasiya şikayəti təmin edilməmişdir. - Elektron məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs “qohumluq məlumatları”dan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X4 adlı üç uşağı vardır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında hadisə anının videogörüntülərini əks etdirən bir ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Zərərçəkmiş şəxs mağazadan çıxaraq özünə məxsus olan “Toyota Prius” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib avtomobili hərəkətə gətirərək geriyə idarə edib getmək istəyərkən avtomobilin arxa hissəsinin yolu keçmək istəyən Təqsirləndirilən şəxs toxunması, sonuncunun Zərərçəkmiş şəxs yaxınlaşaraq irad bildirməsi və aralarında mübahisə yaranması, Təqsirləndirilən şəxs avtomobilin sürücü tərəfdən qapısını açaraq Zərərçəkmiş şəxs əllə və sonra təpiklə vurması, hadisə yerinə çoxlu insanlarin toplaşması, mübahisəyə müdaxilə etmələri və Təqsirləndirilən şəxs sakitləşdirib aparmaları görünür. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №-li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin şikayətinin olmamasını, himayəsində üç uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. AR Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən olunması zamanı nəzərə alınmır. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə elan edilmiş AR CM-nin 221.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan təqsirləndirilən şəxsin əməlində residiv müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-64/2025 nömrəli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-64/2025 nömrəli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə cinayət işinin ibtidai istintaqı dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə Abşeron RPİnin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, ibtidai istintaq dövründə 04 gün müddətində tutulmuşdur. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 04 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməlində residivin olması nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 4 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-64/2025 saylı hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza –01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 4 gün həbsdə olması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə 210 (iki yüz on) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar