Məhkəmə qərarları › İş №1(008)-290/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-290/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-290/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Balandin küçəsi-42 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ev 2-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə 21 may 2022- ci il tarixdən 04 iyun 2022-ci il tarixə olan müddət ərzində kirayəşin kimi yaşadığı ünvan 3 ünvanda olan zamanı həmin mənzildən 24 may 2022-ci il tarixdə saat 18 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus olan 2500 manat dəyərində 1 ədəd «Samsung» markalı 150 dioqanallı televizoru ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 2500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə 21 may 2022-ci il tarixdən 04 iyun 2022-ci il tarixə olan müddət ərzində kirayəşin kimi yaşadığı ünvan 3 ünvanda olan zamanı həmin mənzildən 03 iyun 2022-ci il tarixdə günorta saatlarında vətəndaş Zərərçəkmiş şəxs məxsus olan 250 manat dəyərində 1 ədəd (3 metr x 4 metr) ölçüdə olan xalçanı, 400 manat dəyərində 1 ədəd «Karaca» markalı yataq dəstini (2 ədəd yastıq, 1 ədəd yorğan, 1 ədəd yataq örtüyü), 300 manat dəyərində 3x6 metr ölçüdə olan (3 metr hündürlüyü 6 metr eni) pərdə cütlük dəstini, 250 manat dəyərində müxtəlif növlü qabları, fincanları və stəkanları ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 1200 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi olmuş, hazırda könüllü olaraq uzunmüddətli reabilitasiya mərkəzində mualicə olunur. Ev şəraiti yaxşı olmadığına görə, həmçinin, işsiz olduğuna görə evdə valideynləri ilə tez tez mübahisələr baş verdiyindən evdən çıxmış, 21 may 2022-ci il tarixdə Bakıxanov qəsəbəsində kirayə ev tapmaq üçün Sülh küçəsi istiqamətinə gəlmiş, həmin günü axşam tərəfi saat 19 radələrində sonradan adını bildiyi Dostəli adlı şəxsi görüb həmin şəxsdən ətrafda kirayə ev olub-olmaması ilə maraqlanmış, həmin kişi özünü binanın komendantı kimi təqdim edərək Sülh küçəsi 54 saylı binanın 6-cı mərtəbəsində 3 otaqlı mənzilin kirayə verildiyini bildirmişdir. O həmin mənzilə baxmaq istəmiş və Dostəli onu evin sahibi ilə tanış etməsi üçün Zərərçəkmiş şəxs zəng etmiş, elə həmin gün saat 20 radələrində Aynurə həmin ünvana gəlmiş və Dostəli onları tanış etmişdir. O özünü «Əli Məmmədov» kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs evi ona göstərərkən görmüşdür ki ev 3 otaqlıdır, evdə yaşayış üçün şərait var. Aynurədən xahiş etmişdir ki, evi ona həmin gündən kirayə versin, çünki onun gecə getməyə yeri yoxdur. Zərərçəkmiş şəxs yalandan demişdir ki, guya ailəlidir, uşağı var, hazırda qaldığı evdə təmir işləri getdiyinə görə qalmağa yeri yoxdur, ailəsi 3-4 gündən sonra rayondan qayıdıb onunla birlikdə yaşayacaq. Aynurə ona inanıb həmin evi ona verməyə razılaşmış və evin kirayə haqqısını o Aynurə ilə aylıq 350 manata razılaşmışdır. Həmin günü o Aynurənin ona kirayə verdiyi evində qalmış, Aynurəyə 100 manat ödəmiş, qalan 250 manatı isə səhərisi günü o Aynurənin kartına köçürtmüşdür. Kirayə qaldığı mənzil Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 54 mənzil 43 ünvanda yerləşmişdir. Ev 3 otaqlı olsa da, evdə otağın biri bağlı vəziyyətdə olmuş, Aynurə ona bildirmişdir ki, həmin otaqda şəxsi əşyaları var. O da etiraz etməyərək həmin otaqdan istifadə etməmişrdi. Beləliklə o həmin ünvanda 21 may 2022-ci il tarixdən saat 20 radələrindən yaşamağa başlamış, 24 may 2022-ci il tarixdə pula ehtiyacı olduğuna görə kirayədə yaşadığı mənzildə olan Zərərçəkmiş şəxs məxsus «Samsung» markalı televizoru axşam tərəfi saat 18 radələrində kirayədə yaşadığı evdən götürüb Qara Qarayev prospektində Neftçilər metrosunun yaxınlığında yerləşən lombarda aparmışdır. Həmin lombardda işləyən özünü ona Raqif kimi təqdim edən şəxsə bildirmişdir ki, televizor özünə məxsusdur və təcili pul lazım olduğuna görə televizoru girov qoymaq istəyir. Lombardda işləyən Raqif adlı şəxs onunla müqavilə bağlamış və həmin müqaviləni o imzalayıb televizoru Raqifə təhvil vermişdir, Raqifdə ona 220 manatı ödəmişdir. Raqifə televizoru oğurladığını bildirməmişdir. Aldığı 220 manatı o öz ehtiyaclarına xərcləmiş, təxminən 3-5 gün sonra pulu qurtardığına görə o yenədə kirayədə yaşadığı evdən Aynurəyə məxsus xalçanı, qab qacaqları, yataq dəstini, pərdələri götürüb evdən çıxmışdır. Bu əşyalarla o evdən çıxanda onu heç kim görməmişdir. Əşyaları satmaq üçün Bakıxanov qəsəbəsində yerləşən «tolkuçka» deyilən yerə getmiş, lakin orada əşyaları sata bilmədiyinə görə həmin əşyaları xatırlamadığı yerə tullamışdır. Sonra isə pulu olmadığına görə o valideynlərinin yanına qayıtmış, Aynurənin ona kirayə verdiyi ünvanına bir daha getməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs zənglərinədə cavab verməmişdir. Həmin ərəfədə o ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələri işlətmiş, lombarda televizoru girov müqaviləsi əsasında təhvil verəndə həmin müqaviləyə o ***-***-**-** saylı nömrəni qeyd etmişdir. Ümumilikdə kirayə götürdüyü mənzildə 15 gün qalmışdır. Hazırda əməlindən peşmandır, ziyanın bir qismini ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Nərimanov rayonunda yerləşən «Life Center» ticarət mərkəzində dükanların birində satıcı işləyir. 2019-cu ildə ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzili almışdır. Həmin bina 8 mərtəbəlidir və mənzili 6-cı mərtəbədə yerləşir. Həmin mənzili təmir edərkən əlavə qazanc əldə etmək üçün mənzili kirayə vermək qərarına gəlmiş, mənzili mebellə və elektrik avadanlıqları ilə təmin etmişdir. Evi kirayə vermək üçün o binanın komendantı Heydərov Dostəliyə müraciət etmişdir ki, kirayəşin tapsın. 21 may 2022-ci il tarixdə komendant Dostəli ona zəng edərək evi kirayəyə götürmək istəyən olduğunu bildirmiş, o, saat 20 radələrində Sülh küçəsində yerləşən evinə getmiş və orada Dostəlinin yanında bir nəfər cavan oğlanı görmüşdür. Həmin şəxs özünü ona və Dostəliyə «Əli Məmmədov» kimi təqdim etmişdir. X1 kimi təqdim edən şəxsin sonradan polis bölməsində əsl adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Əlimirzə ona demişdir ki, həmin evdə ailəsi ilə birlikdə yaşayacaq azyaşlı uşağı var, arvadı uşağı ilə birlikdə rayondadırlar və 3-4 günə gələcəklər. X2 qəsəbəsində yaşadığını, evində təmir işlərini apardığına görə, məcbur olub kirayə ev axtardığını bildirmiş, xahiş etmişdir ki, evi ona həmin gündən kirayə versin. Şifahi razılaşmaya əsasən o mənzili Əlimirzəyə aylıq 350 manata vermis, Əlimirzə evin açarını ondan Dostəlinin yanında alıb həmin günü mənzilə köçmüş və mənzilə daxil olan kimi ona 100 manatı nağd şəkildə ödəmiş, səhəri günü 250 manatı onun bank kartına köçürmüşdür. 22 may 2022-ci il tarixdən o Əlimirzəyə dəfələrlə demişdir ki, onunla icarə müqaviləsi bağlasın və şəxsiyyət vəsiqəsini ona təqdim etsin. O da hər dəfə müxtəlif bəhanələr gətirib onunla müqavilə bağlamaq istəməmişdir, lakin özünü elə aparırdı ki, o Əlimirzədən şübhələnmir, onu tez-tez narahat etməyə utanırdı. 05 iyun 2022-ci il tarixdə səhər saatlarında saat 11 radələrində Dostəli ona zəng vurub xahiş etmişdir ki, o mənzilin işıq pulunu ödəsin. O Dostəliyə demişdir ki, mənzilin işıq pulunu kirayəşin Əlimirzə ödəməlidir və pulu Əlimirzədən istəsin. Dostəli ona demişdir ki, Əlimirzədən pulu birlikdə istəsinlər və ondan xahiş etmişdir ki, evə gəlsin. O da həmin günü axşama qədər Əlimirzəyə zəng vurmağa başlamış, Əlimirzə zənglərinə cavab verməmişdir. Sonra isə telefonu ümumiyyətlə söndürmüşdür. O da Əlimirzənin bu hərəkətlərindən şübhələnmiş və həmin günü yəni 05 iyun 2022-ci il tarixdə axşam saat 19 radələrində Dostəli ilə birlikdə mənzilə gəlib qapını döymüş. Qapını açan olmadığından yenədə Əlimirzəyə zəng vurmuş, Əlimirzəyə zəng çatmamışdır. Bundan sonra o ehtiyat açarları ilə mənzilin qapısını açıb mənzilə Dostəli ilə daxil olanda görmüşdür ki, mənzilin qonaq otağında olan «Samsung» markalı televizor yoxdur. Televizorun olmadığı barədə o Dostəliyə sual vermiş, Dostəli ona demişdir ki, 3-4 gün bundan qabaq Əli həmin televizoru blokdan çıxartmış, ona demişdir ki, televizor xarab olub və həmin televizoru təmirə aparır. Sonradan evində digər əşyaların oğurlandığını görüb başa düşmüşdür ki, Əlimirzə onu aldadaraq evində kirayə yaşamaq adı ilə evdə saxlanılan əşyalarını ələ keçirmişdir. DİN-nin 102 xidmətinə zəng vururb hadisə barədə məlumat vermiş və 13-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun mənzilindən 1 ədəd «Samsung» markalı 150 dioqanallı televizoru 2500 manat dəyərində, 1 ədəd (3 metr x 4 metr) ölçüdə olan xalçanı 250 manat dəyərində, 1 ədəd «Karaca» markalı yataq dəsti (2 ədəd yastıq, 1 ədəd yorğan, 1 ədəd yataq örtüyü) 400 manat dəyərində, 3x6 metr ölgüdə olan (3 metr hündürlüyü 6 metr eni) pərdə cütlük dəsti 300 manat dəyərində, 250 manat dəyərində müxtəlif növlü qabları, fincanları və stəkanları oğurlamışır. Nəticədə ona ümumilikdə 3700 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda televizor ona qaytarılmış, ona dəymiş ziyan qismən ödənilmiş, qalan ziyan məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hal hazırda o Nizami rayonu Qara Qarayev prospekti 15/29 ünvanda yerləşən lombardı ********** nömrəli VÖEN əsasında işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 24 may 2022-ci il tarixdə saat 19 radələrində o işlədiyi lombardda olan zaman, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əlində bir ədəd 150 dioqanallı Samsung markalı televizoru lombarda gətirib bildirmişdir ki, həmin televizoru girov qoymaq istəyir. Əlimirzə Babayev öz şəxsiyyət vəsiqəsinin surətini ona təqdim edərək bildirmişdir ki, həmin televizor özünə məxsusdur, təcili pul lazım olduğu üçün televizoru girov qoymaq istəyir. O televizora baxdıqda televizoru yoxlamış, televizor işlək vəziyyətdə olmuşdur. Televizora görə o Təqsirləndirilən şəxs 220 manat pul təklif etmiş, Əlimirzə razılaşmış və o Əlimirzə ilə 000101 saylı girov müqaviləsi bağlamışdır. Həmin girov müqaviləsinə əsasən o Əlimirzənin ona təqdim etdiyi Samsung markalı televizorunu 220 manata qəbul etmiş, Əlimirzə isə 1 ay 10 gün müddətində ona əlavə olaraq 40 manat faiz ödəməklə ümumilikdə 260 manat verməli və girov qoyduğu televizorunu girovdan çıxartmalı idi. 260 manat məbləğində pulu 1 ay 10 günə ödənilmədiyi halda isə lombard televizoru digər şəxsə satmaq huququnda idi. Təqsirləndirilən şəxs bu şərtlərə razılaşmış və müqaviləni imzalayıb ondan 220 manatı alıb çıxıb getmişdir. Əlimirzə müqaviləyə öz işlətdiyi ***-***-**- ** saylı nömrəni yazmışdır ki, həmin nömrə ilə onunla əlaqə yaradılsın. Əlimirzə çıxıb gedəndə onun gətirdiyi Samsung markalı televizoru o lombardda saxlamış, 1 ay 10 gün keçəndən sonra o Əlimirzə ilə əlaqə saxlamış, lakin Əlimirzəyə zəng çatmamışdır, o bir neçə gündən sonra yenədə dəfələrlə Əlimirzənin nömrəsinə yığsa da zəng çatmamış, təxminən 15 gün gözləmiş, lakin Əlimirzədən xəbər çıxmadığına görə müqavilənin şərtlərinə görə 23 iyul 2022-ci il tarixdə həmin televizoru digər müştəriyə satmışdır. Həmin televizoru kimə satdığını xatırlamır, girovda olan mallar hansı müştərilərə satılır, bu barədə lombardda qeydiyyatlar aparılmır. Sadəcə olaraq lombardın qeydiyyat kitabına malın lombarda daxil olan tarixi və satılan tarixi qeyd olunur. 24 may 2022-ci ildən sonra o Təqsirləndirilən şəxs görməmiş və Əlimirzə ilə heç bir əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs həmin televizor aparatını ona satanda deməmişdir ki, televizoru cinayət yolu ilə əldə edib, aralarında bağlanılmış müqavilədədə bu barədə qeydlər var, yəni Əlimirzə müqavilədə «oğurluq və tapıntı olmadığı öz imzamla təsdiq edirəm» lövhəsinin qarşısında imza çəkmişdir. Əgər o bilsəydi ki, Əlimirzə həmin televizoru oğurlayıb, onda həmin televizoru Əlimirzədən almazdı. Əlimirzə televizoru tək gətirmişdir, Əlimirzənin yanında heç kim olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 10 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır(i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən 8 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 7-10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 22); axtarışda olan şəxsin tutulması haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-ə təhvil verilmişdir (i.v.35); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 52-53); təqsirləndirilən şəxsin MST-dan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.63-64); ifadənin yerində yoxlanması, axtarış və götürmə aparılması barədə 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o törətdiyi cinayət əməlini əyani nümayiş etdirmiş, fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur(i.v.67-69); götürmə haqqında 02 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid 000101 saylı müqavilənin əsli, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin rəngli kserosürəti, qeydiyyat kitabından iki vərəqin kserosurəti götürülmüşdür(i.v.75-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v.81); Maddi sübut kimi tanınması haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid götürülmüş 000101 saylı müqavilənin əsli, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin rəngli kserosürəti, qeydiyyat kitabından iki vərəqin kserosurətləri(hansında ki, qeyd olunur ki Təqsirləndirilən şəxs 25.05.22-ci il tarixdə «Samsung» markalı televizoru bir ay müddətinə girov qoyub 220 manatı alır, əlavə 40 manat faiz ödəməlidir, bu barədə 000101 saylı müqavilə bağlanılır, girovdan çıxartmadığı üçün televizor 23 iyul 2022-ci il tarixdə satılır) iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur(i.v.82-83); əməlin tövsif edilməsi və sübutlara qiymət verilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə tövsif edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham ela edilmiş və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır(i.v.84-89); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs anası Çiçək Babayeva tərəfindən ona dəymiş 3700 manat maddi ziyandan 1 ədəd 1350 manat dəyərində televizor alınaraq ona ödənilmiş, qalan maddi ziyan hissəsini bir neçə aya ödəməsinə söz vermişdir(i.v.92). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində 10 iyul 2022-ci il tarixdə CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmış, bundan sonra 28 oktyabr 2022-ci il tarixdə sübutlara qiymət verilərək heç bir əsas göstərilmədən onun əməli CM-nin 177.2.2-ci maddəsinə tövsif olunmuşdur. “Oğurluq, soyğunçuluq, quldurluq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Həmin qərarın 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Göründüyü kimi, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mənzili kirayə götürərkən özü haqqında yanlış məlumatlar verərək özünü “Əl Məmmədov” kimi təqdim etməsi əvvəlcədən həmin mənzildən oğurluq etmək niyyətinin olmasına dəlalət edir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs mənzil üçün bir aylıq ödəniş etsə də, həmin mənzili qısa müddətdə, yəni 15 gündən sonra tərk etmişdir. Bu hal da özlüyündə Təqsirləndirilən şəxs həmin mənzili kirayəyə götürməkdə niyyətinin oğurluq etmək olmasının daha bir göstəricisidir. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə əməllər təxminən 3-5 gün aralığında eyni mənbədən götürülməsi ilə eyni mülkiyyətçiyə münasibətdə baş vermişdir ki, bu da vahid niyyətlə əhatə olunan davam edən cinayətin törədilməsini ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 27 dekabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, davam edən cinayət zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs ittiham olunduğu epizodlar üzrə ziyanın ümumilikdə məbləği 3700 manat təşkil edir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən CM-nin 177.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödənilməsini(CM-59.1.14), törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 28 sentyabr 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – Şahid götürülmüş 000101 saylı müqavilənin əsli, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin rəngli kserosurəti, qeydiyyat kitabından iki vərəqin kserosurətlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318, 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Şahid götürülmüş 000101 saylı müqavilənin əsli, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin rəngli kserosurəti, qeydiyyat kitabından iki vərəqin kserosurətlərinincinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar