Məhkəmə qərarları › İş №1(008)-290/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-290/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-290/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərova Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Qasımlı Ərazi Dairəsi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş Cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə saat 20:00 radələrində yaşadıqları, ünvan 2 ünvanın qonaq otağında arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla üz və baş nahiyəsinə vuraraq, yerə yıxıb ona sol gicgah-təpə-ənsə nahiyyəsinin dərialtı hematoması, ənsə sol yanaq sol bazu, sol kürək sol bud nahiyyələrinin qançırları ilə müşaiyət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə qısqanclıq zəminində baş vermişdir. Səmimi peşmandır, zərərçəkmiş şəxsdən üzr istəyir, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə zamanı "GO" adlı tərkibində spirt olan enerji içkisi içmişdir. Zərərçəkən şəxsin başından, budundan vurmuşdur. Sonra qardaşı gəlib onu aralayaraq danlamışdır. Əvvəllər də məhkəmədə Zərərçəkmiş şəxs döyməsi ilə bağlı CM-nin 128-ci maddəsi ilə işləri olmuşdur. Həmin vaxtlar da döyməsinin səbəbi qısqanclıq olmuşdur. Bəzən ağlına pis fikirlər gəlir, buna görə də qısqanclıq zəminində bu hadisələr baş verir. Qısqanmasına səbəb olan hallarla bağlı boşanmaq üçün məhkəməyə müraciət etməmişdir, çünki buna ehtiyac olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onlar qəsəbədə yaşayırlar və bu ərazidə əhalinin hərəsi bir cürdür. Qonşuluqda eynliklə ona bənzəyən bir qadın var və həmin qadının nalayiq hərəkətləri ilə bağlı qəsəbədə söz-söhbətlər çox olur. Həyat yoldaşı Təqsirləndirilən şəxs spirtli içki içən kimi başlayır, həmin qadının etdiyi hərəkətlərə görə onu döyməyə. Beyninə uydurma hadisələr gəlir və onu döyür. İndiyədək Aslanın absurd uydurma qısqanc fikirlərinə görə hər zaman döyülmüşdür. Məsələn qonşuda kimsə desə ki, 6-cı mərtəbəyə bir qadın çıxıb, o dəqiqə ağlına gəlir ki, həmin qadın o olmuşdur və gəlib ona nalayiq ifadələr işlədir və döyür. O isə izah edə bilmir ki, evdən bayıra çıxmır, onun çöldən xəbəri yoxdur. Onun heç mobil telefonu da yoxdur. Onun uşaqlarının da psixologiyası pozulmuşdur. Uşaqların yanında ona nalayiq ifadələr işlədir. Uşaqlar videoya çəkib o ayıldıqda göstərdikdə ki bu nə sözlərdir anamıza deyirsən, deyir ki, yox ananız elə qadın deyil. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, indiyədək absurd uydurma qısqanclıqlara görə hər zaman döyülmüşdür, sonuncu dəfədir ki, onunla barışır. Uşaqlarının yanında da döyür, elə sonuncu dəfə də uşaqlarının yanında döyülmüşdür, sadəcə uşaqlarının şahid kimi dindirilməməsi üçün adlarını verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinin baxış keçirilməsi haqqında haqqında 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan ünvan 3nvanında yerləşən evə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.05-07); Məhkəmə-tibb ekspertizasının 17 mart 2025-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PŞnə daxil olmuş 17 mart 2025-cü il tarixli 425 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs soi gicgah-təpə-ənsə nahiyyəsini dərialtı homotoması, ənsə sol yanaq sol bazu, sol kürək sol bud nahiyyələrinin qaçırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2025-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v.18-19); DİN-nın Baş Əməliyyat və Statistika İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 02 05.2025-ci il tarixdə Sabunçu RPİ tərəfindən Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin xx.xx.2025-ci il tarixdə Sabunçu RM-nin qərarı ilə AR CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və AR CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xitam verilmişdir. Bundan başqa, Aslanov X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. (i.v.52-53); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdərəsi tərəfindən Sabunçu Rayon Məhkəmsinə göndərilmiş məktubun surətindən görünür ki, məhkum Aslanov X2 Rayon Məhkəməsinin 1(008)-791/24 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəriməni tam ödədiyi üçün barəsində olan şəxsi iş xx.xx.2025-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. 10 iyun 2025-ci il tarixli telefonoqramdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş material üzrə Zərərçəkmiş şəxs Sabunçu Rayon Məhkəməsinin katibi Turanə Cəfərlinin istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə yaradaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə icraat aparıldığı dövrdə dəfələrlə yenidən onu döydüyünü, sonuncu dəfə başının arxasından zərbə endirdiyini, evdən çölə çıxmağa qoymadığını hətta polisə şikayət etmək üçün şəraitinin olmadığını, ötən iclasda da, 11 iyun 2025-ci il tarixdə keçiriləcək iclasa gəlməyə qoymadığını, Təqsirləndirilən şəxs həyətə düşdüyündən 5-6 dəqiqəlik imkan tapıb zəng vurduğunu, məhkəməyə gələrsə ərinin onu yenə döyməklə təhdid etdiyini, istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəməyə təqdim etdiyi barışıq ərizəsinin nəzərə alınmayaraq ona ən ağır cəza verilməsini xahiş etmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il və xx.xx.2014cü il təvəllüdlü 2 azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1- ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2- ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1- ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Opuz Türkiyəyə qarşı (Opuz v. Turkey) qərarında ailə daxili zorakılıqla bağlı aşağıdakılar qeyd olunmuşdur: Ailədaxili zorakılıqla bağlı işdə ərizəçinin anasının ölümlə nəticələnmiş xəsarətlər alması və dövlət orqanlarının cinayəti törətmiş şəxsin bundan öncə də zorakılıqlar törətdiyini bildikləri halda tədbir görməmələri dövlətin pozitiv öhdəliyini pozması kimi qiymətləndirilmişdir. Belə ki, Məhkəmə 2-ci maddənin pozulduğunu müəyyən etmək üçün əmin olmalıdır ki, dövlət orqanları üçüncü şəxslərin cinayətkar hərəkətləri nəticəsində konkret şəxsin və ya şəxslərin həyatına qarşı real və birbaşa təhlükənin mövcud olduğunu bilirdilər və ya bilməli idilər və təhlükənin qarşısını almaq üçün səlahiyyətləri çərçivəsində olan və onlardan əsaslı olaraq gözlənilən təbirləri görməyiblər. a) Dövlət orqanları təhlükəni öncədən görə bilərdilərmi? - Açıq-aydın görünürdü ki, ərizəçinin əri ailədaxili zorakılığa meyllidir, buna görə də zorakılığın davam edəcəyini güman etmək olardı. Dövlət orqanları vəziyyət barədə məlumatlı idilər, ərizəçinin anası ölümündən iki həftə əvvəl prokurorluğa məlumat vermişdi ki, həyatı birbaşa təhlükə altındadır və polisin müdaxiləsini tələb etmişdi. Beləliklə, onun ölümü ilə nəticələnmiş hücumun baş verəcəyini öncədən görmək mümkün idi. b) Dövlət orqanları lazımi tədbirləri görmüşdülərmi? - Burada birinci sual ondan ibarətdir ki, ərizəçi ilə anası şikayət ərizələrini geri götürdükdən sonra ərizəçinin əri barəsində öncə qaldırılmış cinayət işinə xitam verilməsi barədə qərar əsaslı idimi? Avropa Məhkəməsi müəyyən etdi ki, cinayət nə qədər ciddidirsə və ya yeni cinayətlərin törədilməsi təhlükəsi nə qədər çoxdursa, hətta zərərçəkən şikayətini geri götürsə belə, cəmiyyətin maraqları naminə cinayət təqibinin davam etdirilməsi ehtimalı bir o qədər yüksəkdir. Cinayət təqibini davam etdirib-etdirməmək barədə qərar çıxararkən müxtəlif amillər nəzərə alınmalıdır. Onlar cinayətə (onun ağırlığına, zərərçəkənin xəsarətlərinin xarakterinə, silahdan istifadəyə, cinayətin öncədən planlaşdırılmasına), cinayətkara (onun bioqrafiyasına, təkrar cinayət törətməsi təhlükəsinə, əvvəllər zorakılıqlarda iştirakına), zərərçəkənə və potensial zərərçəkənlərə (onların sağlamlığına və təhlükəsizliyinə qarşı təhlükəyə, cinayətin uşaqlara təsirinə, yeni hücumların baş vermə olması ehtimalına) və cinayətkarla zərərçəkən arasındakı qarşılıqlı münasibətlərə (bu münasibətlərin əvvəlki və indiki vəziyyətinə, habelə zərərçəkənin özünün istəyi əleyhinə olaraq münasibətlərin zərərçəkən üçün doğurduğu nəticələrə) aiddir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü bəndinə əsasən cinayət əməlini törədən şəxsin himayəsində azyaşlı uşağın olması cəzasını yüngülləşdirən hal kimi nəzərdə tutulsa da, məhkəmə hesab edirki, hazırki halda şəxsin himayəsində azyaşlı uşaqların olması yüngülləşdirici hal kimi nəzərə alınmamalıdır. Çünki, Təqsirləndirilən şəxs tərəfindən məişət zorakılığı məhz həmin uşaqların gözləri qarşısında məhz onların anasına qarşı yönəlir. Zərərçəkən şəxs də məhkəmə iclasında onu uşaqlarının yanında döydüyünü, uşaqlarının yanında onu nalayiq sözlərlə təhqir etdiyini, bütün bu halların uşaqlarının da psixologiyasını pozduğunu bildirmişdir. Artıq 3-cü dəfə Təqsirləndirilən şəxs tərəfindən azyaşlı uşaqların anası Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirilməsi ilə bağlı məhkəmənin icraatında iş olması bu halların davamlı xarakter daşıdığından və həmin azyaşlı uşaqların məişət zorakılığının hökm sürdüyü mühitdə böyümək məcburiyyətində qalmalarından xəbər verir. Bundan başqa, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs təpiklə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuşdur. Həmin əməlindən sonra səmimi peşman olduğunu bildirmiş və bu hal yüngülləşdirici hal kimi nəzərə alınsa da, 1000 manat cərimə cəzasına məhkum olunsa da, islah olmamış və zərərçəkənin bildirdiyinə görə hazırki məhkəmə icraatı davam etdiyi dövrdə də onu döyməyə davam etmişdir. Məhkəmə iclasında zərərçəkənin onu yenə döyməyə davam etdiyi ilə bağlı səsləndirilmiş fikrə cavab olaraq Təqsirləndirilən şəxs telefonu divara çırpmaq istəyərkən zərərçəkənin telefon divara dəyməsin deyə başını önə verdiyini, buna görə də telefonun başına dəydiyini və hazırda başında xəsarət olduğunu bildirmişdir. Son sözündə isə zərərçəkənin onu məcbur bu hala çatdırdığını, ona cavab qaytardığını, ona görə də onu vurmaqdan başqa çıxış yolu qalmadığını bildirmişdir. Bütün bunlar onun əməlindən peşman olduğunu yalnız daha aşağı cəza ala bilmək üçün dediyini, əslində isə əməlindən peşman olmadığını və etdiyi cinayət əməlində özünü haqlı gördüyünü göstərir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılıqla bağlı dediklərinin formal xarakter daşıdığını, buna görə də yüngülləşdirici hal kimi nəzərə alınmamalı olduğunu hesab edir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xaraxterizə edən hallar kimi qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 11 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində "həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar