Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-292/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İqbal qızının sədrliyi, Cəfərova Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 14:21-də nəqliyyat vasitəsini idarə etmək hüququ verən “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilə əsasında icarəyə götürdüyü “Hyundai” markalı, “Elantra” modelli, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonunda Şəhər Yolu şossesi ilə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin, 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda saatda 80 kilometr sürətlə hərəkətdə olarkən, Sabunçu qəsəbəsindəki yaşayış məntəqəsində yerləşən “Döneritto” kafesinin qarşısında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol-hərəkəti qaydalarını pozub qeyd olunan istiqamətdə sağ səkidən sol səkiyə doğru yolu keçən piyada X3 ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurması sonuncunun iki tərəfli hemopnevmatoraksa (döş boşluğuna qan və havanın yığılması) səbəb olan sağ tərəfli l-ll qabırğaların yerini dəyişməyən qapalı sınıqları, baş beyinin yüngül dərəcəli əzilməsi, sağ almacıq və sağ əng sümüyünün yerini dəyişən açıq, sol bazu sümüyü başının, sağ qasıq və oturaq sümüklərinin, sol qamış sümüyün yerini dəyişən qapalı sınıqları, alın, sağ almacıq, burun, sol said və sol bud nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki gözyuvasıaltı nahiyələrin qançırları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş, həmçinin “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmaqla, yəni nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanı qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb- sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onları səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalı, yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir kimi tələbləri pozmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 hadisə baş verənədək tanımamış, heç bir münasibətləri olmamışdır. Şəxsi işləri ilə bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində nömrəsiz ünvanda yerləşən "xxxx" MMC-dən "Hyundai” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1 gününü 60 manata icarəyə götürərək idarə etməyə başlamışdır. Bu barədə "Said Rentekar-999” MMC-lə xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlamışdır. xx.xx.2024-cü ıl tarixdə idarə etdiyi texniki cəhətdən saz olan “Hyundai” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili, yüksüz və sərnişinsiz Bakı şəhərində idarə etmişdir. Həmin tarixdə, saat 14:30 radələrində idarə etdiyi texniki cəhətdən saz olan "Hyundai” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobildə Sabunçu rayonu, Heydər Əliyev prospekti tərəfdən Zabrat qəsəbəsi istiqamətində, Şəhər Yolu Şosesi ilə saatda 50-60 kilometr surətlə hərəkətdə olarkən "Döneritto” kafesinin qarşısında görmüşdür ki, hərəkəti istiqamətində yolun sağ səkisindən sol səkisinə doğru asta yerişlə sonradan adını bildiyi X4 düzünə yolu keçir. Zərərçəkmiş şəxs körpünü keçəndən sonra görmüşdür və həmin andan onun üçün təhlükə yaranmışdır. O, düşünmüşdür ki, Sevil Xankişiyevə avtomobilini görüb dayanar. Lakin, belə olmamış, Sevil Xankişiyevə hərəkətini düzünə və asta yerişlə davam etdirərək təxminən 5 metr düzünə məsafə qətt etdikdən sonra avtomobilini görüb dayanmış və 1 metr arxaya çəkilmiş, yenidən Sevil Xankişiyevə dayanaraq avtomobilindən qorunması üçün hərəkəti istiqamətində təxminən 1 metrdə geriyə çəkilərək yenidən dayanmış və həmin anda avtomobilinin qabaq hissəsi ilə sonuncunu vurmuşdur. Onu vurmasının səbəbi geriyə qayıtması olmuşdur. O, arxasınca polis maşını düşdüyündən və yenidən tutulacağından qorxduğundan, anası da xəstə olduğu üçün onu tək qoymaq istəmədiyindən hadisə yerində saxlamadan sürüb getmiş və avtomobili Zabrat qəsəbəsində heç kimin olmadığı yerdə saxlayaraq həmin yerdə avtomobili atıb getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, sürücü Təqsirləndirilən şəxs hadisə baş verənədək tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində kirayə yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsində nömrəsiz ünvanda yerləşən evdən çıxaraq şəxsi işləri ilə əlaqədar təkcə getmişdir. O, Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti tərəfdən Zabrat qəsəbəsi istiqamətində, Şəhər Yolu Şosesində, Sabunçu qəsəbəsində “Döneritto" kafesinin qarşısında yolu sağ səkidən sol səkiyə doğru asta yerişlə düzünə keçirmiş. O hərəkətə başlayaraq təxminən 5 metr düzünə məsafə qətt etdikdən sonra görmüşdür ki həmin istiqamətdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi göy rəngli “Hyundai” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə üstünə gəlir. O. avtomobili görən kimi dərhal dayanaraq 1 metr arxaya çəkilmiş və yenidən dayanaraq avtomobildən qorunması üçün avtomobillərin hərəkəti istiqamətində, təxminən 1 metr sağ tərəfinə çəkilərək yenidən dayanmış və həmin anda avtomobil qabaq hissəsi ilə onu vurmuşdur. O, ayıldıqda görmüşdür ki, xəstəxanadadır, sonradan öyrənmişdir ki, sürücünün arxasınca polis maşını düşmüş, sürücü isə onu vurduqdan sonra hadisə yerindən qaçmışdır. Hazırda o təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (i.v. 01); Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı Seymur Həsənovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində X8 məlumat verərək bildirilmişdir ki, Sabunçu qəsəbəsində baş vermiş YNH-i zamanı Zərərçəkmiş şəxs Mustafa qızı xəsarət almışdır (i.v.02); Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə 14 iyul 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq Seymur Həsənov və hal şahidləri X6 və X5 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxışın aparıldığı hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər yolu şosesi, “Döneritto kafesinin qarşısı”dır. Yolun örtüyü asvaltdır, örtüyün vəziyyəti qurudur. (i.v. 3-9); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübi və tədris birliyinin Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 2020 saylı ekspert rəyindən görünür ki, X2 ikitərəfli hepomnevmatoraksa (döş boşluğuna qan və havanın yığılması) səbəb olan sağ tərəfli l-ll qabırğaların yerini dəyişməyən qapalı sınıqları; baş beyinin yüngül dərəcəli əzilməsi, sağ almacıq və sağ əng sümüyünün yerini dəyişən açıq, sol bazu sümüyü başının, sağ qasıq və oturaq sümüklərinin, sol qamış sümüyün yerini dəyişən qapalı sınıqları; alın, sağ almacıq, burun, sol said və sol bud nahiyələrinin əzilmiş-cırılmış yaraları; hər iki gözyuvasıaltı nahiyələrin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir.(i.v.22-25); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X4 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 33-34); İfadənin yerində yoxlanılması haqqında 20 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, sonuncu istintaq zamanı vermiş olduğu ifadəsini hadisə yerində təsdiq edərək hadisənin baş vermə şəraitini əyani olaraq hadisə yerində göstərmişdir. Hadisə yerində sxem çəkilərək cinayət işi materiallarına əlavə edilmişdir (i.v. 67-69); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci ıl tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığı məhdudlaşdırılmış, xx.xx.2023-cü ildə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 07 ay 27 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 07 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə vaxtından əvvəl şərti azad edildiyi üçün idarənin qeydiyyatından çıxarılmışdır. (i.v. 115-116); Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/3635 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Hyundai Elantra markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsi olması şəraitində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yo! hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 102-103); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, əməl CM-nin 263.1-1-ci maddəsindən CM-nin 263.1-1-ci və 264-cü maddələrinə tövsif edilmişdir (i.v.70); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 72-74); Qətimkan tədbirinin seçilməsi barədə 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.90-92); Sübutların qiymətləndirilməsi haqqında 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v. 107-111); Zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi 23 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, o təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 263.1-1-ci və 264-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs CM-nin 264-cü maddəsi ilə törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1- ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1- ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3- cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı, həm məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi peşmanlığını (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. "Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21 -ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınarq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza seçilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı 19 dekabr 2024-cü il tarixdən 21 dekabr 2024cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 85 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 263-cü maddəsinin qeyd hissəsinə əsasən CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Cinayət məsuliyyətindən azad olunma və cinayət təqibinə xitam verilmə ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)- 292/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həmin hissədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 19 dekabr 2024-cü il tarixdən 21 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə ünvan 5 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli isə hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - hadisənin görüntülərinin qeydə alındığı DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-292/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-292/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver