Məhkəmə qərarları › İş №1(008)-293/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-293/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-293/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 7 Saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək müəyyənetdi: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Belə ki, X1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 sonuncunun oğlu X3 Socar şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 10 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat- Kürdəxanı şosesində yerləşən “Göy Qurşağı” yaşayış massivi ev 4/1, mənzil 1 ünvanında 5.000 manat pul alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 5.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən “SOCAR”a işə düzəltməsi məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs2 2024-cü ilin mart ayında 600 manat və 1500 manat olmaqla ümumilikdə ilkin 2100 manat, sonuncu dəfə isə 13 aprel 2024-cü il tarixdə isə 1300 manat və 1700 manat olmaqla ümumilikdə 3000 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şosesində yerləşən “Göy Qurşağı” yaşayış massivi, ev 6/2, mənzil 97 ünvanında yerləşən ona məxsus olan mənzildə olan zaman sonuncunun kartına göndərməklə və bir hissəsini də nağd şəkildə olmaqla ümumilikdə 5100 manat pulu almaqla sonuncu da verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda 5100 (beş min yüz) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Hazırki cinayət işi üzrə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin hər iki epizodu “Göy Qurşağı” yaşayış massivində baş vermişdir. İş üzrə Zərərçəkmiş şəxs2 şəsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, o, Abşeron rayonu, Məmmədli Ə/D, Məmmədli kəndi, Göy Qurşağı-Məmmədli yaşayış kompleksi, ev 6, mənzil 97 ünvanında qeydiyyatdadır. Həmçinin iş materiallarında olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndi, Göy Qurşağı-Məmmədli yaşayış kompleksi, ev 4, mənzil 1 ünvanında qeydiyyatdadır. Həmçinin, elektron məhkəmə sistemi vasitəsilə verilmiş sorğuya cavabdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak Zərərçəkmiş şəxs1 adına qeydiyyata alınmışdır. Göründüyü kimi, verilmiş ittihamda “Göy Qurşağı” yaşayış massivinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şosesində yerləşdiyi göstərilsə də, iş üzrə şəxsiyyət vəsiqələrindən və əmlakın kimin adına qeydiyyata alınması barədə sorğuya cavablardan aydın olur ki, hadisələrin baş verdiyi “Göy Qurşağı” yaşayış massivi Abşeron rayonu, Məmmədli ərazi dairəsinin ərazisinə daxildir. Həmçinin, Sabunçu rayonunun inzibati ərazi dairələrində Məmmədli kəndi yoxdur. Bundan başqa, Sabunçu rayon icra hakimiyyətinin rəsmi veb saytına baxış zamanı Bakı şəhəri Sabunçu rayonuna daxil olan qəsəbə və kəndlər arasında Məmmədli kəndi olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxslər və dövlət ittihamçısı işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi işin baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə, cinayət işinin materiallarına qanunvericiliyin aşağıda sadalanan müddəalarına münasibətdə qiymət verərək hesab edir ki, hazırkı cinayət işinə cinayət əməlinin törədildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalı olduğundan, 10 noyabr 2023-cü il və 13 aprel 2024-cü il tarixdə baş vermiş cinayət hadisələrinin törədildiyi yer isə Abşeron rayonu olduğundan, cinayət işi cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Burada yalnız ifadəsi imperativ mənada göstərilmişdir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi məhkəmə aidiyyəti pozulmaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar