Məhkəmə qərarları › İş №1(008)-296/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-296/2024

06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-296/2024 06.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 25 avqust 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında mülklə bağlı yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun yaşadığı evdən çıxartmaq istəməsini bəhanə edib əsassız olaraq ünvanına təhqiredici sözlər işlətdiyindən özünü təhqir olunmuş hesab edərək zərərçəkmiş Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmış mübahisə vaxtı taxta parçası ilə bədənin müxtəlif nahiyələrinə qəsdən vuraraq sol əl nahiyəsinin kəsilmiş yarası, sol yanaq, boyun və sağ əl nahiyələrinin sıyrığı, sol mil-bilək oynağı və döş qəfəsi nahiyələrinin qançırları ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o bir neçə il olar ki, yaşadığı rəsmi sənədi olmayan 2 mərtəbəli fərdi yaşayış evini Zərərçəkmiş şəxs hissə-hissə ödəniş etməklə alıb sahib olmuşdur. O Kənana ümumilikdə 32000 ABŞ dolları pul vermiş, evin sənədləri qaydasında olmadığı üçün rəsmi qaydada alqı-satqı edə bilməmişlər. Bundan sonra Kənan onunla ədavət aparmağa başlamış və evi onlara kirayə verdiyi üçün evdən çıxmalarını tələb etmişdir, lakin o dəfələrlə demişdir ki, "ay kişi nə kirayə sən evi mənə satmısan”. Buna baxmayaraq Kənan öz çirkin əməllərindən əl çəkməmişdir. Kənan dəfələrlə onun yaşadığı evə gəlib evi daşlayıb onu söyüb təhqir etmişdir. Hətta Kənan evdən çıxarılmağı ilə bağlı Sabunçu rayon məhkəməsinə müraciət etmişdir, lakin məhkəmə onun iddiasını təmin etməmişdir. Bütün bunlara baxmayaraq Kənan axşamlar gəlib onu söyüb təhqir edib evini daşa basıb çıxıb getmişdir. Hətta dəfələrlə Kənan qaz, işıq sayğaclarını bağlamış onları nasaz vəziyyətə salmışdır. Bununla bağlı o dəfələrlə 102 xidmətinə məlumat vermişdir. Sonuncu dəfə 20 noyabr 2023-cü il tarixdə saat 12 radələrində Kənan onun yaşadığı evin həyətinə daxil olaraq anasının və uşağının ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. O, dəfələrlə Kənana çıxıb getməsi və söyüş söyməməsi barədə xəbərdarlıq etmişdir, lakin Kənan söyüşlərini davam etdirib ona tərəf daş atmağa başlamışdır, o, 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, lakin Kənan onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, bundan əlavə əlləri ilə vurmağa başlamışdır, o da bunlara dözməyib yerdən taxta parçası götürüb özünü müdafiə etmək üçün Kənanı vurmağa başlamışdır, həmin vaxt anası və oğluda gəlmişlər Kənan onları da vurmuşdur. Bu zaman polis əməkdaşlarıda gəlmişlər və Kənan isə onu söyməyə davam etmiş o da onu vurmuşdur. Kənanın qanunsuz hərəkətləri onu varmasına məcbur etmişdir. Kənanın onun yaşadığı evin qaz və işığını kəsməsi ilə bağlı məhkəməyə foto və video görüntü təqdim edir. Zərərçəkmiş şəxsin onu qaz sayğacını oğurlamaqda təqsirləndirilməsi ilə bağlı bildirir ki, həmin faktla bağlı xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs onu narahat etməsi ilə bağlı dəfələrlə polis orqanlarına müraciət etmişdir. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə teleqramlar ünvanlayaraq Naxçıvan MR-da olması ilə əlaqədar məhkəmə baxışında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslə arasında heç bir barışığın olmamasını, ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində ona məxsus fərdi yaşayış evi mövcuddur. Həmin evi 5 ilə yaxındır ki, Təqsirləndirilən şəxs Qəmbər qızı və Təranə adlı xanıma kirayə vermişdir. O, evi aylıq 250 ABŞ dolları pula kirayə vermişdir, Aytəkin və Təranə ilə öz aralarında razılaşıb bir dəftər tutub orada yazıb imza etmişlər, hazırda həmin dəftər Bakı Apleyasiya məhkəməsində mülki işə baxan hakimindədir. Qeyd etmişdir ki, Aytəkindən dəfələrlə evdən çıxmasını tələb etməyinə baxmayaraq evdən çıxmamış və onu hədələmişdir. Həmin faktla bağlı o Sabunçu rayon məhkəməsinə müraciət etmiş və hazırda həmin iş Bakı Apelyasiya məhkəməsində adını xatırlamadığı hakimin icraatındadır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, həmin ünvana yenidən yaxınlaşdıqda fərdi evin çölündə quraşdırılmış **********90233 nömrəli abonent kodu olan işıq sayğacının oğurlandığını aşkar etmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə məlumat vermiş və həmin evə yaxınlaşaraq yenidən həmin evə baxanda kirayə yaşayan Təqsirləndirilən şəxs Qəmbər qızı çölə çıxaraq səs küy yaratmış və səbəbsiz yerə onu ilk öncə taxta parçası ilə üzündən və başından sonra isə dəmir parçası ilə əlindən vuraraq ona orada olan adlarını bilmədiyi Post Patrul işçiləri olan 2 nəfər polis əməkdaşlarının yanında evinin qarşısında xəsarət yetirmiş sonra isə oradan içəri evə girmişdir. O bundan sonra Polis əməkdaşlar ilə 12-ci PŞ-nə gəlmiş və şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 20 noyabr 2023-cü il tarixdə xidmət yoldaşı Şahid3la Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində xidmətdə olan zaman həmin ərazidə dava dalaş olduğu barədə məlumat daxil olmuş və onar dərhal həmin əraziyə gedib bir nəfər sonradan adının Kənan olduğunu bildiyi şəxsin bir qadını sonradan adını Aytəkin kimi bildiyi şəxsi söyüb təhqir edib təpiklə vurduğunu görmüşdür. Aytəkində onun söyüşlərinə cavab verərək əlində taxta parçası ilə onu söyüş söyməməsi üçün vurmuşdur. Lakin onlar buna imkan verməyərək onları sakitləşdirib Zərərçəkmiş şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Zərərçəkmiş şəxsdur. Kənan qadının evinin kamerasını sındırmış, suyunu bağlamışdır. Zərərçəkmiş şəxs gəlib soxulub qadının yaşadığı evə Aytəkini söyüb vuraraq evdən çıxmağını tələb etmişdir, Aytəkində onu vurmuşdur. Hadisə vaxtı orada kənar şəxslər olmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir (i.v.63-64); Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 2 mərtəbədən ibarət fərdi yaşayış evini qızı Aytəkin Zərərçəkmiş şəxs hissəhissə ödəniş etməklə almışdır. Həmin şəxsə ümumilikdə hissə-hissə 32000 dollar vermişlər. Bundan sonra Kənan evə sahib olmaqlarına baxmayaraq evdən çıxmaqlarını tələb etməyə başlamışdır. Kənan evi onlara kirayə verdiyini iddia etmişdir, lakin onun məqsədi daha çox pul almaq olmuşdur. Evin sənədi olmadığı üçün rəsmi alqı-satqı edə bilməmişlər. Evdən çıxarılmaqları ilə bağlı Kənan Sabunçu rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə həmin şikayəti təmin etməmişdir. Təxminən 6 ay ərzində Kənan dayanmadan gah gələrək işıqları kəsmiş, gah evin ətrafına gələrək narahat etmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evdə olan zaman evin kameralarından Kənanın gəldiyini görmüşdür. Bu zaman Kənan evin qarşısında olan ağacları sındırmış, daha sonra turbaya təpik vuraraq onu sındırmışdır, əlavə olaraqda evə quraşdırdıqları kameraları sındırmışdır. O, çölə çıxaraq ondan yenə nə istədiyini soruşduqda Kənan onlara burada kirayə qaldıqlarını söyləyərək, evdən çıxmaqlarını tələb etmişdir. Daha sonra Kənan evin həyətində onların ünvanına nalayiq söyüşlərlə söyüb təhqir etməyə başlamışdır. Kənan söyüb təhqir etdikdən sonra təpiklə onu vurmuş, lakin onun xəsarəti olmamışdır. Bu zaman nəvəsi 2014-cü il təvəllüdlü X3 gələrək Kənana nənəsini vurmamasını demişdir. Kənan nəvəsinin boğazından tutaraq arxaya itələmişdir, qorxduqları üçün dərhal evə daxil olaraq qapıları bağlamışlar. Daha sonra qızı Aytəkin həyətə çıxaraq Kənana söyüş söyməməsini bildirmişdir, lakin Kənan heçnəyə mahal qoymayaraq onları söyməyə davam etmiş, qızı Aytəkin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan qəzəblənən Kənan qızının üstünə gələrək Aytəkini vurmuş və onun namusuna toxunacaq söyüşlər söyməyə başlamışdır. Bu söyüşlər Aytəkini tutmuş və yerdən taxta parçası götürərək Kənanı vurmuşdur ki, həyətdən çıxsın və söyüş söyməsin, lakin Kənan öz söyüşlərini davam etdirmişdir. Daha sonra polis əməkdaşları gəlmişlər və Kənan polislərində yanında Aytəkini söymüş, bir qadına yaraşmayacaq söyüşlərlə Aytəkini söymüşdür, Aytəkində taxta ilə onu söyməməsi üçün vurmuşdur, daha sonra polislər onu götürüb polis bölməsinə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.17-19); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X6 Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 2867 nömrəli Ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol əl nahiyəsinin kəsilmiş yarası, sol yanaq, boyun və sağ əl nahiyələrinin sıyrığı, sol mil-bilək oynağı və döş qəfəsi nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlərdən sol əl nahiyəsinin kəsilmiş yarası iti kənara malik əşya (alət), sol yanaq, boyun və sağ əl nahiyələrinin sıyrığı, sol mil-bilək oynağı və döş qəfəsi nahiyələrinin qançırları isə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i.v.40-41); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X6 Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 2868 nömrəli Ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Qəmbər qızında bel və sağ diz nahiyələrinin qançırları müəyyən edildi, xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir(i.v.42-43); qətimkan tədbirinin seçilməsi barədə 19 fevral 2024-cü il tarixli qərardan görüünr ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.87); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı var (i.v.95); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əsədova X1 rayonu məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası MM-nin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarın 2.1 bəndinə əsasən çəkilməmiş hissəsi 10 ay 27 gün müddətinə azad olunub (i.v.97); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM- 59.1.4), əməlindən səmimi peşmançılıq çəkməsini(CM-59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən, eyni zamanda hazırda təqsirləndirildiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən hallar kimi himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar