Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-297/2020 28.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvələr məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Q.Rəşad küçəsi, ev 15-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi, ev 121-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah hesab edilən MİNTA-37 M kostruksiyalı 9x17 mm kalibrli tapançanı və döyüş sürsatı hesab olunan 04 ədəd 9x17mm kalibrli Brauninq kostruksiyalı və həmin kalibrli digr silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları mərhum atası Əhədağa Axundovdan istintaqa məlum olmayan vaxtda əldə edib saxlamaqla yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi, 121 saylı evin həyətyanı sahəsində yerləşən odun sobasının içərisində gizlətmiş, Bakı şəhəri Sabunçu RPİ 42ci PB-nin əməkdaşları tərəfindən yuxarıda qeyd edilənlər xx xxx 2020-ci il saat 13- 00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona 2007-ci ildə vəfat etmiş atası Əhədağadan Qarabağ müharibəsi dövründə əldə etmiş olduğu darağında 04 ədəd patronu olan tapança yadigar qalmışdır. Həmin tapançanı ilkin olaraq yaşadığı evdə, sonradan isə evdə heç kimin əlinə keçməsin deyə yaşadığı evin həyətində köhnə sobanın içində gizlətmişdir. xx xxx 2020-ci il saat 13 radələrində yaşadığı evin yaxınlığında polis əməkdaşları onu saxlayıb Sabunçu RPİ-nin 42-ci PB-nə gətirmişlər. PB-də polis əməkdaşları tərəfindən onda tapança olub-olmaması soruşulmuş, o isə onda tapança olmadığını polis əməkdaşlarına bildirmişdir. Daha sonra, polis əməkdaşları ona yaşadığı evin həyətinə baxış keçirəcəklərini bildirmiş, o, buna etiraz etməmişdir. Polis əməkdaşları onu yaşadığı evin həyətyanı sahəsində baxış keçirilməsi və götürmə aparılması barədə qərarla tanış etdikdən sonra onunla birlikdə yaşadığı ünvan 1 ünvanına yollanmışlar. Həmin ünvana çatdıqdan sonra yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətdəki köhnə odun sobasının içərisindən bir ədəd tapança, bir ədəd sandıqçası və dörd ədəd patron aşkar olunmuşdur. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, həmin silah və sursatlar özünə məxsusdur və ona mərhum atasından qalmışdır. Əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün bölmə rəisinin adına xx xxx 2020-ci il tarixdə raport yazılmış, bölmə rəisininin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsi barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən xx xxx 2020-ci il tarixdə qərar verilməklə bölmə əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmişdir. xx xxx 2020-ci il saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində qanunsuz olaraq odlu silah əldə etmə və gizlətmədə şübhəli olan Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 42-ci polis bölməsinə gətirilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis bölməsində olarkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirəcəklərini bildirmiş, o, buna etiraz etməmiş və buna dair ərizəsi alınmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində baxış keçirilməsi və götürmə aparılması barədə qərarla tanış etdikdən sonra onunla birlikdə yaşadığı ünvan 1 ünvanına yollanmış və qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Həyətdəki köhnə odun sobasının içərisindən 1 ədəd tapança, tapançaya aid 1 ədəd sandıqça və 4 ədəd patronu aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs tapançanın və patronların özünə məxsus olmasını, ona mərhum atası Əhədağadan yadigar qaldığını və tutulmamışdan iki ay əvvəl sobada gizlətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirimiş Şahid1 ilə oxşar məzmunlu analoji ifadə vermişdir. Cinayət işinin 27-28-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1, Şahid2, Təqsirləndirilən şəxs, Tamerlan Baxşəliyev və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı köhnə odun sobasının içərisindən 1 ədəd tapança, tapançaya aid 1 ədəd sandıqça və 4 ədəd patronu aşkar olunmuşdur. Cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğu üçün baxış zamanı aşkar olunmuş 1 ədəd tapança, tapançaya aid 1 ədəd sandıqça və 4 ədəd patron qablaşdırılmış, Daxili İşlər Nazirliyinin “zərflər üçün” 241 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin 37-38-ci vərəqəsində olan DİN-nin X1 20/221R saylı, xx xxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 73693 NQ-İİ zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 9x17 mm kalibrli MİNTA- 37 M konstruksiyalı tapançadır, yivli odlu döyüş silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 04 ədəd patronlar zavod üsulu xarici dövlətdə istehsal olunmuş 9x17 mm kalibrli Brauninq konstruksiyalı və həmin kalibirli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatıdır, patronların içində olan barıt komponentləri nəm çəkmiş vəziyyətdə olduğundan atəş üçün yararsızdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd sandıq zavod üsulu ilə istehsal olunmuşdur, Minta konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 9x17 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuşdur. Cinayət işinin 73-74-cü vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-242/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 96-100-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsinə aşkar edilərək götürülmüş 1 ədəd tapança, tapançaya aid 1 ədəd sandıqça və 4 ədəd (ekspert tədqiqatından sonra iki) patron maddi sübut kimi tanınmış, cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 84-85-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə və saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən, cinayətlərin resedivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Hazırki əməli törədən vaxt qanunvericiliklə müəyyən edilmiş müddət ötməmişdir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə - 9x17 mm kalibrli MİNTA-37 M konstruksiyalı tapança, 02 (iki) ədəd patron, 01 ədəd sandıqça hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsindəçəkməklə cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs götürülmüş - 9x17 mm kalibrli MİNTA-37 M konstruksiyalı tapança, 02 (iki) ədəd patron, 01 ədəd sandıqça hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən maddi sübut - 01 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-297/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-297/2020
28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver