Məhkəmə qərarları › İş №1(008)-298/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-298/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-298/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X1 iştirakları ilə xx xxxxx 2008-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat Kürdəxanı yolunda yerləşən «Seyid» marketin qarşısında Zərərçəkmiş şəxs ona ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə irad bildirməsini cüzi səbəb kimi bəhanə edib, Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə onu izləyib, 02 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat Kürdəxanı yolunda yerləşən «Seyid» marketin yaxınlığındakı avtobus dayanacağında Zərərçəkmiş şəxs görüb, arxadan ona yaxınlaşıb, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edib, özünü kənar şəxslərin fövqündə qoyaraq, heç bir əsaslı səbəb olmadan üzərində olmuş, istintaqa məlum olmayan kəsici kənara malik olan əşyanı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sol ayağın baldır nahiyəsindən bir dəfə vurub, sol baldırın arxa səthinin kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə, qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək ifadəsində göstərdi ki, 16 yaşı var, 10-cu sinifdə təhsil alır, onlar uşaqlarla məhəllədə dayanmışlar, zarafatlaşıb söyüş söymüşlər. Cahid yaxınlaşaraq demişdir ki, “söyüş söyməyin, qadın qız zad keçər” Onlar da bildirmişlər ki, “heç kim keçmir görürük, biz öz aramızda asta söyüş söyürük”. Aralarında mübahisə düşmüş, o Cahidə demişdir ki, “get də, məndəndə böyüksən vuraram”. O da qayıdıb demişdirki, onu vurmayanı belə belə olsun. Dayısı gəlmiş, Cahidlə danışmış, demişdir ki, uşaqdır, Cahid çıxıb getmişdir. Cahidin söyüşü yadında qalmışdır, söyüş söyməsi yadından çıxmamışdır. Onun balaca dəmiri olmuşdur, bir neçə gün Cahidin ordan keçməsini gözləmişdir, axşam vaxtı dayanacaqda Cahidi görmüş, həmin dəmirlə bir balaca ayağına batırıb qaçmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Cahidə “soxaram” deməmişdir, “vuraram” demişdir. 1-ci dəfə mübahisə olanda onun əlində heçnə olmamışdır. Dəmiri evdən götürmüşdür, balaca dəmir olmuşdur, özü ucunu itildərək hazırlamışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o evə gedərkən telefonla danışmış, qulaqcıq qulağında olmuşdur, həmin vaxt xanımla danışmışdır. Rəfail yaşıdları ilə küçədə durmuş, söyüşlə danışmışlar, o, telefonu söndürmüş, yaxınlaşıb demişdir ki, “söyüş söymə, söyüşlə niyə danışırsan?” Oda bildirmişdir ki, “yaxşı eləyirəm, öz məhləmdir özüm bilərəm.” O da demişdir ki, qadın olar ətrafda, Rəfail də demişdir ki, onlar görür ki, heç kim yoxdur. Hava axşam vaxtı olmuş, qaranlıq olmuşdur. Aralarında mübahisə düşmüş, orada olan uşaqlar onları aralamışlar, həmin vaxt Rəfail ona demişdir ki, sənə “soxaram”, o da cavabında demişdir ki, “soxmayanı belə belə olsun”. O, söyüş söyməmişdir, söyüş qoymuşdur. Sonra onun bir qohumu yaxınlaşmış, üzr istəmişdir, demişdir ki, cavandır, uşaqdır, o da çıxıb getmişdir. 4-5 gün sonra dayanacaqda axşam vaxtı olmuş, hiss eləmişdir ki, kimsə ayağına toxunmuş, amma kimin olmağını görməmişdir. Sonra görmüşdür ki, ayağında ağrı var, qan gəlir. Dayanacaqda camaat qışqırmışdır ki, adam vurdular. Oturmuş yerə, qanı saxlamaq mümkün olmamış, sonradan onu xəstəxanaya aparmışlar, ayağına tikiş qoymuşlar. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Rəfaillə aralarında mübahisə olanda ona demişdir ki, “sənə soxaram.” Hadisə günü bir nəfərin qaçdığını görmüş, kimin vurmasını görməmişdir. Qaçarkən ona toxunmuş, sonradan ayağını hiss eləməmişdir. İlk hadisə vaxtı xanımla danışmışdır, telefonda yeni iş götürməklə bağlı danışıq aparmış, söyüşü eşitdiyindən telefonu söndürüb yaxınlaşmışdır, söyüşə görə o çox pis əsəbləşmişdir, həmin vaxtı əsəbi olmuşdur. Qanı gördükdə camaat adam vurdular deyib qışqırmış, ona yaxınlaşmışlar. Birinci dəfə aralarında mübahisə olanda Rəfailin əlində bıçaq və ya başqa alət olmamışdır. Ona “soxaram” dediyi üçün ilk mübahisədə güman eləmişdir ki, Rəfailin əlində nəsə var, əlində nəsə görməmişdir, müstəntiqə belə ifadə verməmişdir. Onu vurarkən Rəfail hər hansı söyüş söyməyib, dayanacaqda çoxlu adamlar olmuş, hadisəni görüb qışqırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş qanuni nümayəndə X2 bildirmişdir ki, son vaxtlar oğlunda dəyişikliklər baş vermiş, əsəbi olmuş, özündən çıxmış, hadisədən bir az əvvəl oğlu özünə xəsarət yetirmiş, buna görə də xəstəxanaya aparılmış, əməliyyat olunmuşdur. Qollarında və qarnında özünə yetirdiyi xəsarət izləri vardır, narkoz aldıqdan sonra lap pisləşmiş, xəstəxanadan çıxdıqdan bir neçə gün sonra hazırki hadisə baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi “Seyid” marketin yaxınlığında yerləşən avtobus dayanacağına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.09-11); məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2024-cü il tarixli 76/TS nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs sol baldırın arxa səthinin kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət kəsici kənara malik alət (əşya) təsirindən törənmiş, kənar şəxs tərəfindən yetirilə bilər, törənmə müddəti 02 oktyabr 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir(i.v.17-18); 22 dekabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir(i.v.52-54); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.55); Qətimkan tədbirinin seçilməsi haqqında 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir(i.v.91-92); Təqdim edilmiş Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə Sabunçu tibb mərkəzinə daxil olmuş, cərahiyyə əməliyyatı keçirmiş, xx.xx.2024-cü il tarixdə evə buraxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik Ekspertiza Publik- Hüquqi şəxsinin kompleks psixiatrik-psixoloji yoxlamanın 08 may 2025-ci il tarixli, 1510 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, hal-hazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində özünü qismən təqsirli bilərək mübahisənin söyüş üstündə olmasını göstərməsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs qanuni nümayəndəsinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən şübhəli, təqsirləndirilən şəxs qismində ifadələrində özünü CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilərək törətdiyi əməli etiraf etmiş, dindirmə protokolları özü, qanuni nümayəndəsi və müdafiəçisi tərəfindən imzalanmışdır. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ifadəsini təkzib edərək göstərmişdir ki, o evə gedərkən telefonla danışmış, qulaqcıq qulağında olmuşdur, həmin vaxt xanımla danışmışdır. Rəfail yaşıdları ilə küçədə durmuş, söyüşlə danışmışlar, o, telefonu söndürmüş, yaxınlaşıb demişdir ki, “söyüş söymə, söyüşlə niyə danışırsan?” Oda bildirmişdir ki, “yaxşı eləyirəm, öz məhləmdir özüm bilərəm.” O da demişdir ki, qadın olar ətrafda, Rəfail də demişdir ki, onlar görür ki, heç kim yoxdur. Hava axşam vaxtı olmuş, qaranlıq olmuşdur. Aralarında mübahisə düşmüş, orada olan uşaqlar onları aralamışlar, həmin vaxt Rəfail ona demişdir ki, sənə “soxaram”, o da cavabında demişdir ki, “soxmayanı belə belə olsun”. O, söyüş söyməmişdir, söyüş qoymuşdur. Sonra onun bir qohumu yaxınlaşmış, üzr istəmişdir, demişdir ki, cavandır, uşaqdır, o da çıxıb getmişdir. 4- 5 gün sonra dayanacaqda axşam vaxtı olmuş, hiss eləmişdir ki, kimsə ayağına toxunmuş, amma kimin olmağını görməmişdir. Sonra görmüşdür ki, ayağında ağrı var, qan gəlir. Dayanacaqda camaat qışqırmışdır ki, adam vurdular. Oturmuş yerə, qanı saxlamaq mümkün olmamış, sonradan onu xəstəxanaya aparmışlar, ayağına tikiş qoymuşlar. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Rəfaillə aralarında mübahisə olanda ona demişdir ki, “sənə soxaram.” Hadisə günü bir nəfərin qaçdığını görmüş, kimin vurmasını görməmişdir. Qaçarkən ona toxunmuş, sonradan ayağını hiss eləməmişdir. İlk hadisə vaxtı xanımla danışmışdır, telefonda yeni iş götürməklə bağlı danışıq aparmış, söyüşü eşitdiyindən telefonu söndürüb yaxınlaşmışdır, söyüşə görə o çox pis əsəbləşmişdir, həmin vaxtı əsəbi olmuşdur. Qanı gördükdə camaat adam vurdular deyib qışqırmış, ona yaxınlaşmışlar. Birinci dəfə aralarında mübahisə olanda Rəfailin əlində bıçaq və ya başqa alət olmamışdır. Ona “soxaram” dediyi üçün ilk mübahisədə güman eləmişdir ki, Rəfailin əlində nəsə var, əlində nəsə görməmişdir, müstəntiqə belə ifadə verməmişdir. Onu vurarkən Rəfail hər hansı söyüş söyməyib, dayanacaqda çoxlu adamlar olmuş, hadisəni görüb qışqırmışlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqlı iradını bəhanə edərək mübahisə yaratmış, kənar şəxslərin mübahisəni sonlandırmasına baxmayaraq, öz əməllərini davam etdirərək bir neçə gün sonra ictimai yer olan küçədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirməklə xuliqanlıq hərəkəti törətmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hazırki cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini(CM-59.1.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəm üvafiqdir. Çünki, cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, əməlindən səmimi peşmançılıq çəkməsini, hazırki cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini, hazırda da yetkinlik yaşına çatmadığını, 10-cu sinifdə təhsil almasını, psixi vəziyyətini(ekspertiza rəyinə əsasən xasiyyətin psixopatik cizgiləri müəyyən edilir), hadisədən əvvəl narkoz alaraq ağır cərrahiyyə əməliyyatı keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək onunla barışması kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu, onun psixi vəziyyəti nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar