Məhkəmə qərarları › İş №1(008)-3/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-3/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-3/2022 07.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Turgenev küç., ev 02-də qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayının əvvəllərində Bakı şəh., Yasamal rayonu, 20 Yanvar dairəsinin yaxınlığından istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.207 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 07 iyul 2020-ci il tarixdə, saat 18:15 radələrində Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları tərəfindən Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq bölməyə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan hərbi geyim rəngli şalvarın sol yan cibindən bir ədəd gümüş rəngli siqaret kağızına bükülmüş 0.207 qram çəkdiə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqribən 5 ildir ki, narkotik vasitə heroindən istifadə edir. İyul ayının ilk günlərində, gündüz saatlarında işləri ilə əlaqədar olaraq Bakı şəh., Yasamal rayonu, 20 Yanvar dairəsinə getmişdir. Orada işlərini gördükdən sonra yaşadığı Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsinə qayıtmaq üçün avtobus gözləmişdir. Bu zaman orada üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsi görmüşdür. Onunla görüşdükdən sonra o, üzərində narkotik vasitə «kokos» olduğunu və onu satmaq istədiyini bildirmişdir. O, öz istifadəsi üçün narkotik vasitə olan «kokos»a ehtiyacı olduğu üçün ondan neçəyə satdığını soruşmuşdur. O, narkotik vasitə «kokos»u 20 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra o, həmin şəxsə 20 manat ödəməklə narkotik vasitə «kokos»u almış və onu şalvarının cibinə qoymuşdur. 07 iyul 2020-ci il tarixdə, saat 18:15 radələrində Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində dayanmışdır. Bu zaman biri polis, biri isə mülki geyimdə olmaqla iki nəfər şəxs ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları olduqlarını bildirmişlər və onu bölməyə dəvət etmişlər. O, polis əməkdaşlarından bölməyə dəvət edilməsinin səbəbini soruşmuş və onlar qanunsuz olaraq narkotik vasitə əldə etmə, üzərində saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, etiraz etməyərək bölməyə gəlmişdir. Bölmədə onun barəsində əsaslı şübhələr olduğu bildirilərək saxlanılmışdır. Ona üzərində qadağan edilən əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan hərbi geyim rəngində olan şalvarın sol yan cibində saxladığı, 20 yanvar dairəsindən 20 manata aldığı narkotik vasitə heroini, sağ yan cibindən isə bir qutu «Prima» markalı siqareti və alışqanı təqdim etmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyul 2020-ci il tarixdə Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Turgenev küç., ev 2-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Bakı şəh., Sabunçu rayon Pİ-in 15-ci PB-in əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Saat 18:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində olması ilə bağlı təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında 18:15 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivinə gəlmişdir. Qeyd edilən ünvana çatdıqları zaman Təqsirləndirilən şəxs dayandığını görmüş, ona yaxınlaşıb saxlamış və özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman Təqsirləndirilən şəxs özünü təqdim etmişqdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib onu Sabunçu rayon Pİ-in 15-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları qoyması xahiş edilmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan hərbi geyim rəngində olan şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə «kokos» olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Ağmayıl oğlu Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1255 saylı, 08 iyul 2020-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-nə məxsus «Zərflər üçün №161» möhür əksi və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0.207 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. Heroinin ümumi təmiz çəkisi 0.207 qram, tədqiqata istifadə edildi 0.05 qram, qalıq 0.157 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X5 X3 Tibbi Yoxlamanın 1918 saylı, 09 iyul 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 iyul 2020-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib, 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 4.400 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəh., Probasiya İdarəsi tərəfindən 21- 1/3-6003 saylı 16 avqust 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli hökmü və onun icrasına dair göstəriş Bakı şəh., Probasiya İdarəsinə daxil olmamışdır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X4 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, 04 mart 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan 07 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 13). Cinayət işinin materiallarında olan 09 iyul 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 52). Cinayət işinin materiallarında olan 09 iyul 2020-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafəi olunmasından imtina olunması haqqında Bakı şəh., Sabunçu rayon prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 68). Cinayət işinin materiallarında olan 09 iyul 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 72). Təqsirləndirilən şəxs 07 iyul 2020-ci il tarixdən 09 iyul 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 1(008)62/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «axtarış» elan edilmiş və onun barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdə Bakı şəh., Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları tərəfindən tutularaq, 26 noyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «23» noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.157 qram heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 109 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 iyul 2020-ci il tarixdən, 07 iyul 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, 04 (dörd) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 4.400 manat cərimə cəzası hal-hazır ki, hökmlə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilsin, qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, 04 (dörd) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 4.400 manat cərimə cəzası saxlanılsın. 4.400 manat cərimə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «23» noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.157 qram heroin məhv edilsin. 109 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar