Məhkəmə qərarları › İş №1(008)-3/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-3/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-3/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 206.3.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 12 (on iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2011ci il tarixli qərarı ilə cəza müddəti dəyişdirilərək 10 (on) il 06 (altı) aya endirilmiş və məhkumluğu ödənilməmiş, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,450 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 11 oktyabr 2022-ci il tarixdə, saat 00:10-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu fərdi yaşayış evin qarşısında olan zaman özünü şübhəli apardığından Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 0,450 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş 2021-ci ilin mart ayında azad olunmuşdur. O, dəqiq xatırlamadığı tarixdə ikinci əl tikinti materialları almaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən Dilşad adlı qadına məxsus evə getmiş, həyətə daxil olaraq evin qapısını açdığı zaman 3 nəfər mülki geyimli şəxsin oturduğunu, digər iki şəxsin ayaq üstə dayandığını görmüşdür. Dilşad adlı qadının oğlunun əli qandallı şəkildə orada oturan şəxslərdən birinə bağlı olduğunu görərək həmin şəxslərin polis əməkdaşları olduğunu anlamışdır. O, ilkin olaraq polis əməkdaşlarını tanımamış, lakin, sonradan həmin şəxslərin Oqtay, Bəxtiyar və Seyid adlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları olmasını öyrənmişdir. Oqtay adlı polis əməkdaşı onun yaxasından tutmuş, bu səbəbdən aralarında mübahisə yaranmış, o, həmin şəxsin ünvanına nalayiq ifadə işlətmişdir. Həmin əlavə bir neçə polis əməkdaşı onların olduğu yerə gəlmiş, Oqtay adlı polis əməkdaşı onu həbs etdirəcəyi ilə hədələmişdir. O, ilkin olaraq Sabunçu RPİ-nin inzibati binasına aparılaraq orada saxlanılmış, Sabunçu RPİ-də saxlanıldığı zaman polis əməkdaşları tərəfindən döyülərək psixoloj təzyiqə məruz qalmış, daha sonra Sabunçu RPİ-nin 12-ci PŞ-yə aparılmışdır. Sabunçu RPİ-nin 12-ci PŞ-də olduğu zaman əməlini etiraf edəcəyi təqdirdə 200-300 manat məbləğində inzibati qaydada cərimə olunacağı bildirilmişdir. Polis şöbəsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən dəfələrlə döyüldyü üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Şahid2 və Şahid1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin, həmin şəxslər tərəfindən saxlanılmamış, ümumiyyətlə həmin şəxslər saxlanıldığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən Dilşad adlı qadına məxsus fərdi yaşayış evində olmamışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsi daşıyır. 11 oktyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində xidmət apararkən bir nəfər şəxsin onları görərək özlünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmişlər. İlk öncə həmin şəxs qaçaraq oradan uzaqlaşmağa cəhd etmiş, lakin, ayaqları bir-birinə dolaşdığı üçün müvazinətini itirərək yerə yıxılmışdır. Polis Şöbəsinə gətirildikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 12-ci PŞ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs 01 ədəd şəffaf selofan büküm, 01 ədəd elektron tərəzi, gödəkçəsinin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu, elektron tərəzini isə narkotik vasitə aldığı zaman miqdarını müəyyən etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 digər Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cildinin 8-ci vərəqəsində olan 11 oktyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 29-30-cu vərəqəsində olan 11 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması barədə protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümdə tünd qəhvəyi rəngli maddə və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 36-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 37-39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli 6/5862 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "... Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.450 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0.350 qramdır. Cinayət işinin 1-ci cildinin 80-82-ci vərəqələrində olan 12 oktyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİnin İŞ-nin müstəntiqi Ruhid Tağıyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 83-84-cü vərəqələrində olan 12 oktyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 88-ci vərəqəsində olan 14 oktyabr 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, lakin, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 102-103-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 06 dekabr 2022-ci il tarixli, 7399 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda, abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibəti olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 110-116-cı vərəqəsində olan 24 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.350 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 91-93-cü vərəqəsində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 12 (on iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2011-ci il tarixli qərarı ilə cəza müddəti dəyişdirilərək 10 (on) il 06 (altı) aya endirilmiş, 19 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 2-2- 1103/3-025625/2024 nömrəli, 30 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə məlumat əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində araşdırılma aparılmış, lakin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 472/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrinin, iş üzrə şahidlər 12-ci Polis Şöbəsinin əməkdaşları Şahid1 istifadəsində olan 070-270-70- 42 saylı və Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinin anten dairəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə sorğu verilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 18/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı X2 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər anten dairəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə "xxxx" MMC və "xxxx" MMC-yə sorğu verilmişdir. Cinayət işi materiallarında olan Azərfon LLC-nin AZF/LGL-13/24 nömrəli, 07 yanvar 2024-cü il tarixli məktuba əlavə edilmiş məlumatlardan görünür ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşı Şahid1 istifadəsində olan ***-***-**-** nömrənin anten əhatə dairəsinin 10 oktyabr 2022-ci il tarix saat 23:13-dən 10 oktyabr 2022-ci il tarix saat 23:55dək Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanı olmuş, 11 oktyabr 2022-ci il tarix saat 00:23-də isə ünvan 2 ünvanı olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Azərfon LLC-nin AZF/LGL-13/24 nömrəli, 07 yanvar 2024-cü il tarixli məktuba əlavə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrənin anten əhatə dairəsi 10 oktyabr 2022-ci il, saat 17:13-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisi, 10 oktyabr 2022-ci il, saat 18:32-dən 10 oktyabr 2022-ci il, saat 20:50-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi (Sabunçu RPİ-nin İnzibati binasının yan hissəsi) ünvanı, 10 oktyabr 2022-ci il saat 21:19-dan 11 oktyabr 2022-ci il, saat 17:32-dək fasiləsiz olaraq ünvan 4 ünvanı (Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binası) olmuşdur. Cinayət işi materiallarında olan Bakcell MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrənin anten əhatə dairəsi 10 oktyabr 2022-ci il, saat 13:22-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu ərazisi, 10 oktyabr 2022-ci il, saat 18:57-dən 10 oktyabr 2022ci il, saat 20:12-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi (Sabunçu RPİ-nin İnzibati binasının yan hissəsi) ünvanı, 10 oktyabr 2022-ci il saat 21:26dan 11 oktyabr 2022-ci il, saat 16:00-dək fasiləsiz olaraq ünvan 4 ünvanı (Sabunçu RPİnin 12-ci Polis Şöbəsinin inzibati binası) olmuşdur. Cinayət işi materiallarında olan Azercell Telecom MMC-nin 25305 nömrəli, 03 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi 07 sentyabr 2000-ci il tarixdən aktiv deyildir. Cinayət işi materiallarında olan Bakcell MMC-nin BKC/LGL-5506/24 nömrəli, 15 mart 2024-cü il tarixli məktubundan görünür ki, X2 istifadəsində olan ***-***-**-** nömrə sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. Cinayət işi materiallarında olan Azercell Telecom MMC-nin 29516 nömrəli, 25 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi Azercell şəbəkəsində istifadə olunmamışdır. ***-***-**-** saylı mobil telefon nömrəsində daşınma xidmətindən istifadə olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. İlk olaraq məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həqiqətən Təqsirləndirilən şəxs təhqiqat zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, şübhəli şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamın məzmununa oxşar ifadə vermişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsini dəyişmiş, ilkin ifadəsini təzyiq və təsir nəticəsində imzaladığını göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdiklərı ifadələrı arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Yuxarıda təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, eləcə də, onun 11 oktyabr 2022-ci il tarixdə, saat 00:10-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu fərdi yaşayış evin qarşısında olan zaman özünü şübhəli apardığından Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid1 tərəfindən deyil, 10 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən Dilşad adlı qadına məxsus fərdi yaşayış evində Sabunçu Rayon Polis İdarəsinin Oqtay, Bəxtiyar və Seyid adlı əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşı Şahid1 ittihamı təsdiq edən ifadə versə də, məhkəmə istintaqı zamanı aparılmış araşdırma zamanı, iş üzrə şahidlər 12-ci Polis Şöbəsinin əməkdaşları Şahid1 istifadəsində olan ***-***-**-** saylı və Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinin anten əhatə dairəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq mobil operatorlara sorğu verilmiş, Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşı Şahid1 istifadəsində olan ***-***-**-** nömrənin anten əhatə dairəsinin 10 oktyabr 2022-ci il tarix saat 23:13-dən 10 oktyabr 2022-ci il tarix saat 23:55-dək Bakı şəhəri Sabunçu RPİnin 12-ci Polis Şöbəsinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanı olmuş, 11 oktyabr 2022-ci il tarix saat 00:23-də isə ünvan 2 ünvanı olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə keçirilən əməliyyat-axtarış tədbirində iştirak etməmiş, onun əməliyyat-axtarış tədbirinin keçirildiyi tarixdə və saatda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində deyil, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binasının yerləşdiyi ünvan 1 və ünvan 2 ünvanlarda olduğu müəyyən edilmişdir. Qeyd olunanlar ittihamın əsasını təşkil edən Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşı Şahid1 və Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən verilmiş şahid ifadələrinin mötəbərliyini şübhə altına alır və həmin sübut Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bu hal həmin şəxslərin iş materiallarında olan şahid ifadələrinin sübuti əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və ***-***-**- ** saylı mobil telefon nömrələrinin anten dairəsi barədə məlumatlarının əldə edilməsi məqsədi ilə "xxxx" MMC və "xxxx" MMC-yə sorğu verilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrənin anten əhatə dairəsinin 10 oktyabr 2022-ci il, saat 17:13-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisi, 10 oktyabr 2022-ci il, saat 18:32-dən 10 oktyabr 2022-ci il, saat 20:50-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi (Sabunçu RPİ-nin İnzibati binasının yan hissəsi) ünvanı, 10 oktyabr 2022-ci il saat 21:19-dan 11 oktyabr 2022-ci il, saat 17:32-dək fasiləsiz olaraq ünvan 4 ünvanı (Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binası) olması, digər ***-***-**-** nömrənin anten əhatə dairəsi 10 oktyabr 2022-ci il, saat 13:22-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu ərazisi, 10 oktyabr 2022-ci il, saat 18:57-dən 10 oktyabr 2022-ci il, saat 20:12-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi (Sabunçu RPİ-nin İnzibati binasının yan hissəsi) ünvanı, 10 oktyabr 2022-ci il saat 21:26-dan 11 oktyabr 2022-ci il, saat 16:00-dək fasiləsiz olaraq ünvan 4 ünvanı (Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binası) olması müəyyən edilmişdir. Beləliklə ittiham aktında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,450 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 11 oktyabr 2022-ci il tarixdə, saat 00:10-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu fərdi yaşayış evin qarşısında olan zaman özünü şübhəli apardığından Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması göstərilsə də, təqsirləndirilən şəxsin istifadəsində olan həm ***-***- **-** saylı, həm də ***-***-**-** saylı mobil telefon nömrələrinin anten dairəsindən onun məhkəmədə verdiyi ifadəsinə uyğun olaraq 10 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində saxlanılaraq həmin gün saat 18:30 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin inzibati binasına gətirilməsi və daha sonra isə 10 oktyabr 2022-ci il tarixdə saat 21:20 radələrində Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binasına aparılması və fasiləsiz olaraq 11 oktyabr 2022-ci il, saat 16-17 radələrinədək 12-ci PŞ-də olması öz təsdiqini tapmışdır. Yəni Təqsirləndirilən şəxs ona ittihamda saxlanıldığı göstərilən 11 oktyabr 2022-ci il tarixdə, saat 00:10-dan ən azı 05 saat 40 dəqiqə əvvəl Bakı şəhəri Sabunçu RPİ-nin inzibati binasında olması və ən azı 03 saat əvvəl isə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binasında olması və fasiləsiz olaraq 11 oktyabr 2022-ci il, saat 16:00-dək PŞ-də saxlanlması müəyyən olunmuşdur. Burada da, məhkəmə Təqsirləndirilən şəxs “polis əməkdaşları tərəfindən 11 oktyabr 2022-ci il tarixdə deyil, 10 oktyabr 2022-ci il tarixdə saxlanılması” barədə barədə ifadəsini inandırıcı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda göstərilmiş “11 oktyabr 2022-ci il tarixdə, saat 00:10-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu fərdi yaşayış evin qarşısında olan zaman özünü şübhəli apardığından Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması” xüsusatı iş materiallarında olan sübutlarla təkzib edilməklə rədd olunur. Bu hal, bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə, saat 00:10da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində olmamış, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binasında saxlanılmışdır. - İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli 6/5862 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyləri ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. Eləcə də, məhkəmə iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 06 dekabr 2022-ci il tarixli, 7399 saylı rəyinə münasibətdə qeyd edir ki, həmin rəy təqsirləndirilən şəxsin müəyyən vaxt müəyyən vaxt opioidlərin və psixostimulyatorların birgə istifadə etməsi faktını təsdiq etsə də, məhz 11 oktyabr 2022-ci il tarixdə onun üzərindən narkotik vasitə aşkar edilməsini təsdiq edən dəlil deyildir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyini, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyini, həmin protokolda istintaq hərəkətinin aparılması vaxtının formal göstərildiyini müəyyən olunan hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə imkan vermir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0.450 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məhkəmə istintaqı zamanı dindirilmiş şahidin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, ittihamın əsaslandığı sübut növləri ilə bağlı tərtib edilmiş prosessual sənədlərin əksəriyyəti ziddiyyətli olmaqla yanaşı, onlar həm də Cinayət-Prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Buna görə də, həmin sübut növləri mötəbər olmayan dəlilləri əks etdirdikləri və ziddiyyətli olduqları üçün Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı təqsirliliyinin müəyyən edilməsində mötəbər sübutlar kimi istifadə oluna bilməz. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10- cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətləri və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3-cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan ümumilikdə 0,450 qram narkotik vasitə heroinin qanunsuz əldə edilməsi, saxlanılaraq daşınmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri ləğv edilməli, o cümlədən, Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0.350 qram narkotik vasitə heroin xüsusi razılıq əsasında əldə olunan və saxlanılan maddələr kateqoriyasına aid olduğundan, həmin narkotik vasitə olan heroinin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini və anten əhatə dairəsinin məlumatlarını özündə əks etdirən 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 0.350 qram narkotik vasitə heroin və elektron tərəzi isə araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356- 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin (ekspertiza tədqiqatından sonra qalıq qalan 0.350 qram narkotik vasitə heroinin) əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilsin, iş üzrə maddi sübut kimi saxlanılan 0.350 qram narkotik vasitə heroin və elektron tərəzi araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini və anten əhatə dairəsinin məlumatlarını özündə əks etdirən 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 81 (səksən bir) manat ekspertiza xərci (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli 6/5862 saylı rəyi) Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan RespublikasıCPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti vəya apellyasiya protesti verilməzsə, hökm qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar