Məhkəmə qərarları › İş №1(008)-300/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-300/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-300/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1998-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qaradağlı kəndinə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs bibisi X1 təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən bir neçə dəfə vuraraq, ona burun sümüyünün yerini dəyişməyən xətti sınığı və sağ gözyuvasıaltı nahiyəsinin qançırı ilə müşayiət olunan xəsarətlər yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərdi ki, o, bir neçə ildir ki, ünvan 1 ünvanında bibisi X2 və onun ailəsi ilə birgə yaşayır. O, bibisi Mehparə Abışova ilə birlikdə yaşadığı müddət ərzində bibisi Mehparə ilə onun yoldaşı Zərərçəkmiş şəxs mübahisələrinin şahidi olmuşdur. Onlar arasında mübahisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs spirtli içki qəbul edərək səbəbsiz yerə onlarla mübahisə etməsi olmuşdur. 04 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində yaşadıqları evə gəldiyi zaman Zərərçəkmiş şəxs yenə də spirtli içki qəbul edərək bibisi Mehparə ilə mübahisə etdiyini görmüş, Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışsa da, buna nail ola bilməmişdir. Zərərçəkmiş şəxs bibisi Mehparənin ünvanına işlətdiyi nalayiq ifadələri qəbul edə bilmədiyi üçün əsəbləşərək evin qonaq otağında Zaurun üz nahiyəsinə əli ilə bir neçə dəfə zərbə endirmiş, Zaurun burnundan qan gəldiyini görərək öz hərəkətlərini sonlandırmışdır. Baş vermiş hadisə təxminən 5 dəqiqə davam etmiş, bibisi Mehparə evdə olsa da, hadisə zamanı evin qonaq otağında onlardan başqa heçkim olmamışdır. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun qaynı oğludur və onlarla birgə yaşayır. Müxtəlif səbəblərə görə arvadı Mehparə ilə aralarında mübahisə yaranmış, hər dəfə Təqsirləndirilən şəxs onların mübahisələrinə qarışmışdır. 04 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində spirtli içki qəbul edərək evə getmiş, evdə olduqları zaman arvadı Mehparə ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Elvin evə gələrək onların mübahisəsinə müdaxilə etmiş, o, Elvinə onların ailə məsələlərinə qarışmamalarını bildirmişdir. Evin qonaq otağına keçdikdən sonra Elvin onunla mübahisə edərək yumruqla bir neçə dəfə onun üz nahiyəsinə zərbə endirmiş, burnundan qan gəldiyini görərək mübahəsini sonlandırmışdır. Baş vermiş hadisə təxminən 5 dəqiqə davam etmiş, arvadı Mehparə evdə olsa da, hadisə zamanı evin qonaq otağında onlardan başqa heç kim olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinin 20-21-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 Sabunçu rayon şöbəsinin 09 yanvar 2023-cü il tarixli, 18 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişməyən xətti sınığı və sağ gözyuvasıaltı nahiyəsinin qançırının müəyyən edilmiş, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin 52-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 17 yanvar 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən nəhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar